Название | Qorio ata |
---|---|
Автор произведения | Оноре де Бальзак |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243956 |
Ejen Rastinyaka gəlincə: bu adamın özü ağ, saçları qara, gözləri isə göy idi. Onun hərəkətlərindən, insanlarla münasibətlərindən, qıvraqlığından aristokrat nəslindən olduğu sezilirdi. Ejen harasa gedəndə bir gəncə yaraşan libas tapmaq iqtidarında idi. Bununla belə, adi günlərdə onun əynində köhnə sürtuk, bayağı bir jilet, ucuz qalstuk, pantalon və təzə altlıq salınmış çəkmə görmək olardı.
O ki qaldı cənab Votrenə, bu cür adamlar haqqında el arasında belə deyirlər: «Yaman qoçaq adamdır!» Onun çiyinləri, döşü enli, əzələləri möhkəm, iri əlləri ətliydi. Barmaqlarının üzərində od rənginə çalan sıx, sarı tüklər görünürdü. Üzündəki vaxtsız qırışlardan daşürəkli olduğu bilinirdi. Qadın səsi kimi xoş təsirə malik səsi onun şən əhvali-ruhiyyəsinə tam uyğun gəlirdi. Votren hər kəsə qulluq göstərir və gülməkdən xoşlanırdı; birisi öz taleyindən şikayətlənən kimi dərhal öz köməyini təklif edirdi. Dəfələrlə madam Vokeyə və bir neçə kirayənişinə borc pul belə vermişdi. Lakin o, xeyirxah adama oxşasa da, qəribə, dərin baxışları ilə hamıda dəhşət oyadırdı.
Cənab Votren, adətən, gününü belə keçirirdi: səhər yeməyindən sonra evdən çıxar, nahar vaxtı geri dönər, sonra yenə şəhərə çıxıb ancaq gecə yarısı qayıdardı. Onun madam Voke ilə yaxşı münasibəti vardı. Həmişə ona «cici» deyə müraciət edər, zarafatlaşardı. Votren ətrafdakı adamların qəlbindən keçənləri yaxşı duyurdu. Ancaq heç kəs onun nəylə məşğul olduğunu, ya da nə barədə fikirləşdiyini dərk edə bilməzdi. Daim başqalarına iltifat və xeyirxahlıq göstərsə də, bəzən xasiyyətinin qorxunc cəhətlərini büruzə verərdi. Məsələn, kübar cəmiyyəti ələ salar, yaxud da qanunlara istehza edərdi.
3
Adətən, məktəblərdə olduğu kimi, burda – pansion sakinləri arasında da bir nəfər tapılmışdı ki, bütün istehzalar, kinayələr onun üzərinə yığılırdı. Elə Ejen Rastinyakın da bu insanların içərisində nəzər-diqqətini ən çox cəlb edən həmin şəxs idi. Söhbət vaxtilə makaron fabrikinin sahibi olmuş Qorio atadan gedir. Bu hamıdan yaşlı kirayənişinə qarşı bəslənən nifrəti və hörmətsizliyi doğuran səbəb nə ola bilərdi? Bəlkə də, səbəb özü idi. Bəlkə, onun təbiətində qəribəlik və gülməli adətlər vardı?
Qorio atanın indi yaşı yetmişə yaxın idi. O, 1813-cü ildə ticarət işlərindən əl çəkdikdən sonra madam Vokenin evində yaşayırdı. Əvvəlcə madam Kutürün indi yaşadığı mənzili götürmüşdü. İllik xərci cəmi min iki yüz frank idi. Elə zənn etmək olardı ki, Qorio ata üçün bu məbləğin az və ya çox olmasının elə bir fərqi yoxdu. Madam Voke pansiondakı üç otağı yüngülvari təmir eləmək üçün qabaqcadan Qorio atanı şirin dilə tutub bir az pul almışdı. Ümumiyyətlə, keçmiş fabrikant madam Vokedə belə bir təsəvvür yaratmışdı ki, guya bir çox işlərdən başı çıxmayan axmaq bir adamdır.
