Название | Fateh Sultan Mehmed |
---|---|
Автор произведения | Andre Clot |
Жанр | |
Серия | Tarixi yaradanlar |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244601 |
Avropanın yeni sultanla bağlı tərəddüdləri
İş o yerə çatdı ki, günlərin bir günü Renosans7 dövrü humanistlərindən Fransesko Filelfo (1398–1481) Fransa kralı VII Şarla bir məktub yazdı və ondan yeni xaçlı ordusuna rəhbər olmasını istədi. Bu ordu Osmanlı dövlətinin sonuna çıxmalı idi. «Müharibə asan olacaq, – Filelfo kralı inandırmağa çalışırdı, – çünki Osmanlı taxt-tacı gənc və təcrübəsiz birinin əlindədir. Üstəlik, ordusu da olduqca zəifdir. Bir yandan Balkan xalqları Osmanlıya qarşı üsyana hazırdırlar, o biri yandan isə bütün Avropa, hətta İngiltərə belə sizin arxanızda dayanacaq. Bu fürsəti əldən vermək olmaz». Həmin vaxt başı başqa qayğılara qarışan VII Şarl bu məktuba cavab belə vermədi. Bir neçə il sonra isə yeni papa seçilən II Piyi də Osmanlıya qarşı savaşa təhrik edənlər tapılacaqdı…
Əslində Avropa ölkələrinin əksəriyyəti Osmanlı ilə savaşa isti yanaşmırdılar. Çünki onların yeni sultanın siyasi və hərbi gücü barədə tam təsəvvürləri yoxdu. Orta Şərqlə ticarətdə önəmli yeri olan Venesiyanın özü belə, osmanlıların Konstantinopola hücum hazırlıqlarından yalnız son anda xəbər tuta bilmişdilər. Bircə bizanslılar Osmanlıya hücum etməyə həvəsli görünürdülər. Ancaq onların da buna maddi və hərbi gücü imkan vermirdi. Yalnız digər xristian ölkələrinin yardımı sayəsində müharibəyə başlaya bilərdilər. Elə bu niyyətlə də 1451-ci ildə Bizans imperatoru Konstantin öz elçisini İtaliyaya göndərdi. Lakin onun pul və silah yardımı ilə bağlı tələbi cavabsız qaldı. Venesiyadan səs çıxmadı, Neapol kralı V Alfonso isə bildirdi ki, təkbaşına dəstək verə bilməz, yardıma bircə kadırğa göndərsə, gərək onda bütün İtaliya ilə qırğına çıxsın. Həmin vaxtkı papa V Nikola gəlincə, o, bizanslıların istəyinə bir şərtlə müsbət cavab verə biləcəyini dedi: gərək Latın kilsə birliyini rəsmən qəbul etsinlər! Ancaq papanın bu şərti Bizans əhalisinin narazılığına səbəb oldu.
Beləliklə, bizanslılar uzun axtarışlardan sonra özlərinə ancaq bir müttəfiq tapa bildilər: o da xristian yox, müsəlman olan Qaraman bəyi İbrahim idi. Avropada «Böyük qaramanlı» kimi tanınan İbrahim bəyin Osmanlıya qarşı meydan oxumaq cəhdi uğursuzluqla nəticələndi. II Mehmed öz qoşunları ilə Qaraman bəyliyinə hücuma keçdi. İbrahim bəy sülh istəmək məcburiyyətində qaldı. Hətta qızını sultana ərə vermək arzusunda olduğunu bildirdi. II Mehmed hər iki istəyi qəbul etdi. Onun niyyəti yenə aydındı: hələlik müharibələrdən mümkün qədər qaçmaq və hakimiyyətini, eləcə də ordusunu gücləndirmək! Xüsusilə yeniçəri ocağını yenidən nizamlamalı, onların tam inam və etibarını qazanmalı, bundan başqa, xanədanın xəzinəsini doldurmalıydı.
İstanbul boğazının ağası
Qaraman bəyliyinə səfərindən döndükdən bir müddət sonra, 1452-ci ilin yazında Sultan II Mehmed özünün ən böyük arzusunu – Konstantinopolun fəthini gerçəkləşdirmək üçün ilk addımları atmağa başladı. İstanbul Boğazının ən dar yerində – Gözəlcəhisarın8 düz qarşısında güclü bir qala tikdirməyə başladı. O, bununla Konstantinopolun Qara dənizə çıxışını və oradan gələcək yardımların qarşısını kəsmək istəyirdi. Qalanın inşasına xeyli canlı qüvvə cəlb edildi.
