Название | Haydi |
---|---|
Автор произведения | Йоханна Спири |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244304 |
Birdən uşaqların qulağına həzin mələrti səsi gəldi.
Keçi Peter:
– Bu, Qartopudur, – deyərək yerdə yatan qar kimi ağappaq çəpişi göstərdi.
Haydi çəpişin yanına qaçdı, onu qucağına götürdü:
– Yazıq Qartopu nədənsə qorxub, deyəsən…
– Ola bilər, – Peter dedi. – Dünəndən anasından ayrı düşüb. Ana keçini satdılar.
Haydi:
– Zavallı çəpiş! – deyərək heyvanı nəvazişlə sığallamağa başladı. – Bəs nənəsi, ya da babası var? – deyə soruşdu.
– Yoxdur, – Keçi Peter bunu deyib çomağını havada atıb-tutdu.
– Eybi yox, mən buradayam, – Haydi çəpişin qulağına pıçıldadı. – Nə vaxt istəsən, yanıma gələ bilərsən, eşitdin?
Haydiyə elə gəldi ki, çəpiş onu başa düşdü, hətta başını tərpədərək sözlərini anladığını təsdiqlədi. Qız Qartopunu yerə qoydu. Çəpiş ürkək-ürkək Haydiyə baxdı, sonra qaçıb keçilərin arasına qarışdı.
Haydi sevinclə öz-özünə dedi:
– Deyəsən, Qartopuya bir az da olsa, təsəlli verə bildim.
Həmin vaxt Peter heybəsini yerə qoyub içindəkiləri çıxararaq otun üstünə düzmüşdü. Sonra Qucuğazı sağdı və Haydiyə bir kasa dolusu süd verdi. Qoca baba Haydi üçün o qədər çox çörək və pendir qoymuşdu ki, qız hamısını yeyib qurtara bilməzdi. Odur ki həm çörəkdən, həm də pendirdən bir parça kəsib Peterə verdi. Oğlanın üzü güldü, Haydiyə «sağ ol» deyib toqqasının altını bərkitdi.
Yaylaqda vaxt sürətlə keçdi; indiyə kimi Haydinin həyatında bu qədər tez keçib-gedən gün olmamışdı. Qız səssiz-səmirsiz çəmənlikdə oturub günəşin dağların arxasına çəkilməsinə tamaşa eləyirdi. Elə bu vaxt qayalıqlar parıldamağa və ətrafa qığılcım saçmağa başladı. Haydi cəld ayağa qalxıb təşvişlə qışqırdı:
– Peter, yanğın, yanğın! Dağlar yanır! Şamağacılarını od tutub! Yazıq yırtıcı quş! O da yanıb külə dönəcək! Peter, ora bax! Səma da alışıb-yanır!
Çəmənliyə uzanmış Peter yerindən qımıldanmadan dedi:
– Hər gün belə olur. Bu, yanğın-filan deyil.
– Bəs nədir?
– Günəş dağlara «Gecəniz xeyrə qalsın!» deyir.
Haydi «alov» un qayalardan çəkilməsini, dağların yenidən bomboz rəng almasını çaşqınlıqla seyr elədi.
– Sabah da belə olacaq? – deyə soruşdu.
Keçi Peter başı ilə təsdiqlədi. Sonra da soruşdu:
– Mənimlə yenə yaylağa gələrsən?
Haydi sevinclə:
– Lap hər gün gələrəm! – dedi.
4. Keзi Peter və onun kor nənəsi
Haydi Peter və keçilərlə birlikdə bütün yay boyunca qayalıqların ətəyindəki ən gözəl otlaqlarda dolaşdı. Günün altında gəzməkdən rəngi qaralmışdı, təmiz dağ havası isə qızın bədənini möhkəmləndirib gücləndirmişdi. Özünü əvvəllər olmadığı qədər sevincli və xoşbəxt hiss eləyirdi. Payız gəlib, havalar soyumağa, güclü küləklər əsməyə başlayanda Haydi artıq örüşə getməyib qoca babanın yanında qaldı. Babası küləyin qızcığazı yamacdan aşağı atmasından qorxurdu. Haydi və Keçi Peter artıq birlikdə vaxt keçirə bilmədikləri üçün məyus olmuşdular. Keçi Peter «Haydi yanımda olmayanda darıxıram» deyə şikayətlənirdi.
