Название | Hekayələr |
---|---|
Автор произведения | Ги де Мопассан |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242690 |
Onun bu hərəkətinə Gonbul açıq-açığına hirslənmişdi:
– Yox, mənim əzizim, elə anlar olur ki, belə şeylərə yol vermək olmur. İndiki halda, bu vəziyyətdə belə şeyə yol vermək isə ən azı rüsvayçılıqdır.
O, deyəsən, qızın dediklərini başa düşmədi və “axı niyə?” deyə soruşdu. Gonbul onun sözlərini eşidəndə açıq-aşkar hirslənib səsini qaldırdı:
– Niyə? Başa düşmürsünüz, niyə? Bəlkə, binada, elə lap qonşu otaqda prussiyalı var?
Kornyude susdu. Fahişə qızın vətənpərvərlikdən doğan bir həya hissi ilə düşmən olan yerdə kişini özünə yaxın qoymamağı, görünür, onda zəifləməkdə olan şəxsi ləyaqət hissini oyatdı, elə buna görə də qızı öpməklə kifayətləndi və səssizcə çıxıb öz otağına getdi.
Bu səhnəyə tamaşadan bədəni istiləşən Luazo açar yerindən uzaqlaşdı, havada ayaqlarını bir-birinə vuraraq hoppandı, gecə papağını geyindi, arvadının yorğanını qaldırıb yanına girdi, onu öpüşlərlə oyatdı və ehtirasdan titrəyən səslə pıçıldadı:
– Canım-ciyərim, sən məni sevirsənmi?
Bundan sonra binaya dərin bir sükut çökdü. Amma azacıq sonra ya çardaqda, ya da zirzəmidə, haradasa şiddətli, yeknəsəq, ahəngdar bir xorultu başladı. Elə bil poqquldayan buxar qazanından boğuq, uzun bir uğultu qopdu. Bu, cənab Folanvinin xorultusu idi.
Səhər saat səkkizdə yola düşmək qərara alındığından düz vaxtında hamı mətbəxə toplaşdı. Lakin üstünə qar yağmış karet həyətin ortasında dayanmışdı. Nə at qoşulmuşdu, nə də faytonçu gözə dəyirdi. Onu tövlədə, samanlıqda, ot tayalarının arasında axtardılar, tapa bilmədilər. Belə olduqda kişilər ətrafı yoxlamağı qərarlaşdılar və karvansaradan çıxdılar. Gəzə-gəzə gəlib bir meydançaya çatdılar. Meydançanın sonunda kilsə, yanlarında isə iki cərgə alçaq evlər vardı. Evlərdə prus əsgərləri görünürdü. Onlar gördülər ki, əsgərlərdən biri kartof soyur, o biri bir az aralıda dəllək dükanının döşəməsini yuyur, üz-gözünü saqqal basmış bir başqası isə ağlayan bir uşağın üzündən öpür, dizinin üstünə alaraq onu sakitləşdirməyə çalışırdı. Ərləri “döyüşən orduda” olan kök kəndli arvadları tez-tez işarələr edib özlərinin müti qaliblərinə nə iş görmək lazım gəldiyini – odun yarmaq, qəhvə əzmək, şorba bişirmək – göstərirdilər. Əsgərlərdən biri hətta qocalıb əldən-ayaqdan düşmüş bir qarının paltarlarını yuyurdu.
Təəccüblənmiş qraf keşişin evindən çıxan bir ruhanidən bunun nə iş olduğunu soruşdu. Kilsənin köhnə qurdu cavab verdi:
– Bu əsgərlər o birilərinə oxşamırlar, sakitdirlər, deyilənə görə, özləri heç prussiyalı da deyillər. Düzünü bilmirəm haradandırlar, ancaq onu bilirəm ki, uzaqdandırlar, bir az o tərəflərdəndirlər. Onların özlərinin də evdə arvad-uşaqları qalıb, həm də müharibədən bir şey qazanmırlar. Yəqin ki, bunların arvadları da orada ərlərindən ötrü göz yaşları axıdırlar. Burada olduğu kimi oralar da qarma-qarışıqlıqdır. Hələlik bizim bu əsgərlərdən şikayətlənməyə əsasımız yoxdur. Bizə bir pislikləri keçməyib, başlarını aşağı salıb öz evlərindəki kimi işləyirlər. Necə olursa olsun, ağa, gərək kasıblar bir-birinin əlindən tutsun… Özünüz yaxşı bilirsiniz ki, müharibəni kasıblar yox, varlılar törədir.