İşi belə görən Bizansın sonuncu imperatoru XI Konstantin II Mehmedin hüzuruna elçilər göndərib ondan qala ilə bağlı izahat istədi. Osmanlı sultanı buna bərk qəzəbləndi və elçiləri edam etdirdi. Elçilərin öldürülməsi müharibə elan etmək mənasına gəlirdi. Adamlarının edam olunduğunu eşidən XI Konstantin təlaşa düşdü və dərhal şəhərin qapılarını bağlatdırdı.
Bu o demək idi ki, artıq boğazın hakimi Osmanlı hökmdarıdır!
II Mehmed haqqında danışdığımız qalanın baş planını Müsləhəddin adlı, xristian əsilli olduğu iddia edilən bir memarın köməyilə şəxsən özü cızmışdı. Hündürlüyü 15, uzunluğu isə təqribən 250 metrə çatan qalanın on üç qülləsi var. Qüllələrin altısı silindir şəklində, altısı isə çoxbucaqlı formasındadır.
Üç qüllənin yüksəkliyi 70 metr, digərləri isə bundan qısaydı. Böyük qüllələrin inşası ilə bağlı bütün məsuliyyət, eləcə də məsrəflər vəzirlərə – sədr-əzəm Çandarlı Xəlil paşayla Zağanos və Sarıca paşalara həvalə olunmuşdu. Sultanın özü isə topların yerləşdiriləcəyi bölümun inşasına nəzarət edirdi. Burada hər şeylə bilavasitə maraqlanır, ən xırda detalı belə gözündən qaçırmırdı. İşlərin öhdəsindən layiqincə gələnləri səxavətlə mükafatlandırır, əks halda ən ağır cəzaları verməkdən yayınmırdı. Deyilənə görə, hətta özü belə arabir kürəyində inşaaat materialları daşıyırmış.
Nəhayət, dörd aydan sonra qalanın tikintisi başa çatdı və «Boğazkəsən» adlandırıldı. Onun mühafizəsi isə Firuz ağaya tapşırıldı.
Bunun ardınca II Mehmed yenə özünün hazırladığı plana uyğun olaraq, dəniz sahilində düz xətt boyunca topları yerləşdirmək üçün platformalar düzəltdirdi. Bu bir plandan çox, dahiyanə kəşf sayıla bilər. Çünki qarşı sahildə eyni qaydada yerləşdiriləcək toplarla Boğaz keçidi bütünlüklə nəzarətə götürüləcəkdi. Üstəlik, sultan topları həmin günədək vərdiş edilmiş qaydada – qüllələrdə yox, quruda, dəniz sahilində yerləşdirməyi nəzərdə tuturdu. Buradan belə aydın olurdu ki, onlardan hücum üçün deyil, müdafiə məqsədilə istifadə ediləcəkdi.
Yunan salnaməçilərindən biri həmin vaxt belə yazırdı: «Elə bir vəziyyət yaranmışdı ki, nəinki böyük və ya kiçik, hətta ən xırda bir qayığın belə zədə almadan Boğazı keçməsi imkan xaricindəydi. Osmanlı topları onları rahatca parçalaya, batıra bilərdi. Yəni Boğazdan keçə bilmək üçün Osmanlı sultanın inşa etdirdiyi qalanın qalabəyindən icazə almaq lazımdı…»
Bir sözlə, İstanbulun mühasirəsi başlayırdı…
1452-ci ilin sentyabrında II Mehmed minlərcə əsgərin əhatəsində qala divarlarının üstünə çıxdı. Hər tərəfi diqqətlə nəzərdən keçirdi. Müdafiə xətlərini üç gün boyu yoxladı. Sonra geri döndü. Gənc padşah Bizansın əlində olan Mərmərədən Qara dənizədək sahilboyu bütün əraziləri ələ keçirmək əmri verdi.
Artıq Konstantinopol təlaş içindəydi. Osmanlıların hədəfi bəlliydi, Bizansda isə ixtilaflar, intriqalar baş alıb gedirdi. Yerli əhali qiyamət gününün yaxınlaşdığına inanırdı. Salnaməçilərdən biri Dunas yazırdı: «Budur, sonumuz gəldi. Müsəlmanların qələbəsinə az qalıb! Hanı Konstantinopolun müdafiəçiləri? Niyə əllərindən bir iş gəlmir?» – şəhərdə az qala hamıdan bu cür sözlər eşitmək olardı. Əhali dünənədək «çox yaxşı mühafizə edildiyinə» inandıqları şəhərin
7
8