Spartak. Рафаэлло Джованьоли

Читать онлайн.
Название Spartak
Автор произведения Рафаэлло Джованьоли
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952241846

Скачать книгу

Sirkin xidmətçiləri meyiti sürüyə-sürüyə Ölüm qapısından çıxartdılar. Camaat əl çala-çala deyirdi:

– Yaşasın Sulla!

Əvvəllər diktator olmuş Sulla yerindən qışqırdı:

– Mən hakimiyyətdən əl çəkdim, amma siz yenə də mənə öz ağanız kimi baxırsınız! Alçaqlar, siz ancaq qul kimi yaşaya bilərsiniz!

Bir az kənarda oturan və Sullanın məiyyətindən olan bir patrisi10 ona etiraz etdi:

– Sulla, hamı qul olmaq üçün doğulmayıb!

Bu cəsarətli adam Lutsi Sergi Katilina11 idi. Onun iyirmi yeddi yaşı vardı.

Katilinanın bu cəsarətli sözünü eşidən Sulla başını sakitcə ona sarı çevirib dedi:

– Necə bilirsən, Romada sənin kimi mərd neçə vətəndaş var?

Katilina ona cavab verdi:

– Ey şanlı Sulla, ancaq onu deyə bilərəm ki, təbiətim etibarilə azadlığı xoşlayıram. Özü də zülmə, istibdada nifrət edirəm. Bircə şeyə inanmaq istərdim: Romada çox vətəndaş bir adamın zülmü altına düşməmək üçün hər əzaba dözməyə hazırdır.

Sullanın üzündə istehzalı bir təbəssüm göründü, o, sakitcə soruşdu:

– Bəs onda niyə məni camaatın qarşısında məhkəməyə cəlb etmirsiniz?

– Ona görə ki, on il Romanı matəmə bürüyən müsibəti yenidən görmək istəmədik… Məqsədim səni təqsirləndirmək deyil. Sən bir çox şanlı qəhrəmanlıqlar da göstərmisən. Görəsən, elə bir adam tapılacaq ki, yenə ali hakimiyyəti zəbt etmək istəsin?

Sulla amfiteatrda oturanları göstərib rişxəndlə gülümsədi:

– Bəli… bu qulları görürsənmi? Onlar istədiyin qədərdir… hökmdarlar da tapılar.

Bu zaman Sullanı diqqətlə izləyən Valeriya arxadan yaxınlaşıb onun yun geyimindən bir sap çəkdi. Sulla təəccüblə geri döndü və ona toxunan qadına baxdı. Valeriya füsunkar bir təbəssümlə dedi:

– Hökmdar, acığın tutmasın! Sapı ona görə çəkdim ki, xoşbəxtliyindən mənə də qismət olsun.

Sulla yenə meydana sarı dönərək Dolabelladan soruşdu:

– Bu kimdir?

Dolabella cavab verdi:

– Messalanın qızı Valeriyadır.

– Kvint Hortenzinin bacısı?

– Hə.

Hortenzi qalxıb Mark Krassa12 yaxın bir yerdə oturdu. Krass çox dövlətli bir patrisi idi. O, gözəl bir qızın yaxınlığında oturmuşdu. Qızın adı Evtibida idi. Bu yunan qızının yaşı iyirmi dörddən çox olmazdı. Mark Krass məftun-məftun ona baxırdı. Hortenzi onu dalğınlıqdan çıxartdı:

– Xoş gördük, Mark Krass! Deyəsən, ulduzları seyrə dalmısan?

– Yaxşı tapmısan. O bizdən iki sıra yuxarıda oturan yunan gözəlini.

– Evtibidanı? O, həqiqətən də, yunan qızıdır… Kurtizan13 qadındır…

– Kurtizan qadın? Amma üzdən elə bil xalis ilahədir! O, harada yaşayır?

– Müqəddəs küçədə…

Birdən şeypur səsləri eşidildi. Bu, sıra ilə qarşı-qarşıya durmuş otuz frakiyalı14 ilə otuz samnitin15 döyüşə başlamasına işarə idi. Danışıqlar, gülüşlər, səs-küy kəsildi, hamının gözü vuruşan qladiatorlara dikildi. İlk toqquşma çox dəhşətli oldu. Vuruşma başlanandan heç beş dəqiqə keçməmiş meydanda qan axmağa başladı. Qladiatorların sıraları seyrəldikcə alqış səsləri daha da gurlaşırdı. Bir saat belə keçdi, vuruşmanın sonu yaxınlaşırdı. Əlli qladiator meydanda yıxılıb qalmışdı. Frakiyalılar dal-dala verib üçbucaq əmələ gətirmişdilər. Onlar qüvvəcə üstün olan samnitlərə qəzəblə müqavimət göstərirdilər.

