Fərəh Pəhləvi: Xatirələr. Фарах Пехлеви

Читать онлайн.
Название Fərəh Pəhləvi: Xatirələr
Автор произведения Фарах Пехлеви
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8450-7-8



Скачать книгу

bilərdi ki? Məclisin qərarı nəticəsində Rza şah Pəhləvi tac qoyduğu zaman İran sanki ortaçağı yaşayan başsız bir ölkəydi. Qacarların sonuncusu Əhməd şahın hökmdarlığının sınırları Tehranın o biri tərəfinə keçmirdi. Ölkə qəbilə başçılarının və böyük torpaq sahiblərinin əlindəydi. Hər yerdə mövcud olan qanun – «gücü yetən-yetənə»ydi. Milli müəssisələr də, məlum yeraltı qaynaqlar yadlara verilmişdi: ingilislər neftimizi çəkib aparırdılar; ordu deyilən bir şey qalmamışdı, amma qalan qüvvələr quzeydə rus, qüneydə ingilis zabitlərinə bağlıydılar; belçikalılar gömrüyümüzü, isveçlilər jandarmamızı idarə eləyirdilər. İran dünyadakı ən böyük səfaləti yaşayan ölkələrdən biriydi, orta yaş həddi otuz ilə düşmüşdü, uşaq ölümü faizi bölgəmizdəki ən yüksək faizlərdən biriydi. Oxuma-yazma səviyyəsi yüzdə birə çatmırdı; qadınların heç bir hüququ tanınmırdı, məktəbə belə getmirdilər. Qısası, Hindistan və Osmanlı imperatorluğu kimi böyük qonşularının əksinə, nə doğru-dürüst şose yolu varıydı, nə dəmir yolu, nə elektrik, nə də su…

      İyirmi beş il sonra mənim böyüdüyüm İran isə artıq məktəblərə, universitetlərə malikiydi; hamısı asfalt olmasa da, yollar çəkilmişdi, ən azı, əlaqə təmin edilmişdi və nəhayət, İran dəmir yolları Xəzər dənizini Bəsrə körfəzinə bağlayırdı. Heç şübhəsiz, görülməsi lazım gələn bir çox şey varıydı, amma keçilən məsafəyə baxılanda, valideynlərimin qənaətinə görə, Mustafa Kamal Atatürk Türkiyədə nə eləmişdisə, Rza şah da ölkəsində eyni uğur qazanmışdı; bir damcı qan tökmədən sənaye və mədəniyyət inqilabı gerçəkləşmişdi. Onu minnətdarlıqla xatırlamamaq mümkünüydümü? Firdovsidən «ziyalı hökmdar»a hörmət və sevgini öyrənən biz uşaqların bu gənc Pəhləvi xanədanında şairin xəbər verdiyi yenidən dirilməni görməmək mümkünüydümü?

      Firdovsidən səhifələr dolusu şeirləri əzbərlədiyimiz kimi, başqa şairləri də oxuyurduq. Şeirə duyduğumuz bu hörmət qədimlərə bağlıdı. Bu səbəbdən, nəsr yazanlarımızın sayı o qədər də çox deyil və məktəbdə öyrəndiyimiz milli mədəniyyət zənginliyimizi başlığı olaraq, klassik şairlər təşkil eləyir. Onları burada xatırlamağımın səbəbi şeirə olan bu bağlılığımın yalnız məktəbdə yox, evdə də gündəlik həyatımı doldurmasıdı. Anam, dayım, bibim və Rzayla ən sevdiyimiz oyun oxunan misranın son hərfiylə başlanan yeni misra tapıb şeir oxumağıydı. Kim misranı tapmaz, ya da artıq fikirləşərdisə, oyundan kənar edilir, beləcə, çevrə kiçilə-kiçilə davam eləyərdi. Başlıca olaraq, yaddaşı ən güclü, mədəni səviyyəsi ən yüksək olan oyunu udurdu.

      Hafizi sevməyi mənə öyrədən anam və Qütbi dayımıydı. Şahbanu olduğum zaman Şirazda onun qəbrini ziyarət eləmiş, axşam sərin külək əsəndə, həyat və xoşbəxtlik mövzusunda düşüncələrə dalmışdım. Hafiz də qəbrinin üstünə gələn səyyahları buna dəvət eləyir:

      «Mənim torpağımda şərab və sazla otur, taki qoxunu duyaraq mən də qalxıb rəqslə sənə qoşulana qədər…»

      Mənə görə, şairlərimizin ən insanpərvər, ən comərd, ən seçilmişidi Hafiz. İnsan qarmaqarışıq ruhi vəziyyətdə olanda nə qərar verəcəyini, hara gedəcəyini bilmirsə, əsərini gözüyumulu açıb cavabı mütləq onun misralarında tapır. «Qeybdən gələn səs» kimi tanınan şair həqiqəti sirli şəkildə sizə pıçıldayır. Hafiz həyatın üstün gəldiyi anlarda sizə yoldaşlıq eləyib, ağrının öhdəsindən gələ, ya da bəxtin qabağında dura bilməyəndə, ona boyun əyməmək üçün qüvvə verir. Bu sətirləri yazan da odur:

      «Məqsədinə çatmaq üçün səhranı keçməyin gərəkdisə, illərlə yoluna davam elə, tikanların açdığı yaralara fikir vermə».

