Göydən yerə. Yalçın İslamzadə

Читать онлайн.
Название Göydən yerə
Автор произведения Yalçın İslamzadə
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8060-1-4



Скачать книгу

akyalar kralının oğlu olaraq doğulanda ona “Siddarta” (bütün arzuları reallaşan) adı verildi. Ancaq o, arzularından imtina edərək “Budda” (oyanmış) kimi ölməyi seçdi və tanrısız bir “din”-in qurucusu oldu.

      Atası oğlunu gələcək kral kimi görürdü və bunun üçün heç bir maneə yox idi. Lakin gördüyü yaşlı, xəstə, ölü və dərviş ona öz sonunu görməyə kömək etdi. Bu cür sonluğu qəbul etmədiyi üçün doğum və ölüm zəncirindən qurtulmanın yollarını axtarmaq məqsədiylə və zəiflik göstərib sarayı tərk edə bilməyəcəyi qorxusuyla həmin gecə anadan olan oğlunu görmədən gecəykən saraydan qaçır.

      Sadəcə öz daxili aləmlərinə apelyasiya edən din qurucularından fərqli olaraq Buddanın axtarışlarına empirik yanaşma hakim idi. Dövrünün ən məşhur qurularının (müdriklərinin) yanında aylarla qaldı, təlimləri öyrəndi. O zamankı Hindistan meşələri istər ənənəvi Upanişadlar təlimini, istərsə də qeyri-ənənəvi digər təlimləri yayan qurularla dolu idi. Müəllimlərin öyrətdiklərini tam qavramamalarına, sofistlər kimi mübahisənin və ritorikanın estetikasına əsir olmalarına heyrət edir. Bu təlimlərin heç biri ilə qane olmur, bədənə əziyyət, oruc və zahidlik, müxtəlif quruların təlimləri ona kömək etmir, yola təkbaşına davam etmək qərarına gəlir. Uzun müddət tək qalır, çox düşünür, sonda dərin meditasiyadan sonra birdən-birə özünü aydınlığa çıxmış sayır.

      Xeyli tərəddüddən sonra insanlar arasına qayıdıb öz təlimini-dharmanı yaymağa başlayır. İlk çıxışı “Alov” vəzidir. Bu çıxışda brahmanizmin mərkəzi simvollarından olan atəşdən istifadə edərək bu təlimi tənqid edir, öz təliminin əsaslarını açıqlayır. Ondan hazır davranış və inanc reseptləri gözləyənlər fərqli yanaşmanın şahidi olurlar. Buddanın təliminə görə həqiqəti hər bir insan yaşayaraq və axtararaq özü tapmalıdır. Hazır həqiqətlər yoxdur. İnsanlar üçün eyni olan iki doğru var: insanlar arzu etməyin və arzuların ümumiyyətlə, yaxud istənilən şəkildə reallaşmamağının, yeni arzular doğuran insan təbiətinin əsiridirlər, arzuları ucbatından əzab çəkirlər. İnsan arzularının əsiri olduqca mahiyyətə dair mütləq həqiqəti tapa bilməz, olduğu kimi deyil, istədiyi kimi görər. Hötenin “Göz bildiyini görər” təsbiti Buddada “Göz arzuladığını görər” şəklindədir. Ancaq dərin qavrayış və daim özünün davranış və düşüncələrinin fərqində olmaqla düşüncəni hisslərin hökmranlığından azad etmək mümkündür, Budda bunun metodologiyasını da öyrədir.

      Dörd həqiqət (iztirabın varlığı, onun səbəbi, iztirabdan qurtulmağın mümkünlüyü və bunun mexanizmi), buddist düşüncəyə aparan səkkiz pilləli yol, orta yol metodu, meditasiya, eqonun, səbəb-nəticə əlaqələrinin, səbəblərin kollektivliyinin başa düşülməsi, sabit və sonsuz olana qarşı dəyişən və sonlu olanın vurğulanması, karma və reenkarnasiya Budda fəlsəfəsinin mərkəzi anlayışlarındandır.

      Bunlar həqiqətə gedən yolda vasitələrdir, ancaq həqiqətin özü deyil:

      “Barmaq ayı göstərmək üçündür, ayı görmək istəyən barmağa ilişib qalmasın” və “Mənim təlimim çayı keçmək üçündür, çayı keçəndən sonra onu özünüzlə daşımayın”. Bu tövsiyyəyə sadiq qalan bir Zen buddizmi müəllimi, şagirdlərinə Buddanın adını çəkənin döyüləcəyini deyirmiş. Məqsəd, Buddanın avtoritetə, pərəstiş ediləcək şəxsiyyətə çevrilməsinin qarşısını almaq idi. Herman Hessenin “Siddharta” romanında təsvir etdiyi kimi məqsəd Dharmada və Buddanın şəxsiyyətində ilişib qalmaq deyil, bunlar sadəcə vasitələrdir.

      Budda həmçinin yaranış, ruh, sonsuzluq, ölümdən sonrakı həyat kimi metafizik mövzulara maraq göstərmir, “Bunları bilmək mümkün deyil, mümkün olsa belə, insanın halını yaxşılaşdırmır”. Bu mövzularda Budda prinsipial olaraq aqnostikdir. Bir buddist üçün ciddi əməl etməli olduğu qadağalar da qoyulur, məsələn, buddist heç bir canlıya zərər verməməli (ahimsa) və verilməyəni almamalıdır.

