Günortaüstü Madeyra limanına çatdıq. Məftunedici qadın hündürboylu, qarabuğdayı kişinin müşayiəti ilə sahilə endi. Kişiyə qırx yaş vermək olardı. Saçları çallaşmışdı. Məncə, o, gəmidəki kişilərin ən qəşəngi idi.
– Kimdir o qadın? – qulluqçudan soruşdum.
– Ledi Klarens Bler.
Bundan sonra naməlum qadına marağım daha da artdı. Səhərisi isə təəccüblü olsa da, missis özü mənə yaxınlaşdı.
– Hə, daha özünüzü yaxşı hiss edirsinizmi? – təbəssümlə soruşdu.
– Təşəkkür edirəm, bu gün, doğrudan da, vəziyyətim yaxşıdır.
– Dünən elə kökə düşmüşdünüz ki, polkovnik Reyslə fikirləşdik, dənizdə bizi dəfn mərasimi gözləyir. Amma siz bizi heyrətləndirdiniz.
– Təmiz hava kömək etməlidir, – mən gülümsəməyə çalışdım.
– Bu kayutların dustaqxana həyatı kimi desən öldürər. Ümidvaram ki, pəncərəniz dənizə baxır.
– Xeyr.
– Əzizim, kayutu niyə dəyişmirsiniz? Boş kayutlar ki var. Madeyrada xeyli sərnişin düşdü. Gedin kapitanla danışın.
– Yerimdən qalxmaq istəmirəm.
– Çətin olsa da, durun. Gəzmək sizə xeyirdir.
Missis Bler və polkovnik Reysin müşayiəti ilə göyərtədə gəzinməyə başladım. Okean gözəl olduğundan missis Bler fotoaparat dalınca getdi. İki-üç kadr çəkəndən sonra o, məyusluqla dedi:
– Plyonka qurtardı. Ancaq eybi yoxdur. Mənim ehtiyatda bir kasetim də var. Budur o!
Elə bu vaxt gəmi yırğalandı, müvazinətini itirən Bler sürahidən yapışdı və kaseti əlindən saldı.
– Bu niyə belə oldu? Yəni kaset suya düşdü?
– Çətin ki, – polkovnik gülümsədi. – Çox güman ki, kaset aşağı göyərtəyə, hansısa uğursuz stüardın başına düşüb.
Fit çalındı.
– Lanç, – missis Bler şən halda dedi. – Lançla aranız necədir, miss Bedinqfeld?
– İmtina etmərəm.
Salonda stüard məni arxasında iki yaşlı ledinin və missionerin oturduqları masaya tərəf gətirdi. Missis Bler və polkovnik kapitan masasının arxasında əyləşdilər. Orada gözlərim daha bir kişiyə sataşdı. Məlum oldu ki, bu, ser Yustas Pedlerin katibidir. Deməli, ser Yustas, Mill-hausun sahibi də buradadır? Daha bir təsadüf!
Lançdan sonra yenidən göyərtəyə çıxdım. Bir neçə addım aralıda Peycet ser Yustasa nəsə izah edirdi. Mən onun danışığında bir neçə ifadəni eşidə bildim.
– Mənə kayut lazımdır, ser Yustas. Sizinkində işləmək mümkün deyil. Ora sandıqlarla doludur.
– Bəsdir, dost! Mənim kayutum yatmaqdan ötrüdür və mən sənin yazı makinanın tıqqıltısına qulaq asmağa borclu deyiləm.
– Ser Yustas, mən işləməliyəm.
Mən kayutumun yerləşdiyi göyərtəyə düşdüm və stüarda yerimi dəyişmək xahişi ilə müraciət etdim.
– “D” göyərtəsində boş yer var, – deyə o, xəbər verdi. – Sizə 13 nömrəli kayutu təklif edə bilərəm.
– Yox, 13-cü olmasın. Başqası yoxdurmu?
– Əgər hələ tutulmayıbsa, 17-ci boşdur.