      Anam təpədən-dırnağa qədər şeirlə dolu həyat yaşayırdı. Hər hadisəylə bağlı xatırladığı bir şeir olurdu mütləq, üzü qəfildən işıqlanır, şeiri əzbərdən deyirdi. Mən də ona başqa şeirlə cavab verəndə, çox sevinirdim. Bu oyundan daha artıq şeyiydi. Yer üzündə gəlib-gedəri olmağımızı qəbul eləməyin və təvazökarlıqla düşünənlərin biliyinə sığınmağın bir başqa yoluydu şeir. Mən yenə şirazlı olan Sədini, Mövlana Cəlaləddin Rumini, Ömər Xəyyamı və çağdaş şairlərimizdən Foruq Fərruxzadı, Firudin Məclisini, Söhrab Sepehrini və bir çox başqalarını sevirəm.

      Zamanla evdəki kədərli hava bir az dağılmışdı, atamın itkisinin ağrısını hamımız ürəyimizdə dəfn eləmişdik. Dayılar, bibilər uşaqlarla yanaşı həyat keçirirdik. Artıq məktəb yoldaşlarımı da evə gətirirdim, beləcə, Rzayla keçirdiyimiz ayrılmaz ikili həyatımız və ailə dairəsi genişlənirdi. Bir çox dostum varıydı, əsasən, uşaqlarla yaxşı dil tapırdım, ətrafımdakı böyüklərin şəfqət daşan münasibətlərinin hədəfiydim. Niyə hamı mənə bu qədər mehribanlıq göstərirdi? Başqalarından nə gözəl, nə də sevimli sayırdım özümü. Sonra düşündüm ki, başqalarının üstümdə titrəmələrinin səbəbi nə gözəl gözlərimin xətriydi, nə insani cazibədarlığımıydı. Yeganə səbəb atam öldüyü üçün mənə acımaları ola bilərdi.

      Bu vəziyyət aylar boyunca məni narahat elədi. Həmin sevgi əlamətlərini qəbul eləmək meyliylə, qulağıma çox xoş gələn o sevgi sözlərinin səmimi olmadığını pıçıldayan daxili səsimə inanmağım arasında vurnuxa-vurnuxa qaldım. Bu narahatlığım sonralar keçib-getdi. Amma həmin çağdan qalma bir şəkkaklığım varıydı; mənə atılan böhtanları araşdırıram. Bu səbəbdən, Şahbanu olanda, ikiüzlülərdən, saraydakı yaltaqlardan çox ehtiyatlı olmuşam. Ara-sıra onların oyununa düşdüyüm oldusa, mənə söylədiklərinə nadir hallarda diqqət vermişəm. Beləcə, ayaqlarımın yerdən üzülməməsinə nail olduğumu güman eləyirəm. Qənaətimcə, tərifləmələr, ürəkdən gəlməyən davranışlar insan zəkasına həqarət mənasını verir, insanı aldatmaqdan fərqi yoxdu. Həmsöhbətlərimi incitməmək üçün onların üzünə heç şeyi vurmuram, amma bu vəziyyət məni dərindən yaralayır.

      Min illərdi, elə eyni tarixlərdə keçirdiyimiz, həyatın hər şeyə baxmayaraq, davam eləməsinin lazım gəldiyini, bölüşdürüləcək ortaq xoşbəxtliklər olduğunu göstərən milli bayramlarımız var. Bu bayramların ən başlıcası yazın birinci günü olan 21 marta düşən Novruz (hərfi mənası «yeni gün») hamının ən çox hazırlaşdığı bayramdı. Onun gəlişi ailədəki əhval-ruhiyyəni canlandırırdı, çünki uşaq olanda, Novruzu hamımız birlikdə böyük evdə keçirər, bir-birimizə növbənöv şirniyyatlar, noğullar, meyvələr verərdik.

      Bu həmişə belə olmuşdu. Evlərdə bayramdan iki həftə qabaq təpədən-dırnağacan təmizlik işləri başlayardı, çünki Novruz hər şeydən qabaq yeniliyin rəmziydi; incikliklər unudular, təmizlənib-yuyunub yeni paltarlar geyinilər, evlər təmizlənər və yeni il ayrı daxili aləmlə qarşılanardı. Bizim kiçik ailəmizin bu coşquyla hərəkətə başlamasının ilk əlamətləri təmizliklə bağlı işləriydi. Ev nəhayət, tərtəmiz olandan sonra o məşhur şəkər-şirniyyat hazırlıqlarına başlana bilərdi. Bunun üçün kamil aşpaz olan Əmcət xalamın evində toplaşırdıq. Aşağı mərtəbədəki geniş mətbəxə doluşub, aşpaza kömək eləyərdik. Bu hazırlıqların günlərlə davam elədiyi olurdu… Ən axırda bayram günü süfrə hazırlanırdı. Yer üzünün bütün nemətləri Novruz süfrəsində olur: doğuluşun rəmzi yumurtalar, sağlamlıq