Название | İfşa edilmiş fırıldaqçı |
---|---|
Автор произведения | Франц Кафка |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-1-1 |
Qalxmaq istədim, amma yenə yerə dəydim. “Yer şüşə kimi buz bağlayıb!” – öz-özümə deyindim və dizimdə ağrı hiss etdim. Digər tərəfdən, pivəxanadakıların məni görmədiyinə sevinirdim, çünki hava işıqlanana qədər burada rahatca uzanıb qala bilərdim.
Tanışım yəqin ki, mənim yoxa çıxdığımı hiss etmədən körpüyə qədər getmişdi, çünki xeyli müddətdən sonra gəlib çıxdı. Mənə yazığı gəldiyi üçün aşağı əyilib yumşaq əllərini üzərimdə gəzdirdi. Əlini gicgahıma sürtdü, sonra alnıma qoydu.
– Əzildiniz, hə? Yer buz bağlayıb, ehtiyatlı olmaq lazımdır… Başınız ağrıyır? Yox? Hə, demək diziniz…
Tanışımın səsi o qədər ahəngdar idi ki, elə bil, kiminsə dizindəki ağrı haqqında xoş bir əhvalat danışırdı. Əllərini tərpətsə də, məni ayağa qaldırmağı ağlından belə keçirmirdi. Başımı sağ əlimə söykədim, – dirsəyimi daşın üstünə qoymuşdum, – və nə söyləyəcəyimi unutmamaq üçün bunları tələsə-tələsə dedim:
– Bilmirəm, sağ tərəfə nə üçün qaçdım. Amma bu kilsənin qarşısından, – bağışlayın, kilsənin adını bilmirəm, – balaca bir pişik qaçdığını gördüm, tükləri ağappaq idi, elə buna görə də diqqətimi cəlb etdi… Amma yox, məsələ bunda deyil, bağışlayın, insanın bütün günü özünü idarə edə bilməsi çox çətindir. Elə buna görə də yatıb, bu ağır iş üçün güc toplayırıq, əgər yatmasaq, başımıza tez-tez qəribə hadisələr gələr. Amma tanışlarımızın bu hala açıq-aşkar təəccüblənməsi də nəzakətsizlik olar.
Tanışım əllərini ciblərini salmışdı; əvvəlcə boş körpüyə, sonra Seminar Kilsəsinə, daha sonra isə başını qaldırıb aydın səmaya baxdı. Mənə qulaq asmadığı üçün dalğın halda soruşdu:
– Axı, niyə danışmırsınız, əzizim? Özünüzü yaxşı hiss etmirsiniz?… Axı, nə səbəbə ayağa qalxmırsınız? Bu şaxtada burada qala bilməzsiniz, xəstələnərsiniz, həm də biz Laurenziberq təpəsinə çıxmayacaqdıq?
– Əlbəttə, bağışlayın, – dedim və şiddətli ağrı hiss etsəm də, özüm dikəlib ayağa qalxdım. Səndələyirdim, müvazinətimi itirib yıxılmamaq üçün sağa-sola baxmadan gözlərimi Dördüncü Karlın heykəlinə dikdim. Lakin ay işığı oynaq olduğundan Dördüncü Karlı da hərəkətə gətirmişdi. Təəccübləndim və səndələməyə davam etsəm, Dördüncü Karlın da yıxılacağından qorxdum və buna görə də dabanlarımı yerə möhkəm basdım. Amma sonra səylərimin heç bir faydası olmadı və gözəl ağ donlu bir qızın məni sevdiyini düşündüyüm an Dördüncü Karl da yıxıldı.
Mən əbəs yerə canfəşanlıq edirəm və çox fürsətlər qaçırıram. Qız barədə düşünmək nə xoşbəxt anlar idi!.. Ay da mərhəmət göstərib məni işıqlandırmışdı, təvazökarlıqdan gedib körpü qülləsinin tağı altında dayanacaqdım ki, ayın hər şeyi işıqlandırmasının təbii olduğunu düşündüm. Buna görə də Ay işığından əməlli-başlı zövq alaraq əllərimi ovuşdurdum… Yadıma bir şeir düşdü:
Sərxoş çapar kimi
Havanı tapdalayaraq
Küçələrdə çapırdım.
