Şəmsəddin Eldəniz. Əkbər N. Nəcəf

Читать онлайн.
Название Şəmsəddin Eldəniz
Автор произведения Əkbər N. Nəcəf
Жанр
Серия Tarixi yaradanlar
Издательство
Год выпуска 0
isbn 9789952244854

Скачать книгу

və «iqta (pay torpağı) sahibi» əsgərlərin ortaya çıxmasıdır. Belə ki, özlərini dövlətin hakim təbəqəsi sayan oğuzlar mütəmadi olaraq mərkəzi hökumətə qarşı üsyana qalxırdılar. Həmin üsyanlar qarşısında hakimiyyətlərini qorumaq istəyən sultanlar öz ordularını daimi hərbi birləşmələrdən təşkil etməli oldular.

Səlcuqlular dövründə qulamlıq sistemi daxilində xüsusi bir qurum kimi atabəylik formalaşdı. Bu sistemin yaranmasında ən böyük rolu Nizamülmülk oynamışdı.

Bəzi tarixçilər səlcuqlu qulam sisteminin digər İslam dövlətlərindəki qulam sistemindən fərqini belə izah edirlər: səlcuqlu ordusu tamamilə türkmənlərdən ibarət qulamlardan təşkil olunmuşdu, halbuki qulam sisteminə döyüşlərdə əsir alınan və qul bazarlarından toplanılan başqa millətlərdən də əsgərlər daxil edilirdi. İstənilən halda, səlcuqlu qulam sisteminin onurğa sütunu türklər idi.

Bildirildiyinə görə, 1040-cı ildə səlcuqlularla qəznəvilər arasında baş verən Dandanakan döyüşündə 370 qulam Toğrul bəyin tərəfinə keçmiş və bununla da Səlcuqlu dövlət sistemində qulamlığın əsası qoyulmuşdur.

Sultan Məlikşahın dövründə qulamlar Səlcuqlu ordu və dövlət sistemində ən böyük sinfi təşkil edirdilər. Onların fəaliyyət sahələri genişlənib mövqeləri gücləndikcə qulamlıq sistemi də dövlət daxilində xüsusi instituta çevrildi. Artıq vəzirlər, əmirlər, vilayət sahibləri, hətta qulamlıqdan həlledici mövqelərə yüksəlməyi bacaran atabəylərin belə əmrində qulamlar var idi. Məsələn, Nizamülmülkün qulamlarının sayı 1000-ə çatırdı. Hər qulamın aylıq maaş aldığını nəzərə alsaq, vəzirin onlara 200 min dinar ödədiyini söyləmək mümkündür. Bu o deməkdir ki, qulamlıq Səlcuqlu dövlətində həm də ciddi iqtisadi məna ifadə edirdi.

Dövlətin bütün siyasi-maddi imkanlarından faydalanan qulamlar dövlətdən öz haqlarını tələb eləmək imkanına malik idilər. Məsələn, Kirman hakimi Kavurdla döyüş ərəfəsində qulamlar Nizamülmülkə açıq şəkildə xəbərdarlıq etmişdilər: «Əgər bizə verilən iqtalar və caməgilər26 artmasa, dövlət səadəti Kavurdun olsun! Yaşasın Kavurd!»

Hələ Əməvilər dövründən etibarən bütün müsəlman dövlətlərində türk əsilli qulam-məmlüklər ordu sisteminin bir parçasına çevrilir və öz vəzifələrindən istifadə edərək dövlət idarəçiliyində geniş səlahiyyətlər qazanırdılar. Bunu yaxşı bildikləri üçün bəzi türk gəncləri könüllü şəkildə həmin sistemə daxil olmaq istəyirdilər. Elə Eldənizin yolda tərk edildiyi halda gedib yenidən qul karvanına qoşulmasının başlıca səbəbi də bu idi…

Müsəlman dövlətlərinin ordularında qulamlar o qədər qiymətli idi ki, bəzən hətta onlar üçün cehizlərdə göndərilirdi. Məsələn, Məlikşah Qaraxanlı hökmdarı İliq Xanın nəvəsi Tərkən Xatun ilə evlənərkən Sultan Alparslanın sarayına gəlinin cehizi ilə birlikdə 1000 türk əsilli qul və cariyə də göndərilmişdi.

Qulamlar uzun təhsil və tərbiyə dövrü keçirdilər. Bu məktəblərə qulamxanələr deyilirdi. Bəzi qaynaqlara görə, qulamın təhsil və tərbiyə müddəti 18-20 il davam edirdi. Nizamülmülkə görə, yaxşı təlim və tərbiyə almış qulama 30-40 yaşından tez vəzifə verilə bilməzdi.

