Название | Albert Eynşteyn |
---|---|
Автор произведения | Лоран Сексик |
Жанр | |
Серия | Tarixi yaradanlar |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244663 |
«Köhnə qitə»nin – Avropanın ortasında karandaşın hələ dəymədiyi işıqlı bir «ada» da var. German orada alman dilində təhsil verən və oğlunun yaxşılarla yarışa biləcəyi dünya səviyyəli məktəblərin olduğunu bilir. Albert razıdır, qoy İsveçrə olsun!
Dahinin oyanışı
İsveçrənin ən böyük şəhəri Sürix – Eynşteynin arzuladığı cənnətdir. Dərslərin yenilikçi metodlarla tədris edildiyi Ali Federal Politexnik Məktəbi – məşhur «Politexnikum». Bu məktəbin şöhrəti ölkənin sərhədlərini aşıb. Müəllimlər və tələbələr diqqətlə seçilir. Ancaq birinci kursa qəbul olunması üçün Eynşteynin yaşı çatmır. Deməli, iki il gözləmək lazım gələcək. Lakin ana tərəfdən qohumunun sayəsində Albert qəbul imtahanlarına buraxılır.
Qeyd edək ki, Albert Sürix vağzalına 1895-ci ilin oktyabrında düşmüşdü. O, yad şəhərdə, tanımadığı ölkədə yenə tək idi. Ancaq sanki bu vəziyyət artıq onu qorxutmurdu. Beləliklə, Albert mehmanxanada otaq götürür. Səhər məktəbə yollanır. Bu gün taleyi həll olunacaq. İmtahan – ən başlıca sınaqdır.
Riyaziyyatdan suallar onun üçün uşaq oyuncağı kimi bir şeydir. Texnologiya da həmçinin. Lakin əfsuslar olsun ki, burada fransız dilini mükəmməl bilmək tələb olunur, Eynşteyn isə bu dildə yalnız bir-iki söz bilir. Alman ədəbiyyatı? Bu onu xilas etməyəcək. Maraq dairəsinə daxil olmayan təbiət elmlərindən isə heç danışmağa dəyməz.
Bir neçə gündən sonra qəbul olunanların siyahısına həyəcanla göz gəzdirir. Lakin orada öz adını görə bilmir.
Şəhərdən getməyə hazırlaşdığı vaxt onu direktorun yanına çağırırlar. Direktor deyir ki, Albertin imtahandan aldığı qiymətlər başqa abituriyentlərin göstərdikləri nəticəni bir xeyli üstələyib. Onun yaşına görə bu, son dərəcə qeyri-adi hal hesab oluna bilər. Odur ki direktor Eynşteynə daha bir şans vermək istəyir. Sürix yaxınlığındakı Aarau qəsəbəsində orta məktəbə daxil olmasını məsləhət görür. Bu, dağların arasında yerləşən bələdiyyə məktəbidir. Albert fikirləşmədən razılıq verir.
Əlində çamadan qəsəbənin baş küçəsiylə ayaqlarını sürüyə-sürüyə gedir. İlk dəfədir gələcəyi sarıdan nigarandır. Başında cürbəcür suallar dolaşır.
Evlərində qalacağı ailə Alberti çox gözəl qarşılayır. Ailənin başçısı Yost Vinteler onu yanına oturdub, özü haqqında danışmasını xahiş edir. Nə danışsın? Ona otaq hazırlayıblar. Artıq Alberti də bu ailənin bir üzvü hesab edirlər. Vintelerin oğlu Paul onu qısqanmır. Kiçik qızları Mariya isə Alberti maraqla süzür: indiyə kimi hələ heç bir qız ona belə baxmayıb. Onların tez qurulan münasibəti zamanın sınağından keçməyəcək, Paul isə Albertin bacısı Maya ilə evlənəcəkdi.
Yost Vinteler yemək süfrəsi arxasında dünyadakı vəziyyətdən, siyasətdən uzun-uzadı söhbətlər eləyir. Müasir mütəfəkkirlərdən misal çəkir, Rusiyada baş verənlərdən danışır. Rus çarının taxt-tacı başqa dünya qurmağın mümkünlüyünə inanan gənclərin hərəkətləri nəticəsində laxlayıb. Marksın13, Leninin14 adları çəkilir. Albert ağzını açıb maraqla qulaq asır. Onda siyasətə həvəs məhz bu evdə yaşadığı vaxt yaranır. Söhbət bəzən gecə yarısına qədər uzanır. Albert vaxtilə Talmuddan Rusiya barədə eşitdiklərini söyləyir. Yost ona demokratiyanın, sosializmin prinsiplərini başa salır, Marksın kitablarını verir. Ən başlıcası da ona müstəqillik ruhu, siyasi şüur aşılayır. Yost bu mənada Albert üçün bütün həyatı boyu mənəvi ata olaraq qalacaq.
