Название | Quşların intiharına ağlamayın |
---|---|
Автор произведения | Zahid Sarıtorpaq |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-8371-0-0 |
– “Yox… ana, desəm, sən öləcəksən, öləcəksən, öləcəksən…” – deyib inadından dönməzdi. Anası da deyərdi ki, “vallah, sən dəli olmusan…” İndi yadına salanda miskin keçmişinə ögümək istəyirdi, başına gələnləri gözləri önünə gətirəndə, hirsindən ödü ağzına gəlirdi az qala. Hərçənd Yolçu Qarabağda əsgərlik çəkən qardaşına dəyməyə gedərkən avtomobil qəzasına düşüb ölmüşdü, Canpoladsa Rusyətə çörək dalınca gedib ilişib qalmışdı oralarda. Yəni Qaraqızın bu yaşda onlarla rastlaşmaq problemi yox idi ki, ölüb yerə girsin. Əvvəllər bu haqda çox fikirləşir, olub-keçənləri ürəyinə dərd edir, “belə getsə, özümü öldürəcəm” deyirdi. Çıxış yolu tapmayanda, ömrünün gələcək adlı tək bircə nəfəsliyi vardı ki, onun aynasını qırıb dərindən ah çəkirdi. O dar nəfəslikdən yer üzünün bütün kişilərinə nifrət etdiyini hayqırırdı. Sonra da çarəsizcəsinə: “olan olub, torba dolub” – söyləyir və təsəllini bu düşüncələrdə tapırdı: “Uşaq olmuşam, neyləyim? Allah özü görür ki, məni aldadıblar…”
Bakıdan gələndən iki gün sonra Rzaya xəbər elədi ki, “vəziyyət yaxşı deyil, Minaxanımın canı gəlib durub ağzının içində, keçinməmiş özünü çatdır, yoxsa ortada tək qalaram”.
Neçə gün idi qonşu qadınlar gecə keçənəcən can üstə olan xəstənin yanında otursalar da axırda gedir, Qaraqıza: “bir şey olsa xəbər eləyərsən…” – deyirdilər.
Halsız olsa da, hərdən hadisələri qarışdırsa da Minaxanımın ağlı-düşüncəsi yerindəydi, yaddaşı itməmişdi. O gecə çarəsiz gözlərini bacısının üzündə gəzdirib sakitcə pıçıldadı:
– Qaraca, bacı qurban… Dədəmizin axırıncı günü gəlir eey gözümün qabağına… Sən də yəqin unutmamısan… Yadındadı?
İki gün idi ki, Qaraqızın ürəyi bacısının söhbətlərindən yara olmuşdu. O, elə hey xatirələri “qurdalayır”, elə günlərdən, elə anlardan söz salırdı ki, sakit dinləmək olmurdu.
– Ay bacı, belə şeyləri nöş yadına salırsan axı? Yaxşı şeylərdən danış, sən Allah…
– Sözümü kəsmə… De görüm, yadındadı?
Qaraqız bacısının inadkarlığını bilirdi, ona görə sakitcə köksünü ötürüb:
– Yox, – dedi, – onda çox balacaydım… Amma bilirəm ki, dədəmiz səksən ikidə ölüb…
Minaxanım gözlərini yumub bir qədər eləcə qaldı, sonra dərindən bir ah çəkdi, kipriklərini bərk-bərk bir-birinə sıxdı, gözünün suyu süzüldü. Ardınca da elə bil deyəcəklərini örtülü göz qapaqlarının arxasından söz-söz oxuyub pıçıldamağa başladı:
– Səksən ikidə yox… səksən birdə… Hə, dəqiq bilirəm, səksən birin yazıydı, səksən birin… Alça ağacımız təzəcə gülləmişdi. Hava istiydi. Həyətdə köhnə çarpayımıza uzatmışdılar onu. Özü belə istəmişdi. Yəqin evdə ürəyi darıxırdı. Off… bacı… İndi bilirəm yazıq dədəmiz nə çəkirmiş. Yanında anamızdan, bir də dostu Bədəl əmidən başqa heç kim yoxuydu. Ana qayıtdı ki, “a Mirzə, gözünü yuxarı nə çox zilləyirsən, yəqin oralarda dinclikdi, hə? Yəqin oralarda hər şey ürəyincədi, hə?” Bilirdin də ana rəhmətliyin solaxay suallar verməyini… Yeri gəldi-gəlmədi, tutuzdururdu elə haa… “Yox… – dedi rəhmətlik dədə, – yox, Pakizə… Orda nə əmin-amanlıq ola bilər axı?…” Gözünün yaşını örpəyinin ətəyinə silə-silə, dünyadan bixəbər, avam anamız soruşdu: “Niyə?” Hə, Qaraca, sən də durmuşdun alça ağacımızın altında, tayqıç kuklanı oynada-oynada yenə baş barmağını sorurdun həmişəki kimi, hə, lap gözümün qabağındadı, çox balacaydın onda, çox balaca… dörd yaşın vardı, səni hamımız çox istəyirdik, hamımız…
