Tanıdıqlarım və sevdiklərim xatirələrimdə. Cəfərzadə Əzizə

Читать онлайн.
Название Tanıdıqlarım və sevdiklərim xatirələrimdə
Автор произведения Cəfərzadə Əzizə
Жанр
Серия Xatirə ədəbiyyatı
Издательство
Год выпуска 0
isbn 978-995-256-626-0



Скачать книгу

Təsadüf elə gətirdi ki, həmin vaxt mənə zəng elədilər. Dedilər ki, Ağsu rayonu haqqında kitab buraxacağıq və siz də orada Çaparlı sovetliyində işləmisiniz, xatırladığınız bir şey varsa, mütləq yazın.

      Yəni unutmuşam ki, xatırlayam da? Çaparlıda acılı-şirinli elə günlərim olub ki! Vəsfə gəlməz. Şair olsaydım, poema həsr edərdim o günlərə…

      Yaxşı yadımdadır. Müharibə başlanandan bir az sonra qızları da səfərbərliyə almağa başladılar. Amma kəndlərdə və elə şəhərlərin özündə kişi müəllimlər müharibəyə yollandıqlarından məktəblərdə müəllim çatışmırdı. Odur ki, qızların içərisindən nisbətən müəllimliyə yararlı, savadlı olanları əsgərliyə aparmır, kənd məktəblərinə təyin edirdilər. Mənim baxtıma da Kürdəmir rayonu düşdü. Ora yollandım. Əlbəttə, anam məni tək buraxmayacaqdı.

      Kürdəmirdə Maarif şöbəsində məni ömrümdə adını eşitmədiyim Çaparlı sovetliyi yeddiillik məktəbinə rus dili müəllimi təyin etdilər. Rus dilini o zaman yaxşı bilirdim. Məktəbdə isə müəllim yox imiş. O zaman Kürdəmirdə anamın Ağalarbəyli və Curuxluda Əlyarbəyovlar ailəsindən qohumları yaşayırdı. Onlar məni Çaparlıya apardılar. Çaparlı kəndi Kürdəmirə baxırdı. Hələ Ağsu rayonu təşkil olunmamışdı. Beləliklə, 1942-1943-cü dərs ilində sentyabrın birindən başlayaraq Kürdəmir rayonu Çaparlı yediillik məktəbində rus dili müəllimi kimi fəaliyyətə başladım. 1943-cü ildən – Ağsu rayonu təşkil olunandan sonra Kürdəmirlə əlaqəmiz kəsildi. Daha maaş, hansısa maarif işi, məktəbin tələbatı, iclas və s. üçün Kürdəmirə getməli olmurdum. Çünki gələn kimi məni dərs hissə müdiri, az sonra isə məktəbin direktoru təyin etdilər. Hər ay Kürdəmirə getmək zəhmətindən azad oldum. Amma hər halda Çaparlı kəndindən Ağsuya getmək özü də mənimçün çətinlik yaradırdı. Axı onda nə maşın, nə avtobus, nə trolleybus, nə də tramvay vardı. Bazar günləri bütün qadınlar bazara pay-piyada gedirdilər. Hərəsi o ağır, o aclıq illərində balalarının boğazından kəsib yığdığı beş yumurtanı, yarım girvənkə yağı… eh… Yada salanda və indi torpaqlarımızın əlimizdən çıxdığı bu illərdə o dolu bazarları görəndə gözlərim dolur. Ay yazıq arvadlar! Ərlər müharibədə, qardaşlar, atalar, oğullar gedib. Evin, uşaqların, bütün təsərrüfatın qayğıları anaların çiynində, hələ pambıq yığımı!.. Kimin həddi vardı ki, xəstələnə, ölüsünə üç, yeddi saxlaya? Toy üzü görmədim Çaparlıda. Pambıq yığımına biz müəllimlər də uşaqlarla birlikdə gedirdik. Cəhənnəm əzabı çəkirdi analar, qız-gəlinlər. Obaşdan durub lap kiçiklərçün yeməyə bir şey hazırlayır, balaca bağlamasına bir az şor-çörək qoyub tarlaya qaçır, yalnız hava qaralanda, itlə qurd seçilmədən deyərlər, o vaxt işdən qayıdardılar. Çörəklərini tarlanın çökəklərinin qırağına, arxın üstünə süfrə açıb yeyirdilər. Xırda körpəsi olanlar qundağı arxın qırağında, ya da çökəklərin birində uzandırar, “yatırdar”. O zamanlar Çaparlıda bircə ağac da yox idi, kölgəsinə uşaq qoyasan. Ağlayanda südsüz döşünün kitrəsini uşağa əmizdirir, ac körpə anasının damarlarından qanı sorurdu, elə bil. Qaranlıqda qayıdanda kəndin gözəlləri, elə təmizlik, səliqə sevən qadınların hamısı başlarını ya ayranla (Eh… ayran olanda uşaqlara dovğa bişirirdilər), daha çox gilabı çoğan3 – nə tapsalar, bir aftafa su qızdırıb başlarını yuyur, ev-eşiyi yığışdırmağı unutmurdular. “Yorğunam” deyən, yorğunluğa baxan kimdi? Pambıq vətənin xilasıyçün bir nömrəli plan hesab olunurdu. Təkcə bunlar olsaydı, nə vardı ki? Bəs vergilər? İndi inanmazlar, amma toyuğun oldu-olmadı, yumurta, qoyunun oldu-olmadı, yun, qaramal heyvanın var-yox, ət, inəyin oldu-olmadı, yağ vergisi verməliydin. Bəzən bu vergiləri yığmağa biz müəllimləri də cəlb edirdilər. Yunu olmayan döşəyini boşaldırdı. “Təki orada balalarımızçün yaxşı olsun”, – deyirdi hamı. Tank kalonlarına hər rayon, hər sədr, hər kənd tank almalıydı, bunun da pulunu çox vaxt biz müəllimlər yığırdıq. Əlbəttə, raykomun göstərişi, təklifi və tələbiylə. “Yox” demək az qala “hitlerçi” olmağa bərabərdi.

