Название | Bibilər |
---|---|
Автор произведения | Cyriel Buysse |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
– Bu ki axmaqlıqdır! Axmaqlıq! – cənab Dufour deyinərək dedi – onlar bunu etməməli idilər. Ayıb olsun ona!
– Onun nəyə görə belə etdiyini bilirəm. Əgər mənim ora getmək şansım olsa idi, mən də eynisini edərdim! – Klara inadkarcasına dedi.
– Siz bütün pullarınızı itirəcəkdiniz, çünki bütün qumarbazlar sonda uduzur, – cənab Dufour bədbin şəkildə dedi.
Onlar Genuya və Florensiyaya getdilər. Çox gözəl mənzərəsi və təbiəti var idi, onlar məktubda yazırdılar, lakin çox çirkli şəhər idi. İtalyanlar pinti və çox etibarsız insanlar idi.
Alış-veriş edəndə və pul dəyişəndə çox ehtiyatlı olmaq lazım idi. Həmişə hesabla bağlı səhvlər olurdu, lakin bu heç vaxt sizin xeyrinizə həll olunmurdu.
İtaliya onları məyus etdi və əgər Roma və Papa olmasa idi, onlar orada bir dəqiqə belə olsun qalmazdılar. Dürüst olsaq Roma elə də əhəmiyyətli deyildi. Amma Papa – ah, onlar onu uzaqdan bir saniyəlik olsa da görməli idilər. Romaya getməklərinin yeganə səbəbi bu idi.
Və bir gün məktub gəldi; onlar onu görmüşdülər! Onlar onu kardinallarla əhatə olunmuş taxtında oturarkən görmüşdülər; əynində ağ paltar, başında çalma və barmağında ulduz kimi parıldayan yekə üzük var idi. Mari demək olar ki, az qaldı huşunu itirsin, ürəyi tez-tez döyünürdü və ona baxmağa cəsarət belə etmirdi. Lakin Maks ona diqqətlə baxa bildi.
Papanın balaca boyu, arıq bədəni və yekə qara gözləri var idi. Bir anlıq Papa arxaya çevrilib düz Maksın gözlərinə baxdı və çevrilib yenidən irəli baxdı. O an Maksın sevincdən gözləri doldu və utanaraq başını aşağı saldı və daha sonra baxdıqda onu görə bilmədi. Mərasim onlara unudulmaz təsir bağışladı. Maks keçirdiyi bütün xoş anları Papanın ona yenidən baxması üçün qurban verməyə hazır idi.
Onlar geri dönürdülər. Geri dönərkən Parisə qisamüddətli səyahət planlayırdılar. Mari oradan alış-veriş etmək istəyirdi. Bir neçə həftədən sonra isə evə gedəcəkdilər. Mari, bəzən, özünü yaxşı hiss etmirdi və çox yorulurdu, Maks məktubda yazırdı, amma hər şey yaxşı idi narahat olmağa əsas yoxdur o, onları inandırırdı; gəldikdən sonra sizə hər şeyi danışacam.
Bacılar məktubu böyük həyəcanla oxudular. Papanın baxışı! Bu, onların təsəvvür edə bilməyəcəkləri bir şey idi. Onlar Marinin orada necə özündən getməsini, Papanın Maksa necə baxdığını xəyallarında canlandırmağa çalışırdılar. Belə bir şan-şöhrətdən onların başı döndü.
Artıq günorta idi və onlar dizlərində məktub möhtəşəm hisslərlə oturmuşdular. Əgər köhnədəbli fayton qapının ağzında dayanmasa idi onlar sonsuza qədər oturub bunu müzakirə edə bilərdilər.
Gələn bibilər idi!.. Bacılar tez ayağa qalxıb çölə çıxdılar. Cənab Dufour artıq faytonun yanında idi və bacılarına oradan enməyə kömək edirdi.
– Bu, doğrudur? – Klemens bibi evə girmədən soruşdu.
– Bəli, bibi, doğrudur! Doğrudur! – bacılar üçü də xorla cavab verdilər.
– Necə də xoş, necə də möhtəşəm hadisədir, – Estel bibi sevinərək dedi.
Viktuar bibi heç nə demədi, amma onun solğun yanağında təbəssüm var idi, bu da onun ən dərin emosiyaları idi.
Onlar nahardan sonra qardaşı qızları ilə kofe içməyə qaldılar, lakin bu mövzudan başqa heç nə haqqında danışmadılar.
