Название | Xatirələrim |
---|---|
Автор произведения | Şıxlinski Əliağa |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-783-1 |
Mən xatiratımda öz bacarıq və nailiyyətlərimi nə şişirtməyə, nə də bunların qiymətini əskiltməyə çalışmamışam: mənim keçdiyim xidmət yolu bir çox cəhətdən qiymətli və maraqlıdır. Lazım gəldikdə, mənim haqqımda səlahiyyətli şəxslərin fikirlərini olduğu kimi ifadə etməyə çalışmışam.
Artıq çox qoçalmışam. Gözlərim pis görür, öz xatirələrimi bir-bir söyləyib başqasına yazdırmağa məcburam. Bəzi hadisələr, bəlkə də, çox mühüm hadisələr, ola bilsin ki, gözümdən qaçmış olsun, lakin onların təhrifinə yol verməmişəm.
I fəsil
Ailə və məktəb
Mən 1863-cü il martın 3-də Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzası Qazaxlı kəndində anadan olmuşam. Kiçik bir mülkədar olan atam İsmayıl Ağa Əli Qazax oğlu Şıxlinski, əsli 1537-ci ildən başlayan igid bir nəslə mənsub idi. Bizim ulu babamız Ağdolaq Məmməd ağa Qazax qəzasına Şamxordan köçüb gəlmişdi. Onun iki oğlu var idi: böyük oğlu Şıxı – çox ağıllı və sakit, kiçiyi Əli Qazax[2] – çox igid, amma dəlisov bir adam idi. Mən Əli Qazaxın nəslindənəm. Böyük oğul olan Şıxlının övladları sonralar Kür axarından 30 verst yuxarıda, Tiflis yaxınlığında məskən salaraq, burada üç kənd yiyəsi oldular: bunlara Şıxlı deyə, ümumi bir ad verilmişdi. Kiçik oğlu Əli Qazaxın övladları isə indiyədək öz köhnə yerlərində yaşayırlar. Böyük oğlundan olan övladlar Şıxızadə familiyasını aldılar, kiçik oğlundan olan bizim nəsil isə Əli Qazax oğlu familiyasını qəbul etdi. Azərbaycan könüllü surətdə, Rusiya tərkibinə daxil olduqdan sonra bütün yerlilər özləri üçün rus familiyalarına bənzəyən familiyalar qəbul etməyə başladıqda, bizim nəslin hər iki qolu Şıxlinski familiyasını qəbul etdi.
Anam Şah Yəmən xanım (Qayıbova) Azərbaycanın məşhur şairi Molla Vəli Vidadinin nəvəsidir. Atam yalnız qəzada deyil, bütün quberniyada məşhur bir adam idi. Bütün uşaqları (on bir uşağı var idi ki, onun da on birincisi mən idim) ona böyük hörmət bəslərdilər, bununla belə, çox ağıllı və son dərəcə sakit və mülayim bir qadın olan anamız ailənin əsl başçısı idi, bunu hamımız yaxşı bilirdik. Atamız çox tündməcaz bir adam idi, anamız isə onu həmişə sakit edə bilirdi. O dövrdə, yəni ərin yumruğu Azərbaycan qadınının başı üstündən əskik olmadığı bir dövrdə mənim anam əri ilə keçirdiyi qırx beş illik ömürdə ondan bir kəlmə belə ağır söz eşitməmişdi. Atamın yaxın qohumları anama çox böyük hörmət bəslər-dilər.
Şıxlinskilərin nəslindən o zamana görə bir çox alimlər yetişmişdir. Onların arasında şairlər də olmuşdur ki, bunların ən yaxşısı Salik təxəllüslü Kazımağa[3] idi. Savadla arası olmayan bizim nəsil isə öz cəngavərliyi, tündmə-cazlığı ilə tanınırdı. Qəzada bizi "Dəli qazaxlı" adlandırırdılar. Əli Qazax oğlu nəsli içərisində birinci savadlı adam mənim atam idi. Şıxlinskilər nəslində Avropa üsulu ilə tam təhsilli birinci adam isə mən olmuşam.
