Çovdarlıqda uçurumdan qoruyan. Дж. Д. Сэлинджер

Читать онлайн.
Название Çovdarlıqda uçurumdan qoruyan
Автор произведения Дж. Д. Сэлинджер
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952243833 



Скачать книгу

title>

      1

      Əgər, doğrudan da, başıma gələn bu sarsaq əhvalata qulaq asmaq fikrindəsinizsə, yəqin, ilk olaraq bilmək istəyəcəksiniz ki, harada və haçan anadan olmuşam, uşaqlığım hansı bəd əməllərlə əlamətdar olub, mən doğulanacan valideynlərim nə işin sahibi olublar… Ancaq düzünə qalsa, mənim köhnə palan içi tökməyə heç həvəsim yoxdur. Əvvəla, ona görə ki belə şit şeylərdən zəhləm gedir, ikincisi də, əgər burda valideynlərim barədə bir-iki qəşəng, gəlişixoş söz desəm, onları infarkt vurar. Valideynlərim belə şeylərə dözümsüzdürlər, illah da atam. Gözəl adamlardır – buna sözüm yox, – ancaq neyləyəsən, çox dəymədüşərdirlər.

      Sizə, sadəcə, keçən Milad bayramında başıma gələn sarsaq bir əhvalatdan söhbət açmaq istəyirəm. D.B-yə də elə bunları danışmışam, necə olsa, yenə də qardaşımdır axı. O indi Hollivuddadır. Hollivud qaldığım bu murdar sanatoridən çox da uzaqda deyil, ona görə az qala hər həftə bura məni yoluxmağa gəlir. Evimizə də məni elə o özü aparacaq: gələn ay, bəlkə, çıxdım bu xarabadan. Lap bu yaxınlarda qət-təzə bir «Jaguar» alıb. İngilis maşınıdır, yığcam, qutu kimidir, saatda iki yüz mil1 sürəti var. Onun üçün düz dörd min sayıb. İndi əclafın pulu yaman çoxdur. Əvvəlki kimi deyil. Əvvəllər evimizdə yaşayanda əsl yazıçı idi. Bir əla hekayələr kitabı da yazmışdı: «Gizlədilmiş balıq». Yəqin, eşitmiş olarsınız. O kitabda ən yaxşı hekayə də elə «Gizlədilmiş balıq»dır. Balaca oğlan uşağından danışılır; oğlanın lap balaca balığı olur və bunu hamıdan gizlətməyə çalışır, çünki onu öz puluyla alıb. Dəhşət hekayədir! İndi qardaşım Hollivuda köçüb, orada yaşayır, əməllicə yolunu azıb. Dünyada zəhləm gedən bir şey varsa, o da kinodur. Adını eşidəndə ürəyim bulanır.

      Deyirəm, elə Pensi məktəbini tərk etdiyim gündən başlasam, yaxşı olar. Pensi – Pensilvaniya ştatı, Egerstaun şəhərində qapalı internat məktəbidir. Bəlkə də, haqqında eşitmisiniz. Hər halda, məktəbin elanını hökmən görmüş olarsınız: üzündən sırtıqlıq yağan oğlan uşağı irişə-irişə at belində hasarın üstündən uçur. Guya Pensidə sənin bütün günü iş-gücün at çapmaq, polo2 oynamaq olacaq. Amma mən o xarabanın nəinki özündə, heç həndəvərində də ata-zada rast gəlmədim. Şəklin altında isə həmişə eyni şeyi yazırlar: «1888-ci ildən bəri bizim məktəbdə cəsur və dərrakəli oğlan uşaqları tərbiyə olunur». Mənə də yox da! Hər yerdə necə, orada da elə: heç kimə heç nə öyrətmirlər. Bir də ki orada bir nəfər də olsun «cəsur və dərrakəli oğlana» rast gəlmədim. Bəlkə də, yaxşı-yaxşı axtarsaydın, bir-ikisi tapılardı, ancaq onlar da hələ Pensiyə gəlməmişdən qabaq o cür idilər.