– Onlar gərək bu yaşadıqları anı bir ömür yadda saxlasınlar ki, xoşbəxt və firavan həyat sürə bilsinlər – deyə Klemens bibi bəyan etdi.
– Şübhəsiz ki, bu belə də olacaq! – cənab Dufour onu inandırdı.
– Lakin çox təəssüf ki, onlar Parisdə çox yersiz bir səhv etdilər! – gözlənilmədən Viktuar bibi dedi.
Onlar çaşqınlıqla ona baxdılar.
– Gəncdilər, belə şeylərin olması normal haldır, – cənab Dufour onu sakitləşdirməyə çalışdı.
– Onlar geri dönərkən yenə Parisdə qalmağa qərar veriblər, – Viktuar bibi deyinərək dedi.
– Ola bilsin ki, Viktuar çox sərt reaksiya verdi bu məsələyə, – Klemens bibi dedi, – lakin, onun sözlərində həqiqət var, onların getdiyi o iki məkan heç də bir biri ilə uyğun gəlmir
Qardaş qızları nəsə deməyə cəsarət etmirdilər. Estel bibi kədərli gözlərlə ətrafa baxırdı:
– Heç nəyə baxmayaraq onların Papanı görməsi böyük şərəfdir! – o, utanaraq qeyd etdi.
– Ümid edirəm ki, Maks artıq həyatında bəzi dəyişikliklər edəcək, – Klemens bibi dedi, – məsələn onun ən yaxın dostu cənab Raymond, əclafın yekəsidir. Onun haqqında olan əhvalatı eşitmişik…
Adrian gözlənilmədən yanaqları qızardı, daha sonra isə yenidən solğun sima aldı.
– Mən fikirləşirəm ki, onların dostluğu tezliklə bitəcək – cənab Dufour dedi.
– Raymond toyda Marinin əmisi oğlanları ilə tanış oldu, və indi onlar demək olar ki, ayrılmaz dostlardı.
– Vəssalam, – Klemens bibi onun sözünü kəsdi. – Bu, iki qardaş həm davakar həm də əyyaşdılar. Maks onlarla bir araya gəlsə bu biabırçılıq olacaq.
Adrian dərindən nəfəs aldı. O, Raymond və Verstraje qardaşları haqqında düşünürdü, onun üçün onların dostluq etməsinin heç bir problemi yox idi, çünki onların, ov etmək, at sürmək kimi ortaq maraqları var idi və buna görə də bu dostluq çox normal hal idi. Onlar həftədə bir ya da iki dəfə at sürmək üçün kəndə gedirdilər. Verstraje qardaşlarının insanlarda qıcıq doğuran arıq görünüşləri, qırmızı üzləri və qəzəbli gözləri var idi. Onlar bəzən, gecə barlarda çox içib, sərxoş olub əylənirdilər. Bibilər də məhs bu söhbətləri eşidiblər deyə qardaşlardan xoşları gəlmirdi.
Bütün bu olanlar Adrianı çox kədərləndirirdi, çünki Raymond ona nə vaxtsa aşiq olsa və onunla evlənmək istəsə, sırf bu səbəblərə görə bibilər bu evliliyə razılıq verməyəcəklər. Adrian sakitcə kədərlənirdi və əlindən heç nə gəlmirdi.
Bir dəfə, onlar toydan bir müddət sonra cənab Dufourun evinə gəlmişdilər. Kobud hərəkətləri var idi, adama elə gəlirdi ki, onlar xanımların yanında özlərini narahat hiss edirlər. Bir az sonra Raymond gəldi, onlar üçü də bir xeyli atlar haqqında danışdılar, Adrian isə gizli, nəzərə çarpmadan Raymonda baxırdı. O, ona baxmaqdan özünü saxlaya bilmirdi, gözünü heç cürə ondan çəkə bilmirdi. Adrian birdən gördü ki, Verstraje qardaşlarından biri, onun Raymonda necə baxdığına fikir verdi.
Onlar getdikdən sonra o, dərindən rahat nəfəs aldı, lakin sonrakı günlər qardaşlardan birinin onun sirrindən xəbərdar olması fikri onu rahat buraxmırdı.
Bibilər getmək üçün ayağa qalxdılar. Marta tələsik onların şlyapalarını gətirdi. Cənab Dufour və qızları onları yola salmaq üçün çölə çıxdılar, bibilər sağollaşıb