Sağ qalan frakiyalılar arasında Spartak da vardı. Pəhləvan vücudu, möhkəm əzələləri ona xüsusi yaraşıq verirdi. Spartakın otuz yaşı tamam olmuşdu. O, Frakiyada, Rodopi dağlarında anadan olmuşdu. Vətənini tutmaq istəyən romalılarla vuruşarkən əsir düşmüşdü. İgidliyinə görə Roma legionuna daxil edilmişdi. Lakin romalılar ikinci dəfə frakiyalılarla müharibə edəndə Spartak legiondan qaçıb özününkülərə qoşulmuşdu. Yaralanaraq ikinci dəfə əsir düşmüşdü. Qanuna görə, ordudan qaçanlara ölüm cəzası verilərmiş. Lakin Spartakın ölüm cəzası qladiatorluqla əvəz edilmişdi. Bu hadisədən iki il keçirdi. Onu lanistalardan16 birinə satmışdılar, o da sonralar Spartakı Aksiana satmışdı. Sonuncusu baha aldığı qulunu bu gün ilk dəfə olaraq sirk meydanına buraxmışdı. Sulla bugünkü döyüş üçün Aksiana iki yüz iyirmi min sestertsi17 vermişdi. Spartak öldürülsəydi, Sullanın səxavət göstərərək verdiyi pul Aksiana dəyən ziyanı ödəyə bilərdi. Amma o, yenə də Spartakın hər bir hərəkətini, endirdiyi hər bir zərbəni gərgin halda izləyirdi.

Samnitlər üçün mərc gəlmiş minlərlə tamaşaçı çığırırdı:

– Cürətli olun!

Bu çığırtılara cavab olaraq frakiyalıların tərəfini saxlayanlar daha bərk qışqırırdılar.

Vuruşmanın başlanmasından bir saatdan çox keçmişdi. Spartak ustalıqla döyüşdüyündən yalnız üç yerdən yüngülcə yaralanmışdı. Amma o nə qədər qoçaq olsa da, sonuncu yoldaşının öldüyünü görüb özünün də axırının çatdığını hiss elədi. Birdən ağlına bir fikir gəldi. Geri qaçmağa başladı. Heç əlli addım qaçmamış gözlənilmədən geri çevrildi, ən qabaqda gələn samnitin üstünə cumdu, əyri qılıncını onun döşünə soxdu. Sonra ikinci samnitin üstünə cumdu, onu da qılıncı ilə yerə sərdi. Üçüncüsü özünü yetirdi. Spartak bu dəfə qılıncını işə salmadı, görünür, onu öldürmək istəmirdi. Yalnız qalxanı onun başına vurdu. Samnit zərbədən gicəllənərək yerə yıxıldı. Bu zaman dördüncü samnit yoldaşının köməyinə gəldi. Spartak samnitin üstünə cumdu, bir neçə zərbə ilə qılıncını əlindən saldı. Sonra qüvvətli qolları ilə onu qamarlayıb yerə yıxdı, qulağına pıçıldadı:

– Kriks, qorxma, bəlkə, səni ölümdən qurtara bildim.

Spartak bir ayağını Kriksin, o biri ayağını qalxanla vurub yıxdığı samnitin sinəsinə qoydu; o bu vəziyyətdə xalqın qərarını gözlədi.

Tamaşaçıların, bəlkə də, hamısı baş barmağını açaraq yumruqlarını yuxarı qaldırdı: hər iki samnitə həyat bəxş edildi.

Yüzlərcə adam çığırırdı:

– İgid Spartaka azadlıq verilsin!

Katilina Sullanın qulağına pıçıldadı:

– O, azad olmağa layiqdir!

Sulla

10

Patrisilər – Qədim Romada hakim sinif

11

Lutsi Sergi Katilina (e.ə. 108-62-ci illər) – konsullar və senat əleyhinə sui-qəsd (e.ə. 66-62-ci illər) düzəltmişdir . Katilina xalq kütlələri vasitəsilə hakimiyyəti ələ almaq istəmiş, varlıların torpağını camaata paylayacağını vəd etmişdi. E.ə. 63-cü ildə Siseron sui-qəsdin üstünü açmış, Katilina öldürülmüşdür.

12

Mark Krass (e.ə. 114-53-cü illər) – Spartak üsyanını yatırmağa göndərilən Roma qoşununun başçısı idi. E.ə. 60-cı ilin sonunda Sezar, Pompey və Krass triumvirat düzəltmişlər. Parfiyalılarla müharibədə həlak olmuşdur.

13

Kurtizan qadın – həyat tərzi etibarilə kübar cəmiyyətə mənsub yüngül əxlaqlı qadın

14

Frakiyalılar – Frakiyada yaşayan xalq. E.ə. I əsrdə romalılar tərəfindən istila edilmişdi.

15

Samnitlər – qədim İtaliyanın dağlıq mahalı Samniyada yaşayan xalq. Romalılarla uzun müddət davam edən müharibədən sonra samnitlər tamamilə onların hakimiyyəti altına düşmüşlər.

16

Lanista – qladiatorların müəllimi, həm də qladiatorlar məktəbinin sahibi, onları alıb-satan adam

17

Sestertsi – Qədim Romada işlənən gümüş pul