Название | Ləpirçi |
---|---|
Автор произведения | Джеймс Фенимор Купер |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241730 |
Casper geri qayıdarkən qayıqları öz əvvəlki yerlərində görməyib bildi ki, yoldaşları qayıqla çayın döngəsindən burulub keçiblər. O, iz salmamaq üçün çayın içi ilə getməyə məcbur olmuşdu. Sahilə baxa-baxa irəliləyirdi. Kolluğun arxasındakılar gördülər ki, Casper çaşıb-qalıb və onların harada gizləndiklərini anlaya bilmir. Ləpirçi budaqları azca aralayıb onu yavaşca səslədi. Casper onların gizləndikləri yerə gəldi.
Ləpirçi yoldaşlarına bildirdi ki, İlan qayıtmayınca buradan tərpənmək olmaz.
– İndiki halda yola çıxsaq və bizi təqib etsələr, mütləq əsir düşərik. Qayıqları burada qoyub yola çıxsaq, qarnizona qədər meşədə arxamızca böyük iz salarıq və əldə silah vuruşa-vuruşa özümüzə yol açmalı olarıq. Gözləyək, mogikan gəlib çıxsın.
Heç kəs etiraz etmədi.
Arouhed kolların arasında öz arvadı ilə danışırdı. Hindunun səsi qəzəbli idi, arvadı isə ona mülayimcəsinə cavablar verirdi. Ləpirçi ilə Kap qayıqda oturmuşdular. Casper və Meybl o biri qayıqda idilər.
Birdən Casper mogikanın gəldiyini xəbər verdi.
– Çox yaxşı! İndi görək kimin gözü itidir, mogikanın, yoxsa suda yaşayan oğlanın? – Ləpirçi dedi.
Mogikan da Casperin gəldiyi tərəfdən gəlirdi. Lakin çay dirsəyini burulan kimi özünü kolluğa verib geriyə baxdı.
– İlan o alçaqları görür! – Ləpirçi pıçıldadı. – Onlar hiyləmizə aldanıblar. Xəlvətcə tüstüyə sarı gedirlər.
Ləpirçi dirsəyi ilə ehmalca Kapı vurdu, sonra yenə səssizcə mogikanın – Çinqaçqukun hərəkətlərini izləməyə başladı. Mogikan su ilə irəliləyirdi. O tələsirdi. Gah geriyə baxır, gah da sahilə göz yetirib qayıqların harada gizlədildiyini bilməyə çalışırdı. Nəhayət, oranı tapdı. Ləpirçi budağı aralayıb astadan soruşdu:
– Yenə lənətə gəlmiş minqlər?
– İrokezlər, – deyə mogikan qısa cavab verdi.
Onların hər ikisi bir kənara çəkilib oturdu və delavar dilində danışmağa başladı. Mogikan xəbər verdi ki, irokezlər qalanmış ocağı tapıb ona yaxınlaşıblar. Lakin ətrafda heç kimin olmadığını görüb çayın axarı ilə hərəkət etməyi qərara alıblar.
Onlar vəziyyətdən çıxış yolları barədə mülahizələr yürüdən vaxt Meybl heç bir səs çıxarmadan budaqların arasından açıqlığı göstərdi. Ləpirçi yarpaqların arasından baxaraq pıçıldadı:
– Onlar lənətə gəlmiş minqlərdir! Silaha sarılın, dostlar, ancaq quru kötük kimi tərpənməz olun.
Casper tüfənginin çaxmağını çəkərək onu hazır tutmuş halda Meyblin yanında dayandı. Arouhed və Çinqaçquk ilan kimi sürünərək onların yanında uzandılar. Tuskaroranın arvadı kətan ətəyini başına çəkdi və otur-duğu yerdə donub-qaldı. Kap tapançasını çıxarmışdı, lakin nə edəcəyini bilmirdi. Ləpirçi yerində uzanıb qımıldanmırdı. O, çox soyuqqanlı idi, özünü əsla itirməmişdi.
Dəhşətli dəqiqələr idi. Meybl açıqlığı göstərdiyi vaxt onlardan yüz yard aralıda üç irokez bir yerdə dayanıb suyun axarı ilə aşağı baxırdı. Aydın idi ki, onlar ingilislərin yerini tapmaq üçün hansı səmtə getməli olduqlarını bilmir və tərəddüd edirdilər. Biri çayın yuxarısını, biri aşağısını, digəri isə qarşı sahili göstərirdi.
