Əhməd bəy Ağaoğlu. Айдын Гусейнага оглы Балаев

Читать онлайн.
Название Əhməd bəy Ağaoğlu
Автор произведения Айдын Гусейнага оглы Балаев
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244786



Скачать книгу

oğlunun gələcəyi uğrunda gizli bir mücadilə yaşanırdı. Arzularını reallaşdırmaq məqsədilə Tazə xanım ərindən və qaynından gizli balaca Əhməd üçün rus dili müəllimi tutmaq qərarına gəldi. Qonşuluqda yaşayan ixtiyar dayəsi Kərbəlayı Bahar bu işdə ona yardımçı oldu. Beləcə, Əhməd hər gün atası və əmisindən gizlin Bahar nənənin evinə gedərək müəllimdən rus dili dərsləri almağa başladı. Əhməd bəy yazırdı ki, «anamın bu planı düz üç il davam etdi. Anam mənə bərk-bərk tapşırmışdı ki, bu haqda kimsəyə söyləməyim. Mən də bu sirri saxlamağı özüm üçün bir böyüklük əlaməti sayaraq səmimi olaraq uşaqcasına öyünürdüm».

      Müəllim balaca Əhmədə rus dili ilə yanaşı, hesab, tarix və coğrafiya dərsləri də verirdi. Hər ayın sonunda isə Tazə xanım ətəyindəki qızıl rus imperiallarından birini kəsir və Kərbəlayı Bahar vasitəsilə zəhmət haqqı olaraq müəllimə çatdırırdı.

      Bu gizli dərslərin nə ilə nəticələnəcəyini heç kim bilmirdi. Lakin xoş bir təsadüf problemin həllinə gətirib çıxardı. Belə ki, çar hökuməti 1881-ci ildə Şuşa şəhərində 6 illik realnı məktəb açmaq qərarına gəldi. Məktəbin açılışı ilə əlaqədar Şuşa qəzasının rəisi şəhərin nüfuzlu müsəlman ailələrinin nümayəndələrini Xurşidbanu Natavanın evində topladı. Ailənin başçısı sayılan Mirzə Məhəmməd xəstələnərək müalicə üçün Tiflisə getmişdi. Odur ki həmin toplantıda Əhmədin atası Mirzə Həsən iştirak etməli oldu. Qəza rəisi müsəlmanlara səslənib uşaqlarını rus məktəbinə verməyə çağırdı, bunun onlar üçün faydalı olacağını söylədi. Toplantı iştirakçılarının əksəriyyəti, o cümlədən Mirzə Həsən rəisə xoş gəlmək üçün övladlarını yeni açılan məktəbə verəcəklərini vəd etdi. Hərçənd Əhməd bəy xatırlayırdı ki, «hiddət içində evə dönən atası böyük qardaşı Mirzə Məhəmmədin qəzəbindən çəkinərək özünü qınayırdı:

      – Nə etdim? Dadaşım (böyük qardaşını belə adlandırırdı) nə deyəcək?

      Anam mələk baxışı və nəvazişli səsi ilə irəli atıldı:

      – Nə deyəcək? Qəza rəisinə, bütün şəhərə qarşı getməyinimi istəyəcək? O da olsaydı, əlbəttə ki, sənin kimi edərdi.

      Anam çox təmiz və saf bir adam olan atama öz zəkası və incəliyi ilə hakim idi. Atam yumşaldı, fəqət:

      – Hacı Mirzə Məhəmmədi tanımırsanmı? – deyə söylədi.

      – Tanıyıram, amma çarə yoxdur».

      Bir müddət sonra Tiflisdən geri dönən Mirzə Məhəmməd lənətlər yağdırsa da, balaca Əhmədin qəbul imtahanlarına hazırlaşmasına izin verdi. Üç aydan sonra sınaqdan uğurla keçən Əhməd realnı məktəbin birbaşa ikinci sinfinə qəbul edildi. Belə yüksək imtahan nəticəsini üç aylıq hazırlığın yekunu sayan Mirzə Məhəmməd bundan çox heyrətləndi. Üzünü qardaşı Mirzə Həsənə tutaraq dedi: «Babalı sənin boynuna! Mən onu müctəhid edəcəkdim. İndi o, kim bilir, nə olacaq! Üç ayda bu qədər bacarıq göstərən bir uşaq öz elmlərinə davam etsəydi, nə olmazdı». Daha sonra isə dərin bir ah çəkərək əlavə elədi: «Allah axırını xeyir etsin!»

      Ağaoğlu haqlı olaraq qeyd edirdi ki, anasının öz arzusunu gerçəkləşdirmək istəyi «onun həyat yolunu Kərbəla və Nəcəfdən Sankt-Peterburq və Parisə doğru çevirdi». Nəticədə bu savadsız qadının sayəsində təkcə Azərbaycan deyil, bütün türk dünyası Əhməd bəy Ağaoğlunun simasında özünün ən görkəmli mütəfəkkirlərindən birini qazanmış oldu.