Nizamülmülk qulamların yetişdirilməsi prosesini belə təsvir edir: «Qulam satın alanda əvvəlcə o, bir il boyunca hərbi hissədə zəndənəci27 qaftan və yüngül çəkmə geyərək xidmətə başlayardı. Həmin il əzrində qulamın hətta gizli belə olsa ata minməsinə icazə verilmirdi. Minərsə, ağır cəza alırdı. Qulamın bu birillik xidmət müddəti qurtaran kimi bunu sultana xəbər verir, daha sonra isə həmin qulama dəri yəhəri və dəri çulu olan türk atı verirdilər. Birillik at və qamçı ilə xidmət müddəti qurtaran kimi bu dəfə ona qılınc, üçüncü il yay qabı və oxluq verilirdi. Dördüncü il daha yaxşı yəhər, ulduzlu bir çul, bir qaftan, üstündə bir həlqə asılan çomaq təqdim edilirdi. Beşinci il bir saki28 və belinə qədəh asılmış bir abdar29 verilirdi. Altıncı il camadarlıq30 edərdi. 7-ci il ona bir təpəli və 14 pazlı çadır verilirdi. Sonra da üç yeni satın alınmış qulamı onun dəstə üzvü təyin edirdilər. Özünə isə visakbaşı titulu verilirdi. Gümüşü ip çəkilmiş qara külah ilə Gəncə qaftanını ona geyindirirdilər. Daha sonra əmrindəki xidmətçilərin sayını və rütbəsini artıraraq nəhayət haylbaşı təyin edirdilər. Beləcə, ləyaqəti, hörməti, şücaəti artdıqca hamı tərəfindən tanınırdı. Əlində böyük səlahiyyət toplanırdı… Bir sözlə, qulam 30-40 yaşına çatmamış əmirlik və valilik rütbəsi ala, heç bir vəzifəyə təyin edilə bilməzdi».

Bu sistemin varlıq səbəbini, ortaya çıxmasını və mövcudluğunu təhlil edən İbn Xəldun31 qulam sisteminin varlığını dövlət fəlsəfəsi cəhətindən belə əsaslandırırdı: «Bir hökmdar hakimiyyətinin ilk mərhələsində öz millətinə arxalanır, onun mənfəətini ön planda tutur, vergilərin toplanmasından tutmuş, dövlət sərhədlərinin qorunmasınadək hər işi öz qövmünə tapşırır, onun fikirlərini və istəklərini nəzərə alaraq davranır. Lakin sonrakı mərhələdə həmin hökmdar öz qövmünü dövlət işlərindən uzaqlaşdıraraq bütün hakimiyyəti öz əlində cəmləşdirməyə çalışır, qullar alaraq özünün köməkçiləri təyin edir, onların sayını çoxaltmağa çalışır. Bunda məqsəd var-dövləti yalnız öz sülaləsinin paylaşmasına şərait yaratmaq, bunun üçün də camaatı öz iradəsinə boyun əydirməkdir». Bir sözlə, İbn Xəlduna görə, hökmdar xalqını və silahdaşlarını ölkə idarəçiliyində iştirak imkanından məhrum edərək dövləti şəxsi mülkiyyətinə çevirmək üçün qulam sisteminin varlığına ehtiyac duyurdu.

Səlcuqlular dövründə hətta belə bir atalar sözü məşhur idi: Sadiq bir qulam 100 övladdan daha xeyirlidir. Çünki övlad atanın ölümünü istəyər, qulam isə uzun yaşamasını.

Səlcuqlu dövlət sistemində qulamın əldə etdiyi ən böyük vəzifə atabəylik idi. Buna görə də atabəylik qulam sisteminin bir parçası, daha doğrusu, onun son mərhələsi hesab olunurdu. Səlcuqlu atabəylərinin, demək olar, hamısı qulam sistemindən çıxan əmirlər və sərkərdələr idi.

Bir qulamın vəliəhd şahzadənin atabəyi elan edilməsində əsas şərtlər qabiliyyət, istedad və sədaqət idi. Sultan istedadına və qabiliyyətinə inandığı, sədaqətindən şübhə eləmədiyi qulamını oğlunun atabəyi təyin edirdi. Tarixdə padişahların inamını boşa çıxarmayan atabəylər çoxdur; elə Səlcuqlu atabəylərinin də əksəriyyəti dövlətə sədaqətlə xidmət göstəriblər. Bununla belə, hər atabəy öz şahzadəsinin haqlarını qorumaq istəyir, eyni zamanda həmin şahzadə taxta çıxacağı təqdirdə özlərinin də böyük imkanlar qazanacaqlarını bilirdilər. Bu isə sonda Səlcuqlu dövləti daxilində müstəqil atabəylərin yaranmasına səbəb oldu. Təkcə Azərbaycanda dörd atabəylik sülaləsi (Aran, Marağa, Azərbaycan və Əhər) yarandı.

Qara Sunqur

Əvvəl də qeyd elədiyimiz kimi, İraq Səlcuqlu sultanı Mahmud 1131-ci ildə gənc yaşda vəfat etdi. Bunun ardınca isə şahzadələr

26

Caməgi – əsgərin maaşdan başqa aldığı bəxşiş

27

Zəndənəci – «zəndanə» sözündəndir. Bu söz xanəndə və ya qadın xanəndə mənasına gəlir. Zəndənəci isə xanəndələr tərzində geyinilən libas mənasına gəlirdi.

28

Saki (və ya saqi) – ərəbcədən tərcümədə bu söz içki paylayan, şərab süzən deməkdir. Xüsusi məclislərdə başda hökmdar olmaqla məclis iştirakçılarının qədəhlərinə şərab süzən xidmətçilər belə adlandırılırdı. Saqilərin inanılmış və sədaqətli olması vacib şərt idi. Bundan başqa, meyxanələrdən tutmuş əsilzadələrin evlərində də eyni işi görənlərə saki (və ya saqi) deyilirdi.

29

Abdar – Səlcuqlu və orta əsr digər müsəlman dövlətlərində saray məmuru. «Taştdar» da adlandırılır. Vəzifəsi hökmdarın əlini yuması və dəstəmaz almasına kömək etmək idi. «Abdar» sözünün farscadan tərcüməsi də elə «su tökən» deməkdir.

30

Camadar – başda sultan olmaqla saraydakıların geyiminə və libaslarına nəzarət edən məmura verilən ad

31

İbn Xəldun (1332 – 1406) – XIV əsr filosofu, dövlət xadimi və tarixçisi