Название | Qoca və dəniz |
---|---|
Автор произведения | Эрнест Миллер Хемингуэй |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242683 |
Oğlan xəbər aldı:
– Ustad, qəhvə içmək istəmirsən?
– Əvvəl şeyləri aparıb qayığa qoyaq, qəhvəni sonra içərik.
Qəsəbədə səhər tezdən dənizə çıxan balıqçılara xidmət göstərən bir aşxana vardı. Qoca ilə oğlan şeyləri aparıb qayığa qoyandan sonra həmin aşxanaya getdilər. Adama bir qab qəhvə içdilər. Oğlan dedi:
– Ustad, necə yatdın? – Oğlanın gözlərindən hələ də yuxu tökülürdü, tez-tez əsnəyirdi, üz-gözündə əzginlik vardı.
Oğlan kəndiri zənbilə qoydu, nizmi və zənbili götürüb bayıra çıxdı. Qoca yamaqlı köhnə yelkən sarınmış dorağacını çiynim qaldırıb onun dalınca getdi.
– Manoli, bu gecə çox şirin yatmışam. Mənə elə gəlir ki, bu gün bəxtim yaman gətirəcək.
– Mən də belə düşünürəm, ustad, işin yaxşı olacaq, – deyib oğlan ayağa durdu, – mən indi gedim sənə də, özümə də sardina gətirim. Hələ balıq yemi də götürməliyəm. İndi işlədiyim qayıqda bütün işləri sahibkar özü görür; kömək eləyəndə acığı gəlir.
Qoca dedi:
– Balıqçıların çoxu elədir. Mənimlə özünə baxma. Biz dostuq. Hələ sən beş yaşında ikən icazə verdim ki, şeyləri daşıyıb balıqçılığı öyrənəsən.
– Elədir, ustad, biz dostuq, – oğlan fərəhləndi, – mən qayıdana qədər sən bir az da qəhvə iç. Bu dəqiqə gəlirəm. Yaxşı ki, burada bizə nisyə şey verirlər.
Oğlan yem gətirmək üçün tez buzxanaya qaçdı.
Qoca balıqçının bütün gün dilinə heç nə dəyməyəcəkdi. Bu qəhvə onun həm səhər yeməyi, həm naharı, həm də, bəlkə, şamı idi. Buna görə də qəhvəni ləzzət ala-ala, aramla içirdi. Axır vaxtlar qoca yeməyə o qədər də meyil göstərmirdi. Dənizə gedəndə su dolu şüşədən başqa heç nə aparmırdı. Su sərin qalsın deyə şüşəni qayığın burun tərəfində gizlədərdi. Su onun üçün hər şey idi.
Oğlan sardina ilə balıq yemi gətirdi. Onlar sahilə yollandılar. Yeridikcə ayaqlarının altından çınqıl sıçrayırdı. Sahilə çatıb qayığı suya saldılar.
Oğlan dedi:
– Ustad, yaxşı yol!
– Sənə də! – qoca balıqçı oğlana uğur dilədi.
O, kəndiri avarlar bənd edilən halqalardan keçirib mıxlara bağladı. Yerində əyləşib kürəkləri götürdü, sinəsini qabağa verib başını əydi, suyu yara-yara dənizə çıxdı. Hava qaranlıq idi, səhərin gözü hələ açılmamışdı. Sahilboyu səpələnmiş başqa qayıqlar da bir-bir hərəkətə gəlir, dənizə çıxırdı. Qoca onları görməsə də, avarlara müqavimət göstərən liman sularının şappıltısını eşidirdi. Aypara təpənin arxasında gizləndiyindən heç nə görünmürdü. Vaxtaşırı hansısa qayıqdan adam səsi gəlirdi. Qayıqların çoxunda sakitlik idi. Dənizin sinəsini tez-tez yaran avarların səsi sükutu pozurdu. Bir azdan qayıqlar limanı arxada qoyub geniş okeana səpələndi. Səxavətli dənizin tükənməz nemətindən bir balıq qopartmaq ümidi ilə hərə bir yönə üz tutdu. Qoca balıqçı bu gün çox uzaqlara getməyi fikrində tutmuşdu. Okeanın səhər havası, ucsuz-bucaqsız mavi suları onu ağuşuna alırdı. Tozlu-tüstülü sahildən uzaqlaşdıqca hava saflaşırdı. Suyun üstündə tək-tək dəniz yosunları işıldayırdı. Bu fosforlu işıltılar qocanın diqqətini çəkdi. Bu aralarda okeanın dərinliyi birdən-birə artıb yeddi yüz dəniz sajınına2 çatırdı. Ona görə də balıqçılar həmin yeri “dərin quyu” adlandırırdılar. Müxtəlif istiqamətli sualtı axınlar burada qovuşur, şiddətlə sualtı qayalara çırpılıb burulğan əmələ gətirirdi. “Dərin quyu”da hər növ balıq vardı. Xırda balıqlar, dəniz xərçəngləri daha çox idi. Onlar axşamlar suyun üstünə qalxır, şikara çıxmış iri balıqlara yem olurdular.