Kornyude qaliblərlə məğlublar arasında yaranan bu cür səmimi ünsiyyətdən hirsləndi, burada faytonçunu axtarmaqdansa qayıdıb aşxanada oturmağı lazım bildi. Luazo zarafatla dedi:
– Onlar doğub-törətməyə kömək edirlər.
Cənab Karre-Lamadon ciddi tərzdə etirazını bildirdi:
– Onlar kainatın boş qalmaması üçün əlləşirlər.
Faytonçu görünmürdü. Nəhayət, onu kənd meyxanasında, bir zabit nökəri ilə oturub qardaşcasına yeyib-içən yerdə tapdılar.
Qraf:
– Məgər sizə saat səkkizdə atları qoşmağı əmr etməyiblər? – deyə soruşdu.
– Bəli, ancaq sonra əmri dəyişdirdilər.
– Nə dedin?
– Dedilər ki, atları heç qoşmayacaqsan.
– Bunu kim əmr edib?
– Necə yəni kim? Prus komendantı.
– Niyə?
– Mən haradan bilim? Gedin özündən soruşun, icazə vermirlər, mən də atları qoşmuram, vəssalam!
– O bunu sənə özü dedi?
– Yox, cənab, əmri onun adından aşxana sahibi dedi.
– Nə vaxt?
– Dünən axşam, yatmazdan əvvəl.
Sərnişinlərin üçü də böyük həyəcanla geri qayıtdı.
Cənab Folanvini çağırmağı qərara aldılar, ancaq qulluqçu qız dedi ki, astması olduğundan o, yuxudan saat ondan tez durmur. Dönə-dönə tapşırıb ki, bircə yanğından başqa, qalan vaxtlarda onu tez oyatmasınlar.
İstədilər zabitlə görüşsünlər, amma o, burada, karvansarada yaşasa da, onunla görüşmək müşkül iş idi, çünki belə məsələlər barədə zabitlə danışmaq ixtiyarı yalnız cənab Folanviyə verilmişdi.
Gözləməyi qərara aldılar. Arvadlar öz otaqlarına çəkilib xırda-xuruş işlər görməyə başladılar.
Kornyude mətbəxdə, alovlanan ocağın yanında yerini rahatladı. O əmr etdi ki, yemək otağından bir stol və bir şüşə pivə gətirsinlər, dərhal da demokratlar arasında sahibi qədər hörmət qazanmış qəlyanını çıxartdı. Elə bil bu qəlyan sahibinə xidmət göstərəndə birbaş vətənin özünə də xidmət göstərirdi. Odadavamlı ağacdan qayrılmış bu qəlyan çoxdan çəkildiyindən sahibinin dişi kimi qaralmışdı, amma əyri müştüklü bu qəlyan indi parıldayırdı, ətrafa ətir saçırdı, sahibinin əlində yaraşıqlı görünürdü, qəlyan ona, o da qəlyana yaraşırdı və onu qəlyansız təsəvvür etmək çətin idi. Gözünü gah ocağın alovuna, gah da pivənin rənginə zilləyib dayanırdı. Hər dəfə pivədən bir qurtum içəndən sonra sümüyü çıxmış uzun barmaqlarını yağlanmış, pırpız saqqalının tükləri arasına salır və dili ilə bığına bulaşmış pivə köpüyünü yalayırdı.
Luazo ayaqlarının üyüşüyünü almaq bəhanəsi ilə karvansaradan çıxdı. Əslində, onun məqsədi yerli alverçilərlə görüşmək və onlarla sövdələşib çaxır satmaq idi. Qrafla fabrikant siyasətdən söhbət etməyə başladılar. Fransanın gələcək taleyi haqqında öz mülahizələrini söylədilər. Biri orleanlara ümid bəsləyirdi, o biri isə ən ağır dəqiqələrdə peyda olacaq xilaskara. Kim bilir, bəlkə, yeni bir dü Geklen, Janna d'Ark və ya I Napoleon meydana çıxacaqdı? Kaş imperatorun oğlu balaca olmayaydı. Kornyude onlara qulaq asaraq taleyin işini əvvəlcədən bilən bir adam kimi gülümsünürdü. Onun qəlyanının iyi mətbəxə dolmuşdu.
Saat onda cənab Folanvi gəldi. Onu dərhal sorğu-suala tutdular. O, eyni sözləri, bir kəlmə də dəyişmədən, bir neçə dəfə təkrar etdi:
– Zabit mənə belə dedi: “Cənab Folanvi, bu sərnişinləri