Название | Əhməd bəy Ağaoğlu |
---|---|
Автор произведения | Айдын Гусейнага оглы Балаев |
Жанр | |
Серия | Tarixi yaradanlar |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244786 |
Əhməd bəy uşaq şüuru ilə yeni mühitin onu doğulduğu gündən əhatə edən ənənəvi həyat tərzindən üstün olduğunu dərk etməyə başlayırdı. Doğma torpağının və onun insanlarının vurğunu olan Əhməd bəy üçün bu acı reallıqla barışmaq çox çətin idi. Kim bilir, bəlkə də, müsəlman dünyasının yüzilliklər boyunca formalaşmış dəyərlər sistemini islah edib onu müasir tələblərə uyğunlaşdırmaq ideyası Əhməd bəydə ilk dəfə məhz həmin dönəmdə yaranmışdı.
Şuşa realnı məktəbində sonuncu – yeddinci sinif yox idi. Bu səbəbdən də Əhməd 1886-cı ildə altıncı sinfi bitirdikdən sonra orta təhsilini tamamlamaq üçün Tiflisə yollandı.
Tiflisin qaynar ictimai-siyasi həyatını yaxından müşahidə etməsi ona yeni düşüncələr üçün qida verirdi. Məsələn, belə bir cəhət Ağaoğlunun diqqətindən yayınmamışdı ki, Tiflisin azərbaycanlılar yaşayan «Şeytanbazar» məhəlləsinin çox miskin bir xarici görkəmi var idi. Bu məhəllə şəhərin ən kasıb hissəsi sayılırdı. Üstəlik, Tiflisin digər məhəllələrinin sakinləri «Şeytanbazar» müsəlmanları ilə çox sayğısız və təkəbbürlə davranırdılar. Sonuncular isə belə təhqiramiz münasibətə tamamilə biganə idilər. Bununla bağlı Ağaoğlu yazırdı: «İlk dəfə idi ki, mən iki insan kütləsinin yan-yana yaşadığını, fəqət qarışmayaraq bir-birinə münasibətdə «yüksək və aşağı» kateqoriyalara bölündüyünü görürdüm».
Onu bilavasitə əhatə edən insanların, ilk növbədə gimnaziya müəllimləri və yoldaşlarının şəxsən ona olan xeyirxah münasibəti və hörmətinə baxmayaraq şəhərin müsəlman əhalisinə qarşı bu cür ayrı-seçkilik Əhməd bəyi, təbii ki, qayğılandırırdı. Həmçinin gimnaziyada yeganə türk şagird olması səbəbindən o, daim diqqət mərkəzində idi. Bu isə onu müəyyən qədər sıxırdı. Lakin ətrafdakıların Əhməd bəyə marağı təkcə onun etnik və ya dini mənsubiyyəti ilə bağlı deyildi. Cəmi bir neçə ay ərzində o, qeyri-adi bacarıq göstərərək gimnaziyanın əlaçı şagirdlərindən birinə çevrilmişdi. Təəccüblü deyil ki, gimnaziyanın direktoru Tiflisin zəngin erməni ailələrindən birinin 7-ci sinifdə oxuyan qızına həndəsə və cəbrdən evdə əlavə dərs demək üçün məhz onu məsləhət görmüşdü. Erməni ata öncə heyrətlənsə də, sonra təklifi qəbul etmişdi. Bütün məktəbdə, hətta bütün maarif mühitində bu, ciddi hay-küyə səbəb olmuşdu. «Gimnaziya müdiri adam tapmadımı ki, bir türkü tövsiyə etdi?» – hamı soruşurdu. Hər halda, Əhməd bəy direktorun ona bəslədiyi ümidləri doğrultdu: əvvəllər riyaziyyatdan çox zəif olan Siranuş adlı həmin erməni qızı gimnaziyanı sinif üçüncüsü olaraq bitirdi.
Mümkündür ki, Əhməd bəy dərs dediyi Siranuşu öz bacıları və əmisi qızları ilə müqayisə edərək ilk dəfə müsəlman qadınının cəmiyyətdəki acınacaqlı vəziyyətinin səbəbləri haqqında düşünməyə başlamışdı. Çünki ailələrindəki 12 qız uşağından heç biri nə oxumağı, nə də yazmağı bacarırdı. Ən pisi isə onların özlərinin təhsilə marağının olmaması idi. Əhməd bəyi ən çox narahat edən də məhz bu sonuncu məqam idi.