Atam rus dilini bilməzdi. Məndən 25 yaş böyük olan qardaşım çar konvoyuna[4] göndərildi. Atamdan aldığı pulları o, o biri konvoyçular kimi kefə deyil, oxumağa sərf edərdi. O, özünə müəllim tutub rus dilini öyrəndi: üç ildən sonra o zamankı asan proqramlar üzrə zabitliyə imtahan verdi və süvari korneti[5] adını aldı. Halbuki, onun yoldaşları ancaq bir ildən sonra milis praporşiki[6]ola bilmişdilər. Məndən 22 yaş böyük olan ikinci qardaşım az savadlı olub, rusca pis danışırdı. O biri qardaşlarım isə uşaqkən ölmüşdülər.
Mənim barəmdə atamın fikri daha geniş idi. Onun niyyəti mənə Avropa üsulunda təhsil, həm də mütləq, hərbi təhsil vermək idi. Bu məqsədlə məni Tiflisə, anamın əmisi oğlu Mirzə Hüseyn Qayıbovun[7] (doktor Bahadur Qayıbovun[8] atasıdır) yanına göndərdi. Ata-anam həmişə kənddə yaşadıqlarına görə, mən tamamilə Mirzə Hüseynin himayəsinə keçdim və sonrakı tərbiyəm bütünlüklə onun əlində oldu. Bu adamın nəsihətləri və örnək ola biləcək şəxsi həyatı mənə o qədər böyük təsir bağışlamış və mənim xasiyyət və dünyagörüşümdə o qədər dərin iz buraxmışdır ki, mən hər cəhətdən diqqətəlayiq olan bu şəxsiyyət barəsində qısa da olsa, məlumat verməyi lazım bilirəm.
Mirzə Hüseyn Qayıbov 1830-cu ildə Qazax rayonunun Salahlı kəndində Yusif Qayıb oğlu adlı yoxsul bir kişinin ailəsində anadan olmuşdur. Altı yaşında ata-anadan yetim qalan Yusifi əmisi İbrahim Əfəndi Qayıb oğlu öz himayəsinə götürür. 17 yaşına çatdıqda o, balaca uşaqlara dərs verməkdə öz müəlliminin köməkçilərindən biri olur. Zaqafqaziya müftiliyinə yeni təyin olunmuş Məhəmməd Əfəndi Müftizadə (Vidadov)[9], təftiş üçün Qazax qəzasına gəldiyi zaman, Hüseyndən dərs alan uşaqların müvəffəqiyyətləri onun diqqətini cəlb edir. Müftinin himayəsi altında Tiflisdə rus-tatar məktəbi açıldıqda, o, Hüseyni bu məktəbdə Şərq dillərindən dərs deməyə çağırır. Hüseyn Tiflisə gəlir və burada biliyini artırıb, tez bir zamanda fars və ərəb dillərini eləcə də bütün fars ədəbiyyatını və ərəb dilində yazılmış elmi kitabları dərindən öyrənir. Onun rus dili müəllimi Baş qərargahın kapitanı Nikolay Qriqoryeviç Stoletov[10] idi. Stoletov özü isə şagirdindən Azərbay-can dili öyrənirdi. Bu bir-birinə dərs vermə üsulu istəni-lən nəticəni verirdi. Mirzə Hüseyn rus dilini, N. Q. Stoletov isə Azərbaycan dilini mükəmməl öyrənmişdilər. 1908-ci ildə mən Sarskoye Seloda olduğum zaman piyada generalı, Hərbi Şuranın üzvü N. Q. Stoletovla görüşdükdə, o hər dəfə mənimlə saf Azərbaycan dilində danışırdı.
