Название | Həya və Dəyər |
---|---|
Автор произведения | Даг Солстад |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9953-8066-2-5 |
Onun sivil cəmiyyətə əlvida deməsi faktı, işdən qovulması, və özünü bu aciz vəzəyyətə salması söz yox ki Elias Ruklanın həyat yoldaşını da kifayət qədər pərişan edəcəkdi. O düşünə bilmirdi bu səhnəni. Düşünəndə də gözünün qabağına yalnız həyat yoldaşının saysız hesabsız məsləhətləri, vəziyyətdən çıxış yolları, özünün isə uşaq kimi onun qarşısında durub yalnız çiynini çəkməsi gəlirdi. Arvadının adı Eva Linda idi. Bu izahedilməz gözəl qadını ilk dəfə görməsi, onunla tanışlığı bu ümüdsüz anlarında Elias Ruklanın gözünün önündən keçdi. Onlar tanışlıqlarından düz yeddi il sonra ailə həyatı qurmuşdular. İndi burada onun üçün həyatda hər şeyin bitdiyi bu tutqun payız günündə, Bislet dairəsinin yanında, içində gələcəyə olan ölçüyəgəlməz ümüdsüzlük fonunda həyatının keçmişini vərəqləmək istədi. Yaddaşı ona xəyanət etmədi. Gənclik, tələbəlik illəri, Eva Linda ilə Yohan Kornelusen ilə tanışlığı yağış çisələyən Oslo səhərində bir-bir yadında düşürdü:
İlk dəfə tanış olanda Eva Linda onun ən yaxın dostu sayılan Yohan Kornelusenin arvadı idi. 1960-cı illərin sonu idi. Onlar hər üçü gənc idi. Daha dəqiq desək Elias Ruklanın 30-a yaxın, cütlüyün isə 25-26 yaşları olardı. Elias Rukla sonradan can bir qəlbdə dost olacağı Yohan Kornelusenle 1966- cı ildə onların hər ikisi Oslo universitetinin Fəlsəfə fakultəsində oxuyarkən, Blinderndə (Oslo universitetinin kampusu və Universitete ən yaxın metro stansiyası) tanış olmuşdu. Elias Blindernə filologiyadan dərəcə imtahanını vermək üçün gəlmişdi. Eyni zamanda o əsas fənn kimi həm Norveç dilini həm də tarixi seçmişdi və tər tökərək Norveç dilindən öz buraxılış işini yazırdı. Xüsusi istedadı və intelekti ilə seçilməsə də bütün dərslərə girir, ümumi qrupdan geri qalmamağa və imtahanlardan kəsilməməyə çalışırdı. Elə Yohan Kornelusenlə də o fəlsəfə fakültəsində oxuyarkən tanış oldular. Yohan fakültədə seçilən tələbələrdən idi və indidən qarşısına magistr dərəcəsi oxumaq vəzifəsi qoymuşdu. Heç özləri də bilmədən bu ikili arasında münasibət getdikcə çox isti oldu. Onlar bir-birinə meyl salıb ayrılmaz dostlara çevrildilər.
Əslinə baxsan bu ikili çox fərqli idi. Çox. İstər dünyagörüşü, istər ictimai aktivlik, istər sosial düşüncələr baxımından. Hətta bu fərqlilik o qədər nəzərəçarpan idi ki, universitetdə onların bu möhkəm dostluğuna çoxları təəccüblənirdi də. Adamlar nə qədər bu iki fərqli oğlanın dostluğundan danışsalar da, iki eyni universitettdə təhsil alan cavanın tələbəlik illərində belə yaxınlaşma-sına çox təəccüblənmək də yersiz idi.
Elias Rukla ilk dəfə Yohan Kornelusene Vitganştayn haqqında olan mühazirədə fikir vermişdi. Onda həm bakalavr həm də magistr tələbələri birlikdə fəlsəfə fakültəsində bu maraqlı mühazirəni izləyirdilər. Elias Rukla yuxarı cərgələrdə oturmuşdu və birdən ucadan əsnədi. Mühazirənin ən maraqlı yeri idi, Yohan Kornelusen isə Vitqanştaynın ən tanınmış tələbələrindən olan mühazirəçiyə sual ünvanlamışdı. Sualı eşidən müəllim çox ciddi bir sifət alıb dərin fikrə getdi.
