Название | İsahəq, Musahəq |
---|---|
Автор произведения | Muğanna İsa |
Жанр | |
Серия | Milli ədəbiyyat |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Daha səbr edə bilməyib evdən çıxmışdım. Soyuq gecədə büzüşüb eyvanda, məhəccərin dalında gizlənmişdim. Bilirdim ki, səsimi çıxarsam anam dərhal götürüb yorğan-döşəyə basacaq.
Çardağın altında ocağımız çat-çat yanırdı. Anam sac asmışdı. Alovun dilləri sacın qırağından uzanıb qarmaq kimi qatlandıqca, anamın yanaqlarında yaş parıldayırdı. Əvvəllər anam gecələr sac asıb yuxa yayanda məni həmişə yanında otur-dardı, ya da elə ordaca yorğanın arasına bükər, "sən yat, anan da sənə fətir bişirsin", – de-yərdi. Anamın urvadan-undan ağarmış iri əllərinə, sacın üstünə salınan kimi buğlanmağa başlayan, ordan-burdan üfürülüb qabaran fətirə, gecənin qaranlığında gah sacın altına çəkilən, gah da yanlardan baş vurub titrəyən qırmızı alova tamaşa edə-edə, uzaqda, meşədə öz quş dillərində bir-birini çağıran Anadil quşlarının "qub-qub", “qub-qub səslərinə qulaq asa-asa nə vaxt yuxuya getdiyimi bilmədim.
Bəzən evimizin həndəvərindəki əkinlər suvarılanda, çardağın altına, ocağın işığına min cür bədheybət cücü uçub gələrdi. Belə vaxtlarda əlimə süpürgə götürüb anamın oturduğu palazın altına doluşmağa çalışan eybəcər danadişləri qırmağa başlardım. Anam mənim canfəşanlığıma baxa-baxa gülərdi: "Vur! Vur! Başına dolanım! Qır bu faşist köpəkuşağını!" Danadişilər az-az uçan vaxtlarda o məni dizinin dibində oturdardı, isti fətiri dürməkləyib təkidlə axırıncı loxmayacan yedirərdi. Mən ağzımı açanda anam da açardı, mən loxmanı udanda anam da udqunardı, elə bil o da mənlə bərabər yeyərdi.
Bir gözü sacda, bir gözü məndə olardı: "Mənim həyanım! Evimin yanan çırağı, – deyərdi. İndi isə oğlunu yaddan çıxartmışdı".
Yalxı köynəkdə, məhəccərin dalında soyuqdan büzüşmüşdüm, titrəyirdim, anam isə orda ağlayırdı. Bu qədər ağladığını heç vaxt görməmişdim. Uzun dəmir şişlə qara sacın üstünü cıza-cıza fətiri çevirdikcə, şalının ucu ilə tez-tez gözlərini silirdi. Böyründə, saçaqlı süfrənin üstündə artıq bir qarış qalınlığında fətir vardı. Bu qədər fətiri neynirdi?
Arada yuxu basdı məni. Sonra, nədənsə, oyanıb, anamı yenə orda – ocağın qırağında gördüm.
Seyid Əli əmi içəridə, palaz üstə uzanıb o yanbu yana çevrikirdi, "Of, ay fələk! Of, ay fələk! " – deyirdi. Qızı isə mənim çarpayımda, mənim yorğanımın altında idi. Gah ona baxdım, gah atasına. Köksümü ötürdüm. Bu adamlar öz gəlişləri ilə bizim rahatlığımızı niyə pozmuşdular. Niyə elə uzaq kənddən gəlmişdilər? Mən niyə orda – o "uzunuzun qayaları olan" kənddə anadan olmuşdum? Anamdan küsmüş olsam da, yanına getmək, suallarıma cavab almaq istəyirdim. Əmma necə oldusa, bir vaxt gözümü açıb özümü yenə yorğan-döşəkdə gördüm. Deyəsən, səhər açılırdı. Otağımız hələ alaqaranlıqdı. Gözümü dolandırıb anamı axtardım.
Kandarda uzun bir adam dayanmışdı. Seyid Əli əmi idi. Çiynində yekə çanta vardı. Anam onun yanında durub hələ də ağlayırdı.
– Arxayın get, Seyid! Balanı öz balam kimi, ağzımda dilim kimi saxlayacam. Bu gündən Nailə Rəşidin əmisi qızı deyil, doğma bacısıdı. – Belə dedi.