Yetmişinci illərdə Zaqafqaziya müftisi yanında "Zaqafqaziya sünni məzhəbi idarəsi" adlı bir müəssisə təsis edilmişdi. Mirzə Hüseyn Qayıbov bu müəssisənin katibi təyin olundu. Bu vəzifə ruhani vəzifə deyildi. Bu ondan anlaşılır ki, şiə məzhəbi idarəsində olan eyni vəzifəni Kostin familiyalı bir rus daşıyırdı. Hər cür şəriət işləri bu idarədən gəlib keçdiyindən, Mirzə Hüseyn Qayıbov şəriəti incədən-incəyə öyrənmiş və bu qərara gəlmişdi ki, şəriəti bir çox cəhətdən təhrif və ona bir çox şeylər əlavə etmişlər.
1879-cu ildə Qori şəhərindəki Zaqafqaziya müəllimlər seminariyasında[11] müsəlman (Azərbaycan) şöbəsi təsis edildi və Mirzə Hüseyn burada Şərq dilləri müəllimliyinə dəvət olundu. 1881-ci ildə Zaqafqaziya müftisi vəzifəsinə seçildi. Bu vəzifəni qəbul
2
Əli-Qazax – Əliağa Şıxlinskinin ulu babası (ata) Əli Qazaxın övladları 1806-1812-ci illərin Rusiya-İran müharibəsində yadellilərə qarşı mərdliklə vuruşmuşlar.
1810-cu il iyunun 10-da Qafqazdakı rus qoşunlarının baş komandanı general A. P. Tormasov hərbi nazirə göndərdiyi raportda yazırdı ki, sərhəd rayonunda yerli əhalidən xüsusi dəstə yaradılmışdır. Onlar doğma torpaqları uğrunda inadla vuruşaraq türklərin və iranlıların hücumlarını dəf edirlər.
Komandan Qazax azərbaycanlılarının qəhrəmanlığını xüsusi qeyd etmişdir. 1810-cu il martın 29-da Erivan Yerevan – Ş.N. sərdarının qardaşı Həsən xan üç minlik qoşunla Dilican dərəsindəki kəndlərə hücum çəkib mal-qaranı aparmış, yerli əhaliyə çox divan tutaraq onları talan etmişdir. Yüz nəfərdən ibarət Azərbaycan atlı dəstəsi Həsən xana qarşı gözlənilmədən zərbə vurmuşdur. Azərbaycan atlıları qırx nəfərə yaxın düşməni məhv etmiş, farsların ələ keçirdikləri mal-qaranın çox hissəsini geri almış və farsların iyirmi atını ələ keçirmişdilər. Bu zaman onların iki qəhrəman döyüşçüsü həlak olmuş, dəstənin rəhbəri Əli-Qazaxoğlu, Əliağa və Nəsrulla bəy də daxil olmaqla bir neçə nəfər də yaralanmışdır. (Bax: S. P. Ağayan. Роль России в исторических судьбах армянского народа, səh.183).
Onu da xatırladaq ki, Şıxlinski nəslinin yetişdirdiyi görkəmli şair və mayor Mustafa ağa Arif də bu müharibədə yaxından iştirak etmişdir. Baş komandan A. P. Tarmosovun verdiyi başqa bir raportda üstü yazılı “İgidliyə görə” qızıl medalla təltif olunanlar arasında igid mayor Mustafa ağa Arifin adı da vardır. Şair Mustafa ağa Arif (1774–1845) XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşayıb. Böyük şairimiz M. P. Vaqif ədəbi məktəbinin davamçılarından biridir.
3
Kazım ağa Salik Şıxlinski (1781–1842) – XVIII əsrin sonları, XIX əsrin əvvəllərində yaşamışdır. Molla Pənah Vaqif ədəbi məktəbini davam etdirən şairlərdəndir. Salik haqqında ilk dəfə mətbuatda çıxış edib şeirlərini çap etdirən ("İrşad" qəzeti, 8 mart 1908-ci il, №29) məşhur maarifpərvər, ədəbiyyatşünas Firidun bəy Köçərli olmuşdur.
