Название | Koroğlu |
---|---|
Автор произведения | Народное творчество |
Жанр | |
Серия | Uşaq ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn |
DASTANI
(UŞAQLAR ÜÇÜN)
KOROĞLU
Ölkəni istila etmiş türk işğalçıları – paşalar və xanlar ca-maatı çapıb-talayırdılar.
Xalqın qəzəbi aşıb-daşırdı.
Vətənin qəhrəman oğullarını öz ətrafında toplamış Ko-roğlu uca bir qayaya söykənib gələcək mübarizələr haqqında fikirləşirdi. O, bilirdi ki, qarşıda çox çətin vuruşmalar var.
Koroğlu adı ilə məşhur olan bu qəhrəman, Həsən xanın ilxıçısı Alı kişinin oğlu idi. Ömrü boyu xana qulluq etmiş Alı kişi xanın qəzəbinə gəlmişdi: xan gözlərini çıxartdırmışdı. Elə buna görə də onun oğlu Rövşəni xalq Koroğlu adlandırmışdı. Əhvalat belə olmuşdu:
Bir gün Həsən xan Alı kişini çağırıb dedi:
– Dostlarımdan biri mənə qonaq gəlib. Ona iki yaxşı at bağışlayacağam. Səhər ilxıdan iki at ayır.
Alı kişi iki yaxşı qulun ayırdı. Bunların atalarının dərya ayğırı olduğunu yaxşı bilirdi.
Səhər Həsən xan bir paşa ilə ilxıya baxmağa gəldi. Bu adam Bağdad paşası Hasan paşa idi. Qəddarlıqda, zülm-karlıqda tayı-bərabəri yox idi. Osmanlı sultanının sağ əli idi. Harada üsyan qalxsa, hansı camaat vergi verməsə sultan ora-ya Hasan paşanı göndərərdi. Odur ki, yerli xanlar, satqın feodallar onun adı gələndə tir-tir əsər, qulluq göstərmək üçün əllərindən gələni əsirgəməzdilər.
Hasan paşa qulunlara baxıb xana istehza ilə dedi:
– Mənə bunları verirsən? Belələri bizdə nə qədər istəsən var. Səni bu qədər xəsis bilməzdim…
Xan qəzəbləndi. O, Alı kişini danışmağa belə qoymadı:
– Hanı mənim nər-nər nərildəyən bədölərim? Hanı ay-ğırlarım?!
Alı kişi qorxa-qorxa dedi:
– Həsən xan, paşaya bunları layiq gördüm. Mən at sər-rafıyam, gələcəkdə bunlara quş da çatmayacaq…
Hasan paşa özündən çıxmışdı. O, cəlladı çağırıb dedi:
– Bu axmaq qoca deyir ki, yaxşı at sərrafıyam. Bu qulu-nun hərəsinə onun bir gözünü qurban elə.
Cəllad əmri yerinə yetirdi: ağsaçlı qocanın gözlərini çı-xardıb yerə atdı.
Xan gedəndə dedi:
– Bu qulunları ona zəhməthaqqı verin!
TƏZƏ YURD
Bir qədər keçdikdən sonra qoca ilxıçı qulunları çəkə-çəkə evinə qayıtdı. Oğlu Rövşəni çağırdı. O, atasını belə görüb yerindəcə dondu. Əhvalatı dinlədikdən sonra intiqam almaq istədi, lakin Alı kişi razılıq vermədi.
– Əgər mənim oğlumsansa, dünya görmüş qoca atanın məsləhəti ilə hərəkət et, – dedi. – Oğul, biz daha burada qala bilmərik, tez ol, yola hazırlaş.
Ata-bala atları da götürüb yola düşdülər. Az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir çay kənarına çat-dılar.
Rövşən dedi:
– Atacan, gəl, burada yurd salaq.
– Oğul, bura nə cür yerdi?
– Çay kənarıdır, səfalı yerdir.
Alı kişi dedi:
– Yox, oğul, burada yurd salmaq olmaz. Həsə xan xəbər tutar, namərdlik edər.
Onlar yenə xeyli yol getdilər. Gəlib səfalı bir çəmənliyə çatdılar. Rövşən buranı bəyəndi.
