Название | Tarzan cəngəlliyə qayıdır 2 |
---|---|
Автор произведения | Эдгар Райс Берроуз |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242553 |
Əvvəlcə Rokoffla qadın pıçıltı ilə danışırdılar. Rokoff elə dayanmışdı ki, Tarzan onların nə üzünü görür, nə səslərini eşidirdi. Birdən qadın səsini qaldırdı:
– Yox, Nikolay, nə edirsən et, heç vaxt buna razı olmaram. Çıx get. Sən söz vermişdin ki, içəri girməyəcəksən!
– Yaxşı, Olqa. Mən girməyəcəm. Amma təklifimə razı olmadığının peşmançılığını çəkəcəksən. Axırda onsuz da mən istədiyim olacaq!
Rokoff yana çəkildi. Paulviç onun arxasından çıxıb qapı ilə bir yerdə qadını içəri itələdi və cəld otağa girdi. Qapı bağlandı.
Kayutdan qadın qışqırığı eşidildi. Tarzan dərhal gizləndiyi yerdən çıxdı. Saqqalını tumarlaya-tumarlaya otaqdan gələn səslərə qulaq asan Rokoff onu görən kimi qaçmaq istədi, amma Tarzan aman vermədi. Rokoffun peysərindən yapışdı, çiyni ilə vurub qapını sındırdı və onu da özü ilə içəri sürüdü.
Paulviç gözəl bir qadını çarpayıya yıxıb boğurdu. Qadın çırpınır, onun əlindən çıxmağa çalışırdı.
Hay-küyə Paulviç qadının boğazını buraxmadan başını döndərdi. Tarzanın qəzəbli baxışı onu yerindən dik atılmağa məcbur etdi.
Qadın da birtəhər qalxıb çarpayıda oturdu. Onun bir əli boğazında idi, güclə nəfəs alırdı. Tarzanın gözü qadının barmağındakı tanış üzüyə sataşdı.
– Bu nə deməkdir? – Tarzan nifrətlə Rokoffun sifətinə baxdı. Dələduzların ikisi də susurdu.
Tarzan qadına tərəf döndü:
– Zəhmət olmasa, zəngin düyməsini basıb gəminin mühafizəçilərini çağırın. Deyəsən, məsələ getdikcə qəlizləşir.
Qadın tələsik yerindən qalxdı:
– Yox, yox, xahiş edirəm, lazım deyil. Onlar mənə heç bir pislik etmək istəmirdilər. Mən bu cənabı hirsləndirdim, o da özündən çıxdı. – Qadın yalvarışa keçdi. – İstəmirəm ki, səsə salasınız, müsyö. Xahiş edirəm…
– İstəmirsiniz?
– Xahiş edirəm…
Tarzan bir şey başa düşməsə də, Rokoffun istehzalı gülüşü onun nəzərindən qaçmadı.
– Elədə bütün məsuliyyəti mən öz üzərimə götürürəm. Bura baxın, – deyə Tarzan Rokoffu hədələdi, – bundan sonra həmişə gözüm üstünüzdə olacaq, sizi bir də bu qadına yaxınlaşan görsəm, özünüzdən küsün. İndi isə rədd olun!
Tarzan basqınçıların ikisinin də boynundan tutub bayıra atdı. Hərəsinin dalından bir təpik vurdu.
– Sizdən isə, xanım, xahiş edəcəyim ki, bu dələduzlar sizi bir də incitsələr, dərhal mənə xəbər verəsiniz.
– Özünüzə çox qəddar düşmənlər qazandınız, yaxşısı budur, onlardan ehtiyatlı olun, müsyö…
– Bağışlayın, xanım, mənim adım Tarzandır.
– …müsyö Tarzan. Mühafizəçi çağırmağa razı olmadığım üçün elə bilməyin ki, sizin alicənablığınızı qiymətləndirmirəm. Sizə hədsiz minnətdaram, yaxşılığınızı heç vaxt unutmayacağam. İndisə gecəniz xeyrə qalsın, müsyö Tarzan.
Qadın təzim etdi.
Tarzan otaqdan çıxdı və birbaşa öz kayutuna getdi. Yolboyu o fikirləşirdi ki, görəsən, niyə bu qadın da qraf de Kud kimi Rokoffun hoqqalarına dözür? Onu polisə təhvil verməyə razı olmur? Burada nə sirr var?