      Qısası, şənbə günüydü və Sekson-hollda futbol yarışı gedirdi. Bu oyunu uduzmaq Pensi üçün ölümdən betərdir. Final oyunu idi və əgər Pensi bu gün uduzsaydı, gərək hamımız özümüzü asaydıq. Yadımdadır, həmin gün saat 3 radələrində Tompson təpəsində istiqlaliyyət müharibəsi3 dövründən burada atılıb qalmış sınıq-salxaq topun böyründə oturub oyuna baxırdım. Buradan bütün meydança əla görünürdü. Uşaqlar özlərini tamam həlak eləmişdilər. Tribunalar buradan o qədər yaxşı görünməsə də, oradakıların bağırtılarını aydınca eşidirdim.

      Adətən, futbola qızlar az gəlirlər. Yalnız yuxarı sinifdə oxuyan oğlanlara qızlarla birgə stadiona gəlməyə icazə verilir. Nə deyirsiniz deyin, bu məktəbin qaydaları da özü kimi zırramadır, vəssalam. Mən harada olursa olsun qızlarla bir yerdə olmağı xoşlayıram.

      Qızlardan təkcə bizim direktorun qızı Selma Termer tez-tez futbola gedir. O, pis qız deyil, ancaq ürəyimə yatmır. Bir dəfə avtobusda onunla yolyoldaşı olmuşam. Xeyli söhbət elədik. Xoşuma gəldi. Düzü, bir az uzunburundur, dırnaqlarını da elə çeynəyirdi ki, az qalırdı onlardan qan sızsın. Bir yaxşı cəhəti var idi ki, söhbət zamanı atasını tərifləyib gözümə soxmağa çalışmadı. Yəqin, o zırramanın hansı yuvanın quşu olduğunu özü də çox yaxşı bilir.

      Stadiona getmək əvəzinə Tompson təpəsinə dırmaşıb oyuna oradan tamaşa eləməyimin səbəbi vardı: qılıncoynadanlar komandasının tərkibində Nyu-Yorkdan təzəcə qayıtmışdım. Mən bu heyvərə komandanın həm də kapitanıydım. Hə, yaman böyük vəzifə sahibiydim. Amma yarış baş tutmadı, çünki rapiralarımızı4, idman formalarımızı, bir sözlə, zir-zibillərimizin hamısını yolda itirdim. Yadımdan çıxıb, deyəsən, metroda qalmışdı. Günah məndə deyildi. Tez-tez durub vaqondakı sxemə baxırdım, çünki düşəcəyimiz stansiyanı yaxşı tanımırdıq. Bir sözlə, geri qayıdanda gecikdik, Pensiyə nahar vaxtı əvəzinə saat 3-ün yarısında çatdıq. Yolboyu uşaqlar mənim huşsuzluğumu lağa qoyub güldülər. Amma, doğrudan da, gülməli idi.

      Stadiona getməməyimin bir səbəbi də o idi ki, qoca Spenserlə, bizim tarix müəllimi ilə görüşüb vidalaşmalıydım. Qocanı qrip tutmuşdu. Fikirləşirdim ki, bu gün getməsəm, Milad bayramı başlananacan onunla görüşməyə fürsət tapmayacağam. Həm də xəbər göndərmişdi ki, evə yola düşməmişdən qabaq mənimlə danışmaq istəyir. Bilirdi ki, daha Pensiyə qayıdan deyiləm.

      Hə, yadımdan çıxdı deyəm: axı məni bu andıraqalmış məktəbdən qovublar! Qış tətilindən sonra bura qayıtmağımın mənası yox idi, çünki dörd fəndən kəsirim vardı. Min dəfə xəbərdarlıq eləmişdilər: çalış, oxu, yoxsa qovulacaqsan. Rübün ortalarında valideynlərimi də Termerin yanına çağırdılar, yenə mənə təsir eləmədi. Ümumiyyətlə, Pensidə çox uşaq qovulur.