4
Çar Konvoyu – hərbi hissədə nəqliyyat əsirləri mühafizə edən dəstə
5
Süvari Korneti – süvari qoşununda birinci zabit rütbəsi
6
Praporşik – çar ordusunda ilk zabit rütbəsi hesab edilirdi. Qədim yunanlarda "prapor” – bayraq demək idi.
7
Mirzə Hüseyn Əfəndi Yusif oğlu Qayıbzadə (1830–1917) – Tiflisdə Zaqafqaziya ruhani idarəsinin müsəlman mədrəsəsində şəriət müəllimi olub. Ərəb, fars, və rus dillərini mükəmməl bilirmiş. Bu dövrdə Mirzə Hüseyn M. F. Axundov və gürcü şairi İlya Çavçavadze ilə tanış və dost olur. Qori müəllimlər seminariyasında Azərbaycan şöbəsinin açılması üçün Mirzə Fətəli Axundovla birgə səy göstərir.
Mirzə Hüseyn Qori seminariyasında Şərq dillərindən dərs deyib, 1881-ci ildə Qafqaz canişininin əmrilə müəllimlikdən azad olub Zaqafqaziya müftüsü təyin edilib. O, ömrünün sonuna kimi bu vəzifədə çalışıb, yüzlərlə azərbaycanlı gənci maarif və mədəniyyətə cəlb edib. O, "Dəsturi-nisvan", "Qadın və qızlarımızın təlim və tərbiyəsi" adlı məqalələrində sübut edirdi ki, qızların yeni tipli məktəblərdə təhsil almaları heç də şəriət qanunlarına zidd deyildir. Şəriətin qara qanunlarının hökm sürdüyü belə bir ağır vaxtda, o öz həyat yoldaşı Səadət xanıma "Qafqaz qadınlarının xeyriyyə cəmiyyəti" ndə iştirak etməyə icazə vermiş, qızları Nigar və Gövhəri rus dilində Tiflis Nücabə Qızlar İnstitutunda oxutdurub. Həmin İnstitutu Nigar xanım Qayıbova (Usubova) 1903-cü ildə qızıl medalla bitirib.
8
Bahadır Mirzə Hüseyn oğlu Qayıbov (1878–1949) – general Əliağa Şıxlinskinin böyük qaynı. Şıxlinski ömrünün son illərini Bakıda, Cəfər Cabbarlı küçəsindəki 14 nömrəli evin 20-ci mənzilində yaşayıb. Bahadırla yaxın qonşu olublar. Azərbaycan Dövlət tarix muzeyinin arxivində Ə.Şıxlınskinin yazdığı "Vəsiyyətnamə" var. Üstündə yazılıb ki, mən öləndən sonra açmalı. Məktubda Bahadır Qayıbovu və onun həyat yoldaşını böyük hörmət və ehtiramla xatırlayır. Hər ikisinə Nigar xanımın ölümündən sonra ona göstərdikləri qayğı üçün intəhasız min-nətdarlığını bildirir.
Akademik Heydər Hüseynov 1945-ci il aprelin 20-də Bahadır Qayıbovun tibbi-ictimai fəaliyyətinin 40 illiyi münasibətilə göndərdiyi təbrik məktubunda yazır: "… Lakin mən burada sizin Vətən və elm qarşısındakı daha böyük xidmətinizi qeyd etmək istəyirəm. Siz və sizin həyat yoldaşınız Varvara Minayevna məşhur hərbi xadim və alim, köhnə ordunun generalı, Azərbaycan xalqının sadiq oğlu Əliağa Şıxlinskinin həyatının son illərini qayğı və diqqətlə əhatə etmiş və bəzəmisiniz".