Biz 17 nömrəli kayuta yaxınlaşdıq. Kayut boş idi.
– Hər şey qaydasındadır, miss, köçə bilərsiniz. Mən şeylərinizi gətirərəm.
Elə bu an Peycet bizə yaxınlaşdı.
– Üzr istəyirəm, – o dedi, – bu kayut artıq ser Yustas Pedlerə vəd olunub.
– Eyib etməz, – stüard onu sakitləşdirməyə çalışdı. – Biz ser Pedlerə 13-cünü verərik.
– Bizə on yeddinci vəd olunmuşdu!
– Lakin, ser, on üçüncü daha geniş və rahatdır.
– Yox, bizə on yeddinci lazımdır! Mənə dedilər ki, biz onu tuta bilərik.
– Bağışlayın, – mən işə qarışdım, – on yeddinci mənə vəd olunub.
– Heç cür ola bilməz, on yeddincini mən tutacağam.
– Burada nə baş verib? – daha bir sərnişin özünü bizim mübahisəyə qoşdu. – Stüard, şeyləri on yeddinci kayuta qoyun.
Bu mənimlə stol qonşusu olan müqəddəs Edvard Çiçester idi.
– Bağışlayın, ona etiraz etdim, – bu mənim kayutumdur.
– Yox, ser Yustas Pedlerin kayutudur! – Peycet israr etdi.
Kapitan köməkçisi bizə yaxınlaşdı.
– Qulaq asın! – deyə yalvardım. – Kayutumu dəyişməyə söz veriblər. On yeddinci məni tamamilə qane edir. Lakin mister Çiçesterlə mister Peycet höcətləşir, mənə güzəştə getmək istəmirlər…
Kapitan köməkçisi mübahisə edənlərə tərəf addımladı və hövsələsiz tərzdə elan etdi:
– On yeddinci bu miss üçün saxlanılıb, sizə isə on üçüncü və iyirmi səkkizinci qalır, özünüz seçin.
Hərarətli baxışlarımla ona təşəkkürümü bildirdim və on yeddinci kayuta daxil oldum. Kiçik qələbə əhvali-ruhiyyəmi yaxşılaşdırdı. Tezliklə çay içmək üçün üst göyərtəyə qalxdım, qayıdanbaş isə həyəcanlanmış qulluqçunu yanımda gördüm.
– Kayutunuzu dəyişməli olacaqsınız, miss, – o dedi. – Orda xoşagəlməz iy əmələ gəlib.
İy, həqiqətən, ürəkbulandırıcı idi. Ancaq haradan əmələ gəlmişdi? Axı bir saat əvvəl yox idi. Qulluqçuya cavab verdim ki, əvvəlcə paltarımı dəyişməliyəm, sonra kayutu dəyişmək barədə danışarıq. Tək qalanda havanı bir də qoxuladım. İy tanış gəldi. Hə, əlbəttə ki! Bu, asafetiddir. Hərbi xəstəxanada işləyəndə dərmanları ayırd etməyi öyrənmişdim.
Çarpayıda oturdum. Şübhəsiz, mən olmayanda kimsə kayuta asafetid qırığı atmışdı. Nə üçün? Ona görə ki rədd olum buradan? Bu, kimin nəyinə gərəkdir? O saat kayut uğrunda mübahisə gözümə tamam başqa cür göründü. 17.1. 22!.. On yeddisində biz Sauthemptondan çıxdıq. Bu vaxtadək əmindim ki, 17 – “Kilmorden qəsri”nin yoladüşmə vaxtıdır. Ağlıma yalnız bu gəlirdi. Ancaq deyəsən, mən heç də haqlı deyildim. Yaxşı, nəyə görə kimsə yaxın tarixi yazaraq, üstəlik, ili, ayı da göstərir? Yox, əgər ilk iki rəqəm kayutun nömrəsidirsə, bəs onda o biriləri nəyi göstərir? Bəlkə, vaxtı? Deyək ki, saat