Üçatılan. Ильяс Эфендиев

Читать онлайн.
Название Üçatılan
Автор произведения Ильяс Эфендиев
Жанр
Серия Azərbaycan ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 9789952245004



Скачать книгу

Mən Savalan dağının ətəklərində ərbab4 üçün qoyun saxlayırdım. Qardaşım da qaçaqdı.

      Eyvaz əmi soruşur:

      – Niyə?

      – Xanla düz gəlmirdi.

      – Bəs niyə qardaşının yanına getmədin?

      – Mümkün olmadı. Qardaşım Təbriz tərəfdə hərlənirdi. Mənsə bəridə, Araz qırağında qoyun saxlayırdım.

      Eyvaz əmi bir az fikirləşib oğlana deyir:

      – Bala, bir halda ki, bizim obaya pənah gətirmisən, qorxma, qoymarıq başından bir tük əskik olsun. Ancaq gərək elə eləyək ki, nə şiş yansın, nə kabab.

      Oğlan soruşur:

      – Nə cür?

      – Yəni elə eləyək, xanın adamları duyuq düşməsinlər ki, sən bu obadasan. Yoxsa olarlar bizimlə qanlı düşmən… Özün bilirsən də, burada asqırırsan, o tayda eşidilir.

      Oğlan tutulub deyir:

      – Neynək, mən baş götürüb gedərəm içərilərə.

      Eyvaz əmi deyir:

      – Qətiyyən olmaz! Biz qapıya gələni boş qaytarmarıq. Adın nədi?

      Oğlan cavab verir ki, adım Tapdıqdı.

      Eyvaz əmi də deyir:

      – Hə… Sən bu gündən olursan «Seyid Tapdıq».

      Oğlan deyir:

      – Axı mən seyid deyiləm.

      Eyvaz əmi gülüb deyir:

      – Ay rəhmətliyin oğlu, dünyada neçə min seyid var… Elə bilirsən onların hamısı elə peyğəmbər övladıdı? Sən bu gündən «Seyid Tapdıq»san, vəssalam.

      Sonra anam nağıl eləyirdi ki, Eyvaz əmi Seyid Tapdığa öz yanlarında qarğıdan balaca bir çavıstan5 tikdirib bir dəst yorğan-döşək verir. Belinə göy qurşaq bağlatdırır. Özü də qonum-qonşuya deyir ki, bu çox nəcib seyidlərdəndir. Babası o tayda ocaqdır.

      Eyvaz əmi kimi mötəbər nəsildən olan adamın da sözü söz idi. Küy düşür oba camaatına. Seyid Tapdığın ziyarətinə gələn kim, nəzir gətirən kim, «ağa, cəddinə fəda olum» deyib qabağında diz çökən kim. Yavaş-yavaş seyidin sorağı qonşu kəndlərə, obalara da yayılır. Seyid Tapdıq başlayır varlanmağa. Qoyun sürüsü düzəldir, ağ alaçıq qayırtdırır. Sonra da Eyvaz əminin bacısı Tavadla evlənmək istəyir. Eyvaz əmi bunu eşidəndə az qalır dünyanı dağıtsın. Tavadı neçə-neçə adlı-sanlı yerlərdən istəyiblər, verməyib, indi gəlsin gədənin biri istəsin?!

      Eyvaz əmi seyidi xəlvətə çəkib deyir:

      – Adə, köpəkoğlu, başına hava gəlib, nədi? Səni mən yalandan seyid elədim ki, acından ölməyəsən, indi qudurub mənim bacımı almaq istəyirsən? Bu saat açıb hər şeyi camaata deyəcəyəm, ondan sonra görüm necə seyid olursan!

      Sən demə, Seyid Tapdıq da az aşın duzu deyilmiş. Eyvaz əmiyə belə cavab verir:

      – Əvvəla, sən bundan sonra durub desən ki, mənim seyid olmağım yalandı, heç kəs inanmaz, deyərlər görən kişinin acığı tutub, nədi?! İkinci də budur ki, qızın öz arzusu da belədi.

      Eyvaz əmi hirslənib and içir ki, əgər bu, yalan olsa, səni it kimi öldürəcəyəm. Sonra çağırıb Tavaddan soruşur ki, bacı, sən o həmşəri gədəsinə getmək istəyirsən? Qız təəccüblə qardaşına baxıb deyir:

      – Qağa, sən ağanın haqqında niyə belə danışırsan? Əstəğfürullah elə! Günahdır. Axı özün deyirdin ki, o, böyük seyiddi.

      – Mən yalandan söz çıxarmışdım, – deyib Eyvaz əmi qışqırır.

