Название | Mirvari |
---|---|
Автор произведения | Джон Эрнст Стейнбек |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952243093 |
Xuana dodaqlarını sancılmış yerdən araladı. Sormadan sonra yara azacıq böyümüş və kənarları qansızlaşmışdı, amma qırmızı şiş möhkəm limfa təpəciyi kimi qabarıb get-gedə böyüyürdü. Bu adamlar əqrəbin nə olduğunu bilirdilər. Onun sancması böyükləri ağır xəstəliyə salır, uşaqları isə qısa müddətdə öldürürdü. Bilirdilər ki, əvvəlcə şiş, istilik və boğaz ağrıları olacaq, sonra mədə sancıları başlayacaq, axırda isə əgər zəhər dərinə işləyibsə, Koyotito öləcək. Ancaq sancmadan yaranan şiddətli ağrı getdikcə azalırdı. Koyotitonun çığırtıları iniltiyə çevrilmişdi.
Kino tez-tez zərif arvadının dəmir iradəsinə mat qalırdı. Bu itaətkar, qayğıkeş, şən qadın uşaq doğanda da səsini çıxarmamışdı. Yorğunluğu və aclığı az qala onun özündən də mətanətlə qarşılamışdı. Amma indi ərinin ondan heç gözləmədiyi bir qərar verdi.
– Get, həkim çağır, – dedi.
Bu sözü qamış hasarın arxasındakı kiçik həyətdə qonşular da eşitdilər. "Xuana həkim çağırmağı tapşırır", – deyə təkrar etdilər. Qəfildən həkim çağırmaq qəribə, görünməmiş işdir. Əgər onu gətirsələr, bu lap möcüzə olacaq. Həkim heç zaman qamış daxmalardan ibarət olan qəsəbəyə gəlmir. Bir də niyə gəlsin axı, bir halda ki o, daş və kərpicdən tikilmiş şəhər evlərində yaşayan varlılara baş çəkir, özü də bunu güclə çatdırır.
– O gəlməyəcək, – həyətdə dayananlar dedilər.
– O gəlməyəcək, – qapı ağzında dayananlar dedilər. Kino özü də belə fikirləşirdi.
– Həkim bizə gəlməyəcək, – Kino Xuanaya dedi.
O, ərinə dişi şirin baxışları kimi soyuq nəzərlərlə baxdı. Koyotito onun ilk uşağıydı, onun üçün dünyada hər şey demək idi. Kino Xuananın qətiyyətini hiss etdi və ailə musiqisi qulaqlarında polad kimi möhkəm bir ahənglə səsləndi.
– Onda biz özümüz onun yanına gedərik, – Xuana dedi və başındakı tünd-göy rəngli şalı düzəltdi, bir ucunu əlinə atdı, inildəyən uşağı onun üstünə qoydu, şalın o biri ucuyla alnını örtdü ki, işıq gözlərinə düşməsin. Qapı ağzına yığışanlar arxada dayananları itələyib geri çəkilərək ona yol verdilər. Kino arvadının ardınca getdi. Onlar doqqazdan keçib təkər izləri açılmış yola çıxdılar, qonşular da dallarınca getdilər.
Onların dərdinə bütün qəsəbə şərik idi. Adamlar yalın ayaqlarını səssizcə yerə basa-basa şəhərin mərkəzinə tərəf gedirdilər – qabaqda Xuana və Kino, dallarınca Xuan Tomas və yeridikcə yekə qarnı yırğalanan Apoloniya, lap arxadasa qonşular addımlayırdı. Uşaqlar isə sağa-sola qaçışırdı. Qara kölgələri günəş işığında özlərindən qabağa düşür, onları geridə qoyurdu.
İzdiham qamış daxmalardan ibarət olan qəsəbənin sonuna çatdı, burdan o yana öz daşlı-kərpicli evləriylə şəhər başlayırdı. O şəhər ki, hər addımında bayırdan çılpaq görünən, içərisində axar suyu, başdan-başa çəhrayı, parlaq-qırmızı çiçəklərə bürünmüş sərin bağçaları olan sərt hasarlara rast gəlirsən. Bu gizli bağçalardan qəfəsə salınmış quşların nəğməsi, qızmış plitələrin üstüylə axan sərin suların şırıltısı eşidilir. İzdiham günəş işığına qərq olmuş meydançanı keçib kilsənin yanından ötdü. Adamlar get-gedə çoxalırdı, yolda onlara qoşulanlara pıçıltıyla xəbər verirdilər ki, uşağı əqrəb sancıb, ata-anası onu həkimə aparır.
