Название | Qəhvəyi kostyumlu kişi |
---|---|
Автор произведения | Агата Кристи |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242669 |
– Mənə belə gəlir ki, miss, kaseti səhv salmısınız. Bu plyonka tərtəmizdir, çəkilməyib.
Hiddətimi çətinliklə gizlədərək emalatxanadan çıxdım. Həyatımda heç vaxt belə axmaq vəziyyətə düşməmişdim.
Nəhayət ki, möcüzə baş verdi! Paroxod kontorunun yanından ötərkən gözüm pəncərəyə qoyulmuş gəmi modelinə sataşdı. Üzərindəki “Kilmorden qəsri” yazısı nəzərə çarpırdı. Qəfil sevincdən yerimdə donub-qaldım, sonra isə ofisə, demək olar, soxuldum. Klerkin sual dolu baxışlarını görəndə isə nəfəsimi dərmədən dedim:
– Kilmorden qəsri!
– On yeddisində Sauthemptondan yola düşür. Keyptauna istəyirsiniz? Birinci, ya ikincidərəcəliyə? Birinciyə səksən funtdur…
Təsadüfə bax! Bu, qismətdir! Üstümdə məhz bu qədər pul vardı!
Klerkin sözünü kəsərək qətiyyətlə: “Birincidərəcəli”, – dedim.
VII fəsil
(ser Yustas Pedlerin gündəliyindən)
Görünür, mən heç vaxt rahatlıq tapmayacam. Mən isə məhz sakit həyatı xoşlayıram. İstədiyim yalnız rahatlıqdır. Lakin böyür-başımda tez-tez müxtəlif hadisələr baş verir.
Bax bu gün səhər Qay Peycet əlində teleqram yataq otağıma soxuldu. Elə sifət almışdı ki, sanki gəmiləri batıb.
Peycet mənim katibimdir. Çalışqan, əməksevər, bir sözlə, yaxşı adamdır. Halbuki məni heç kim onun qədər narahat etmir. Ondan yaxa qurtarmaq üçün az bəhanə aramamışam. Amma özünüz deyin, adamı yalnız işi əyləncədən üstün tutaraq səhərdən axşamadək çalışdığına, zərərli vərdişlərdən uzaq olduğuna görə işdən çıxarmaq olarmı? Peycetin yeganə, həm də qəribə nöqsanı sifətində idi. Onun sifəti XIV əsrdə yaşamış adam zəhərləyənlərin sifətinə oxşayırdı.
Ötən həftə ağlıma gözəl bir fikir gəldi. Onu Florensiyaya göndərməyi qərara aldım. O mənə Florensiya barədə danışdı və üstüörtülü işarə etdi ki, orada olmağı arzulayır.
– Əzizim, – deyə sevindim, – günü sabah gedin. Bütün xərcləriniz mənim boynuma.
Sonrakı həftəni gözəl keçirdim. İstədiyimi elədim. Lakin bir neçə gün sonra o, səhər tezdən qarşımda peyda oldu. Xoş günlərimə son qoyulduğunu anladım.
– Əzizim Peycet! Bu nədir, dəfn mərasiminə hazırlaşırsınız?
Yumor hissindən tam məhrum olan Peycet çaşdı.
– Necə? Siz artıq hər şeyi bilirsiniz, ser Yustas?
– Nəyi bilirəm?
– Ser, bilirəm, ertədən durmağı xoşlamırsınız. Ancaq artıq saat doqquzdur! – səhər saat doqquzun günorta olmasına Peycet tam əmin idi. – Fikirləşdim ki, belə vəziyyətdə…
– Bir deyin görək, axı nə olub?
– Polisdən teleqram gəlib. Marlouda, sizin evdə qətl baş verib!
– Belə de! – ucadan dilləndim. – Nə üçün məhz mənim evimdə?
– Bu haqda heç nə yazılmayıb. Belə hesab edirəm ki, tezliklə İngiltərəyə qayıtmalıyıq.
– Niyə ki?
– Polis…
– Polisin nə dəxli var bura?
– Axı bu sizin evinizdir!
