Название | Seçilmişlər |
---|---|
Автор произведения | Cığatel İsaqızı |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8260-6-7 |
Yazı, yayı, qışımı var, nə deyim,
Şair kimi əhlikefdi məhəbbət.
Bilmək olmur harayı nə, ünü nə,
Solu-sağı, arxası nə, önü nə,
Axşamı nə, gündüzü nə, günü nə,
Şair kimi əhlikefdi məhəbbət.
Ulduz kimi gah gizlənir, gah baxır,
Şimşək olur, gah dayanır, gah çaxır,
Günəş kimi gah yaxılır, gah yaxır.
Şair kimi əhlikefdi məhəbbət.
Nə şirindi, nə acıdı, yeyillər,
Nə günahdı, nə savabdı, yüyüllər.
Cığatelin xəbəri yox deyillər,
Şair kimi əhlikefdi məhəbbət.
SƏNDƏN AYRI YAR SEVMƏDİM
Eşqin məni çəkir dedim,
Hər nə dedin, şükür dedim,
Zəhər verdin, bal tək yedim,
Kasıb oldum, var sevmədim,
Səndən ayrı yar sevmədim.
Güllərdən çələng toxudum,
Bülbüllər kimi oxudum,
Gülü sevdim, gül qoxudum,
Gül üstünə xar sevmədim,
Səndən ayrı yar sevmədim.
Sinəmdə bir ocaq çatdın,
Mən yatmışdım, sən oyatdın,
Gör necə günaha batdın,
Susuz yandım, qar sevmədim,
Səndən ayrı yar sevmədim.
Dənə dolar sarı sünbül,
Yaz eşqiylə açılar gül.
Nar istəyər xəstə könül,
Xəstə oldum, nar sevmədim,
Səndən ayrı yar sevmədim.
BAĞIŞLAMARAM
Dağdan yuvarlayıb, endirdin düzə,
Necə baxacaqsan mənlə göz-gözə,
Könlümə ox atdın, köksümə nizə,
Mənsə səni daşla da daşlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.
– Dəyirmandı, nələr görür can evi,
– Şaxtalar sərt, görünməsə mənsəbi,
– Əgər olsan ocaqlı ev sahibi,
Üşüsəm də, komanda qışlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.
Həyat məni məngənədə sıxsa da,
Dönüb gözüm yollarına baxsa da,
Eşqin dəli şimşək olub çaxsa da,
Bulud olsam, gözümü yaşlamaram,
O nifrət ki, o da məndən qopubdur,
Onu da mən sənə bağışlamaram.
OLMUR
Sevgi gəzən, nə çıxıbsan seyrana,
Sevgini hər yerdə axtarmaq olmur.
Bu elə savaşdı, əbəs qorunma,
Sevgi gülləsindən qurtarmaq olmur.
Hopdu qana, ruhumuzda gəzişdi,
Kimə adət, kimisinə vərdişdi,
Düşdüsə, qəlbinə əbədi düşdü,
Onu ürəyindən qoparmaq olmur.
Qeyibdən gələndi, huridi sevgi,
Sevən könüllərin Piridi sevgi.
Haçan Cığateli bürüdü sevgi,
Onu bu dünyaya qaytarmaq olmur.
GÖZ YAŞIM AXDI DƏNİZƏ
Heç bilmirəm əğyar məndən,
Gedib yara nə qandırdı?!
– Dəli həsrət qovdu məni,
Dağı-daşı dolandırdı.
Çıxdım dağa, endim düzə,
Yollara qəm düzə-düzə
Göz yaşım axdı dənizə,
Dəryaları bulandırdı.
Cıgateli dərdə saldı,
Dincliyimi əldən aldı,
Sevincimə layla çaldı,
Yatmış gəmi oyandırdı
BU SEVGİMİZ NAĞILLARA BƏNZƏDİ
Bu sevginin ömrü yaman az oldu,
Bənövşə tək cəmi bircə yaz oldu,
Yol uzandı dərə, təpə duz oldu,
Bu sevgimiz nağıllara bənzədi.
Məlikməmməd düşdü qardaş felinə,
Fürsət keçdi qara divin əlinə,
Ağ qoç atdı qara qoçun belinə
Bu sevgimiz nağıllara bənzədi.
Göydə alma üç olmadı, beş oldu,
Alma yerə töküləndə qış oldu,
Gözəl gəlin şanapipik quş oldu,
Bu sevgimiz nağıllara bənzədi.
Yalan oldu, min bir gecə, Şəhrizad,
Dərə keçdi, dağ dolaşdı dilboz at,
Alaçıqda qurulmadı toy-büsat,
Bu sevgimiz nağıllara bənzədi.
Bu sevginin Allahı var, Piri yox,
Bu sevginin sehiri var, sirri yox,
Deyəcəklər: – «biri vardı, biri yox»,
Bu sevgimiz nağıllara bənzədi.
SƏN MƏNƏ UNUTMAQ ÖYRƏT
Əvvəlcə sən mənə sevmək öyrətdin,
Öyrətmək bilirsən, unutmaq öyrət.
Mən səni unuda bilmirəm axı,
Sevdiyim, sən mənə unutmaq öyrət.
Nə gözəl gülürsən, gülməyə nə var,
Bu dərdin əlacın bilməyə nə var,
Ölmək asan işdi, ölməyə nə var,
Sevdiyim, sən mənə unutmaq öyrət.
Sən mənə əlçatmaz göyün qurşağı,
Mən sənə anasız ana uşağı,
Unudan deyiləm bu yaxşılığı,
Sevdiyim, sən