Beşinci fəsil
Ləpirçi çox təhlükəli vəziyyət yarandığını anlamışdı. O, işarə ilə adamlarını yanına çağırdı və pıçıldadı:
– Biz hazır olmalıyıq! Onlar üç nəfərdir. Şirin Su, üzünə ölüm boyaları çəkilmiş o eybəcəri sənə tapşırıram, Çinqaçquk, sən də onların rəhbərinin işinə baxarsan. Arouhed isə cavan irokezi gərək gözdən qoymasın. Dolaşıq salmayın. Mən işarə verməyincə atmayın! Son dəqiqədə, çarəsiz qaldıqda güllə atacağıq. Casper, əgər arxa tərəfdən basqın etsələr, qayığı və serjantın qızını sənə tapşırıram.
İrokezlər yavaş-yavaş gəlir, kolluğa yaxınlaşmağa çalışırdılar. Bu zaman yolçular yarpaqların xışıltısını və sınan budaqların səsini eşitdilər. Başqa bir dəstə arxa tərəfdən sahil ilə gəlirdi. Dəstələr tezliklə bir-birini gördü.
İrokezlər Ləpirçinin basdırdığı kolların üstündən baxır və öz dillərində danışırdılar. Ləpirçi və hər iki hindu onların dilini başa düşürdülər. Casper də onların dediklərini bir az anlayırdı.
– İzləri su yuyub aparıb. Onların izini ingizlərin iti də tapa bilməz, – irokez döyüşçülərdən biri dedi.
– Onlar qayıqda üzüb getmişlər, – digəri dilləndi.
– Ola bilməz, onlar üzüb getmiş olsaydılar, çayın aşağısındakı döyüşçülərin gülləsindən qurtula bilməzdilər.
– Mənim döyüşçülərim irigözlü olmalıdır. Bir ay yol gəlmişik, bu müddətdə yalnız bircə skalp ələ keçirə bildik… Onların arasında qız var, bizim döyüşçülər isə evlənməlidir, – irokez dəstəsinin başçısı dedi.
Xoşbəxtlikdən Meybl onların dediklərini anlamırdı. Ləpirçi mənalı bir tərzdə Casperə baxdı. Casperin qaşları qəzəblə çatıldı.
İrokezlər sahilə göz gəzdirərək yavaş-yavaş çayla aşağı getdilər. Onlar basdırılmış süni kolların yanından keçəndə Ləpirçi səssizcə güldü. Lakin onun sevinci çox çəkmədi. Lap sonda gedən irokez birdən dayandı və süni kolluğa diqqətlə baxmağa başladı. Şübhələndiyi hiss olunurdu. Bu, gənc və təcrübəsiz bir hindu idi. Yoldaşlarına xəbər vermədən oraya yanaşdı. Hinduların hər iki dəstəsi xeyli irəlidə idi.
Yolçular gözlərini gənc irokezin dalğın üzündən çəkmirdilər. Nəhayət, o, şübhəsini yoxlamaq üçün iki budağı araladı və bir addım irəli gəldikdə qarşısında heykəl kimi dayanmış adamları gördü. İrokez diksindi, gözləri parıldadı, sinəsindən boğuq bir inilti qopdu. Çinqaçquk tomahavkını qaldırdı və onu dəhşətli bir qüvvə ilə irokezin başına endirdi. İrokez qollarını yana açıb çaya düşdü. Onu saxlamaq mümkün olmadı, su onu alıb apardı.
Bu, bir anda baş verdi.
– İndi bir saniyə də ləngimək olmaz! – Casper dedi.
Meybl qayıqda uzandı. Casper cəld çaya atılıb qayığı suya saldı. Mister Kap ona kömək edirdi. Onlar çalışırdılar ki, sahildən uzaqlaşmasınlar. Ləpirçinin qayığı onların dalınca gedirdi. Ləpirçi çayın dirsəyindən keçəndə baxıb gördü ki, Arouhedlə arvadı yoxa çıxıb. Dərhal anladı ki, tuskarora xain çıxıb.
Bu anda çayın aşağı tərəfindən qışqırıq səsləri eşidildi. İrokezlər suda axan meyiti görmüşdülər. Ləpirçi çayın ortasına çıxmaqla güllələrə hədəf oldu. Casper, Kap və Meybl isə qarşı sahilə çıxıb qayıqdan düşdülər