Amma qoca baba soyuq günlərdə dağda balaca uşaqları hansı təhlükələrin gözlədiyini yaxşı bilirdi, odur ki Haydini heç yerə buraxmırdı. Çox keçmədi ki, Haydi qoca babanın yanında da özünə məşğuliyyət tapdı. Alm-Öhi taxtadan müxtəlif əşyalar düzəldərkən qızcığaz oturub maraqla ona tamaşa edirdi: qaşıqlar, kasalar, stullar, üçayaqlı kətillər, skamyalar, keçilər üçün yem qabları…
Haydi hətta keçi südündən pendir hazırlamağı da öyrənmişdi. Qoca baba ona süzmə pendirdən kiçicik toplar düzəltməyə icazə verirdi. Güclü payız küləkləri əsməyə başlayanda Haydi komadan bayıra çıxır, şamağacılarının arasındakı qəribə uğultuya qulaq asırdı.
Sonra payızı qış əvəz elədi. Komanın damı ağappaq qarla örtüldü. Artıq Qucuğazla Ayıcığaz da örüşə getmir, ağılda[4] qalırdılar. İndi Haydinin ən yaxın dostları bu iki keçi idi. Qoca baba Haydiyə ağılı təmizləməyə, keçiləri yemləməyə, onların tüklərini daramağa icazə vermişdi. Qucuğazla Ayıcığaz bu müddətdə Haydiyə elə öyrəşdilər ki, artıq onun ovcundan da duz yalamağa başladılar. Bayırda güclü şaxta var idi, amma komada yanan ocaq içərini od kimi isti saxlayırdı. Haydi ilə babası uzun qış gecələrində ocağın başında otururdular. Bu yaşlı kişi nəvəsinə qayalıqların sirrindən, möcüzəsindən, orada bitən bitkilərin qəribə xüsusiyyətlərindən, dağda yaşayan heyvanlardan maraqlı əhvalatlar danışırdı.
Bayırda qar örtüyü çox qalın olmayanda Peter Haydigilə qonaq gəlirdi. Oğlan qışda keçi otarmır, hər gün yamacın ətəyində, Dörfli kəndindəki məktəbə gedirdi. Haydi məktəbin necə yer olduğunu bilmirdi. Odur ki Peter ocağın başında qızındıqdan sonra onu sual atəşinə tuturdu. Peter də qıza həvəslə cavab verir, məktəbdə gördüklərindən danışırdı.
Sonra qoca baba masanın üstünə çörək, kərə yağı, qaxac ət qoyurdu. Peter burada doyunca yemək yeyə bildiyi üçün sevinirdi, çünki öz evlərində yemək qıt idi. Hər dəfə qapıdan çıxanda üzünü Haydiyə tutub:
– Bəs sən bizə nə vaxt gələcəksən? – deyə soruşurdu. – Gəlsən, nənəm çox sevinər.
Haydi də babasından hər gün soruşurdu:
– Qoca baba, Petergilə nə vaxt gedə bilərəm?
Qoca baba hər dəfə:
– Havalar düzəlsin, gedərsən, – deyirdi.
Amma havalar düzəlmirdi ki, düzəlmirdi. Qoca babanın koması qarın içində itib-batmışdı.
Nəhayət, Haydinin Petergilə qonaq gedəcəyi gün gəlib çatdı. Yerdəki qarın şaxtadan buz bağladığı günəşli bir gündə qoca baba ağıldan kirşəsini[5] çıxardı. Əvvəl özü kirşəyə mindi, sonra qalın şərfə bürüdüyü qızı qucağında oturtdu. Kirşə yamacla üzüaşağı sürüşməyə başladı və düz Petergilin evinin qarşısında dayandı. Qoca baba Haydini kirşədən endirdi, şərfi açdı:
– Hə, gəlib çatdıq, – dedi. – Qapını döy və içəri gir. Axşam hava qaralmamış yamacı dırmaşmağa başlayarsan.
Haydi qapını açıb içəri girəndə həyəcandan ürəyi bərk-bərk döyünməyə başladı. Bu köhnə, balaca ev qoca babanın komasından daha darısqal və yoxsul idi. Haydi nənəni gördü, o, kətildə oturub dərin fikrə
4
5