"Əziz Ata! Bir gecə tez-tez ulamağa başladım ki, su istəyirəm. Ancaq susadığıma görə yox, həm sizi əsəbiləşdirmək, həm də kiminləsə danışmaq üçün belə eləyirdim. Bir-iki dəfə bərk hədələsən də, xeyri olmadı və onda gəlib məni yorğan-döşəkdən zorla qaldırdın, eyvana çıxarıb qapını bağladın, bir müddət gecə köynəyində bayırda saxladın. İndi demək istəmirəm ki, onda düz eləmədin. Bəlkə də, həmin gecə məni başqa yolla sakitləşdirmək olmazdı. Əlbəttə, həmin hadisədən sonra mən sözəbaxan oldum, ancaq içimdə elə bil nəsə qırıldı. Mən bu mənasız su istəmək həvəsimin təbiiliyi ilə zorla bayıra atılmağın dəhşətini heç cür uyuşdura bilmirdim. Sonralar illər uzunu belə bir dəhşətli fikir mənə əzab verməyə başladı ki, o nəhəng kişi, yəni atam, yəni son instansiya heç bir səbəb olmadan, gecənin birində gəlib məni yorğan-döşəkdən qaldıraraq eyvana ata bilər və belə çıxırdı ki, mən onun üçün heç nəyəm! Kafka"
"Dostoyevskinin “Bəyaz gecələr”i sadədil bir insanın nakam məhəbbətindən bəhs edir. İnsan təkdir, gücsüzdür, lakin sevgi onu bircə anda elə dəyişə bilər ki, gəl görəsən… “Bəyaz gecələr” sevginin gücü, sonsuzluğu, umacaqsızlığı barədə yazılmış ən yaxşı melodramdır – su kimi axıcı, üzücü və romantikdir. Ruhunuzun ən gizlin yerlərində qoruyub saxladığınız süxurları titrədə biləcək və gözlərinizi yaşardacaq bir simfoniyadır. Öz şəhərinizin, kəndinizin, küçənizin sehrli gecələri yadınızdamı? Gecələri ülvi, saf duyğularınızın çulğalaşmasından sonra yaşadığınız peşmançılıq, uğursuzluğun acı təəssüratları, gündüzləri sizi üzdümü? Bundan sonra toparlanacağınıza, daha güclü, daha yaxşı olacağınıza söz verdinizmi? “Bəyaz gecələr”in qəhrəmanı bax beləcə həssas, qəribə və romantikdir, lakin nakam sevgi onu daha da gücləndirə, yeni həyata sövq edə bilir. Bu qəhrəman məcnunsayağı ölməyi yox, yaşamağı, yaratmağı, lakin heç vaxt unutmamağı seçir."
"“Saxta kupon” kiçik bir günahın kəpənək effekti ilə necə böyük fəlakətlərə, hətta ölümə gətirib çıxardığını göstərən didaktik bir hekayədir. Dahi yazıçı “aləmdə hər şey bir-birinə təsir göstərir” ideyasını bu qısa, amma olduqca məzmunlu, dolğun hekayəsində qurduğu mükəmməl kompozisiya vasitəsilə bədii cəhətdən nümayiş etdirir. Bizim bu gün gördüyümüz pis və ya yaxşı bir əməl özümüzdən savayı, həm də ətrafımızdakı insanların – hətta onları tanımasaq belə – həyatına birbaşa təsir edir, onların gələcəyini müəyyənləşdirir. Yazıçı bu rakursdan yanaşaraq ictimai məsuliyyət hissinin əhəmiyyətini bir daha xatırladır. Hekayədə həmçinin XIX əsrin sonlarında Rusiyada ruhanilərin mənəvi cəhətdən aşınmaları, dini təşkilatların riyakarlığı xüsusi olaraq vurğulanır. Ömrünün sonlarında daha çox “insan necə kamilləşə bilər?”, “pak və əqidəli bir insan necə olmalıdır?” kimi mövzular ətrafında düşünən böyük yazıçının bu hekayəsi həmin əzəli suallara verilən cavablardan biridir. "
"“Zəmanəmizin qəhrəmanı” romanının parlaq obrazı Peçorin dünya ədəbiyyatının ən orijinal, ən xarakterik simalarındandır. Peçorin ziddiyyətlərin qəhrəmanıdır. Onu məntiqlə anlamaq mümkünsüzdür. O, ehtirası ilə barizləşən deyil, şövqündə itən xarakterdir. Dövrün böyük təlatümləri, Qafqazda gedən misilsiz oyunların içində insan taleləri əriyib gedir. Günahkar zaman insanları cinsə, vəzifəyə, xarakterlərə deyil, günahkarlara və günahsızlara bölür. Lermontov göstərir ki, bu zamanın qəhrəmanı elə belə də olar. Zamanın qəhrəmanı eqoizmdir, mənəm-mənəmlikdir. Zamanın qəhrəmanı elə zamanın özüdür. Bu əsərdəki bütün qəhrəmanlar nədəsə səhv edirlər. Hər səhv bənzərsizdir, ona görə də hər səhv müstəsna qurban tələb edir. Bu romanda tale hər kəsə öz yanlışını fərqli missiya kimi təqdim edir. Ata taleyi ilə maraqlanmadığı qızını axtardığına görə, Bela isə icazəsiz çölə çıxdığı üçün öldürülür, Peçorin sonunu düşünmədiyi üçün cəzalanır, digər insanların zamanla dəyişdiyi həqiqətini unutduğuna görə tale tərəfindən cavabını alır. O unudur ki, hər kəs öz səhvləri ilə bənzərsizdir."
