Название | Almaqurdu yuxuları |
---|---|
Автор произведения | Solmaz Kamuran |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
Rarrar, rarrar…
– Niyə həmişə məhz hörümçək toru, bibi? – deyə mədəmdəki yanğının verdiyi cəsarətlə soruşdum.
– Çünki o, kainatın ən mükəmməl şeyidir.
Bibimi anlamırdım, həqiqətən qəribədir…
– Kökələr çox gözəl idi, – dedim, – Əsra Rəngiz də çox sevdi.
İynəsini bir neçə dəfə də incə dəlikli parçaya batırıb çıxardı.
– Soğanlı uşaqlıq xatirələrin həqiqətən ləzzətli idi, – deyə davam etdim. Coşmuşdum, bir sual da verdim: – Nə edərdiniz uşaqkən?
Heç cavab verməyəcəkmiş kimi görünürdü, boşqabımı götürüb ayağa qalxdım, birdən danışmağa başladı:
– Külək, dəniz, qum, günəş… Hamısı eyni idi, lap bugünkü kimi. Mən də sənin kimi idim… Sən bu gün nə etdinsə, biz də dünən onu edərdik.
Bibimi suda tullanarkən təsəvvür edə bilmirdim. O əksinə, qəribə, yaşlı bir qadın idi.
Mən yatmaq üçün yuxarı mərtəbəyə çıxarkən arxamca səsləndi:
– Əsla dişlərini fırçalama, ayaqlarını yuma; ehh, üst-başına da laqeyd yanaş, ilan dərisi kimi at yerə…
Məni qıcıqlandırır… Etməyimi istədiyi hər şeyin əksini deyirdi. Duş kabininin qapısını oraya girdiyimi bilməsi üçün bir az sərt şəkildə örtdüm.
Yataqda uzanarkən dənizdə üzən bibimi xəyalımda canlandırmağa çalışdım, bacara bilmədim. Bu gün çox əsrarəngiz keçmişdi… Necə oldusa işıldaquşlar, arılar bir gecə əvvəlki kimi yenə otağıma doldu. Kürəyim, çiyinlərim yanırdı, hətta hər yerim sızıldamağa başlamışdı. Nə qədər yorğun idim. Göz qapaqlarım sanki ballı bir yapışqanla bitişdi, özümü yuxuların qanadlarına buraxdım…
Dünən, sən demə, məni gün vurubmuş, bu günü yatmaqla keçirdim, arada kaleydoskopumla əyləndim, amma günün çoxunu yarıhuşsuz halda yatdım. Bibim alnıma, biləklərimə sirkəyə batırdığı əskiləri qoyurdu, ancaq hava qaralarkən qızdırmam düşdü. Mənə dedi:
– Yaxşı ki xəstələndin, bax səndən ləziz iy gəlir, çiroz kimi…
– Çiroz nədir?
– Çiroz möcüzəvi bir yeməkdir. Balıqçılar baharın sonunda yumurta töküb sısqalaşmış us_qumruları tuturlar, onlardan hazırlanır. Hətta buna görə sənin kimi sısqa uşaqlara da çiroz deyilir.
Özümü, doğrudan da, sısqa bir balıq kimi hiss edirdim… Yorğanımı burnuma qədər çəkdim.
– Sonra nə edirlərmiş o sısqa balıqlardan?
– Sonra balıqların içlərini təmizləyib onları günəşdə və küləkdə yaxşıca qurudurlar. Sonra da sirkəylə yumşaldıb ləzzətlə yeyirlər. Üstünə də bol-bol şüyüd tökürlər. Çox ləzzətlidir.
Dərhal gedib bir stəkan suyun içində bir dəstə şüyüd gətirib baş tərəfimə qoydu.
– Şüyüdsüz çiroz yeyilməz.
Şüyüd dəstəsinin üstündə toppuş, iştahlı, yaşıl bir tırtıl vardı.
– Tırtıllarla çirozlar dostdurmu? – dedim.
