MÜQƏDDİMƏ
Yüz il, min il əvvəl baş vermiş tarixi hadisələr, ixtiralar, kəşflər haqqında yanlış təsəvvürlərin cəmiyyətdə hökm sürməsi xoşagəlməz olsa da, başa düşüləndir. Bəs bu günün təbiət hadisələri, yanaşı yaşadığımız canlılar, gözlərimizlə gördüyümüz, bəzən əllərimizlə böyütdüyümüz bitkilər, hətta öz orqanizmimiz barədə səhv təsəvvürlərə nə deyirsiniz? Hesab edirsiniz, ola bilməz?
Onda suallarımıza cavablarınızı bir vərəqə qeyd edin: dünyada ən təhlükəli heyvan hansıdır? Pərvanə niyə özünü oda vurub yandırır? Buqələmun rəngini niyə dəyişir? Hansı musiqi ilanı daha yaxşı ovsunlayır? Dəvəquşu niyə başını quma soxur? Pantera hansı rəngdə olur? Qırmızı rəng öküzü niyə özündən çıxarır? Arılar niyə vızıldayır? Siçanlar pendiri niyə çox xoşlayır? “Planetin ciyərləri” meşələrdirmi? İnsan beyninin neçə faizindən istifadə edir? Onun neçə duyğusu var? Adam gündə neçə saat yatmalıdır? İnsan həyatı üçün müharibədən üçqat təhlükəli olan nədir? Adam balıqqulağında nəyin səsini eşidir? Bədənimizdə ən güclü əzələ hansıdır? Mədə aclıq hiss edirmi? Və nəhayət, insan, doğrudanmı, meymundan əmələ gəlib?
Bu kitabı oxuyandan sonra isə əvvəlcədən hazırladığınız cavabları bir daha nəzərdən keçirin.
BİRİNCİ HİSSƏ
TƏBİƏT
Ən nəhəng canlı orqanizm hansıdır?
Mavi balina? Elə deyil, yer üzündə elmə məlum olan ən böyük canlı orqanizm Armillaria ostoyae – bal göbələyidir. ABŞ-ın Oreqon ştatında Malheur meşəsində bitən bu nəhəng göbələk 1665 futbol sahəsinə bərabər ərazini tutur, yaşı isə azı 2400 ildir. Yerli əhali ona “Nəhəng göbələk” adı verib.
“Nəhəng göbələk” ilin əksər hissəsi gözə görünmür. Onun ağacların qabığının və torpağın altı ilə sürünən, qara qaytana bənzəyən köklərinin uzunluğu 10 kilometrə çatır. Göbələk ağacların şirəsini sorur, onlara ziyan vurur, qurudur. Payızda o canlanır. 1998-ci ildə Oreqonda böyük bir sahədə 112 ölmüş ağacın dibindən göbələk toplayan Şimal-Qərbi Sakit Okean Elmi Stansiyasının əməkdaşları tədqiqat za – manı müəyyən ediblər ki, bunlar hamısı eyni bit – kinin hissələridir. Möcüzə barədə Kanadanın meşəçiliyə aid jurnalında məlumat dərc edilib. Həmin məqalədə stan – siyanın mütəxəssisi Ketrin Park yazır: “Bu, bir mikroskopik spordan inkişaf etmiş vahid orqanizmdir. Əgər torpağın üst qatını kəsib götürsək, onun altını tamamilə dolaşıq saplardan ibarət bir göbələyin tutduğunun şahidi olarıq”. Oreqon Dövlət Universitetinin professoru Qreqori Filip bildirir ki, “təbiətdə heç bir bitki, yaxud heyvan öz ölçülərinə görə bu göbələklə müqayisəyə gələ bilməz”.
Vahid orqanizm təşkil edən bu göbələk 880 hektar meşə sahəsini tutur
Bibərin ən acı hissəsi hansıdır?
Ümumi rəyə görə, bibərə acılıq verən onun içərisindəki balaca toxumlardır. Yəqin, hətta aşpazların da əksəriyyəti təəccüblənəcək, amma bibərin ən çox “yandıran” hissəsi toxum ları yox, onların yerləşdiyi arakəsmələrdir (membranlardır). Bibərə acılıq gətirən kapsaisin adlanan mad dəyə təbiətdə yalnız bu bitkinin tərkibində rast gəlinir. Həmin rəngsiz və iysiz maddənin ən sıx konsentrasiyası məhz membranların yumşaq toxumalarında olur.
Bibərlərin Skovill şkalası üzrə “reytinqi”. İlk sırada təmiz kapsaisinin, ikinci sırada polislərin işlətdikləri bibər aerozolunun (ABŞ standartı) acılıq dərəcəsi göstərilib. Onlardan sonra yer tutan Bhut Jolokia (“kabus-bibər”) naqa bibərinin başqa adıdır.
Yaşıl bibərin acılığı 1912-ci ildə amerikalı əczaçı Vilbur Skovill tərəfindən təklif olunmuş şkala üzrə ölçülür.