"Böyük fransız şairi və yazıçısı Viktor Hüqonun “Gülən adam” əsəri XVIII əsrin əvvəllərində ingiltərə sahillərində qışın çovğununda tərk edilmiş bir uşağın həyat HEKAYƏSİDİR. “Gülən adam” düşünməyi sevən oxucunun əsəridir, çünki Viktor Hüqonun bu əsəri səfalət və ZƏNGİNLİK, istibdad və AZADLIQ, sevgi və nifrət, işıq və Qaranlıq, ən əsası, Xeyir və Şər kimi əbədi mövzular haqqında danışır. Gülən adam dünya ədəbiyyatının və kinematoqrafiyasının ilhamlandığı bir obrazdır. Bu əsərdə hər şey: həm macəra, həm tarix, həm siyasət, həm faciə, həm acı gerçəklik, həm də şirin romantizm var. Eybəcər Quinplenin, filosof Ursusun simasında bütöv bir əsrin epik mənzərəsi canlandırılır. Obrazların taleyi ilə İngiltərə tarixi bu əsərdə yanaşı addımlayır… Tarixlə insan taleyi bir-birinə dolaşır, bəlkə, tarix insan taleyini yazır, bəlkə də, insan taleləri bu tarixi yazır."
"İnsanın həyəcansız, şövqsüz yaşam tərzi üzündən kiflənmiş daxili dünyasını darmadağın edib, ona yeni, məsud bir həyat bəxş edən nə ola bilər? Ailəsi ona böyük miras qoyduğundan baron R. istədiyi kimi gəzib-dolanır, öz kefindən qalmırdı; gənclik qayğılarının, demək olar, hamısından azad idi. Bu həyat aram-aram, hiss etdirmədən onu düşkün bir adama çevirirdi, özünün də dediyi kimi: “ürəyimdən keçən hər şeyi həyat mənə bəxş etdiyi və mənim də ondan umduğum heç bir şey olmadığı üçün belə yaşayış yavaş-yavaş mənə darıxdırıcı və sönük gəlməyə başlayırdı”. Amma bir gün qatıldığı at yarışı onun bütün həyatını dəyişdi. Buz bağlamış ruhuna gün işığı düşdü və keyləşmiş duyğuları cuşa gəldi. Svayq novella boyu dramatik bir dillə insan psixologiyasının anbaan necə dəyişdiyini göstərir…"
"Dünya ədəbiyyatının şah əsərlərindən sayılan “Cinayət və cəza” romanı oxucuya heç zaman unutmayacağı həyəcanlı anlar yaşadır. Bu əsəri oxuyan oxucu passiv mütaliəçidən canlı şahidə çevrilir. İnsan, həyatı məntiq qanunları ilə anlayıb, mənəvi qanunlarla mühakimə etmək istəyir. Bu ziddiyyət insan ilə dünya arasında uçurum yaradır. Həmin uçurum isə başdan-başa suallarla doludur: Günahkar insanın cəzası nə zamandan başlayır? onun günah törətdiyi gündənmi, yoxsa günahını dərk etdiyi andan? Günahkara cəzanı kim verir? məhkəmə, qisasını alan insan, yoxsa əsl cəzanı insan özü özünə verir? Cəza müddəti nə zaman tamamlanır? Günahına bəraət qazandırdığın vaxtdan, həbs müddətini başa vurduqda, yoxsa haqsızlıq etdiyin insan tərəfindən tamamilə bağışlandığın dəqiqədən?"
