Çippolinonun macəraları. Джанни Родари

Читать онлайн.
Название Çippolinonun macəraları
Автор произведения Джанни Родари
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952244564



Скачать книгу

lone şahzadə Lumunun ayağını tapdayır

      Çipollino soğan Çipollonenin oğlu idi. Onun özündən başqa yeddi qardaşı vardı: Çipolletto, Çipollotto, Çipolloçça, Çipolluçça və sairə və ilaxir… Onların hamısı yaxşı adamlar idi, lakin bu həyatda bəxtləri gətirməmişdi. Nə etmək olar, harada soğan varsa, orada göz yaşı da olacaq…

      Çipollone arvadı və oğlanları ilə birlikdə şitil qutusundan bir az böyük taxta komada yaşayırdı. Varlı adamların yolu bu komanın yaxınlığından düşəndə əlləri ilə burunlarını tutub deyinirdilər: «Püfff… bu soğan iyi haradan gəldi?» Və dərhal arabaçıya əmr eləyirdilər ki, oradan sürətlə ötüb-keçsin.

      Günlərin bir günü ölkənin hökmdarı şahzadə Lumu şəxsən özü Çipollinogilin yaşadığı şəhərkənarı kasıb məhəlləyə baş çəkmək qərarına gəldi. Saray əyanları bərk təşvişə düşmüşdülər. Görəsən, soğan qoxusu zati-alilərini narahat eləməz ki?

      – Gəlin yoxsulların üstünə ətir vuraq! – baş kamerger[1] təklif irəli sürdü.

      Vaxt itirmədən bir dəstə əsgəri (Lumuya xidmət etdikləri üçün onları «lumucuq» adlandırırdılar) həmin məhəlləyə göndərdilər ki, soğan iyi verən sakinləri ətirləsinlər. Əsgərlərin çiynində həmişəkindən fərqli olaraq tüfəng əvəzinə püskürtmə başlığı olan iri bidonlar vardı. Bu bidonlara çiçək ətri, bənövşə cövhəri, qızılgül suyu doldurulmuşdu.

      Komandir əmr elədi ki, Çipollone bütün ailəsi ilə birlikdə komadan çölə çıxsın. Əsgərlər onları sıraya düzüb təpədən dırnağa kimi ətirlədilər. Bu ətir yağışından sonra Çipollino elə ucadan asqırmağa başladı ki, uzaqdan gələn şeypur səsini belə eşitmədi.

      Şeypur səsi isə hökmdarın gəlişindən xəbər verirdi. O, lumucuqlardan ibarət əyan dəstəsi ilə birlikdə məhəlləyə yaxınlaşdı. Şahzadə Lumu başdan-ayağadək sarı geyinmişdi, sapsarı şlyapasının üstünə isə qızılı zınqırov taxmışdı. Şahzadə yeridikcə zınqırov yellənib səs çıxarırdı. Yanındakı əyanların zınqırovları gümüşdən, əsgərlərinki isə bürüncdən idi. Bu zınqırov səsləri bir-birinə qarışıb qəribə musiqi yaradırdı. Səsə məhəllənin bütün sakinləri küçəyə çıxmışdılar. Camaat elə bilmişdi ki, səyyar çalğıçılar gəliblər.

      Çipollone oğlu Çipollino ilə birlikdə lap qabaq cərgədə dayanmışdı. İrəli keçmək istəyənlər onları vurub itələyirdilər. Zavallı qoca Çipollone axırda dözməyib qışqırmağa başladı:

      – Belə olmaz axı! Bir az geri çəkilin!

      Bunu eşidən şahzadə Lumu qısa, əyri qıçlarıyla qocaya yaxınlaşıb onu qəzəblə süzdü:

      – Nə qışqırırsan? Sadiq təbəələrim[2] məni görmək üçün irəli can atırlar, sən də onlara deyirsən ki, geri çəkilsinlər? Deməli, bu sənin xoşuna gəlmir, hə?

      – Əlahəzrət, – baş kamerger şahzadənin qulağına pıçıldadı, – mənə elə gəlir ki, bu adam çox təhlükəli qiyamçıdır. Onu xüsusi nəzarətə götürmək lazımdır.

      Lumucuq əsgərlərdən biri dərhal əlindəki müşahidə borusunu Çipolloneyə tuşladı. Bu alət vasitəsilə ölkədə əmin-amanlığı pozmağa cəhd göstərənləri müşahidə altına alırdılar.

      Zavallı Çipollonenin qorxudan rəngi lap saraldı.

      – Əlahəzrət! – qoca, nəhayət, udqunub dilləndi. – Axı onlar məni itələyirlər!

      – Lap əcəb eləyirlər! – şahzadə Lumunun səsi gur-gur guruldadı. – Sənə elə belə də lazımdır!

      Bu vaxt baş kamerger üzünü məhəllə sakinlərinə tutub dedi:

      – Əziz təbəələrimiz, zati-aliləri ona öz sədaqətinizi bu cür nümayiş etdirdiyinizə görə sizə minnətdardır. Durmayın, bir-birinizi daha möhkəm itələyin!

      – Axı onlar sizin özünüzü də itələyib yıxacaqlar! – Çipollino etiraz elədi.