Qorio ticarəti atmış olsa da, heç nədə özünə korluq vermək istəmirdi. Odur ki qaldığı yerə özü ilə çoxlu paltar və əntiq şeylər gətirmişdi. Madam Voke bahalı parçadan tikilmiş on səkkiz dəst köynəyi məftunluqla seyr edirdi. Sabiq fabrikant bu köynəklərin yaxalığına nazik zəncirlə birləşdirilmiş bir cüt sancaq taxar, hər sancağın başında isə iri brilyant görünərdi. O, adətən, bənövşəyi frak8 geyər, armuda bənzəyən qarnının üstündə breloklardan sallanan qızıl zəncir gözə dəyərdi.
Onun otağındakı şkaflar gümüş qablarla dolu idi. Madam Voke Qorioya lütfkarlıq göstərib bu qabları şkaflara düzdükcə heyrətdən gözləri alışıb-yanırdı. Bundan başqa, o, Qorionun dövlət istiqrazlarını da görmüşdü. Beləcə, madam Vokedə Qorioya ərə getmək həvəsi yaranmışdı: bu qədər sərvəti olan bir kişi ilə evlənmək bu dul qadını çoxdankı arzularına qovuşdura bilərdi. O, pansionun daşını ata, şöhrətli qadına çevrilə, kefi istədiyi vaxt teatra gedə, ürəyi istədiyi kimi yaşaya bilərdi. Bu zaman qəpik-qəpik topladığı qırx min franka sahib olduğunu isə kimsəyə söyləməzdi.
Keçmiş fabrikant onun pansionuna yerləşdikdən sonra madam Voke yanına gələnlərə Parisin ən məşhur və hörmətli tacirlərindən biri olan cənab Qorio haqqında ağızdolusu danışır, qocanın ona hörmət əlaməti olaraq pansiona düşdüyünü fəxrlə söyləyərdi. Madam Voke, eyni zamanda, «Vokenin evi» sərlövhəli açıqcalar çap etdirmişdi. Bu açıqcalarda pansion gen-bol reklam olunmuşdu. Elə həmin reklam sayəsində qrafinya9 de l'Ambermenil madam Vokenin pansionuna gəlmişdi. Qrafinyanın otuz altı yaşı vardı. O, müharibədə ölən generalın dul arvadı kimi pensiya hüququna malik idi. Bir müddət idi ki, bu pensiya işini həll etməyə çalışır və onu alacağı günü gözləyirdi. Hərbi dəftərxana qrafinyanın işini elə hey süründürürdü.
Nahardan sonra hər iki dul qadın Vokenin otağına çəkilərək laqqırtı vurardılar. Qrafinya de l'Ambermenil ev sahibəsinin Qorio haqqında mülahizələrini maraqla dinləyir və bəyənirdi. O, elə birinci gündən madam Vokenin niyyətini başa düşmüşdü. Pansion sahibi deyirdi:
– Ah, mənim əzizim! Bu kişi yaşlı olsa da, palıd kimi möhkəmdir. Belə görünür, özünə yaxşı baxıb.
Qrafinya alicənablıq hissiylə madam Vokeyə geyim və bəzək barədə bəzi göstərişlər belə verdi. «Siz döyüşə hazır olmalısınız», – o dedi. Daha sonra onlar birlikdə moda mağazasına gedərək lələkli şlyapa və çutqu10 aldılar. Qrafinya öz rəfiqəsini həvəsləndirərək başqa bir mağazaya apardı. Burda onlar şərf və paltar seçib götürdülər. Baxmayaraq ki əliaçıq deyildi, bununla belə, madam Voke qrafinyaya minnətdarlıq əlaməti olaraq iyirmi franklıq bir şlyapa alıb bağışladı.
Bir müddət sonra qrafinya de l'Ambermenil də keçmiş makaron fabrikantının başına dolanmağa başladı. O istəyirdi ki, Qorio ilə məhz özü evlənsin. Fəqət onun bütün cəhdləri boşa çıxdı. İşi belə görən qrafinya öz rəfiqəsinə dedi:
– Madam Voke, inanmıram bu adamdan nəsə qopara biləsiniz. O, heç kimə inanmır, hamıya şübhəylə yanaşır. Üstəlik, xəsisdir. Heyvan kimi kobuddur. Ondan bircə şey gözləmək
8
9
10