      Dekabr ayı idi, soyuq iliyə işləyirdi, illah da bu lənətə gəlmiş təpənin başında. Əynimdə gödəkçə vardı, əlcək-zad yoxdu. Bir həftə qabaq dəvə dərisindən olan paltom yataqxanadakı otağımızdan yoxa çıxanda isti əlcəklərim də paltonun cibində getdi. Bu lənətə gəlmiş məktəbdə oğurluq kefin istəyən qədərdir. Burada oxuyanların çoxu imkanlı ailədəndir, di gəl, gündə bir şey oğurlanır. Bahalı məktəbin oğrusu da çox olur. Nə isə, hələ də çərdəymiş topun yanında oturub oyuna tamaşa eləyirdim, yancaqlarım soyuqdan buz bağlamışdı. Gözüm stadionda olsa da, fikrim başqa yerdəydi. Əslinə qalsa, ona görə burada ilişib qalmışdım ki, həmişəlik getdiyimə necəsə sevinmək istəyirdim. İndiyə qədər neçə məktəbdən, neçə yerdən ayrılmışamsa, heç zaman heç kimlə vidalaşmamışam. Belə şeylərdən zəhləm gedir.

      Buradan həmişəlik canımı qurtardığıma əmin olandan sonra geriyə dönüb yamacla üzüaşağı – qoca Spenserin evinə sarı götürüldüm. O, məktəb korpusunda yaşamırdı.

      Yolboyu dayanmadan qaçdım, sonra ayaq saxlayıb bir dəqiqəliyə nəfəsimi dərdim. Açığını deyim ki, tez-tez təngnəfəs oluram. Əsas səbəb də odur ki, keçən il vərəmə tutuldum, ona görə də məni bu çərdəymiş sanatoriyə müayinəyə və müalicəyə göndərdilər.

      Off! Axır ki, qoca Spenserin evinə çatdım. Əl atdım zəngin düyməsinə. Əməlli-başlı donmuşdum. Qulaqlarım göynəyirdi, barmaqlarımı isə güclə tərpədə bilirdim. Nəhayət, missis Spenser gəlib qapını açdı.

      – Holden! – missis Spenser dedi. – Xoş gəlmisən! Gir içəri, gir içəri, əzizim! Lap donmusan!

      Mənim gəlişimə şad idi. Hər halda, mənə elə gəlirdi.

      Özümü tezcə evə təpdim.

      – Necəsiniz, missis Spenser? – dedim. – Mister Spenser necədir?

      – Gödəkçəni bura ver, əzizim, – o dedi. Nə soruşduğumu eşitmədi. Çünki bir balaca karlığı var idi.

      Gödəkçəmi dəhlizdəki paltar şkafından asdı, mənsə əlimi saçıma çəkdim. Saçımı qısa vurdurduğumdan çox vaxt heç daramaq da lazım gəlmir.

      – Nə var, nə yox, missis Spenser? – eşitməsi üçün bu dəfə bərkdən soruşdum.

      – Yaxşıyam, Holden, yaxşıyam! – şkafın qapısını örtdü. – Bəs sən necəsən?

      Səsindən başa düşdüm ki, mister Spenser məktəbdən qovulmağımı ona xəbər verib.

      – Mən də yaxşıyam, – dedim. – Mister Spenser necədir? Qripi hələ sağalmayıb?

      – Hara sağalır?! Holden,



<p>1</p>

Mil – 1420 metrə bərabər məsafə ölçü vahidi

<p>2</p>

Polo – top ilə komanda şəklində oynanılan atüstü idman növü

<p>3</p>

İstiqlaliyyət müharibəsi – 1775–1783-cü illərdə ABŞ və İngiltərə arasında baş vermiş müharibə

<p>4</p>

Rapira – dördüzlü uzun elastik tiyəsi olan itiuclu silah (indi ancaq təlim və qılıncoynatma idmanında işlədilir)