Название | Şəmsəddin Eldəniz |
---|---|
Автор произведения | Əkbər N. Nəcəf |
Жанр | |
Серия | Tarixi yaradanlar |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952244854 |
Sözün həqiqi mənasında dövrün beynəlxalq ticarət mərkəzi olan Dərbənddə müsəlman tacirlərlə yanaşı, rum (Bizans), erməni, rus-varyaq və yəhudi tacirlərinin də dükkanları, anbarları vardı. Xüsusilə rus tacirlərinin kobudluqları barədə müsəlman müəlliflərin əsərlərində geniş bəhs edilir. Rus-varyaqlar ağdərili və sarışın slavyan qullarını gəmilərlə İdil-Xəzər su yolu ilə Dərbəndə gətirirdilər. Slavyan qadınları və gənc oğlanları uzun əsrlər rus-varyaqların başlıca ticarət mənbəyi olmuşdur.
Tarixşünaslıqda «slavyan» kimi təqdim edilən ruslar əslində, varyaq tayfasıdır. Onlar IX əsrin ortalarında slayvan topraqlarına yerləşmədən əvvəl İsveçdə yaşayan və gəmiçiliklə məşğul olan bir qövm idi. Varyaq «talançı» deməkdir.
Müsəlman saraylarına, şəhərlərinə, xüsusilə ərəb zadəganlarının sosial həyatına daxil olan yüz minlərlə slavyan qul və cariyə9 əsrlər boyu rusların özü tərəfindən xəzərlər, macarlar, uzlar, peçeneqlər, qıpçaqlar, franklar və bizanslar vasitəsilə müsəlman tacirlərinə satılmışdılar. Belə məlum olur ki, uzun əsrlər qul bazarlarını dolduran slavyanlar orta əsrlərin «ağ zənciləri» idilər.
Bu böyük «canlı sərmayə», yuxarıda da qeyd elədiyimiz kimi, tacirlər tərəfindən əsasən Dərbəndə yönəldilir, ardınca isə Azərbaycandan keçən tranzit yollar vasitəsilə müsəlman şəhərlərinə – Bağdad, Şam, Kufə, Bəsrə, Xama, Qahirə, Fustat, Məkkə və Mədinəyə göndərilirdi. İngilis əsilli amerikalı tarixçi Bernard Levisin də dediyi kimi, şimal ölkələri ilə müsəlman ölkələrinin əsası VII əsrdə qoyulan ticarət münasibətində Rus torpaqlarının məhsulu olan kürk və balla yanaşı, qullar da xüsusi yer tutur, onlar müsəlman bazarlarına çıxarılırdı. XIII əsr tarixçisi və coğrafiyaşünası Zəkəriyya Qəzviniyə görə isə bu qullara maraq o qədər böyük idi ki, Dərbənd qul ticarəti tənəzzül etdiyi zaman şərqdən, qərbdən, cənubdan və şimaldan gələn tacirlər üzlərini Bizans bazarlarına tutdular.
Müsəlman ölkələrinə axışan qul karvanları, sadəcə, Dərbənddən keçmirdi. Xəzərin şərqindən keçən ticarət yolu üstündəki başlıca dayanacaq Xarəzm idi. İdil-Ural üzərindən gələn qullar Xarəzmə gətirilir, buradan Cürcan və Xorasana nəql edilirdi. XI–XII yüzilliklərdə həmin ərazilər səlcuqların əlində idi. XI əsrdə səlcuqlularla qıpçaq, qay və qun türkləri arasında şiddətli döyüşlər baş vermişdi. Bu döyüşlər qul bazarlarında canlanma yaratmışdı. Xüsusilə də Şərqi Çin və Monqolustanda Qarakitay10 dövlətinin ortaya çıxması ilə həmin bölgələrdə məskunlaşan qun, sarı və qaylar yurdlarını tərk edib Mərkəzi Asiya ərazilərinə köç etməyə başladılar. Onların bir qismi Səlcuqlu torpaqlarına üz tutdular və indiki Əfqanıstan ərazisində yerləşən Bəlxdə məskunlaşdılar.
Həmin tarixdə Monqolustandakı yurdlarını tərk eləmək məcburiyyətində qalan və Sırdərya çayı ətrafına gələn tayfalardan biri də Şəmsəddin Eldənizin mənsub olduğu Uran tayfası idi. XII əsrdə uranlar Səlcuqlu dövləti ilə sərhəddə məskən salmışdılar. Onların Monqolustan ərazisində qalan hissəsi isə Çingiz xanın yaratdığı monqol ittifaqına daxil oldular. Yeri gəlmişkən, Çingizin aparıcı sərkərdələrindən biri Subutay da həmin tayfadan idi.