      Elə o an başqa bir lumucuq müşahidə borusunu Çipollinoya tuşladı. Oğlan cəld insanların arasına qarışdı ki, gözdən yayınsın.

      Çox keçmədən izdiham çəlləkdəki su kimi yırğalanmağa başladı. İndi arxa cərgədəkilər irəlidəkiləri daha möhkəm itələyirdilər. Bu təzyiqə tab gətirə bilməyən qoca Çipollone irəli sıçradı və həmin vaxt necə oldusa, şahzadə Lumunun ayağını tapdadı. Ayağında iri döyənək olan şahzadənin ağrıdan gözlərindən qığılcım çıxdı. Dərhal on lumucuq əsgər zavallı qocanın üstünə atılıb onun əllərini qandalladı.

      – Çipollino, Çipollino! – nə baş verdiyini anlamayan qoca yazıq-yazıq oğluna səsləndi.

      Di gəl, oğlu onun səsini eşitmədi: həmin vaxt Çipollino hadisə yerindən artıq xeyli uzaqlaşmışdı. Bununla belə, atasının həbs olunması haqqında xəbər tezliklə onun qulağına da gedib çatdı. Şəhərdə hamı bu barədə danışırdı.

      – Yaxşı ki o yaramazı vaxtında yaxaladılar! – boşboğazlardan biri deyirdi. – Bilirsiniz, o, zati-alilərini xəncərlə vurmaq istəyirmiş!

      – Yox, yox! O caninin cibində pulemyot varmış!

      – Necə? Pulemyot? Cibində? Ola bilməz!

      – Bəs atəş səslərini eşitmirsiniz?

      Əslində isə bu, şahzadə Lumunun şərəfinə düzəldilmiş atəşfəşanlığın gurultusu idi.

      Çipollino var səsi ilə çığırıb bu boşboğazlara demək istəyirdi ki, onun atasının cibində pulemyot-zad olmayıb! Sonra fikirləşdi ki, axmaq adamlara nəyisə başa salmağın heç bir mənası yoxdur. Odur ki dillənmədi.

* * *

      Qoca Çipolloneyə nəinki ömürlük həbs cəzası kəsdilər, onun hətta ölümündən sonra da azadlıqdan məhrum edilməsinə hökm verdilər. Məsələ burasındadır ki, şahzadə Lumunun həbsxanalarında qəbiristanlıq da vardı. Məhbuslar dünyalarını dəyişərdilərsə, həmin qəbiristanlıqda dəfn olunurdular.

      Çipollino birtəhər atası ilə görüşməyə nail oldu. O, qocanı bərk-bərk qucaqlayıb dedi:

      – Mənim yazıq atam! Səni qatı cinayətkarlar kimi dəmir barmaqlıqların arxasına salıblar!

      – Nə danışırsan, oğlum! – atası dedi. – Bu həbsxanadakıların çoxu vicdanlı adamlardır.

      – Bəs onları niyə həbs eləyiblər? – Çipollino təəccüblə soruşdu. – Onlar nə pis iş tutublar ki?

      – Heç bir pis iş tutmayıblar. Elə buna görə də onları həbs eləyiblər. Şahzadə Lumunun vicdanlı adamlardan xoşu gəlmir.

      Çipollino fikrə getdi, sonra atasından soruşdu:

      – Deməli, həbsxanaya düşmək şərəfli işdir?

      – Belə çıxır ki, hə. Əslində, həbsxanaları oğrular, qatillər üçün tikirlər. Lakin şahzadə Lumunun ölkəsində hər şey tərsinədir. Oğrular və qatillər asudə gəzib-dolaşırlar, vicdanlı adamlar isə həbsə məhkumdurlar.

      – Mən də vicdanlı adam olmaq istəyirəm! – Çipollino dedi. – Ancaq həbsxanaya düşmək fikrim yoxdur! Atacan, bir az döz. Mən gəlib hamınızı bu həbsxanadan qurtaracağam!

      – Bu o qədər də asan iş deyil, oğlum… – qoca Çipollone acı-acı gülümsündü.

      – Görərsən! Dediyimi eləyəcəyəm!

      Elə bu vaxt həbsxana nəzarətçisi görüş vaxtının bitdiyini elan elədi.

      – Çipollino, – vidalaşarkən atası oğluna dedi, – sən daha böyük oğlansan, öz başına çarə qılmalısan. Ananın və qardaşlarının qayğısına isə əmin Çipolla qalar. Buralardan qaç get, dünyanı gəz-dolaş.

      – Bəsdir naqqallıq elədiniz! – nəzarətçi qocanın üstünə qışqırdı. Sonra üzünü Çipollinoya tutub dedi:

      – Elə bu dəqiqə çıxıb getməsən, səni də tutub içəri ataram!

      Çipollino əvvəl ona gülməli bir mahnı ilə cavab vermək istədi, lakin tezcə də bu fikrindən daşındı. Axı atasını



<p>1</p>

Kamerger – bəzi monarxiya dövlətlərində saray xadimlərinə verilən fəxri ad

<p>2</p>

Təbəə – bir dövlətə tabe olan, onun vətəndaşı olan adam, əhali