Minaxanımın gözündən bir cüt yaş gilələnib üzünün qırışıyla aşağı süzüldü, Qaraqız yaylıqla quruladı. O isə udqunaraq sözünə davam elədi:
– Hə, anamız rəhmətlik soruşdu ki, “niyə, a Mirzə?” Atamız behiştlik gülümsədi. Bu onun sonuncu dəfə gülümsəməsiydi, indiyəcən gözümün qabağındadı, ona görə sonuncu dəfə deyirəm ki, elə həmin axşam öldü… Hə, dədəmiz işığı öləzimiş gözlərini dostu Bədəl əmiyə çevirib güclə eşidiləcək o xırıltılı səsiylə: “Bu nə danışır, a Bədəl, – dedi, – göyün üzündə haçan əmin-amanlıq olub axı, hə? Ora yerdən də dolaşıq xarabadı, elə deyil, sən Allah?…” Bir xeyli udqundu, udqundu, axı yazıq dədəmizin boğazındaydı o adıbatmış. Keşkə elə mənim də boğazımda olaydı, başımda olaydı, amma qanımda yox… Qaraca, keşkə, tez aparaydı məni bu çərdəymiş… Sənə də sitəm eləməyəydim bu qədər…
Qaraqız bacısının getdikcə daha da soyuyan əlini ovcunda yüngülcə sıxıb-silkələdi, etirazını sanki bununla bildirdi: yəni ki, “bəsdi, bacılı, bəsdi, sənə canım qurban, borcumdu qulluğunda durmaq…”
Minaxanımın ağ qanı qırmızı qanını yeyirdi. Bir gün öncə evə çağırdığı tanış həkim də Qaraqıza xısınlamışdı ki, dava-dərmanın artıq əhəmiyyəti yoxdu, nə yaşasa qənimət bilin.
Xəstəlik tapandan üzü bu yana həkimlərə, müalicəyə, həm də dolanışığına çəkilən bütün xərclərini Qaraqız ödəyirdi. Ondan başqa kim ödəyəcəkdi ki? İndi “keşkə, tez aparaydı məni bu çərdəymiş… sənə də sitəm eləməyəydim” deyəndə, xəstə bacısı həmin şeylərə işarə vururdu.
Minaxanım sözünə davam elədi:
– …hə, dədəmiz sonra dedi: “Bax, Pakizə, göyün üzü çox dolaşıqdı, çox… Fikir versən görərsən ki, orda həmişə ley qaranquşdan qorxur, qaranquş sərçədən qorxur, sərçə də leydən… Heç ordan baş açmaq olur ki? Orda da hər şey dolaş-bulaşdı… orda dinclik nə gəzir, Pakizə, rahatlıq hardadı, a zalım qızı?.. Baxıram daa, nə bilim niyə baxıram… Bəlkə elə bilirsən mən qarışqayam, hə? Qarışqa kimi, ölümqabağı qanad çıxardıb uçub gedəcəm göyün üzünə, hə?” Hə, ölümündən bir neçə saat qabaq belə demişdi dədəmiz… İndi bilirsən niyə yadıma saldım bunu? Hardan biləsən axı… Ona görə ki, bacı… mən indi göyə olmasa da, səhər-axşam bu evin içində tavana, divarlara baxıram, amma niyə baxdığımı, vallah, anlaya bilmirəm, dədəmiz demişkən, baxıram daa, nə bilim niyə baxıram… Hərçənd qapı-pəncərəmiz divarlarımıza, divarlarımız tavanımıza, tavanımız döşəməmizə yaraşır… Lap Ələddin mənə yaraşan kimi… yaraşır, vallah… Bu sözləri dilinə gətirincə Minaxanımın gözlərindən yenə iki damla iri göz yaşı qumsallıq rənginə çalan yanaqlarına süzüldü, Qaraqız yaylıqla silənə qədər, elə bil, orayaca hopdu.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте