Название | Artemis Faul |
---|---|
Автор произведения | Оуэн Колфер |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8200-9-6 |
– O, mütləq qayıdacaq, anacan.
– Oğlum, sən bu lənətə gəlmiş pərdələri bağlaya bilərsən? Qorxunc, dəhşətli işıqdır!
– Əlbəttə, anacan.
Artemis əlləri ilə yoxlaya-yoxlaya, necə gəldi durmuş paltar sandıqlarını dolanıb keçərək otağın o biri tərəfinə keçdi. O, qəfildən pəncərələri taybatay açmaq istəyi hiss etdi, lakin… Artemis sadəcə bir dəfə də köks ötürdü və pərdələri bağladı.
– Çox sağ ol, əzizim. Yeri gəlmişkən bu qulluqçudan canımızı qurtarmalıyıq. O, heç bir işə yaramır.
Artemis dilinin ucunda olan sözləri güclə saxladı. Cülyetta artıq üç ildi onların evində xidmət edirdi və bu müddət ərzində özünü çox yaxşı aparmışdı. Lakin anasının xəstəliyi ona bəzi üstünlüklər verirdi.
– Əlbəttə, sən haqlısan, ana. Mən çoxdandır bunu etmək istəyirdim. Həm də Nökərnin bir bacısı var, o, bu işin öhdəsindən yaxşı gələr. Deyəsən, mən onun haqqında sənə artıq danışmışam. Onun adı Cülyettadır.
– Cülyetta? – Angelina üz-gözünü turşutdu. – Hə, hə, adı sanki tanış gəlir. Nə isə, indi bizdə işləyən qızdan pis olmayacaq. O, nə vaxt işə başlaya bilər?
– Elə bu gün. Qız qonaq otağında gözləyir. Mən Nökərdən xahiş edəcəyəm ki, onu sənin yanına gətirsin..
– Sən çox xeyirxah oğlansan, Artemis. İndi isə gəl ananı öp.
Artemis anasının geniş xalatının kölgəsinə tərəf addımladı. Xoş, güclə sezilən ətir hiss etdi – gölməçənin səthində üzən gül ləçəklərindən bu cür ətir gəlir. Angelina Faulun əlləri soyuq və zəif idi.
– Mənim əzizim… – anası pıçıldadı və bu pıçıltıdan Artemisin tükləri ürpəşdi. – Mən qəribə şeylər eşidirəm. Gecələr. Onlar balışların üzəri ilə sürünürlər, mənim qulaqlarıma girirlər…
Artemis yenə də qəhərləndiyini hiss etdi.
– Anacan, bəlkə mən pərdələri açım?
– Yox! – Anası ağladı və qollarını boşaltdı. – Bircə bunu etmə. Axı o zaman mən onları görərəm!
– Ana, xahiş edirəm…
Lakin onu dilə gətirmək faydasız idi. Angelina yenə yatağın uzaq küncünə qısıldı və yorğanı çənəsinədək üstünə çəkdi.
– O təzə qızı buraya göndər.
– Yaxşı, anacan.
– Qoy mənə doğranmış xiyar və su gətirsin.
– Oldu, anacan.
Angelina oğluna şübhəli nəzərlərlə baxdı.
– Bir də ki, bəsdir məni ana deyə çağırdın. Bilmirəm kimsən, amma dəqiq bilirəm ki, mənim balaca Artim deyilsən.
Artemis qəzəblə gözlərini qırparaq axmaq istəyən göz-yaşlarını saxladı..
– Əlbəttə. Bağışla, a… madam.
– Hm. Bir də buraya gəlmə, yoxsa mənim ərim sənin dərsini verər. Kişim çox mühüm adamdır, yoxsa onun haqda eşitməmisən?
– Yaxşı, missis Faul. Siz məni bir daha görməyəcəksiniz.
– Lap yaxşı. – Angelina qəflətən donub qaldı. – Budur, budur, gör onları eşidə bilirsən?
Artemis başını yırğaladı:
– Mən heç bir şey eşitmirəm…
– Onlar dalımca gəlirlər. Onlar hər yerdədirlər.
Sığınacaq axtarışıya Angelina başını yorğanın altına saldı. Onun qorxu dolu hıçqırıqları pilləkəndən düşərkən bütün yol boyu Artemisi izləyirdi.
Kitab Artemisin düşündüyündən daha inadcıl çıxdı, bütün gücü ilə – əgər “güc” sözünü ümumiyyətlə kitaba aid etmək olarsa – müqavimət göstərirdi. Hansı proqramdan keçirməsindən asılı olmayaraq, nəticə yox idi.
Artemis hər bir səhifəni çap edərək tam mənzərəni görmək üçün onları kabinetin divarlarından asdı. Belə mətnə Artemis hələ rast gəlməmişdi, eyni zamanda hərflər təccüblü dərəcədə tanış gəlirdi. Bu, simvollar və işarələrin qarışığı idi, həm də sanki hər bir səhifədə hərfləri necə gəldi, təsadüfi yerləşdirmişdilər.
Bilgisayar proqramına hansısa hesabat sistemi, çıxış nöqtəsi lazım idi. Artemis hər bir işarəni ayrılıqda götürdü və ingilis, çin, yunan və ərəb əlifbaları ilə tutuşdurdu. Kirill əlifbasını da yoxladı, hətta qədim irlandiya və kelt əlifbalarını da gözdən keçirdi. Bütün çarpışmaları sonucsuz qaldı.
Artemis yavaş-yavaş öfkələnməyə başlamışdı. Sendviç gətirərək onu işindən ayıran Cülyettanı da qovdu və simvolları öyrənməyə başladı. Ən çox rast gələn simvol kişi fiqurunu ifadə edən piktoqram idi. Artemisin ehtimalına görə kişi fiquru idi, amma onun sehrli xalqcığın anatomiyası sahəsində cüzi biliklərə malik olduğunu nəzərə alsaq, fiqur qadın cinsinə də məxsus ola bilərdi. Qəfildən Artemisin başına bir fikir gəldi. “Ən güclü tərcüməçi” proqramında o, “Qədim dillər” qovluğunu açdı və misir dilini seçdi.
Nəhayət ki! Tapıldı. Kişi fiquru Tutanxamonun məqbərəsinin daxili divarlarında aşkarlanmış və Anubis allahını ifadə edən simvola eynilə bənzəyirdi. Bu, Artemisin digər axtarışları ilə də tam uyğunlaşırdı. Qədim yazı abidələri sehrli xalqcığı insanlardan əvvəl yaşamış sivilizasiya kimi təsvir edirdi. Yəqin ki, misirlilər sadəcə olaraq onlara qədər mövcud olmuş yazını götürüb öz ehtiyacları üçün uyğunlaşdırmışdılar.
Simvollar bir-birlərinə çox bənzəyirdilər, lakin fərq də çox böyük idi – bilgisayar proqramı onlar arasındakı əlaqəni tuta bilmirdi. Bütün işləri əllə görməkdən başqa bir əlac qalmırdı. Cırtdan dilinin hər bir işarəsini böyütmək, printerdə çap etmək, daha sonra ieroqliflərlə müqayisə etmək lazım gəldi.
Artemisin ürəyi şiddətlə döyünürdü, o, artıq uğuru hiss edirdi. Hər bir sehrli işarə, hər bir piktoqram ieroqliflər içərisində oxşar simvollara malik idi. Universal işarələr də var idi – məsələn, günəş və ya quş. Lakin bir şey çox müəmmalı görünürdü, uyğun variantı tapmazdan qabaq əməlli-başlı baş sındırmaq lazım idi. Məsələn, Anubisin fiquru. Burada çaqqal-allahın nə rolu var? Buna görə də Artemis bu simvolu sehrli xalqcığın kralı kimi deşifrə etdi.
Gecə yarısına yaxın Artemis nəhayət ki, öz axtarışlarının bütün sonuclarını bilgisayara yüklədi. İndi ona ancaq “Deşifrə et” əmrini vermək lazım idi. O, belə də etdi və anlamsız cəfəngiyyatla dolu bir yığın səhifə aldı.
Normal uşaq çoxdan bu tapmacaya tüpürərdi. Adi böyük insan klaviaturanı divara çırpmaqla işi bitirərdi. Lakin Artemis belə deyildi. Kitab ona meydan oxuyrdu və o, hansısa aciz bir kitabcığa məğlub ola bilməzdi.
İşarələr