– Eyni restoranda yemək yeyənlər qədər… Dostluq üçün yeməkdən daha fərqli şeyləri paylaşmaq lazımdır.
– Məsələn, nə? Söylə mənə, mən Əsra Rəngizlə dost olmaq istəyirəm.
– Öz-özünə də olur, üstəlik, siz artıq dost olmusunuz. Evə əl-ələ gəlmədinizmi?
– Bəli… Əli çox isti və yumşaq idi. Səsi də çox gözəldir, mənə bir mahnı öyrətdi, amma tam əzbərləyə bilmədim.
– Nə imiş o mahnı?
Mahnını yadımda qaldığı qədər oxudum, "azadıq" deyərkən səsimi yüksəltməyə çalışdım, amma səsim zilə qalxmadı.
Gülümsədi.
– Bibi, sən niyə heç qəhqəhə çəkib gülmürsən? – deyə soruşdum.
– Üzümün qırışmamasını istəyirəm.
– Amma gözlərin gülür…
Bir azca qaşqabağını tökdü, bir söz demədən çölə çıxdı. Bir müddət sonra mənə şorba gətirdi, bol limonlu, toyuq suyu ilə bişirilmiş vermişel şorbası. Nazik-nazik doğradığı cəfərilərlə üstünə bir sual işarəsi çəkmişdi.
– Bu nədir? – deyə soruşdum.
– Bu gün üçün, əsrarəngiz…
Bibimi sevirəmmi, nədir bu belə…
Şorbamı bitirə bilmədim, bibim işığı söndürüb dedi:
– İndi yat, xəyallar bəzən gerçəklərdən daha yorucu olur, artıq dincəlməlisən…
Xəyallar gerçəklərdən dahamı yorucudur?
Pəncərənin kənarında bir ağcaqanad vızıltılarla öz ətrafında dəli kimi fırlanır; bəlkə o da mənim kimi xəstədir, uça bilmir. Qonşunun xoruzu bu saatda niyə qışqırır? Bəlkə o da xəstədir… Külək hər əsdikcə burnuma qapı ağzındakı çiçəklərin şirin qoxusu gəlir… Damda siçanlar dayanmadan bir-birini qovur… Və ağacqurdu acgöz bir iştaha ilə taxta masanı gəmirir…
Qırt, qırt, qırt… qırt, qırt, qırt… Qırt, qırt, qırt…
Sabah o dəliyə bir tel soxacağam, ağacqurdunu görmək istəyirəm. Mən bir çirozam, sirkə qoxulu bir çiroz… Birdən ürpərdim, ədyalıma möhkəmcə büründüm.
– Yoxsa öləcəkdimmi?
Bibim bir dəfə mənə: "Ölümdən və ölülərdən qorxma. Hər necə olsa da həyat varkən ölüm, ölüm varkən həyat olmaz" – demişdi. Amma əslində ikisi də var… Fikrim qarışdı, gözlərimi bərk-bərk yumdum. Deyəsən, yenə qızdırmam qalxmışdı.
Gecəyarısı birdən-birə oyandım. Yuxumda qanadlarımı çırpa-çırpa uçurdum, halbuki indi yaman gündəydim, yataqdaydım…
Dizlərim sızıldayırdı, diş ətlərim də… Yanağımı yastığıma möhkəmcə dirədim, cırcıramalar belə susmuşdu.
– Danışın də, – deyə qışqırdım. – Niyə indi səssizsiniz, niyə? Qorxuram.
Birdən bibim baş tərəfimdə peyda oldu, ağzıma bir qaşıq uzadıb dedi:
– İç, – dedi, – bu sehrli bir iksirdir. Hər dərdə dərmandır… Ələddinin sehrli çırağındakı cin bir az əvvəl gətirdi.
İksiri içdim, bibim yanımda oturub “Ölkələr” kitabımı açdı, oxumağa başladı. Onun həlim səsi məni rahatlatdı. Qorxularım toz zərrələrinə çevrilib havada dağıldı.
Bir