Onu da xatırladaq ki, Bahadır Qayıbov respublika tibb elmi sahəsində fəal çalışan xadimlərdən biri olub. 1987-ci ildə Birinci Tiflis Gimnaziyasını əla bitirən Bahadır Xarkov universitetinin tibb fakültəsini də qırmızı diplomla qurtarmış, üç il Xarkovda və sonralar ömrünün sonuna kimi Bakıda epidemiya, vəba həkimi işləyib. 1936-cı ildə Sovet Azərbaycanının on beş illik yubileyində ona "Əmək qəhrəmanı" adı verilib. Respublikanın Əməkdar həkimi Bahadır Qayıbov 1949-cu ildə yetmiş bir yaşında Bakıda vəfat edib.
9
Mehemmed Əfəndi Müftizadə (Vidadov) – Keçən əsrin ikinci yarısında Tiflisdə Zaqafqaziya müsəlmanlarının müftisi (sünnilərdə baş ruhani rütbəsi, din alimi – Ş.H.) vəzifəsində çalışmışdır. O, XVIII əsrin görkəmli şairi Molla Vəli Vidadinin nəvəsidir. 1867-1868-ci illərdə Şamaxıya gəlmiş, Seyid Əzim Şirvani ilə görüşmüşdür. Şair ona yazdığı “Məhəmməd əfəndi Müftiyə” (64 misralıq, S.Ə.Şirvani, əsərləri, 1969-cu il, səh. 244–245) qəsidəsini təqdim etmişdir.
Məhəmməd əfəndinin atası Osman əfəndi (Molla Vəli Vidadinin oğlu Ş.H.) uzun müddət məktəbdarlıq və müftilik etmişdir. Firidun bəy Köçərli yazır ki, Molla Vəli Vidadinin oğlu mərhum Osman əfəndi alim və fazil bir şəxs olmuşdur. Şair Mustafa ağa Arif Şıxlinski 1826-cı ildə Qafqaz canişini Aleksey Petroviç Yermalov tərəfindən Kazana sürgün olur. Həmin illərdə Şıxlı qəriyyəsindən mindən çox kəndli üsyan edib hökumətə vergi vermək-dən boyun qaçırır. Dekabristlər üsyanının təsiri-qorxusu ilə vahiməyə düşən canişin Yermolov mayor Mustafa ağa Arifi üsyanın başçısı adı ilə sürgün edir. Sürgündə olanda Osman əfəndi nəzmlə məktub yazıb rica edir ki, oğlu Əliağanın təhsilində göz olsun, onu məktəbi buraxmağa qoymasın.
Şair Mustafa Ağa Arifin oğlu Əliağa sonralar məşhur Muğan alayının polkovniki olub. Mirzə Fətəli Axundov 1857-ci ildə yazdığı “Müxəmməs”ində (Axundov, əsərləri I cild, səhifə 344) belə xatırlayır:
Bəzi tədqiqatçılar Mirzə Fətəli Axundov "Müxəmməs" ində adı çəkilən Əliağanı general-leytenant Əliağa Şıxlınski hesab edir. Bu fakt tamamilə səhvdir. Çünki Ə.Şıxlinski 1863-cü ildə anadan olub. Hələ anadan olmayan Əliağa Şıxlınski Mirzə Fətəli ilə necə görüşə bilərdi?
10
Nikolay Qriqoryeviç Stoletov (1834–1912) Rus inafanteriya (piyada) generalı. Məşhur fizika alimi A. Q. Stoletovun qardaşı. Krosnovodsk şəhərinin əsasını qoymuş, Amudərya elmi-ekspedisiyasına rəhbərlik etmişdir. 1877-1878-ci illərdə Rus-Türk Müharibəsində Şipka müdafiəsinə komandanlıq etmişdir.
11
Qori Seminariyası – kənd məktəbləri üçün müəllimlər hazırlayan Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyası ilk dəfə 1876-cı ilin sentyabrında açılıb. Həmin il rus, erməni, gürcü şöbələri fəaliyyətə başlamışdır. 1879-cu ildə isə Azərbaycan şöbəsi açılmışdır. 1918-ci ildə Firidun bəy Köçərlinin təşəbbüsü ilə Qazaxa köçürülən seminariya sentyabrın 17-də fəaliyyətə başlamışdır.