Qaranlıq olsa da, qoca balıqçı səhərin yaxınlaşdığını duyurdu… Avar tərpəndikcə qayıq irəliləyirdi. Balıqlar sudan sıçrayıb havada mayallaq aşır, təzədən suya düşürdü. Balıq süzdükcə üzgəci vıyıldayırdı. Qoca qanadlı balıqları ayrıca bir istəklə sevirdi. Onlar balıqçının geniş okeandakı əsl dostları idi. O, quşları da sevirdi, ancaq onlara həm də yazığı gəlirdi. Daim dən axtaran, amma dimdiyinə heç nə keçməyən xırda, zərif su qaranquşlarının halına yaman acıyırdı. Qoca fikirləşdi: “Yazıq quşların həyatı bizimkindən qat-qat ağırdır. Əlbəttə, yırtıcı quşları demirəm. İndi ki okean belə amansızdır, su qaranquşu kimi zəif quş niyə yaradılıb? Doğrudur, dəniz çox vaxt mərhəmətli olur. Amma coşanda üzünü görmə. Elə aşır-daşır ki, göz açmaq olmur. Yem axtaran bu yazıq quş dəhşətli fırtınalarda dənizə baş vurmalı olur, dimdiyinə keçən xırda balığı dalğaların əlindən alır. Bir şey çıxmayanda civildəşə-civildəşə fəryad qopardırlar, elə bil şikayətlənib dərdləşirlər. Bu cılız məxluq hüdudsuz okeanın əzəməti qarşısında heç nədir”.
Qoca dənizi ürəkdən sevirdi. İspaniyada dəniz aşiqləri onu la mar – pəri deyə əzizləyirdilər. Arabir acıqları tutanda pisləsələr də, çox vaxt hörmətlə yad edirlər. Üzgəc əvəzinə kəndirə tıxac bağlayan, köpəkbalığının qaraciyəri tapılmayanda çoxlu pul qazanmaq üçün motorlu barkasda balıq tutmağa gedən cavanlar ona rəqib kimi baxır, onu erkək adlandırırlar. Onlar lazım oldu-olmadı dənizi lənətləyirlər. Qoca üçünsə dəniz hər şey idi, onun həyatı idi. Ona ilahə kimi baxırdı. Bu ilahə insan oğluna nələr vermir?! O nə qədər səxavətli, nə qədər lütfkardır! Dəniz qəzəblənib qocanı incidəndə, üz döndərib heç nə verməyəndə belə balıqçı ondan şikayətlənmirdi. Neyləmək olar, dənizin təbiəti belədir. “Ay qadını ehtirasa gətirdiyi kimi, dənizi də coşdurur”, – qoca düşündü.
Okean sakit olduğundan qoca balıqçı özünü gücə salmadan aramla avar çəkirdi. Sualtı axın olan yerlərdə dalğalar qayığı sürükləyib aparır, işi xeyli asanlaşdırırdı.
Dan yeri söküləndə balıqçı ətrafa göz gəzdirib düşündüyündən çox-çox uzaqlara üzdüyünü gördü. “Su dərin olan yerlərdə düz bir həftə qarmaq atdım, bir dənə də balıq tuta bilmədim, – fikirləşdi, – bu gün bopito, albanor balıqları çox olan yerlərdə bəxtimi sınayacağam. Bəlkə də, axtardığım iri balıq onların arasındadır”.
Dan söküləndə qoca qarmaqlara yem keçirib tilovları suya atdı. Ləpə qayığı aparırdı. Tilovlardan birincisi qırx, ikincisi yetmiş beş, üçüncüsü yüz, dördüncüsü isə yüz iyirmi beş dəniz sajını dərinliyə düşdü. Qoca qarmaqlara cərgə ilə sardina taxmışdı; hamısının da gözlərini qarmağa keçirmişdi, beləliklə, qarmaqlar yarımdairə yem çələngi əmələ gətirirdi. Bu da dənizdəki balıqları şirnikdirib aldadacaqdı; həm də iri balıqlar yemə yaxınlaşmaqdan qorxmayacaqdı, çünki qarmağın hər tərəfində eyni dadı, eyni ləzzəti duyacaqdı.
Oğlanın verdiyi bir cüt təzə tunes balığını qoca ən dərinə atdığı tilovlara keçirmişdi, o biri iki tilovdan birinə abı
2