      Həmin günlərdə Tazə xanım dünyanın, bəlkə də, ən xoşbəxt qadını idi, çünki illərdən bəri ürəyində bəslədiyi arzusu, nəhayət, gerçəkləşməyə başlayırdı. Eyni zamanda balaca Əhməd də məktəbə qəbul olunmasına anasından az sevinmirdi; öz etirafına görə, imtahandakı uğuru ona indiyədək yaşamadığı bir qürur hissi vermişdi.

      Şübhəsiz ki, həmin anda Əhməd bəy məktəbdə hansı sınaqlarla üzləşəcəyindən hələ xəbərsiz idi. Bilmirdi ki, məktəb illəri onun yaddaşına təkcə xoş təəssüratlarla həkk olunmayacaq. Belə ki, məhz Şuşa realnı məktəbinin divarları arasında o, həyatında ilk dəfə yenicə baş qaldırmaqda olan erməni-azərbaycanlı qarşıdurmasının xoşagəlməz təzahürləri ilə üzləşəcək və bu onun uşaq hafizəsində dərin izlər buraxacaqdı.

      1881-ci il sentyabrın 20-də açılan Şuşa realnı məktəbi şəhərin ermənilər yaşayan yuxarı hissəsində yerləşirdi. Ona görə də təxmin etmək çətin deyil ki, şagirdlərin əksəriyyətini ermənilər təşkil edirdi. Sayca üstün olmalarından istifadə edən erməni şagirdlər daim azərbaycanlılara sataşır, bəzən isə onlara qarşı zor tətbiq etməkdən çəkinmirdilər. Bu qarşıdurmaları xatırlayan Ağaoğlu sonralar yazırdı ki, azərbaycanlı şagirdlərin «təhsil illərində erməni uşaqlarından çəkdiklərini sözlə ifadə etmək imkan xaricindədir. Tənəffüsdə biz, beş türk uşağı, cəld tərpənib arxamızı divara dayamağa imkan tapanda bunu böyük uğur sayırdıq. Onlarla erməni uşağı birdən üzərimizə hücum edir, birisi başımızdan papağı götürüb yerə atır, digərləri təpiklə dörd-beş altun qiymətində olan Buxara dərisini torpaq üzərində diyirlədirdilər. Bəziləri qiymətli və çoxu dəvə yunundan hazırlanmış paltarlarımızın ətəyindən yapışaraq o yan-bu yana çəkir, cırır, bəzəklərini sökürdülər; müqavimət göstərmək istədikdə isə bizi yumruq, şillə, təpiklər altına salırdılar. Bəzən birləşib üstümüzə böhtan atır, birlikdə şahidlik edib bizi haqsız yerə cəzalandırırdılar. Yoldaşlarımdan çoxu dözməyib məktəbi tərk etdi. Sonuncu sinfə qədər türklərdən yalnız mən duruş gətirə bildim».

      Məktəbdəki bu ab-hava, şübhəsiz ki, Əhməd bəyə ciddi təsir göstərmiş, onun xarakterində mətinlik və mübarizlik kimi keyfiyyətlərin formalaşmasında az rol oynamamışdı. Şuşa realnı məktəbinin beş türk şagirdi arasında təkcə Əhməd bəyin bütün çətinliklərə qatlaşaraq sınmaması və təhsilini sonadək davam etdirməsi faktı da bununla izah olunur. Həmin vaxt Əhməd bəy taleyin onu daha ciddi sınaqlarla üzləşdirəcəyindən, bu sınaqlarla müqayisədə erməni şagirdlərin hərəkətlərinin, sadəcə, uşaq şıltaqlığı kimi görünəcəyindən xəbərsiz idi…

      Ağaoğlu Şuşa realnı məktəbindəki «sadə, vəzifəsini diqqətlə yerinə yetirən, məslək eşqi ilə dolu olan» müəllimlərini sonralar həmişə dərin bir şükranlıq hissi ilə xatırlayırdı. O, tərcümeyi-halında müəllimlərini nəzərdə tutaraq yazırdı ki, «onlar məndə və bütün yoldaşlarımda elmə, irfana, haqq və həqiqətə qarşı dərin iman və sevgi yaratdılar, bizim hər birimizin həyat yolunu işıqlandıran nurlu bir məşəl oldular. Onlar çarizmin, istibdadın, zülm və cəbrin, fanatizm və cəhalətin amansız düşməni idilər. III Aleksandr kimi zülmkar bir çarın bütün şiddətlərinə, bütün nəzarətlərinə rəğmən həmin müəllimlər tələbəyə elm, irfan, gözəllik və hürriyyət eşqini aşılamağın yolunu tapırdılar; tələbələrinə özünü tərbiyə etmək və yetişdirmək yollarını təlqin edə bilirdilər».

      Şuşa realnı məktəbinin divarları arasında XIX əsr rus ədəbiyyatının ən yaxşı nümunələri ilə tanışlıq Əhməd üçün indiyədək varlığından xəbərsiz olduğu cazibəli və gözəl bir dünyanın kəşfi idi.