Название | Atanız Atatürk |
---|---|
Автор произведения | Falih Rıfkı Atay |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-784-8 |
Üz qabığının dizayneri / Teymur Fərzi
Falih Rıfkı Atay
(1894–1971)
Atatürklə bağlı tədqiqatların müəllifi, tanınmış qəzetçi və yazıçı Falih Rıfkı Atay min səkkiz yüz doxsan dördüncü ildə İstanbulda anadan olub. Təhsilini İstanbul Ədəbiyyat Fakültəsində alıb, min doqquz yüz səkkizinci il çevrilişindən sonra isə "Tanin" qəzetində müxbirliyə başlayıb. Həmin ərəfədə o, mətbuatla əlaqələr quraraq bir tərəfdən qəzetlərə, jurnallara məqalələr yazır, digər tərəfdən isə Babiali Məktubi Qələmidə[1] fəaliyyətini davam etdirirdi (1913). Bir müddət keçdikdən sonra Rıfkı Atay oradan Daxiliyyə Xüsusi Qələminə[2] katib kimi keçirilib.
Falih Rıfkı Atay Birinci Dünya Müharibəsinə ehtiyatda olan zabit kimi qatılmışdı. Bununla belə, Dördüncü Ordu komandanı Kamal Paşanın əmri altında olan zabit qismində Qüdsdə və Suriyada baş verən hadisələrin iştirakçısı olub. Bu ərəfədə daşıdığı rəsmi vəzifə ilə bağlı bir sıra Avropa ölkələrinə səyahətə çıxıb. Müharibə başa çatdıqdan sonra isə Bahriyə Xüsusi Qələm müdirinə yardımçı vəzifəsinə keçirilib.
Falih Rıfkı Atay təkcə qəzet yazarlığı ilə məşğul olmayıb. O, eyni zamanda, qəzet yaradıcılığına da maraq göstərib. Belə ki, Bahriyə Xüsusi Qələm müdirinə yardımçı işlədiyi ərəfələrdə iki dostu ilə birlikdə "Axşam" qəzetini təsis etmək qərarına gəlib (1918) və bu qəzetin təsiri ilə ölkədə baş verən hadisələri yönləndirməyə, istiqamət verməyə çalışıb.
İyirminci əsrin əvvəllərində çevriliş əleyhinə olanlarla çətin mübarizəyə başlayan insanların arasında Falih Rıfkı Atay da var idi. Onun apardığı siyasi mübarizənin bir hissəsi də millət vəkili olduğu dönəmə düşür və uzun müddət davam edir. Belə ki, Atay min doqquz yüz iyirmi ikinci ildə Boludan millət vəkili seçilərək min doqquz yüz əllinci ilə qədər bu istiqamətdə fəaliyyətini davam etdirə bilib. Amma o, ruhən qəzetçi və yazıçı olduğundan millət vəkili kimi çalışdığı zamanlarda belə, fəaliyyətini məhdudlaşdırmayıb. Həmin ərəfələrdə "Hakimiyyəti-milliyyə", "Milliyyət", "Ulus" qəzetlərində baş yazar kimi çalışıb.
Min doqquz yüz əllinci ildə Falih Rıfkı Atay siyasətdən tamamilə çəkilərək özünü bütünlüklə qəzetçiliyə həsr etmək qərarına gəlib. Qısa müddət ərzində "Cümhuriyyət" qəzetində həftəlik söhbətlər yazmağa başlayıb. Sonra bununla da kifayətlənməyərək bir dostu ilə birlikdə "Dünya" qəzetini təsis edib.
Falih Rıfkı Atayın Atatürkün ən yaxın məsləkdaşlarından biri olduğu məlumdur. Onun bu dahi şəxsiyyət haqqında, həmçinin türk xalqının tarixində ən qarışıq dövrün ziddiyyətli hadisələri ilə bağlı bir neçə kitabı dərc olunub. Əsas əsərləri isə bunlardır: "Zeytun dağı" (1932), "Atatürkün mənə anlatdıqları" (1955), "Atanız Atatürk" (1961), "Qurtuluş" (1966), "Atatürkçülük nədir?" (1966), "Atatürk kim idi?" (1968), "Bayraq" (1970).
