Qay Yuli Sezar. Филипп Фриман

Читать онлайн.
Название Qay Yuli Sezar
Автор произведения Филипп Фриман
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244571



Скачать книгу

bilməzdilər. Odur ki onun şərəfinə təntənəli mərasimin – triumfun keçirilməsinə mane olmamaq qərarına gəldilər.

      Triumf, bir qayda olaraq, yürüşlə başlayırdı: insanlar Martius düzənliyində toplaşır, bütün şəhərdən keçərək Foruma doğru irəliləyirdilər. Yürüş Kapitolidə başa çatırdı. Triumfa ali magistratlar başçılıq edir, onların arxasınca hərbi qənimətlər aparılırdı. Al-qırmızı toqa30 geymiş triumfator magistratların əhatəsində, dörd at qoşulmuş bər-bəzəkli döyüş arabasındaydı. Onun ardınca əsgərlər və döyüşlərdə əsir alınmış adamlar gəlirdi.

      Şənlik zamanı tanrıların hökmü də unudulmurdu. Belə ki, arabada fatehin yanında xidmətçisi oturmalı və arabir əyilib onun qulağına pıçıldamalıydı: «Unutma, sən ölümlüsən».

      Kapitoliyə gəlib çatandan sonra Sezar Yupiterə qurban gətirdi. Heç gözləmədiyi halda öyrəndi ki, qanuna görə o həm triumfa, həm də konsulluq vəzifəsinə iddia edə bilməz. Belə ki, triumfun keçirilməsini istəyən şəxs Romadan kənarda, konsulluq vəzifəsinə iddia edən isə şəhərdə olmalıdır.

      Sezar isə məhz konsul seçimləri zamanı gəlmişdi. O həm triumfun keçirilməsini istəyir, həm də konsulluq vəzifəsinə iddia edirdi.

      İşi belə görən gələcək hökmdar senata müraciət etdi. Şəhərdən kənarda olsa da, konsul seçimlərində iştirak etməyə icazə istədi. Senat üzvləri onun xahişini nəzərə almaq istəsələr də, Katon bunun əleyhinə çıxdı. O bildirdi ki, istənilən halda qanuna əməl edilməlidir. Katon məsələyə baxılmasını əngəlləmək üçün uzun bir nitq söylədi.

      Ertəsi gün senatın iclası keçirilmədi. Sezarın konsul seçilməsini istəməyən Katon qələbə çaldığını düşünürdü. Sezar növbəti dəfə yalnız bir il sonra konsul vəzifəsinə iddia edə bilərdi. Lakin sonrakı gedişat Katonun yanıldığını göstərdi. Belə ki, Sezar Martius düzənliyindəki düşərgədən çıxıb şəhərə doğru hərəkət etməyə başladı. Heç kəsin ağlına gəlməzdi ki, Sezar triumfdan imtina eləyə bilər. Sezar növbəti dəfə həm dostlarına, həm də rəqiblərinə göstərdi ki, o, qeyri-adi addımlar atmağa qadir siyasətçidir.

      İkinci konsul vəzifəsinə Sezarın çoxdankı rəqibi optimat Bibul ilə Lutsi Lutsey adlı varlı senator iddialı idi. Sezar Bibulu sıradan çıxarmaq üçün Lutsiyə birgə hərəkət etməyi təklif etdi. Belə ki, Lutsi öz pullarıyla seçiciləri ələ almalı və onlara Sezarla birlikdə konsul olmağı planlaşdırdığını deməli idi. Bu əməkdaşlıq ikisinə də sərf edirdi: Sezar Lutsinin pullarıyla özünə seçici, Lutsi isə onun şan-şöhrətindən faydalanmaq imkanı qazanırdı.

      Sezarın Lutsiylə ittifaq qurduğunu öyrənən optimatlar cavab tədbirləri gördülər. Onlar Sezarın konsul seçiləcəyinə şübhə etmirdilər, lakin Lutseyin onunla eyni mövqedən çıxış etməsini istəmirdilər. Çünki bu, Sezarın daha da güclənməsi deməkdi. Optimatlara isə gələcəkdə onun irəli sürəcəyi təkliflərin qəbul olunmasına əngəl yaradacaq adam lazım idi. Odur ki Bibulun seçilməsindən ötrü hərəkətə keçdilər: seçiciləri rüşvətlə ələ alması üçün ona xeyli vəsait ayırdılar. Katon həmin qanunsuz addımı dəstəkləyərək bildirdi ki, bunu respublikanın maraqlarını qorumaq üçün edirlər. Optimatlar hətta konsulluq müddəti başa çatdıqdan sonra Sezarın nə işlə məşğul olacağını da müəyyənləşdirmişdilər. Adətən, keçmiş konsulları varlı əyalətlərdən birinə canişin göndərirdilər. Lakin Sezara öz planlarını həyata keçirməyə mane olmaq üçün senat yeni bir qanun qəbul etdi. Həmin qanuna görə keçmiş konsullar vəzifə müddəti başa çatandan sonra otlaq yerlərinə və meşə təsərrüfatına nəzarət edəcəkdilər. Bu işi görmək üçün isə qoşun dəstələrinə ehtiyac yox idi. Deməli, Sezarın ixtiyarında heç bir hərbi qüvvə olmayacaqdı…

      Triumvirat31

      Proseslər onunla nəticələndi ki, Sezar və Bibul konsul seçildilər. Gələcək hökmdar başa düşürdü ki, səlahiyyət müddəti başa çatandan sonra o, cəmiyyətdəki siyasi nüfuzunu itirə bilər – optimatlar nəyin bahasına olur olsun, onun hərbi və siyasi karyerasını bitirəcəkdilər. Yuxarıda da dediyimiz kimi, artıq bu məqsədlə qanun da qəbul edilmişdi.

      Sezarın bircə yolu qalırdı: optimatları zərərsizləşdirmək! Bunun üçün isə Sezara etibarlı və nüfuzlu adamlar lazım idi. İlk ağlına gələn Pompey oldu. Vaxtilə senatorlar, layiq olmadığı mövqeyə sahiblənmiş adam kimi onu lağa qoysalar da, qoşun başçısı təyin edilməsinə əngəl yarada bilməmişdilər. Pompey isə düşmənlər üzərində çoxsaylı qələbələr qazansa da, Romaya qayıdandan sonra öz istəklərini senata qəbul etdirməyi bacarmamışdı. Odur ki özünə müttəfiq axtarırdı.

      Sezar həmçinin var-dövlətinin həddi-hüdudu olmayan Krassla da ittifaq qurmaq niyyətində idi. Senat onu tutduğu mövqeyə layiq olmayan adam sayırdı. Bu səbəbdən Krass optimatlardan narazı idi.

      İstər Pompeyi, istərsə də Krassı eyni zamanda öz tərəfinə çəkmək asan məsələ deyildi: axı onların bir-birindən xoşları gəlmirdi. Lakin bu zaman Sezarın daha bir bacarığı üzə çıxdı: o, bir-birinə nifrət edən adamları belə, ümumi məqsəd ətrafında birləşdirməyi bacardı. Yeri gəlmişkən, Sezar hətta Siseronun dəstəyini qazanmağa da cəhd eləmişdi. Ancaq Siseron xeyli düşünüb-daşındıqdan sonra bu təklifi rədd etdi. O, müxtəlif siyasi qruplar arasında tarazlığı pozmamağı, bitərəf qalmağı üstün tutdu.

      Əslində isə Romada siyasi qüvvələr arasında tarazlıq çoxdan pozulmuşdu.

      Axırda Sezar hətta Siseronun köməyi olmadan da öz məqsədinə çatdı: üç romalı – məşhur sərkərdə, Romanın ən varlı adamı və təcrübəli siyasətçi triumvirat bağladılar. Məqsəd dövlət idarəçiliyini ələ keçirmək idi. Onlar təntənəli surətdə and içdilər ki, bir-biriylə rəqabət aparmayacaqlar. Beləcə, ilk triumvirat baş tutdu.

      Optimatlar isə hansı qüvvəylə qarşı-qarşıya gələcəklərini hələ də anlamırdılar.

      Konsulun səhvi

      Sezar daxilən yumşaq təbiətli, xoşxasiyyət adam idi. Buna baxmayaraq, düşmənlərinə qarşı güzəştsiz davranmağı üstün tuturdu.

      Zahirən isə o, romalılarla müqayisədə hədsiz dərəcədə ucaboy, cənublulara nisbətən çox sarışındı. İri, qara, ifadəli gözləri vardı. Xarici görünüşünə xüsusi fikir verən Sezar keçəlini gizlətmək üçün saçlarını arxadan qabağa doğru darayırdı. Qadınların sevimlisi idi, lakin onun özü Katonun ögey bacısı və Brutun (Sezarı qətlə yetirən şəxs) anası Serviliyanı sevirdi. Bəzi tarixçilər hətta sual verirlər: görəsən, Sezar öz qatilinin atası olmayıb ki? Lakin belə fikirləşməyə əsas yoxdur: Brut anadan olanda Sezarın vur-tut on beş yaşı vardı.

      Gələcək hökmdarın səhhətində hələ yeniyetmə yaşlarından ciddi problemlər yaranmışdı. O, baş ağrılarından və epilepsiya tutmalarından əziyyət çəkirdi. Həmin dövrlərdə belə bir inanc hökm sürürdü ki, epilepsiya ilahi və ya şeytani xislətin təzahürüdür. İstənilən halda isə o, “seçilmiş” insanların xəstəliyi sayılırdı. Sezar bu xəstəliyə hərbi xidmətdə olarkən tutulmuşdu. Lakin heç vaxt xəstəliyi bəhanə edərək rahat yaşamaq barədə fikirləşmirdi. Konsul



<p>30</p>

Toqa – Qədim Romada vətəndaşların üst geyimi, qolsuz uzun plaş

<p>31</p>

Triumvirat – Qədim Romada xüsusi məqsədlərlə seçilmiş və ya təyin edilmiş üç şəxsdən ibarət kollegiya və onların arasında bağlanan üçtərəfli saziş