Və süst qollarımla üzmə hərəkətləri edərək, çətinlik çəkmədən, ağrısız-acısız irəli getməyə başladıqda bir az yügülləşdim. Sərin havada başım dinclik tapmışdı, ağ libaslı qıza duyduğum sevgi isə məni kədərləndirirdi, sanki dumanlı dağların ətəyindən və sevgilimdən ayrılıb üzürdüm… Birdən nifrət etdiyim xoşbəxt bir tanışım yadıma düşdü, – bəlkə də o indi mənimlə yanaşı addımlayırdı, – və yaddaşımın bu qədər yaxşı olduğu və hətta əhəmiyyətsiz təfərrüatları da xatırladığım üçün sevindim. Axı, yaddaşın yükü böyükdür. Birdən ulduzların adını bilməyə başladım, hərçənd onların haqqında heç bir şey oxumamışdım. Bəli, bunlar maraqlı adlar idi, çətinliklə yadda qalırdı, amma mən bunların hamısını çox dəqiq bilirdim. Şəhadət barmağımı yuxarı qaldırıb, ulduzların adını ucadan sadalamağa başladım… Lakin bu çox çəkmədi, çünki daha dərinə qərq olmağı istəmirdimsə, üzməyə davam etməliydim. Amma sonralar səkidə hər kəsin üzə biləcəyini və bu barədə danışmağın yersiz olduğunu demələrini istəmədiyim üçün, gücümü toplayıb körpü məhəccərlərindən yuxarı yüksəldim və qarşıma çıxan hər övliya heykəlinin ətrafında dövrə vurdum… Beşinci heykəlin yanında qollarımla havanı qulaclayıb, özümü səkinin üzərində saxlamağa çalışdığım zaman tanışım əlimdən tutdu. İndi mən yenə səkidə dayanmışdım və dizimin ağrıdığını hiss edirdim. Ulduzların adını unutmuşdum, o sevimli qız haqqında isə yalnız bu yadımda qalmışdı ki, onun əynində ağ paltar vardı, amma onun sevgisinə inanmaq üçün əlimdə hansı əsaslar olduğunu heç cür xatırlaya bilmirdim. Bu qızı itirəcəyimə görə öz yaddaşıma və ürkəkliyimə acığım tutdu. Və “ağ don, ağ don” deyə ara vermədən təkrarlamağa başladım ki, heç olmasa bu əlamətin köməyi ilə qızı yaddaşımda saxlaya bilim. Amma bu da kömək etmədi. Tanışım danışa-danışa daha yaxına gəlmişdi; onun sözlərini anlamağa başladığım anda ağ bir şey körpünün məhəccərləri boyunca sürətlə şığıyıb, qülləni keçərək qaranlıq küçəyə daldı.
– Həmişə, – müqəddəs Lyudmilanın heykəlini göstərərək dedi, – həmişə bu soldakı mələyin əllərinə heyran olmuşam. Görün necə zərif əlləri var! Bu axşam mən bu cür incə əlləri öpmüşəm.
Məni qucaqladı, paltarımı öpdü və başını sinəmə sıxdı.
– Əlbəttə, mən sizə inanıram. Heç bir şübhəm yoxdur, – dedim. Bu zaman barmaqlarımı onun əlindən çıxarıb, ayaqlarını çimdiklədim. Amma o bunu hiss etmirdi. Öz-özümə dedim: “Bu adamla nə üçün gedirsən? Axı, sən onu sevmirsən və ona nifrət də bəsləmirsən, axı xoşbəxtlik ağ don geyib-geymədiyi dəqiq bəlli olmayan o qızdadır. Demək, bu adam sənin üçün əhəmiyyətsizdir… təkrar et: əhəmiyyətsizdir. Amma təhlükəli adam olmadığı da aydındır. Buna görə də, get onunla Laurenziberq təpəsinə, çünki bu gözəl gecədə artıq yola düşmüsən, get, amma qoy bu adam danışsın, sənsə özün üçün əylən; və beləcə, sən, – bunu astadan de, – özünü hər şeydən yaxşı qoruyacaqsan”.
II
ƏYLƏNMƏK, YAXUD YAŞAMAĞIN MÜMKÜNSÜZLÜYÜNÜN SÜBUTU
1. AT BELINDƏ
Qeyri-adi cəldliklə tanışımın çiyinlərinə sıçradım və yumruqlarımla belinə vuraraq onu löhrəm yerişlə qaçmağa məcbur etdim. Amma qaçmaq istəmədiyini və bəzən hətta dayandığını görüb, hərəkətə gətirmək üçün çəkmələrimlə qarnına təpik vururdum. Bunun xeyri oldu, və biz sürətlə böyük, amma hələ tamamlanmamış bir ərazidən içəri girdik. Axşam idi.
Mənim getdiyim kəndarası yol xeyli daşlı idi və dağa qalxırdı, amma bu xoşuma gəldi və yola davam edib, onu daha daşlı və yoxuşlu hala saldım. Tanışım yavaş getməyə başlayan kimi saçlarından yapışıb yuxarı dartırdım, ah-uf etdikcə isə başına