Ön söz
Min doqquz yüz on dördüncü ildə Osmanlı İmperatorluğu Birinci Dünya Müharibəsinə qatıldı. Biz türklər Almaniya, Avstriya-Macarıstan imperatorluqları və Bolqarıstan ilə eyni cəbhədə idik. Rusiya, İngiltərə, Fransa, Belçika və Serbiya isə bizimlə müharibə aparan qarşı cəbhədə vuruşurdular. Daha sonra İtaliya, Yaponiya, Amerika və bir sıra başqa dövlətlər də düşmənlərimizin cərgəsinə qatıldı. Müharibə düz dörd il davam etdi. Sonunda məğlub edildik və min doqquz yüz on səkkizinci ildə hamımız birlikdə düşmənə təslim olduq.
Bizi məğlub edən dövlətlər yalnız əhalisinin əksəriyyəti türk olmayan Hicaz, Yəmən, İraq, Suriya, Livan və Fələstin kimi ölkələri öz aralarında bölüşdürməklə kifayətlənmədilər. Eyni zamanda, Şərqi Anadolunu Ermənistan və Kürdüstan arasında bölüşdürmək, Adana bölgəsini fransızların, Antalya bölgəsini italyanların hakimiyyəti altına vermək, sonra isə İzmir bölgəsini yunanlara bağışlamaq üçün öz aralarında razılığa gəldilər. Ordumuzun silahlarını və donanmamızı əlimizdən aldılar. Hər yerə əsgər göndərdilər. Bundan başqa, yunan dəstələri Qaradəniz vilayətində Pontus krallığı yaratmaq üçün silahlanaraq dağlara qalxdılar.
Tez bir zamanda üç böyük dövlətin – İngiltərə, Fransa və İtaliyanın dəniz və piyada qüvvələri İstanbul şəhərinə, xüsusilə də boğazlara yerləşdirildi. Beləcə, yurdumuzun ən zəngin torpaqlarını itirmək təhlükəsi ilə üz-üzə qaldıq. Bu gedişatla biz adını sadaladığım torpaqlarda yadellilərin əlində əsl kölə, yerdə qalan kasıb torpaqlarımızda İsə böyük dövlətlərin qulu olacaqdıq.
Padşah və hökumət həmin ərəfədə düşdüyümüz vəziyyətin çətinliyini görərək, – "Bir halda ki, məğlub olmuşuq, qarşılarında baş əyməkdən başqa çarəmiz yoxdur", – dedilər. Sonra da Parisdə hazırlanan "Sevr müqaviləsini[3] qəbul etdilər.
Vətənsiz və azadlıqsız qalmağı heç cür qürurlarına sığışdıra bilməyən vətən qəhrəmanları isə ayağa qalxaraq dəstələr halında birləşdilər, mübarizəyə atıldılar. Ancaq Almaniya, Avstriya-Macarıstan və Osmanlı imperatorluqlarını məğlub edən dövlətlərə qarşı mübarizə aparmaq istəyən bu dəstələr canlarını qurban verməkdən başqa nə edə bilərdilər ki?
O zamanlar yurd və azadlıq uğrunda şəhid olmaqdan çəkinməyən xalq qəhrəmanları ilə nələr etmək mümkün olduğunu çox gözəl anlayan bir nəfər vardı: Mustafa Kamal. O, min doqquz yüz on doqquzuncu il, mayın on doqquzunda Samsuna gələrək hakimiyyəti öz əlinə aldı. Dağınıq silahlı qüvvələri və hər biri öz bölgəsini qorumağa çalışan pərakəndə dəstələri bir yerə toplayaraq Böyük Millət Məclisi Hökumətinin və Qurtuluş Ordusunun təməlini qoydu. Yalnız döyüşlərdə qələbə çalan komandan yox, həm də xalqı birləşdirən və ardınca aparmağı bacaran lider, heç bir uğurlu fürsəti gözdən qaçırmayan, əldən verməyən dövlət adamı olduğunu hər kəsə isbat etdi. Baş qaldıran üsyanları yatıraraq, xəlifə ordusunu geri döndərərək əvvəlcə fransız və italyan əsgərlərini Kilikya və Antalyadan çıxardı, sonra, yəni min doqquz yüz iyirmi ikinci ilin sentyabr ayında isə yunan ordularını dənizə tökərək nəhayət, üç böyük dövlətin dəniz donanmalarını və əsgərlərini İstanbuldan da, boğazlardan da çəkilmək məcburiyyətində qoydu. Bir sözlə, o bizi bugünkü dövlətimizə və azadlığımıza qovuşdurdu.