Səfərin sonunadək Tarzan bu münaqişənin iştirakçılarından heç birini görmədi. Yalnız axırıncı gün təsadüfən həmin qadınla göyərtədə qarşılaşdı. Qadın günahkarcasına gülümsədi, sanki Rokoff, Paulviç kimi adamlarla münasibəti olduğuna görə Tarzanın yanında xəcalət çəkirdi.
– Ümidvaram ki, o hadisədən sonra mənim haqqımda pis fikirləşmirsiniz, müsyö. Utandığımdan o gündən sonra ilk dəfədir ki, kayutdan çıxıram.
– Ceyranlar haqqında heç vaxt onlara hücum etmiş şirə baxıb mülahizə yürütməzlər, xanım. Mən həmin adamların gəmi salonunda başqa fırıldaqlarının da şahidi olmuşam.
– Xoş sözlərinizə görə çox sağ olun. Dediyiniz əhvalatdan xəbərdaram, ərim mənə danışıb. Sizin cəsarətinizə və mərdliyinizə heyran olduğunu, özünü sizə borclu saydığını da deyib.
– Əriniz?
– Bəli, mən qraf de Kudun həyat yoldaşıyam.
Onlar köhnə dostlar kimi ayrıldılar. Uzun yol yoldaşları, adətən, asanlıqla bir-biri ilə dil tapır, dostlaşırlar, amma ayrıldıqdan sonra çox vaxt daha görüşmürlər.
Parisdə gəmini tərk edəndə Tarzan öz-özünə düşünürdü ki, görəsən, bu böyük şəhərdə nə vaxtsa bir də gözəl qrafinya ilə üz-üzə gələcəkmi?
III fəsil
Ru Molda nələr oldu
Parisdə Tarzan ilk növbədə dostu d`Arnoya baş çəkdi. Hər şeyi yerli-yataqlı ona danışdı.
– Nə dərəcədə ağlını itirməlisən ki, dostum, təkcə öz halal haqqından, var-dövlətindən deyil, həm də damarlarında meymun qanı yox, İngiltərənin iki nəcib ailəsinin qanı axdığını sübut etmək imkanından keçəsən! – deyə zabit əhvalatı biləndə əsəbiləşdi. – Başa düşmürəm, onlar sənə necə inanıblar? Məsələn, mən heç vaxt, hətta siz cəngəllikdə çiy ət yeyib yağlı əllərinizi üstünüzə sildiyiniz vaxtlarda da inanmamışam ki, ananız meymun olub, hiss etmişəm ki, əsil-nəcabətiniz var. İndi isə atanızın bütün sirləri açıb tökən gündəliyi, ən əsası, daşdan keçən dəlil – gündəlikdə qalmış barmaq izlərinin sizə məxsus olduğu haqda arayış əlinizdə ola-ola özünüzü səfalət içində, ad-sansız bir həyata məhkum edirsiniz.
– Mənə Tarzan adı bəs edir. Səfalət içində ömür sürməyə də hazırlaşmıram. Sizdən bir dost kimi sonuncu xahişim olacaq – mənə iş tapın.
– İşi neyləyirsiniz? – d`Arno mızıldandı. – Sizə dəfələrlə eşitdirmişəm ki, mənim pulum iyirmi adama çatar, demişəm ki, sərvətimin yarısı sizindir. Hamısını versəm də, etdiyiniz yaxşılığın əvəzini çıxa bilmərəm. Siz olmasaydınız, mən indi Mbonqanın adamyeyənlərinin qarnında idim. Yaralarım sağalana qədər başımın üstündən çəkilmədiyinizi də unutmamışam. Mən sonralar bildim ki, həmin günləri itirmək sizin üçün nə demək imiş. Mən sizi pulla mükafatlandırmaq istəmirəm, Tarzan. Amma pərəstiş etdiyim bir dostuma hansı yolla xidmət göstərə bilərəm, əlimdən başqa nə gəlir?
– Yaxşı, – Tarzan güldü, – pul üstündə mübahisə etməyək. Yaşamaq üçün, əlbəttə, pul lazımdır. Amma məsələ tək bunda deyil. Mənə xidmət göstərməyin yolunu axtarırsınızsa, bir işə düzəldin. Bikar qalsam, doğrudan da, itib-bataram. Ad-sanıma, var-dövlətimə görə isə narahat olmayın – yaxşı əllərə keçib. Kleyton onlara zorla yiyə çıxmayıb ki… Bundan başqa, əgər mən haqqımı tələb