      İkinci ümumi həqiqət budur ki, Budda özünü digər insanlardan ayırmır, bütün insanlarda Budda-“oyanma” potensialı var, Buddanın oyanmış olmağın xaricində xüsusi üstünlüyü yoxdur, müqəddəs deyil. O, sarayı və mənsub olduğu kşatriya kastanı tərk etməklə təcrübənin, spontan həyatın bilgi qaynağı olduğunu bir nümunə kimi ortaya qoyur. Budda oyana bilməsini seçilmiş olmasına deyil, özünün seçdiyi yola bağlayır. Bütün bilgilərinin təcrübədən gəldiyini həmişə vurğulayır: “Təlimim təcrübələrimdən yarandı”.

      Məktəbinə qadınlar və toxunulmazlar sinifindən olanlar da daxil olmaqla hər kəsi qəbul edir, bu praktika o dövrdə bir ilk idi. Elitar dil olan sanskritcə deyil, xalqın anladığı Pali dilində danışır. Din tarixçisi Karen Armstronqa görə, ilk dəfə hansısa qrupa deyil bütün insanlara xitab edən bir müəllim ortaya çıxır. Təriqətə üzv olanlar və gündəlik işlərini tərk etməyən, ancaq buddizmə simpatiya bəsləyənlər üçün iki fərqli məktəb-kurs yaradır. Özünü heç kimdən üstün tutmur, fərqləndirmir. Oğlunun təriqətdə olmasından başqa buddist mətnlərdə adına rast gəlinmir. O zaman hakim olan brahmanizmin və kast sisteminin fəlsəfəsini və rituallarını rədd edir.

      Onun təlimi getdikcə daha çox yayılırdı, brahmanizmə və Upanişadlar ənənəsinə, hind rituallığına və formalizminə qarşı çıxdığı üçün bir neçə sui-qəsdlə üzləşir.

      Ölmək ərəfəsində təriqətə başçı təyin etməsini istəyirlər, “ Təriqət onu kimin idarə edəcəyinə özü qərar versin” deyir. Ölərkən rahiblərinə verdiyi son məsləhəti:

      – Təşkil olunmuş hər şey dağılır. Özünüz özünüzə işıq olun. Ağlınızı, təcrübənizi işə salın. “Ənənələr, kitablar, böyüklərimiz belə söyləyir” deyərək düşünmədən addım atmayın. Durmayın, qurtulmağa çalışın-olur.

      Buddizmi din kimi qəbul etmək çətindir. Çünki nə ənənəvi dini struktur, nə də belə bir dinin möhtəvası buddizmdə yoxdur. Süpergüc, onun seçdiyi xüsusi təmsilçi, məlumatların onun vasitəsilə göndərilməsi, insanların bu təmsilçi ilə bağlı inançları və ritualları ənənəvi dinlərin sadə formuludur. Ənənəvi dinlərdə sorğu-sual yaxşı qarşılanmır və fərd təqdim olunan hazır modeli qəbul etdiyi üçün mömindir. Budda insana əsassız ümid vermir, ondan düşünməyi tələb edir. Mərasimlərə, özəl günlərə əhəmiyyət vermir, dua ilə nəsə qazanmağın mümkün olduğunu vurğulamır. Buna görə də sonradan Uzaq Şərqə yayılanda dəyişikliklərə uğradı və Buddaya insanüstü xüsusiyyətlər yaraşdırıldı. İnsanlar özünü onlarla bir tutan insanın dediyinə əməl etmirlər. Buddanı guya uclatmaq məqsədiylə onun doğumu və ölümü, eləcə də şəxsiyyəti haqda əcaib rəvayətlər uydurdular. Halbuki buddizmin əsas qaynağı olan Pali kanonlarında hər şey olduğu kimi təsvir olunmuşdu.

      Buddizm sürətlə ətraf coğrafiyaya yayıldı, yayıldığı ölkələrin mədəniyyətini dəyişdirdi, xüsusiylə Çində və Yaponiyada Zen buddizmi ciddi uğur qazandı, samuray estetikasının və düşüncəsinin təməlini təşkil etdi. “Öldürmə” əmrini qulaqardına vuran samuraylar daha gözəl öldürmək üçün buddist estetikadan və ölümü təbii qəbuldan faydalandılar. İmperator Aşoka Hindistanda buddizm ənənələrinə sadiq qalaraq güc tətbiq etmədən buddist imperiyası qurdu və yaxın coğrafiyanı qan tökmədən buddistləşdirdi.

      Əsrlər keçdikcə xristianlığa, neoplatonist fəlsəfəyə və insanlara ciddi təsir göstərdi. Şopenhaur, Nils Bor, Marri Gelman, Stiv Cobs bu buddizmdən təsirləndilər. Herman Hesse onun haqqında “Siddharta” adlı gözəl bir roman yazdı. İqtisadçı Ernst Şumaxer “buddist iqtisadiyyat” fikrini ortaya atdı və “Kiçik gözəldir” adlı əsərində bunun əsas tezislərini qələmə aldı. Böyük Eynşteyn buddizmi gələcəkdə insanlarının ehtiyac hiss edəcəyi bir din kimi xarakterizə etdi: “Gələcəyin dini kosmik din olacaq. Bu din, Tanrının şəxsiyyət kimi təsəvvür edilməməsinə nail olmalı, doqma və teologiyalardan uzaq durmalıdır. Təbiəti və ruhu qavramaqla varlığın-təbii və mənəvi- vəhdətini anlamaqdan yaranan dini hisslərə əsaslanmalıdır. Bu kriteriyaya buddizm cavab verir”.

      Enşteyn, təbliğatçısı reklam sənayesi olan müasir istehlakçı dininin indiki dünyanı təbii və mənəvi krizisin astanasına gətirdiyini görsəydi, şübhəsiz qənaəti daha da möhkəmlənərdi.

      Ulduz falı

      Ölkəmizdə ulduz falı ilə bir professional olaraq məşğul olan xeyli insan və