O bir sıra qələbələri qazandıqdan sonra etdiyi inqilablarla tariximizin cümhuriyyət və mədəniyyət dövrünü başlatdı.
Sevimli uşaqlar. Hamınızın bir anası və bir atası var. Onlar olmasaydı, dünyaya gəlməzdiniz. Onu da bilin ki, əgər Atatürk də öz millətinin və pərakəndə hala düşmüş ordunun başında durmasaydı, Anadolu döyüşlərini qazanmasaydı, bu dünyada vətənsiz və azadlıqsız qalardınız. Əsl yetimlik və sahibsizlik budur. Ona görə də bu kitaba "Atanız Atatürk" adını qoydum. Unutmayın ki, həyatınızı ata-ananıza, azad, şanlı və şərəfli türklüyünüzü isə Atatürkə borclusunuz.
Sizə atanız Atatürkün necə yetişdiyini, nələr etdiyini, necə insan olduğunu anlatmaq istəyirəm. Bu yolla siz Onunla qürur duymanın səbəbini öyrəndiyiniz kimi, onun kimi olmanın yollarını da öyrənmiş olacaqsınız.
Uşaqlığı
Atatürk min səkkiz yüz səksən birinci ildə Selanikdə, Əhməd Subaşı məhəlləsində, Sənaye Məktəbinin qarşısında yerləşən taxta bir məhəllə evində dünyaya gəlib. Atasının adı Əli Rza bəy, anasının adı isə Zübeydə xanım idi. Əli Rza bəy gömrük məmuru işləyirdi. Maaşı az olduğu üçün ailəni kasıbçılıq içində yaşadan ata təqaüdə çıxdıqdan sonra kiçik bir sərmayə ilə taxta-şalban ticarətinə başlasa da, çox güman ki, ancaq gündəlik çörək pulunu qazana bilmişdi. Hər halda, onun ölümündən sonra arvad-uşağı daha çox ehtiyac içərisində yaşamışdı. Deməli, ailənin əlavə gəlir yeri, və ya Əli Rza bəyin ticarətdə xüsusi qazancı olmamışdı.
Atatürkün əsl adı Mustafa idi. Ailədə üç
1
Osmanlı Dövlətinin idarə mərkəzi. Bir sıra nazirliklər və idarələri əhatə edirdi.
2
Daxili İşlər Nazirliyinin Xüsusi Katibliyi.
3
1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalanıb. 1919-cu il Paris Sülh konfransında Fransa, İngiltərə və Birləşmiş Ştatların liderləri “Avropanın xəstə adamı” adlandırdıqları Osmanlı imperiyasını tamamilə siyasi xəritədən silmək üçün bütün vasitələrdən istifadə edirdilər. Bu həm də, Konstantinopolun itirilməsi ilə heç cür barışmaq istəməyən xristian dünyasının beş yüz illik arzusunun reallaşması demək idi. 1920-ci il avqustun 10-da 14 dövlətin səlahiyyətli nümayəndəsi tərəfindən Sevrdə (Fransa) "Müttəfiq Dövlətlər və Türkiyə arasında sülh müqaviləsi" imzalandı. Müqavilə rəsmi olaraq deyure Osmanlı imperiyasının bölüşdürülməsini, defakto isə Türkiyənin suverenliyini ləğv etdi. Hələ 1915-ci ildə Antanta dövlətləri Osmanlı imperiyasının bölüşdürülməsi planı ətrafında məxfi danışıqlar aparırdılar. Müttəfiqlərin öz planlarını həyata keçirməsinə ən böyük maneə isə Mustafa Kamal Atatürkün başçılığı ilə Türk xalqının apardığı İstiqlal savaşı idi. Məhz Türkiyənin bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsini təsbit edən Sevr müqaviləsi M.K.Atatürk tərəfindən tanınmayaraq, onun 1923-cü ildə Lozanna müqaviləsi ilə əvəz olunmasına səbəb oldu. Sevr müqaviləsi Sultan VI Mehmetin dövründə imzalansa da, 1920-ci il martın 18-də ingilislərin İstanbulu işğal etdiyi dövrdə ləğv edildi və əslində heç zaman Osmanlı imperiyası tərəfindən ratifikasiya belə edilmədi.