Skovill müx təlif növ bibərlərin spirtdə hazır lanmış məh lu lunu şirin su ilə qarışdırır və dadırdı. Acılıq məhlulla şirin suyun hansı nisbətdə qatı şığında itirdisə, bu da həmin bibərin “tünd lük” dərəcəsini göstərirdi.
Naqa bibəri
Dünyada ən acı bibər İngiltərənin Dorset qraflığında bitən, Banqladeşdən gətirilmiş dorset naqasıdır (“naqa” sanskrit dilində “ilan” deməkdir). 2005-ci ildə ABŞ laboratoriyalarının birində müəyyənləşdirilib ki, bu zəqqumun acılığı 923 min skovill təşkil edir. Yəni onun acısı naqa məhlulunu şirin su ilə 1:923000 nisbətində qatışdıranda itir. Buna baxmayaraq ildə təxminən 250 min naqa satılır.
Kapsaisinin özünün isə təmiz halda acılığı 15-16 milyon skovilldir. Əczaçılar kapsaisinlə yalnız güclü filtrlərlə təchiz edilmiş toksikoloji kameralarda skafandr geyib işləyirlər ki, bu maddədən nəfəs yollarına zərrə qədər də düşməsin.
Çay neçə dəqiqə dəmdə qalmalıdır və yaşıl çay qara çaydan xeyirlidirmi?
Çay bəşəriyyətin əsrlər boyu ən çox istifadə etdiyi, yəni ən yaxşı tanıdığı qədim içki növlərindəndir. Bununla belə, qəribədir ki, insanların çay haqqında xeyli yanlış təsəvvürləri var.
Adamların əksəriyyəti düşünür ki, çayın dəm alması üçün onu bir neçə dəqiqə isti suda saxlamaq lazımdır. Əslində isə yaşıl çay 10-15 saniyəyə, qara və qırmızı çaylar isə uzağı bir dəqiqəyə dəmlənir.
Yaşıl çayı çox dəmdə saxlayanda acılıq verir, qara çay isə həddən artıq tünd olur, insanın orqanizminə, xüsusilə ürək və mədə xəstəliyi olanlara ziyan gətirir.
Eyni zamanda tez-tez eşidə bilərsiniz ki, dünəndən qalan çay orqanizm üçün zəhərdir, onu içmək olmaz. Elə şey yoxdur. Sadəcə təzə dəmlənmiş çayın ətri təxminən bir saata itir, dadı dəyişir. Amma antiseptik xüsusiyyətlərini çay bir gündən sonra da saxlayır.
Yaşıl çay tərəfdarları ilə qara çay tərəfdarlarının uzun tarixə malik mübahisəsi də maraqlıdır. Amma bu mübahisənin mahiyyəti həmin çaylardan hansının daha xeyirli olmasında deyil, zövqlərin müxtəlifliyində və bir də yanlış təsəvvürlərdədir. Yaşıl çay da, qara çay da eyni bitkinin yarpaqla rından hazırlanır, son məhsula çevrilməzdən əvvəl müxtəlif emal proseslərindən keçir. Kimyəvi analizlər göstərir ki, onların hər ikisinin sağlamlığa eyni dərəcədə müsbət təsiri var.
Yaşıl çay da, qara çay da, qırmızı çay da eyni bitkinin yarpaqlarından hazırlanır, sadəcə, müxtəlif emal prosesləri keçir.
Zanbaqların vətəni haradır?
Bütün dünyada zanbaqlar Hollandiyanın simvolu kimi tanınır. Ona görə də hesab edilir ki, onların vətəni bu ölkədir.
Yabanı zanbaqlar Orta Asiyanın, Əfqanıstanın və İranın dağlarında bitib. Amma onların seleksiyası və yetişdirilməsi ilə birinci türklər məşğul olublar. Bu, XV əsrin sonlarından başlayaraq bir sıra türk mətnlərində (məsələn, “Baburnamə”) öz əksini tapıb.
Avropa zanbaq haqqında ilk dəfə Busbekin XVI əsrdə dərc olunmuş “Türk məktubları” əsərindən məlumat alıb.
1554-cü ildə Almaniya kralı I Ferdinand diplomat Ogyen Busbeki Osmanlı sultanı Süleyman Qanuninin (Avropada onu Möhtəşəm Süleyman adlandırırdılar) sarayına səfir təyin etdi. Sonradan “Türk məktubları” əsərində Busbek yazırdı ki, buraya gələndə o, “hər yanda çiçək bolluğu” gördü, xüsusilə “türk dilində Lale deyilən güllərin onlar üçün heç də xoş olmayan qış aylarında açması” səfiri təəccübləndirdi. Diplomat Türkiyədən Avstriyaya, dostu botanik Şarl de l`Eklyüzə çoxlu sayda lalə, yəni zanbaq soğanı və toxumu göndərdi. Eklyüz bu gözəl güllərdən Vyanada bağ saldı, onun toxumlarından başqa ölkələrdəki həmkarlarına da yolladı. 1593-cü ildə Eklyüz Hollandiyanın Leyden Uni versitetində nəbatat bağı