Əyyaş. Ханс Фаллада

Читать онлайн.
Название Əyyaş
Автор произведения Ханс Фаллада
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

əlaqədar olmalıdı! İşlər çox yaxşıdı, əladı!

      Yavaşca içini çəkdi.

      –Elə isə şirin yuxular, Ervin! – dedi. – Oyandırımmı sonra səni?

      –Xeyr, xeyr, lazım deyil, mən özüm oyanaram, iyirmi dəqiqə sonra…

      Axır ki, tək qala bildim; başımı arxaya söykədim, spirtli içki artıq heç bir maneə ilə qarşılaşmadan bir dalğa halında sərbəstcə bütün bədənimi gəzir, yumşaq bir örtü kimi bütün dərdlərimi, kədərlərimi örtürdü. Hətta elə indicə Maqdaya heç lazım olmadığı halda işlərimin “çox yaxşı” getdiyini deyərək onu aldatdığım hissini belə bu dalğa götürüb apardı. Yatırdımmı… Yatdımmı? Xeyr, sönmüşdüm. Artıq heç…

      5

      Hava qaralmağa başlayarkən oyanıram. Qorxuyla saata nəzər salıram; axşam səkkizin yarısıdı. Evi dinşəyirəm, səs-səmir gəlmir. Əvvəlcə yavaşca, sonra səsimi yüksəldərək səslənirəm:

      –Maqda! – Maqda gəlmir. Çətinliklə ayağa qalxıram. Hər yanım ağrıyır, başım dumanlıdı, ağzımın içi qupqurudu və pas dadı verir. Yandakı yemək otağına ötəri nəzər salıram, axşam yeməyi üçün süfrə açılmayıb, halbuki həmişə bu saatda yeyirik. Nə olub? Mən yatarkən nə baş verib? Maqda hardadı?

      Bir az düşündükdən sonra sağdan-soldan yapışaraq mətbəxə doğru gedirəm, çox çətinliklə hərəkət edirəm, sanki bu gecə oynaqlarım tutulmuş, əzilmiş, oynaq yerlərindən tərpənmir.

      Mətbəxi də boş və yarıqaranlıq halda tapacağımı zənn edirdim, halbuki içəridə işıq var və Else mətbəx masasında nə isə ütüləyir. Mən içəri girəndə başını qaldırıb qorxulu gözlərlə üzümə baxır, mən olduğumu anladıqdan sonra da üzündəki qorxulu ifadə çox da dəyişmir. Düşünürəm ki, dağınıq bir görünüşüm olmalıdı. Birdən bütün bədənimin qat-qat çirk içində olduğu hissinə qapılıram. Əvvəlcə duş qəbul etməliydim, əvvəllər heç belə gəzməzdim.

      –Arvadım hanı, Else? – deyə soruşuram. Else qısa, ürkək baxışlarla:

      –Xanım şəhərə getdi, – deyir.

      –Amma indi yemək vaxtıdı, Else! – qınayırmış kimi deyirəm, halbuki yemək üçün içimdə ən kiçik bir istək yoxdu.

      Else çiyinlərini qaldırır, sonra yenə ötəri baxışla:

      –Ofisdən zəng etdilər, yəqin xanım oraya getdi… – deyir.

      Çətinliklə udqunuram, ağzım necə də qupqurudu.

      –Ofisəmi getdi? – deyə mızıldanıram. – Ay Allah! Nə işi var arvadımın orada, Else?

      Çiyinlərini qaldırır:

      –Doğrudan bilmirəm, cənab Sommer, – deyir, – xanım mənə bir söz demədi. – Sonra yenə nə isə xatırlayır, sözünə davam edir:

      –Saat üçdən bir az keçmiş zəng etdilər, o zamandan bəri xanım evdə yoxdu.

      Demək, dörd saatdan çoxdur ki, arvadım oradadı, məhv oldum. Səbəbini bilmirəm, amma məhv oldum!.. Dizlərim boşalır, səndələyərək bir neçə addım atır və bütün ağırlığımla mətbəxdəki bir stula çökürəm. Başımı masaya söykəyərək:

      –Bitdi artıq, hər şey bitdi, Else, – deyə inləyirəm, – məhv oldum, Else!.

      Elsenin səs-küylə ütünü bir şeyin üstünə qoyub mənə doğru gəldiyini eşidirəm, əlini çiynimə qoyur.

      –Nədir, cənab Sommer? – deyə soruşur, – yaxşı deyilsinizmi?