      Qız da cavab verir:

      – Bıy, o boyda yalan olar? Camaat tökülüb ağanın ziyarətinə gəlir… Ətəyini öpür… Babası da o tayda ocaqdı…

      Eyvaz əmi yanıb tökülür:

      – Yaxşı, – deyir, – mən onu biabır eləyib buradan qovum, sən də bax.

      Tavad cavab vermir. Ancaq Eyvaz əminin arvadına deyir: «Qardaşıma xəbər ver ki, mən ölsəm də, qalsam da, ağaya gedəcəyəm. Yoxsa günaha bataram».

      Eyvaz əmi baxıb görür ki, daha ağanın qabağına durmaq mümkün deyil. Naəlac qalıb Tavadın «ağa»ya getməsinə razılıq verir.

      … Sonralar Tapdıq bu seyidlik işindən bezib yorulur, çobanlığa başlayır. Günlərini qışda Haramıda, yayda isə dağlarda, qoyun-quzunun arasında keçirir ki, camaat onun seyidliyini yaddan çıxarsın. Bələ də olur. Tərəkəmələr yavaş-yavaş Tapdığın «ağa»lığını unudurlar. Sonralar qardaşı Kərbəlayı Əsəd də bu taya adlayır, burada evlənib qalır.

      Çoban Ərşadın aşiqliyi

      Qış idi, Ərşad da o biri çobanlarla birlikdə Haramıda qoyun saxlayırdı. «Birlikdə» deyəndə ki, hələ kolxoz qurulmamışdı, ona görə də Haramıda hər kəsin öz binəsi6, öz sürüsü var idi. Ərşadın bacısı Narıngül özündən otuz yaş böyük hallı-varlı bir kişiyə getmişdi. Ərşad kiçik qardaşı Əli ilə olurdu. İndi qardaşı ilə bəslədikləri bu sürünü də o, çobanlıqla qazanmışdı. Yəni yaşı on səkkizə çatanda gedib «Təhlə» deyilən tərəkəmə obasında Hacı Kərimə çoban olmuşdu. Məlumdur ki, qoyun artımlı heyvandır. Ərşadın hər il haqqına düşən qoyunlar da doğub törəyirdilər. Dörd ildən sonra o, səksən sağmal qoyunla Kürdobaya qayıtdı. Sürü getdikcə artdı. İndi Ərşadın əməlli-başlı bir sürüsü var idi.

      Günlərin bir günü bir çoban xəbər gətirdi ki, «Zalım Ərşad, nə durmusan, dayın Sərvinazı nişanladı Hacı Tanrıverdinin oğlu Nuruya». Bunu eşidəndə az qaldı Ərşadın başına hava gəlsin. Üstünü qar basmış komada yeddi saat üzüqoylu yatdı. Gecə qaranlıq düşəndə Əliyə dedi ki, sən sürüdən muğayat ol, mən getdim qışlağa.

      Haramı ilə qışlağın arası azı iyirmi beş kilometr idi. Qışda Haramıda çobanlar at saxlamırdılar, ancaq qoyun saxlayırdılar. Ona görə də Ərşad göz-gözü görməyən qış gecəsində qar basmış çöl-biyabanla payi-piyada üz qoydu Kürdobaya tərəf… Yolboyu ürəyində dayısını yamanlayırdı: «Sərvinazı gör götürüb kimə verir? Nuru kimi bir gədəyə! Nə var, nə var, Bakıda oxuyur. Nə var, nə var, Hacı Tanrıverdinin qoyunu çoxdur. Atı, dəvəsi çoxdur. Ay evin tikilsin, ayrı vaxt deyirsən ki, Tavadın uşaqları gözümün işığıdı. Amma işə gələndə, qızı verirsən Hacı Tanrıverdinin gədəsinə!»

      Nəhayət, uzaqdan itlərin hürüşməsi eşidildi. Heç yerdən işıq gəlmirdi. Demək, oba yatmışdı. Ərşad birbaşa dayısıgilə yollandı. Dayısının həyətdəki iti Ərşadın qaraltısını görüncə o yandan bəri götürüldü. Yaxınlaşdıqda Ərşad ona acıqlandı:

      – Nə var, ay it?

      İt Ərşadı tanıyıb səsini kəsdi.

      Ərşad yavaş-yavaş dayısıgilin damına yaxınlaşıb dayandı. Diqqətlə qulaq asdı. İçəridən heç bir səs-səmir gəlmirdi. Sonra ehtiyatla tövləyə yaxınlaşıb balaca kilidi asanlıqla burub sındırdı. Qapını açıb girdi içəri.



<p>4</p>

Ərbab – burada: ağa (red.)

<p>5</p>

Çavıstan – qarğı, taxta və s.dən düzəldilmiş yüngül, kiçik tikili, ev (red.)

<p>6</p>

Binə – köçərilərin mal-qara ilə köçüb, kənddən kənarda məskən saldıqları yer (red.)