İzdihama yeni qoşulanlar, xüsusilə kilsə səkilərində sədəqə yığan, maliyyə məsələlərindən başı çıxan dilənçilər tez Xuananın köhnə göy yubkasını gözdən keçirir, şalındakı yarıqlara nəzər salır, hörüklərinə bağladığı yaşıl lenti qiymətləndirir, Kinonun adyalının neçə yaşı olduğunu, paltarının neçə dəfə yuyulduğunu səhvsiz müəyyən edir, əmin olanda ki onlar yoxsuldurlar, hamıyla birlikdə bu faciənin nə ilə nəticələnəcəyinə baxmaq üçün gedirdilər. Bu dilənçilərin dördü şəhərdəki bütün işlərdən xəbərdar idi. Moizəyə tələsən gənc qadınların üzləri onlar üçün açıq kitab idi, qadınlar kilsədən çıxan kimi dilənçilər onların hansı günahlar elədiyindən dərhal xəbər tuturdular. Şəhərin ən əhəmiyyətsiz dedi-qodularından və ən iri cinayətlərindən xəbərləri vardı. Yerlərini tərk etmədən elə kilsənin səkisindəcə yatır, hətta öz dərdini yüngülləşdirmək üçün gizlicə kilsəyə gələnləri belə görürdülər. Həkimi də tanıyırdılar. Onun da sirlərinə – nadanlığına, acgözlüyünə, qəddarlığına, günahlarına bələdiydilər. Etdiyi bütün uğursuz abortları əzbər bilirdilər, bilirdilər ki, xəsisliyindən sədəqəni qəpik-quruşla verir. Onun o dünyaya göndərdiyi adamların kilsəyə gətirilməsinin şahidi olmuşdular. Nə qədər ki səhər ibadəti başa çatmışdı və işlər ləng gedirdi, yoldaşlarından yorulmadan məlumat alan bu dilənçilər də izdihama qoşulub piy basmış, tənbəlləşmiş həkimin əqrəb sancmış yoxsul uşağı ilə necə davranacağını maraqla gözləyirdilər.
İzdiham həkimin evinə məxsus hasarın geniş qapısına yanaşdı. Oradan su şırıltısı, qəfəsdəki quşların nəğməsi, bir də daş plitələrə dəyən süpürgələrin şappıltısı eşidilirdi. Həkimin evindən isə qızardılmış döş ətinin ləzzətli iyisi gəlirdi.
Kino tərəddüdlə doqqazın qabağında dayandı. Bu həkim onun xalqının nümayəndəsi deyildi. O, Kinonun həmqəbilələrini az qala dörd əsr ərzində döyən, acından qıran, qarət edən və nifrət bəsləyən bir irqə məxsus idi. Yazıqların gözü elə qorxmuşdu ki, bu qapıdan alçala-alçala girirdilər. Və Kino hər dəfə bu irqin adamlarıyla qarşılaşanda belə olurdu: qəflətən özünü zəif hiss edir, nədənsə qorxur, həm də qəzəblənirdi. Qəzəb və qorxu həmişə yoldaş idi. Kino üçün bu həkimi öldürmək onunla danışmaqdan daha asan idi, çünki həkimin həmqəbilələri Kinonun həmqəbilələriylə itaətkar heyvan kimi davranırdı. İndi də Kino sağ əlini doqqazın dəmir halqasına aparanda qəzəbi aşıb-daşdı, qulaqlarında düşmənin musiqisi səsləndi, dodaqları bərk sıxıldı, amma sol əli qeyri-ixtiyari şlyapasına tərəf uzandı. Dəmir halqa doqqazı döyəclədi. Kino şlyapasını çıxarıb gözləməyə başladı. Koyotito Xuananın qucağında astadan inildəyirdi, o isə mehribanlıqla uşağa nəsə pıçıldayırdı. İzdiham heç nəyi gözdən qaçırmamaq üçün onları dövrəyə almışdı.
Bir dəqiqədən sonra geniş doqqaz azacıq aralandı. Kino bu aralıqdan baxıb yaşıl bağın sərinliyini və şırıldayan kiçik fəvvarəni gördü. İçəridən boylanan adam onun həmqəbiləsiydi. Kino onunla qəbilələrinin qədim dilində danışdı.
– Oğlumu, bizim ilk övladımızı əqrəb dişləyib, – dedi. – Ona yaxşı bir həkim lazımdır.
Qapı örtülməyə başladı; qulluqçu qədim dildə danışmaq istəmirdi.
– Bir dəqiqə gözləyin,