Bir sözlə, bu böyük evdə Eynşteyn öz ikinci ailəsini tapır. Bələdiyyə məktəbində tədris metodları Münhen gimnaziyası müəllimlərinin amiranə göstərişlərindən çox fərqlidir. Burada həqiqi mənada uşaqları maarifləndirir, elm öyrədirlər. Tədris olunan nəzəriyyələrin təcrübədə təsdiqi üçün Albertin ixtiyarına müxtəlif cihazlar verilir. Bəlkə də, Albert məhz burada özünü fizik kimi kəşf edir. Riyaziyyatı həmişə başlıca məqsədi hesab etsə də, artıq yolunun başqa olduğunu anlayır. Həndəsə və cəbr bu yolda yalnız vasitədir, fikirlərini cilalamaq üçün alətdir. Albert sövq-təbii olaraq hiss edir ki, ağlını kainat sirlərinin izahına sərf etməlidir.
Məktəbin kitabxanası çox zəngindir. O hər şeyi birnəfəsə oxuyur. Böyük fiziklərin əsərlərini daha çox xoşlayır. Kainatın sirlərinin indiyə qədər necə izah edildiyini bilmək istəyir. Fizikanın yaradıcısı Aristoteli özü üçün kəşf edir. Bu yunan filosofunun onun sevimli fənni barədə yazdıqlarının hamısını oxuyur. Sonra Kopernik, Nyuton, Leybnits… Nəhayət, özünün müasirləri olan Max15, Plank16, Maksvell17, Hers18. O hər gün şər qarışana qədər bu kitabxanada elm dəryasına qərq olur.
Albertin on altı yaşı var. O, maqnit sahəsini öyrənir. Dağların arasında itib-batmış qəsəbədə yaşayan bu cavan oğlan artıq İsaak Nyutonun kəşflərinə, onun gəldiyi nəticələrə tənqidi yanaşır!
Bir il ötür. Albert bu bir ilini elmə, şəhərətrafı gəzintilərə, siyasi şüurunun yüksəlməsinə və Yost Vintelerin qızı Mariyaya həsr edir. Heç şübhəsiz bu zaman kəsiyini onun ömrünün ən gözəl dövrü hesab etmək olar.
1896-cı ilin sentyabr ayı. Sürix «Politexnikum»una qayıdış. Nəticələr onun gözləntilərini doğruldur. Albert «Politexnikum»a qəbul olunur. Bu məktəb riyaziyyat və fizika müəllimləri hazırlayır. On yeddi yaşlı Eynşteyn öz qrupunda ən gənc tələbədir. Təhsil müddəti dörd ildir. Sürixdə dolanışıq bahadır. Ana tərəfdən qohumlarının göndərdiyi pulla zorla dolanır. Valideynləri maddi cəhətdən ona kömək eləyə bilmirlər. Ailə çətin vəziyyətdədir. Germanın Milandakı müəssisəsi iflasa uğrayıb. O yalnız 1899-cu ildə özünə şəhər elektrik şəbəkəsində babat bir iş tapacaqdı. Lakin bundan cəmi üç il sonra vəfat edəcək və oğlunun hansı zirvələrə qalxdığını görməyəcəkdi…
Sürix onun Mariya Vintelerə olan sevgisinin üstündən xətt çəkir. Get-gedə məktubların arası kəsilir. Bu, Mariyanı depressiyaya salır. Ailələrin arzusu həyata keçmir. Paulina çox istəyirdi ki, Mariya onun gəlini olsun. Çünki qızın ailəsi yəhudi ənənələrinə sadiq idi. Bir də ki, yəhudilər yalnız yəhudi anadan doğula bilər. Övladlarından hansınınsa bu ənənəni pozacağı, başqa millətdən
13
14
15
Ernst Max (1838–1916) – Avstriya fiziki
16
Maks Plank (1858–1947) – alman fiziki, kvant nəzəriyyəsinin banisi
17
Ceyms Maksvell (1831–1879) – ingilis fiziki
18
Henrix Rudolf Hers (1857–1894) – alman fiziki