"Beş qızını evləndirməkdən ötrü özünü oda-közə vuran missis Bennet üçün kürəkəninin necə bir insan olması maraqlı deyil, təki oğlan kübar ailədən olsun, var-dövləti aşıb-daşsın. XIX əsr ingilis cəmiyyətində qadının ictimai mövqeyi onun ailə qurub-qurmaması ilə təyin olunurdu. Buna görə də valideynlər ictimai təzyiq altında əzilməmək üçün qızlarının hisslərinə əhəmiyyət vermədən onları evləndirməyə çalışırdılar. Ancaq iş elə gətirir ki, evin iki böyük qızı – Ceynlə Elizabet tamamilə fərqli, həqiqi sevgi macərası yaşayırlar. Bir tərəfdə qərəzli, heç kimin qarşısında əyilməyən gözəl, şarmlı Elizabet, digər tərəfdə isə ilk baxışdan lovğa, özündənrazı görsənən centlmen Darsi. Onların bir-birini görən gözü yoxdur. Amma zaman keçdikcə bu cütlüyün qəlblərində “qürur və qərəz”in əriyib yox olduğu bir alov şölələnir. İngilis romançılığını formalaşdıran böyük yazıçılardan biri Ceyn Ostin “Qürur və qərəz” romanında ironik üslubu ilə ictimai təbəqələşmənin yaratdığı nöqsanları və qadına hakim baxışı tənqid edir."
"“İvan İliçin ölümü”nü yazanda Tolstoyun 58 yaşı var idi. Ölüm qorxusu yazıçını ən çox narahat edən mövzulardan biri idi. O bu əsərlə ölüm qorxusunu fəlsəfi-psixoloji cəhətdən təhlil edərək, onun səbəblərini tapmağa çalışdı və nəhayət, bu uzun hekayə ilə ölümü “öldürdü”. İvan İliç bacarıqlı, mehriban, hamıyla qaynayıb-qarışan bir insan idi. Özünü bütünlüklə işinə – prokurorluğa həsr etmişdi və bundan məmnun idi. Ancaq bir gün böyründə başlayan ağrı onu çənginə aldı; sakit, adi həyatını cəhənnəm əzabına çevirdi. İvanın canını ölüm xofu bürüdü: “Mən olmasam, guya nəsə baş verəcək? Heç nə olmayacaq. Bəs gedəndən sonra məkanım hara olacaq? Doğrudanmı, bu, ölümdür? Yox, istəmirəm…” İvan fiziki əzabla yanaşı, mənəvi əzab da çəkirdi. Ölümünə yaxın onda belə bir fikir formalaşdı: sən demə, bütün ömrünü, şüurlu həyatını yanlış yaşayıbmış, ruhi iztirabının səbəbi də bu imiş. Nəhayət, İvan İliç dincliyini əlindən alan həyati suallara cavab tapır."
"Henri Ford – avtomobil sənayesinin atası, ixtiraçı, mühəndis və sahibkar. O, XX əsrin ən yaxşı biznesmeni idi. İş dünyasındakı ənənəvi qaydaları ləğv edib yeni konsepsiya yaratdı: iş saatını 8 saata endirdi, həftədə 6 yox, 5 günlük iş rejiminə keçdi, işçilərə aylıq yox, saathesabı maaş verdi. O, “mən yalnız xidmət haqqında düşünürəm” deyirdi. İnsanın, öz əmək və qabiliyyətlərinə resurs kimi baxmasının və daim onları təkmilləşdirməsinin tərəfdarı idi. • Təhsil haqqında deyirdi: “Təhsilin məqsədi heç də insanın beynini faktlarla doldurmaq deyil. Təhsilin məqsədi insana öz düşüncəsindən necə istifadə etməyi öyrətməkdir”. • Reklam haqqında deyirdi: “İstehsalçı satış bitdikdən sonra belə, müştəriylə əlaqəni kəsməməlidir. Əsl iş elə məhz satışdan sonra başlayır. Narazı müştəri ən pis reklamdır”. • İqtisadiyyat haqqında deyirdi: “Vətəndaşı inkişaf etdirmədən vətəni inkişaf etdirmək olmaz və bütün yanlış idarə olunmaların cəriməsini ictimaiyyət ödəyir, axı hər şeydən əvvəl ödəniş edən, əziyyət çəkən ictimaiyyətdir”. Bu kitabda, mübaliğəsiz, hər şey var: xəyalların arxasınca getmək, iqtisadiyyat, marketinq, menecment, maaş, konveyer üsulu ilə istehsal, təşkilatlanma, innovasiya, motivasiya, idarəetmə, maliyyə, istehlak, dəyər, izafi məsrəf, fərdi və kollektiv məsuliyyət. “Həyatım və işim” – dünyada yüzlərcə dəfə nəşr olunan və hələ də aktuallığını itirməyən biznesmenlərin və iş adamlarının stolüstü kitabıdır. "