Əhməd bəyin ata-anası ilə keçirdiyi sonuncu yay
Dərs ilinin sonunda bütün imtahanları uğurla verən Əhməd bəy 300 rubl məbləğində pul mükafatına layiq görüldü. 1887-ci il iyun ayının ortalarında Tiflisdən Şuşaya dönən Əhməd maraqlı hadisənin şahidi oldu: şəhərdə hər kəs onun qazandığı uğurdan danışırdı. Ə.Ağaoğlu yazırdı ki, «atam, xüsusən də anam məmnun idi. Əmim Mirzə Məhəmməd belə məni iltifatla qarşıladı. Peterburqa ali təhsil almaq üçün göndərilməyimə də elə bu hadisə səbəb oldu». Şübhəsiz ki, Əhməd bəyin özü də böyük bir sevinc içində idi, çünki təhsil almaq üçün «xəyallarının şəhəri» olan Peterburqa yola düşəcək, rus yazıçılarının əsərlərindən tanıdığı bu möhtəşəm şəhərin küçə və meydanlarını, teatrlarını öz gözləri ilə görəcəkdi.
Lakin Peterburqdakı qəbul imtahanları sentyabrın əvvəlində keçiriləcəkdi. Odur ki Əhməd bəy bu iki ay yarımı necə və harada keçirəcəyi barədə düşünürdü. O, səmimi olaraq etiraf edirdi ki, «yeknəsəq həyat yaşayan, saat 9-da uyuyan, hey imamdan, şəriətdən bəhs edən bu mühit» onu sıxırdı: «Mənimlə yaxınlarım arasında bir uçurumun hey dərinləşdiyini hiss edirdim. Bu iki ayı burada keçirmək, hər gün axundların mübahisələrini dinləmək mənə dözülməz gəlirdi. Bir yerə qaçmaq lazım idi. Həssas anam bu daxili sıxıntımı sezdi və bir gün mənə dedi: «Dayılarının yanına getsənə, həm də Peterburqa səyahətdən əvvəl onları da görmüş olarsan».
Əhməd bəy anasının bu təklifini böyük sevinclə qarşıladı və rahat bir nəfəs aldı. Yuxarıda qeyd etdiyimiz kimi, Tazə xanımın mənsub olduğu Sarıcalılar nəsli tarixən maldarlıqla məşğul olurdu. Əhməd bəy səkkiz yaşından etibarən hər yay Sarıcalıların köçü ilə birlikdə uca dağlar qoynunda yerləşən yaylaqlara qalxırdı.
İlk məhəbbət kimi unudulmaz bir hissi də Əhməd bəy məhz həmin yaylaqlarda yaşadı. Hər halda, yaylaqdakı gənc qızlardan biri ilk günlərdən onun diqqətini çəkdi. Anasının uzaq qohumu olan həmin qızı Əhməd bəy öz xatirələrində şərti olaraq «Çiçək» adlandırır. Hərəkətlərindən və baxışlarından onun da Əhmədə biganə olmadığı görünürdü. Lakin bir neçə il ərzində yaylaqda bir yerdə olsalar da, hisslərini bir-birinə açmağa elə də cürət etməmişdilər. Doğrudur, Əhməd bəy etiraf edirdi ki, daim Çiçəklə yalnız qalmaq arzusu ilə yanırdı. Lakin onu da yaxşı anlayırdı ki, o dövrün adətlərinə görə, bunu gerçəkləşdirmək mümkünsüzdür.
Peterburqa yola düşməzdən öncə yaylağa son gəlişində Əhməd bəy ehtiyatsızlıq edərək Çiçəyin də olduğu bir yerdə Tiflisdə dərs verdiyi erməni qızı Siranuşdan bəhs edir. Əhməd bəy xatırlayırdı ki, «bunu eşidən Çiçəyin gözləri iri-iri açılaraq üzümə dikildi. Sanki qəlbimin içinə girərək oranı yoxlamaq istəyirdi. Nəhayət, dayana bilməyib qızararaq soruşdu: «Dərs verirkən yalnızmı qalırdınız?» Mən güldüm və «əlbəttə» deyə cavab verdim. Çiçək saraldı, səs çıxarmadı və bir az sonra çəkilib getdi. Həmin gündən sonra mənimlə görüşmədi».
Bu hadisədən sonra yaylaqda keçirdiyi iki ay ərzində Əhməd bəyə bircə dəfə də olsun, Çiçəyi görmək nəsib olmur. Həmin dönəmdə Azərbaycan cəmiyyəti üçün xas olan adət-ənənələr isə Çiçəyin yerini kimdənsə soruşmağa imkan vermirdi. Əhməd bəy yalnız yaylaqdan ayrıldığı gün həyatında sonuncu dəfə Çiçəklə qarşılaşdı.
Ə.Ağaoğlu illər keçdikdən sonra həmin anı xatırlayaraq yazırdı: «Anası ilə vidalaşıb çadırdan çıxdığım zaman Çiçəyin çadırın yanında durduğunu gördüm.
– Çiçək xanım, gedirəm, Allah əmanətində qalın.
– Yaxşı yol. Siranuş xanımla görüşəcəksiniz, deyilmi?
Və cavab gözləmədən əlavə etdi:
– Allah səni qorusun.
Sonra