      Kəndlərdə, o cümlədən Çaparlıda odun, neft, qaz, işıq yox idi. Odunu uşaqlar (əlbəttə, məktəblilər) pambıq tarlalarında qalmış pambıq çöplərindən yığıb gətirirdilər. Bəzən pambıq planı dolmayanda, qış, qar-çovğun tez düşəndə (elə bil təbiət də insanların səbrini imtahana çəkirdi, qış elə tez düşür, qar, yağış çox olurdu) tufandan, çovğundan yığıma getmək mümkün olmasa da, gedirdi qadınlarımız. Açılmamış pambıq qozalarını yığıb gətirir, evlərdə təzəklə yanan yer-kərpic sobaların üstündə qurudur, şabalıd kimi partladıb içərisindəki pambığı “yığır”, təhvil verirdilər. Vallah, II Dünya müharibəsi illərində qadınların çəkdiyi zəhmət tonlarla romanlara sığmaz qadın əməyi hələ də lazımınca qiymətləndirilməyib. Ordunu geyindirən, yedirən, silahlandıran qadınlardı, o cümlədən Çaparlının o mehriban, zəhmətkeş, dözümlü, namuslu qadınları.

      Tanıdıqlarımdan kimin adını unutmuşamsa, bağışlasın məni, qocalmağıma, hafizəmin zəifləməsinə çıxın, amma bunlar yaxşı yadımdadı: Səkinə, Xəndan, Güllü, Türfə, Ürfət, Şəkər, Şirinbikə, Nərgiz, Sahıb, Gülnaz, Böyükxanım, Anamxanım, Şeyda kişinin arvadı Narınc, Babacanın arvadı… Xeyrulla kişinin arvadı… Vallah, bağışlayın məni, Çaparlının, Qiyaslının, Daşdəmirbəylinin, Ağalarbəylinin, Curuxlunun anaları, qız-gəlini! Əgər hamınızı saysam, yadıma salıb yazsam, bir kitab olar.

      Uşaqlar (ayaqyalın, başıaçıq olanlar vardı) oduna, başqa iş-gücə gedəndə məktəbə gəlməyəndə atı minib kəndləri gəzir, atdöşü gətirirdim uşaqları məktəbə. Bu kəndlərdə aclara əl tutan adam çox idi. Kimin nəyi vardısa, bölüşürdü. Tarlada “süfrə” açanda üç-dörd adamın bağlamasından çörək çıxır, qalanları “göy sıxması”, “göylü cad”, “jmıx”, “arpa qovurğası”, “şit şor” olurdu. Yazda bəlküm yeməkdən uşaqlar “ota düşür”, çətənə qovurub yeməkdən başgicəllənməsi tapırdılar. “Başaq” yığmaq da qadağaydı. İndi qədəri dəqiq yadımdan çıxıb, amma deyəsən, kimin əlində dörd yüz qram sünbül tutsalar, damlayırdılar. Belə bir müsibət kəndin ən qoca qadınlarından olan kimsəsiz Şəkər qarının başına gəlmişdi. Əlində sünbül tutub onu rayon mərkəzi Ağsuya aparmışdılar. Camaat xeyli narazı qalmışdı. O zamankı raykom katibi Hüseyn Mamedov, kənd sovet sədrləri Xeyrulla kişi, qonşu kəndlərin nüfuzlu sədrləri (həmişə planları doğruca doldurur, xalqın güzəranı qayğısına qalırdılar) Daşdəmirbəylidən Xasay bəy, Qiyaslıdan Əvəz kişi, qoca sakinlərdən Muradxan əmi, Abdulla kişi, Meşdağbalı əmi, Cəfər kişi və başqaları müdaxilə etdilər. Qarının vəziyyətini anlada, onu məhkəmənin cəngindən xilas eləyə bildilər.

      Hər gün tarlada arvadlar yemək yeyən vaxt onlarçün qəzet oxuyurdum (başqa müəllimlər də: Ayişə müəllim, Nüybar müəllim və b.), əsasən, müharibə xəbərləriylə maraqlanır, qələbəni dörd gözlə gözləyirdilər. Hər dəfə qoşunumuz beş-altı kəndi alanda sevinir, böyük şəhərləri verəndə ağlaşır, kədərlənir, oradakı qadınların halına yanır, “yazıqlar” deyirdilər. Belə vaxtlarda bir az ruh yüksəkliyi qazanmaq, səbir, ürək-dirək verməkçün Səməd Vurğunun, Rəsul Rzanın, Məmməd Rahimin, Əhməd Cəmilin, o zamankı bütün şairlərin bu mövzularda yazdıqları vətənpərvər şeirlərini, Ordubadi, Əbülhəsən,