İsahəq, Musahəq . Muğanna İsa

Читать онлайн.
Название İsahəq, Musahəq
Автор произведения Muğanna İsa
Жанр
Серия Milli ədəbiyyat
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

kündən dəyişdirən hadisələr burulğanı Qara Canbalayevin ilk baxışda çox adi görünən sualı ilə başlanmışdı: "Sənin ana dilini əlindən alanmı var ki… Anadil qoymusan təxəllüsünü? Necə yəni Anadil?! İzah elə".

      Adi, əmma eyni zamanda təkidli izah tələb edən sualın cavabında təxminən yarım saat danışandan sonra kişinin marağının tələbatını ödədiyimi düşündüyüm halda, həmin gündən, yəni 1957-ci il sentyabrın birindən etibarən, yuxarıda dediyim kimi, elə hadisələr burulğanına düşdüm ki, bu burulğandan qurtarmağa – xilas olmağa heç bir ümidim yox idi. İndi, aradan xeyli keçəndən sonra, qələm əlimdə, stolumun arxasında oturub fikirləşirəm: xilas ola bilməmişəmmi? Beynimdəki bu qaynar qazanın səbəbi nədir? Müxtəlif dövlət təşkilatlarında, müxtəlif evlərdə sorğu-suallardan, çəkçevirdən niyə qaçıram? Yazdığım əsərin, özümün taleyim necə olacaq? Səbəb nədir ki, Azərbaycan Sovet Sosialist Respublikası adlanan bu ölkədə "Sovet yazıçıları" adlanan əliqələm- lilərin arasında beş-on nəfərdən başqa heç kəsin tanımadığı, hələ bir hekayəsi də çap olunmamış bu bədbəxt gənc yazıçının ətrafında, Canbalayevin ifadəsi ilə desəm, “ajiotaj başlanmışdı? Səbəb nədir ki, bəlkə də əvvəlinci və axırıncı olan bu əsərdə Qara adı, Canbalayev familiyası ilə oxucuya təqdim etdiyim dəhşət mücəssəməsindən başlamış, özüm də daxil olmaqla, burulğanda burulanların hamı-sının adını, familiyasını dəyişdirib, həqiqətdə sənədli olan əsərdə, hətta hadisələri də mümkün qədər də-yişdirmək istəyirəm? Belə bir qorxaqlıqdan, aciz-likdənsə, bəri başdan qələmi atmaq daha yaxşı de-yilmi?.. Mənə elə gəlir ki, qaynar qazanda qayna-yan saysız-hesabsız sualları burdaca kəsib, hər şeydən əvvəl, Canbalayevin hədsiz marağına və mənim burulğana düşməyimə səbəb olan təxəl-lüsün harda, nə vaxt, necə yaranmasının tarixcəsini danışmasam, həyatımı və bütün varlığımı dəyişdirən hadisələrdən birini də lazımı dərəcədə yerli-yataqlı danışmaq olmaz.

      "Anadil" təxəllüsü sovet yazıçıları adlanan əliqələmlilərin mühitindən çox-çox uzaq bir aləmlə, mənim "Nailə" əvəzinə "Nalə" çağırdığım bir qızın əsl mənada dünya dolusu dünyası ilə bağlıdır.

      1. Anadil Sirri

      O vaxt mənim vur-tut yeddi yaşım vardı.

      Müharibənin başlanmasından cəmi dörd ay keçsə də, artan vergilər, "tank pulları", ən əsası da kişilərin səfərbərliyə alınması camaatın əksəriyyətini, o cümlədən bizi də kasıblatmışdı. Hər axşam anamla həyətdə, çardağın altında oturub, yovşandan süpürgə bağlayardıq ki, süpürgələri satıb ələ gələn qəpik-quruşa çörək alaq.

      Bir axşam darvazada, bomboz bozarmış əsgər paltarında, uzun, qapqara bir kişi ilə on iki-on üç yaşlarında arıq bir qız uşağı göründü.

      Anam əlini gözlərinin üstünə qoyub, diqqətlə baxıb, birdən dik atılıb gələnlərin qabağına yüyürdü.

      Kişiyə əl verib, əyilib əlindən öpdü.

      – Qədəmlərinə qurban olum, Seyid! – dedi.

      Qızın isə yanaqlarından, alnından öpdü. Bəriyə, mənim yanıma gəlmədən, elə orda – darvazanın qabağında nə barədəsə uzun-uzadı söhbət elədilər.

      Sonra gəlib çardağın altında oturdular; kişi ocaq yerinin yanına atılmış sacayağının üstünə çöküb məni qucaqladı, qız isə onun ayaqlarının böy-ründə, palazın qulağında bardaş qurdu.