– Atacan, gəl, burada yurd salaq, – dedi.
– Oğul, bura haradır?
– Göz işlədikcə düzənlik, çəmənlikdir. Yaxşı yurd sal-malı yerdir.
Alı kişi dedi:
– Oğul, dayanma, sür. Evində atlanan burada düşəcək. Karvan ayağı altında qalarıq. Dağ yerinə sür.
Onlar yollarına davam etdilər. Uca dağlar, sıldırım qaya-lar aşıb, at ayağı, insan əli dəyməmiş bir yerə gəlib çıxdılar.
Atası soruşdu:
– Oğul, bura necə yerdir?
– Atacan, bura hər tərəfi sıldırm qayalı, çənli-çiskinli bir dağın belidir.
Sanki alı kişinin gözlərinə işıq gəldi. Sevinclə:
– Hə, bax, burada yurd salaq, – dedi. – Buranın yazı səfalı olar. Tez ol, özümüzə və atlara yer hazırla.
SINAQ GÜNÜ
Rövşən qoca və sevimli atasının dediklərini can-başla yerinə yetirirdi. Atlara ürəklə qulluq edirdi. Vaxtlı-vaxtında arpa-saman verir, tez-tez onları tumarlayır və sulayırdı.
Bir gün Alı kişi onu çağırıb soruşdu:
– Oğul, atlar necədir?
– Ata, atlara arpa-saman çatdırmaq olmur. Qırat lap qi-yamətdir, nər-nər nərildəyir. Dürat ondan az yeyir, özü də bir az sakitdir.
Alı kişi tövləyə gəlib atları öz əli ilə yoxladı:
– Oğul, atlar mən deyən at olub. İndi bunları sınamaq lazımdır. Min, əvvəl sulanmış şumda, sonra qaratikanlıqda, axırda sıldırım qayalıqda çap, görək bərkə-boşa dözürlərmi?
Rövşən atasının dediyi kimi etdi. Əvvəl Qıratı minib su-lanmış şumda çapdı. Qaytarıb atasının yanına gətirdi. Alı kişi Qıratın burnunu tutdu. Ürəyinə qulaq asdı, dırnaqlarını yox-ladı, at burnu sıxılanda öskürmədi, dırnaqlarında isə zərrə qədər də palçıq yox idi.
Rövşən Düratı mindi. Ağzını şuma saldı, çapdı. Dürat da imtahandan yaxşı çıxdı. O da öskürmədi, tövşümədi, ancaq dırnağına bir balaca palçıq bulaşmışdı.
Rövşən Qıratı bu dəfə qaratikanlığa sürdü, qaytarıb gə-tirdi. Alı kişi onun ayaqlarını əli ilə yoxladı, heç bir yerində tikan izi tapmadı. Düratı yoxladıqda isə ayağının bir yerini tikan cızdığını hiss etdi.
Rövşən atları sıldırm qayalara çapdı. İlxıçı onların döşü-nü sıxdı. Qırat tərpənmədi. Dürat isə qırpındı.
Qoca ilxıçı sevinərək dedi:
– Atlar sınaqdan yaxşı çıxdı. Qırat Düratdan yaxşı at olacaq. Oğul, ağır davalara gedəndə, paşalardan, xanlardan xalqın intiqamını almaq üçün uzaq səfərlərə çıxanda həmişə Qıratı min, onun qədrini bil, onu da canın kimi əzizlə:
Oğul, atı yaxşı saxla,
At igidin qardaşıdır.
Gündə muğayat ol, yoxla,
At igidin qardaşıdır.
Yaz olanda dağa yolla,
Yay olanda ifçin nalla,
Qış olanda məxmər çulla,
At igidin qardaşıdır.
İNTİQAM
Yaz gəldi. Təbiət oyandıqca Çənlibel də gözəlləşirdi. La-kin Rövşənin ürəyi açılmır, nə isə düşünür, nə isə gözləyirdi. Başına da xalqın igid oğullarını toplamışdı.
Alı kişi bir gün oğlunu çağırıb dedi:
– Bala, durun, atlanın, düşməndən intiqam almaq vaxtı-dır.
Koroğlu