– Hə, bədbəxtlikdən mənimdir. Ancaq mənim günahım deyil.
– Üstəlik, öldürülən əcnəbidir.
– İlahi! Ümid edirəm ki, bu, Karolinanı o qədər də məyus etməz.
Aşpaz Karolina Ceyms bağbanımın arvadıdır. Əla xörəklər bişirir. Elə buna görə də əri bikara bağban olsa da, dözürəm.
(Üç gündən sonra)
Qeyri-adi hadisələr baş verirdi. İndicə Avqustus Milreylə qarşılaşdım. Bu adam bizim hazırkı hökumətdə heç də az olmayan köhnə uzunluqların xalis nümunəsi idi. O məni kənara çəkib müəmmalı şəkildə Cənubi Afrikadakı vəziyyət, baş verə biləcək tətillər və hansısa “gizli fəaliyyətlər” barədə danışdı. Nəhayət, səsini alçaldaraq pıçıltıya keçən Milrey xəbər verdi ki, hansısa mühüm sənədləri general Smatsa çatdırmaq lazımdır.
– Çatdırın da, – əsnəməyimi saxlayaraq razılaşdım.
– Bəs bunu necə edək? Vəziyyət çox qarışıqdır.
– Poçtla göndərin.
– Əzizim Pedler, adi poçtla?!
– Əgər poçtla istəmirsinizsə, onda adamlarınızdan biri ilə göndərin.
– Bu mümkün deyil. Əmin olun ki, ehtiyat etməyə əlimizdə tam əsas var. Ciddi əsas.
– Bütün bunlar son dərəcə maraqlıdır, ancaq bağışlayın, tələsirəm…
– Bir dəqiqə, əzizim Pedler. Bu yaxınlarda Cənubi Afrikaya getməyə hazırlaşdığınız düzdürmü?
– Bəli, iki həftədən sonra.
– Bir az tez gedə bilməzsinizmi? Tutalım bir həftədən sonra?
– Mənə poçtalyon rolunu tapşırmaq istəyirsiniz?
– Bayaqdan elə bu barədə danışmaq istəyirəm. Üstəlik, sizin qeyri-rəsmi şəxs vəziyyətində olmağınız… Ümidvaram ki, hər şey əla olacaq.
– Nə deyim… Etiraz etmirəm.
– Sizdən çox razıyam, Pedler, lap çox! Şəxsən generala. Əldən-ələ, başa düşürsünüz? “Kilmorden qəsri” şənbə günü yola düşür. Gözəl gəmidir.
Axşam eşikağası Yarvis mənə yaxınlaşıb dedi:
– Ser, bir centlmen sizi görmək istəyir. Deyir ki, şəxsi işdir, adını bildirməkdən də imtina etdi.
Təbii ki, gözlənilməz qonağı Peycetin yanına göndərmək olardı, lakin o, həmin vaxt mədəsi ilə əlləşirdi. Mən gələn şəxsi qəbul etmək istəmədim. Amma Yarvis tezliklə geri qayıtdı.
– Ser Yustas, centlmen deyir ki, onu mister Milrey göndərib.
Bu, işi dəyişirdi. Bir qədər sonra günəşdən qaralmış, gözəl üzü bir neçə çapıqla korlanmış möhkəm bədənli gənc qarşımda dayanmışdı.
– Eşidirəm, – dilləndim.
– Mister Milrey mənə əmr edib ki, sizi Cənubi Afrikaya qədər müşayiət edim. Katib simasında.
– Lakin, əzizim, mənim katibim var və ikincisinə ehtiyac duymuram.
– Buna şübhəm var, ser. Yeri gəlmişkən, katibiniz haradadır?
– O bir balaca kefsizdir. Qastriti var.
– Əminsinizmi ki, onun xəstəliyi qastritdir?
– Əlbəttə ki, – cavab verdim, – həmişə çalışqan gənclərdə qastrit olur.
– Qastrit ola da bilər, olmaya da. Bunu zaman göstərər. Yeri gəlmişkən, mister Milrey öyrənsə