Düzünə qalsa iki məfhum arasındakı fərq soruşulan bu sual Elias Ruklaya tam adi bir sual kimi gəldi. Lakin mühaziərçi yenidən çox ciddi bir sima alıb düşünməyə başladı. O üzünü sual verən tələbəyə tutanda artıq 2-3 dəqiqə keçmişdi. Müəllim üzünü Yohana tutaraq onun sualnı izah etməyə başladı. Elə bu vaxt zəng vuruldu və bu auditoriyada mühazirəsi olan növbəti qrup tələbələr heç kimin çıxmasını gözləmədən sinifə axışdılar. Elə bu sual bəs elədi ki Elias Rukla anlasın ki, sual verən tələbə adi tələbə deyil və o özünü gələcəkdə də hələ göstərəcək. Artıq fakültənin özündə də ondan danışırdılar. İnsanlar bu istedalı tələbənin parlaq gələcəyinə artıq indidən demək olar ki, əmin idilər. Gör hələ Yohan Kornelusenin İmmanuel Kant haqqında yazacağı magistir işi necə böyük səs-küy yaradacaq. Həmin gündən bəri Elias Rukla onu fəlsəfə fakültəsinin yerldəşdiyi universitetin Niels Trexovs korpusunda (Oslo universitetində universitetin hər bir binası ölkənin, universitetin həyatında mühüm rol oynanayan şəxslərin adı ilə adlandırılıb) 9- cu mərtəbənin dəhlizlərində tez-tez görməyə başladı. Onu hər görəndə Elias Rukla düşünürdü: Onun təxminən həmyaşıdı olan bu cavan oğlan bir gün ölkənin ən tanınmış fəlsəfə xadimlərindən biri olacaq. Bir dəfə o gördü ki, Yohan Korelusen bir qrup tələbə ilə dayanıb nəyisə canfəşanlıqla müzakirə edir. Elias Rukla həm də bu tələbələrin ona necə göz qırpmadan diqqətlə qulaq asdıqlarına, ordakı qızların isə Yohan Kornelusene necə heyranlıqla baxdıqlarına fikir verdi. Onlar Yohanın dəlillərinə, arqumentlərinə diqqətlə qulaq asır və açıq-aşkar onun yanında olmaqdan qurur duyurdular. Bu tələbə yığınına deyəsən onun dedikləri qədər səs tonu da məftunedici təsir edirdi. Deyəsən müzakirənin ən qızğın vaxtı idi. Yohan Kornelusen isə fikrini çatdırıb qurtarmışdı. Tələbələrdən biri nəsə demək istədi. Elias Rukla başa düşmədi ki o Yohan Kornelusenə etiraz etmək istəyir ya onun dediklərinə nəsə bir əlavəsi var. Tələbənin nitqindən sonra hamının, xüsusən qızların nəzərləri yenidən gün kimi saçan Yohana yönəldi. Onlar bu tələbənin dediklərinə ondan ya etiraz ya da razılıq gözləyirdilər. “Deyəsən qızların belə marağı Yohana yaman ləzzət edir” Elias onlara tərəf baxa-baxa yenə öz-özünə düşündü. Yohan isə səsində və davranışında qətiyyən özündən razılıq əlaməti olmadan sözünə davam edirdi. Bu Elias Ruklanı biraz təəcbüləndirdi. Ona bu müzkirədə əsas Yohan Kornelusenin özünə əmin duruşu və üzündəki şən ifadə ləzzət etmişdi. O çox səmimi görsənirdi və müzakirələrə də açıq idi. Elias Rukla dəhlizdəki oturacağa əyləşdi. Başları qızğın müzakirəyə qarışan tələbələrdən bir qədər kənarda oturduğu üçün onların səsi artıq çox zəif gəlirdi. Bir anlıq ürəyindən bu elmi müzakirələrdə iştirak etmək, öz biliyini göstərmək, mübahisələrə qatılmaq keçdi. Dərhal da özü-özünü məzəmmət etdi. O axı hələ bakalavr idi. Onun belə elmi müzakirlərə qatılmağa savadı və cəsarəti yetərli idimi? Yaxınlaşsa onlara nəsə yeni bir fakt deyə biləcəkdimi? Bir qədər də keçdi. Qızğın müzakirə bitəndə və Yohan Korelusen iki tələbə ilə o oturduğu yerə tərəf addımlayanda o daxilində idarə edə bilməyəcəyi qədər böyük olan bir qısqanclıq duydu. Sadəcə ona görə ki Yohan Kornelusenlə birgə elə dəhlizdə addımlamaq faktı adamın həyatını necə zənginləşdirə bilərdi. Bir neçə gün sonra Elias Rukla yenidən bu skamyada oturmuşdu. Yohan Kornelusen isə dəhlizin o başından asta-asta addımlarla onun oturduğu yerə doğru gəlirdi. Yohan ağır addımlarla o oturduğu skamyaya yaxınlaşıb onun yanında əyləşəndə o Yohandan abır-həya etdi və donub qaldı. “Bəlkə siqaretin olar”? Yohan Kornelusen ondan soruşdu. Elias Rukla başını tərpədib siqaret qutusunu ona doğru uzatdı. Yohan ona uzadılmış qutudan bir siqaret çəkdi və dostcasına başını yelləyərək qutunu Elias Ruklaya qaytardı. Onlar beləcə yanaşı oturdular, Yohan astaca siqaretini sümürürdü. Heç biri danışmırdı. Nəhayət Elias dilləndi: “Nə əcəb sən fəlsəfə oxuyursan”?
Əvvəl Yohan Kornelusen Elias Ruklanın üzünü diqqətlə nəzərdən keçirdi, sonra onu iti baxışlarla və diqqətlə başdan-ayağa süzdü.