      Başımı qolumun üstündən qaldırıb baxmırdım. Bu gənc varlıq qarşısında ağlamaqdan utanıram, gözlərimdən fışqıran yaşlardan… Bitdi artıq, hər şey bitdi, hər şeyimi itirdim, firma, evliliyimiz, Maqda… Kaş ki, bu gün o qırmızı şərabı içməyəydim. Onun ucbatından oldu bütün bunlar. Şərabı içməsəydim Maqda ofisə getməyəcəkdi (bu vaxt tələsik bir fikir ağlıma gəlir: Bu boş şüşə işini də bir yoluna qoymalıyam!) Else yüngülcə çiyinlərimdən tutur.

      –Cənab Sommer, – deyir, – bu halda çıxmayın çölə! Bir neçə dəqiqə uzanın, mən sizə dərhal axşam yeməyinizi hazırlayaram.

      Başımı yelləyirəm.

      –Yemək istəmirəm, Else! – deyirəm. – Arvadım indiyə qədər dönmüş olmalı idi, bu saatda…

      –Ya da, – Else deyir, – mətbəxdə, mənim yanımda nə isə yemək istəyirsinizmi, cənab Sommer? – Özü də dediklərindən bir az narahatdı: – Arvadınız evdə olmadığına görə…

      Bu eşidilməmiş təklifin başdançıxarıcı cəhəti var. Burada, mətbəxdə, Elsenin yanında yemək! Bu işə Maqda nə deyərdi? Başımı qaldırıb ilk dəfə diqqətlə üzünə baxıram. Heç onu belə görməmişdim; Else mənim üçün evin arxa hissələrində arvadımın bir kölgəsi olmaqdan kənara çıxmamışdı. İndi Elsenin on yeddi yaşında, qara saçlı, möhkəm bədənli, həqiqətən gözəl bir qız olduğunu görürəm. Açıq rəngli köynəyinin altında dolğun döşləri var və bu döşlərin necə də təzə olduğu düşüncəsi isti bir dalğa olub gövdəmə yayılır.

      Sonra özümü yığışdırıram, qeyri-mümkündü, bütün bunlar qeyri-mümkündü! Özümü Elseyə qapdırmaq, mümkün olacaq şey deyil!

      –Xeyr, Else, – deyərək ayağa qalxıram, – çox təmizqəlblisən, məni bir az olsun ovutmaq istəyirsən, amma mənim də ofisə getməyim yaxşı olacaq. Əgər arvadımla qarşılaşa bilməsək, mənim də oraya getdiyimi de, zəhmət olmasa.

      Getmək üçün qapıya yönəlirəm, birdən mətbəxdən, bu sevimli qızdan ayrılmaq çətin gəlir. Sonra bir anlığa qapıda dayanıb ona baxıram. Üzünün nə qədər solğun və ağ olduğunu görürəm; bu ağlıqla qara qaşlarının necə də gözəl uyğunlaşdığı diqqətimi çəkir.

      –Bir çox çətinliklərim var, Else, – deyirəm, – mənə kömək edə biləcək kimsəm də yoxdu. – Xüsusu vurğulayıb təkrarlayıram: – Heç kim, Else, anlayırsanmı məni?

      –Bəli, cənab Sommer, – deyə yavaşca cavab verir.

      –Mənə qarşı bu qədər yaxşı davrandığın üçün təşəkkür edirəm, Else, – deyirəm. Ancaq vanna otağında özümə səliqə-sahman verərkən Maqdanı aldatdığımı düşünürəm. Ona xəyanət etdim, yalan danışdım, aldatdım onu. Amma tezcə də çiynimi çəkirəm: Belə yaxşıdı! Daha aşağılara, dərinliklərə; daha sürətli! Artıq dayanmaq yoxdu!

      6

      Ofisə gedərkən Maqdayla qarşılaşmamağa çox diqqət yetirirdim. Firmanın olduğu binayla üzbəüz səkidə, bir evin girişinin kölgəsinə sığınaraq, aşağı mərtəbədəki ofisimin şüşələrini müşahidə etməyə başladım. Müdir otağının iki pəncərəsindən işıq gəlirdi. Buzlu şüşələrə iki nəfərin, Maqda ilə mühasibim Hinzpeterin kölgələri düşürdü. “Balansı, yekun nəticəni ortaya çıxarırlar”, – deyə qorxaraq düşündüm. Amma firma rəhbərliyinin indi Maqdanın bacarıqlı əllərində olmasından yaranmış rahatlıq hissi bu qorxu ilə qarışmışdı. Pis xəbərləri öyrənər-öyrənməz gəlib vəziyyətə açıqlıq qazandırmaq üçün dərhal balans çıxarmaq