Seyid Əli əmi də ağlamsındı. Dedi:
– Bizim nəsildə hamı etibarlıdı. Qardaşım arvadı yox, sən də doğma bacımsan. Hamılıqla Allah əmanəti olun!
Anam mis dolçamızı su daşının üstündən götürüb dalınca çıxdı. Bir azdan eşikdə su şırıltısı eşidildi.
Anam asta-asta, yorğun-yorğun qayıdıb dolçanı su daşının üstünə qoydu, "doğma bacım” Nailənin yatdığı çarpayıya baxdı və bu vaxt mən yeni bir heyrətli hadisənin şahidi oldum.
Nailə çarpayıdan hop qalxıb tövşüməyə başladı.
Əynində gödəcik boz çit don vardı. Çöp kimi quru qıçları, bomboz dizləri görünürdü.
Yalın ayaqlarını səssizcə ata-ata yaxınlaşıb anamın üzünə baxdı. Lap çoxdan tanıdığı bir adamla danışan kimi, anamın adını tutub soruşdu:
– Səriyyə bibi, dədəm getdi?
Anam qızı qucaqladı.
– Getdi, başına dolanım, – dedi. – Allah qoysa, sağ-salamat qayıdıb gələcək.
Nailə elə hey anamın üzünə baxırdı.
– Bəs mənə deyirdi gedəndə səni oyadacam?
Anam onu bir də qucaqladı.
– Səni yuxudan eləmək istəmədi, qıymadı, başına dolanım, ağıllı balam! – dedi. – Gəl qardaşıyın yanında uzan, qurbanın olum!..
Anam elə yalvarırdı ona, dönə-dönə o üzündən, bu üzündən öpürdü.
– İnşallah, sağ-salamat qayıdacaq! İnşallah! – deyirdi.
Nailə daha dillənmədi. Atası gedəndən sonra bu evdə o, nəinki ağlamadı, heç köyrəlmədi də. Nəfəsi ilə mənim çiynimi isidə-isidə yuxuya getdi. Eşikdən hələ də Anadil səsi gəlirdi: qub-qub…
Burda mən Anadil quşunun sirrini açmalıyam. O sirri mənə həmin bu Nailə adında, mənim pəltək dilimdə “Naləyə çevrilən, əslində də Nalə əmim qızı – bacım danışıb. O sirri on-on beş kəlmə ilə də demək olar, bir kitab qədər də. Bir şərtlə ki, gərək əvvəlcə Nailənin – Nalənin özünü tanıyasan. “Uzun-uzun qayaları olan “Ağlar kəndini, ordan bizim bu kəndə – Qonaqlıya, bütün Azərbaycana, o cümlədən Bakıya yayılan “Ağlar adlananları tanıyasan. Buna görə də birbaşa o sirri açmaq əvəzinə Nailə barədə danışıram.
Məndən beş yaş böyük idi. Demək olar ki, mən kimi uşaqdı, əmma uzaq səfərə gedən atasının dalınca ağlamırdı. O vaxt mən, öz uşaq ağlımla, bunun necə qeyri-adi olduğunu dərk edə bilməsəm də,sonralar, yaşa dolduqca tez-tez xatırlayırdım və həmişə də heyrət edirdim. Doğrudur, mən artıq onun hələ lap körpəlikdən başının bəlalı olduğunu, gözünü açıb dünyaya baxan gündən mə-şəqqətlər gördüyünü bilirdim. Məsələn, bilirdim ki, vaxtı ilə Təbrizdə, Ağ Seyid adı ilə məşhur olan adam, şahın qəzəbinə keçib, qaçıb Arazın o tayından bu tayına adlayarkən güllə yağmuruna düşmüşdü və o beş yaşlı Nalə atasının qolları üs-tündə anasının necə can verdiyini görmüşdü: yad qəbiristanda ucqar bir qəbirin yanında atası ilə ya-naşı dayanıb anasının gözünə torpaq tökmüşdü. Mən artıq bilirdim ki, bu tayda, həmin danışan qa-yaları olan Ağlar kəndinin məktəbində “tədris proqramından kənar, “qadağalı elm barədə dərs dediyinə görə Ağ Seyid – Seyid Əli əmi ordan da qaçıb qızı ilə birlikdə bizim Qonaqlıya gələndən sonra