Səlcuqlu dövlətinin tənəzzülü ilə birlikdə Orta Asiyada güclənən Xarəzmşahlar uran tayfalarını da özlərinə tabe etdirdilər. Maraq üçün deyək ki, Xarəzmşah Əlaəddin Məhəmmədin (1169 – 1221) anası Tərkən xatun məhz uranlardan idi.
Qullar barədə başqa maraqlı faktlar
Qullar barədə danışarkən başqa maraqlı faktlara da göz atmaq pis olmazdı. Bu faktlar həm haqqında danışacağımız dövrlə bağlı təsəvvürlərimizi genişləndirər, həm də Eldənizin qulamlıqdan hökmranlığa yüksəlişini dərindən anlamağa kömək edərdi.
Orta əsrlərdə müsəlman ölkələrində qullar daha çox keyfiyyətlərinə görə qiymətləndirilirdi. Bu mənada əsasən iki cür qul vardı:
1. Keyfiyyətli qullar;
2. Keyfiyyətsiz qullar.
Əgər satın alınan qul və cariyə hər hansı xüsusi qabiliyyətə sahib idisə, sənəti vardısa, yaxud ərəb dilində sərbəst danışır, bu dildə mahnı oxuya bilirdisə qiyməti 100 dinardan aşağı deyildi. Əksinə, satın alınan qul və cariyənin hər hansı bacarığı yox idisə, onun qiyməti 2 dinardan başlayırdı.
Qul alverinin də özünəməxsus xüsusiyyətləri vardı. Qul ticarətində ən mühüm şərtlərdən biri satılan cariyənin təmizliyi idi. Məhz bu səbəbdən slavyan cariyələrin qiyməti 2 dinardan yuxarıya qalxmırdı. Bunun səbəbini X əsrin əvvəllərində Volqa bolqarlarının ölkəsinə qədər səyahət edən müsəlman alim İbn Fazlan belə açıqlayır: «Ruslar Allahın ən murdar məxluqlarıdır. Böyük və kiçik abdəstdən sonra təmizlənmirlər. Cənabət11 olduqları halda yuyunmazlar. Yemək yedikdən sonra əllərinə su vurmazlar…»
Bir sözlə, cariyələrin natəmizliyi, dil bilməməsi, yaxşı rəqs etməməsi onların qiymətinə təsir edirdi. Lakin müsəlman tacirlər cariyələri ucuz alıb baha satmağın yolunu tapmışdılar. Belə ki, ərəb tacirlər 2 dinara satın aldığı cariyələrə bir il boyunca yaxşı təlim və təhsil verdikdən sonra onları 100–500 dinar arasında satırdılar. Cariyələrə əsasən dil, mahnı oxumaq və rəqs etmək tədris edilirdi. Bunu bacarmayanlara isə əl işləri öyrədilirdi.
Qul alverçiləri əsasən azyaşlı qullara üstünlük verirdilər. Bunun da səbəbi var idi: belə ki, həmin qulları yetişdirmək, qul alverçilərinin ifadəsi ilə desək, «əhliləşdirmək» asan idi.
Qulların etnik mənşəyi onlardan istifadə edilən zaman mühüm rol oynayırdı. Məsələn, türk əsilli qullar birmənalı şəkildə ordu sıralarına qəbul olunurdu. Slavyan cariyələr saraylara, malikanələrə xidmətçi kimi götürülür, onlar daha çox eyş-işrət, əyləncə məclislərinə cəlb edilirdi. Slavyan oğlanları isə xədim etdirilir və xacə adlandırılır, bundan sonra onlar sahiblərinin xidmətçilərinə çevrilirdi. Ərəblər nadir hallarda slavyan əsilli qul oğlanları orduya götürürdülər.
Afrikadan gətirilən qulların əməyindən mətbəx, ümumiyyətlə, məişət işlərində, əkinçilikdə, rum əsilli qullardan isə tikintidə istifadə olunurdu.
Xədim olunan qullar öz sahiblərinin ən sadiq adamları idilər. Belələri arasında hətta vəzirliyədək yüksələn qullar var idi. Onlar hökmdarların ən yaxın sirdaşları sayılırdı. Şərq ədəbiyyatında öz sahibləri üçün canını belə qurban verən onlarla xədim qulun hekayəsinə rast gələ bilərsiniz.
Əməvilərin ilk dövrlərində ən bacarıqlı qulun qiyməti 1400 dirhəm (gümüş pul) idi. Müsəlman ərəblərin sürətlə varlanmasından sonra qul əməyindən geniş istifadə olunmağa başlanması qiymətlərin də kəskin artmasına səbəb oldu. Bu proses Osmanın
9
10
11