      Anamın sifəti tutulmuşdu. Ocaq yerinin qırağında qonaqların əlinə qara aftafadan su tökdü, tələsə-tələsə süfrə açıb, iki nimçə qatıq və çörək gətirdi. Bugünkü kimi yadımdadır; anam çörəyi qıyma-qıyma doğradıqca, kişinin hulqumu tez-tez qalxıb-enirdi. İri, qırxıq başının ortasında yastılanmış əzik-üzük pilotkasını qaldırıb, islaq yaylığını təpəsinə, boyun-boğazına sürtürdü. Qız tez-tez qatığa, çörəyə baxıb, qızarıb-pörtüb, qarayanıq əllərini dizlərinin üstünə sıxıb eynilə atası kimi udqunurdu. Atası olduğunu indi deyirəm. O vaxt isə ancaq hiss edirdim ki, atasıdır. Sifətlərinin uzunluğu ilə gözlərinin göyüklüyü bir-birinin eyni idi. Baxdım ki, qızın ayaqqabısının birinin burnu deşilib, baş barmağı görünür. Hardansa, uzaq yoldan gəlmişdilər, həm bərk yorulmuş, həm də acıb təntimişdilər.

      Sacayağının üstündən qalxıb süfrənin qırağında qızı ilə üz-üzə bardaş quranda, kişi, anamın doğradığı çörək dilimlərini dalbadal götürüb, ovcunda ovub nimçəyə doldurdu.

      Doğrama qatı oldu, kişi, hətta nimçənin içində qaşığı hərləyə bilmədi.

      Anam mənə göz-qaş eləyib, çardağın dalına çağırıb pıçıldadı ki:

      – Qonaq çörək yeyəndə ağzına baxmazlar.

      Atam müharibəyə gedəndən hamı məni “evin kişisi adlandırsa da, görünür, bu adı doğrultmağıma hələ çox vardı: anamın sözünü başa düşməyib, lap ucadan soruşdum ki:

      – Dilənçidilərmi?

      Və sol qulağımın üstündə gupbuldayan şillədən özümü itirdim.

      Kişinin duruxub, qaşığı doğramaya sancıb kənara itələdiyini görəndə anam dümağ ağardı.

      Qızın da eynilə atası kimi, qaşığı doğramaya sancıb, əlinin çəkdiyini görəndə isə, anam uğuldayan qulağımın üstünə bir şillə də çəkdi.

      – Kişi sənin əmindi. Seyid Əli əmin! Qızı da sənin əmin qızıdı, bacındı! Dağdan gəliblər.

      Uşaqlıqda mən ağlağandım. Əmma orda gözümdən bir damla da salmadım; heyrətlə anamın ağarıb birdən-birə islanmış sifətinə baxa-baxa qaldım.

      Anam isə, yalnız indi başa düşürəm ki, görünür, mənim baxışıma dözə bilməyib, üzünü döndərib çardağın altına qayıtdı. Orda qızın saçlarını sığalladı, yanaqlarından öpdü, nimçəni yenidən kişinin qabağına qoydu.

      Bu dəfə kişi doğramanı çox könülsüz yedi, qız isə yenə əllərini dizlərinin üstünə qoyub yerə baxdı.

      Orda – çardağın altında çox şey oldu, bunların üstündən keçirəm.

      “Çox şey deyəndə, məsələn, kişi məni bir də qucaqlayıb qəribə sözlər dedi:

      – Uzaqda, İrəvan deyilən yerdən bəridə, dağda bir kənd var. Adını yadında saxlayammazsan. Ağbizən deyirik. Ağlar da deyirik. Ordan gəlmişik biz. O kənddə anadan olubsan. Ağlar kəndində. Bir az da böyü, özün biləcəksən hər şeyi. Yorğun olmasaydım, çoxlu-çoxlu danışardım sənə Ağlar kəndindən. Uzun-uzun qayalar var orda. Üzünü tutursan qayalara, deyirsən: "Mən Rəşidəm", qayalar da deyir: "Mən Rəşidəm". Dərədə çay var. Çayda çoxlu yekə-yekə daşlar var. Əlini salırsan daşın altına, balıq tutursan. Qızıl balıq!.. Yüz kilometr pay-piyada yol gəlmişik, Rəşid balam. Çox acmışdıq, yedik, doyduq. İndi yatmasaq, bax elə burdaca yuxu tutar bizi, ocağa yıxılarıq. Hə, bə nə! Yuxun gələndə, sən də həmişə ocaqdan aralı dur…

      “Çox şey" deyəndə, məsələn, qız qoftasının qoynundan bir dəstə sarı çiçək çıxartdı.

      – Sənə gətirmişəm. Boxça çiçəyidi, – dedi. – Saxlasan, lap sən qoca kişi olanda da görərsən xarab olmur boxça çiçəyi. Al.

      O bir dəstə sarı-qızılı çiçək dəstəsi hal-hazırda bir qəbrin içindədir; yeri gələndə deyərəm kimin qəbrinin içindədir. Yəqin ki, orda da “xarab olmur. Nə isə, belə şeylərin yeri deyil hələ.

      Anam evimizin o biri gözündə, atamın taxtında kişiyə, mənim çarpayımda isə qıza yer saldı. Bu az imiş kimi, hətta mənim yorğanımı aparıb qızın üstünə örtdü.

      Bütün bunlar – qohumlarımızın gəlişi də, anamın birdən-birə belə dəyişib sərtləşməsi də mənim üçün tamam anlaşılmazdı. Əmma azacıq sonra daha müəmmalı, daha sirli bir hadisənin şahidi oldum.

      Seyid Əli əmi qızını