Dələduz. Роберт Вальзер

Читать онлайн.
Название Dələduz
Автор произведения Роберт Вальзер
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9953-8066-2-3



Скачать книгу

qadın fiqurlarının birini əhatə edən sarı bir haləyə qovuşmuş, yəni müqəddəsləşmiş, bu anlarda gecəquşlarına məxsus ürkəklik, qaranlıq dənizlər üzərindən bir uçuş, bir qanad çırpıntısı, daxili aləmin qaranlıq dənizlərində həlak olan ümidsiz bir quşa dönmüşdü. Və təbii ki, qəhrəmanımız bundan sonra evlilik barədə nəsə öyrənə bilməmişdi. Səfeh adamların susqunluğa necə inadla sarıldığını bilməlisiniz. Bəli, bu səfeh adamlar nəzakət qaydalarının ən cəsarətli cəngavərləridir. Öz nəzakətlərini, inadkar bir keçi kimi, insanlara meydan oxuyurcasına sərgiləyən bu adamlar onlara qarşı olunmuş haqsızlıqları, onlara yapışdırılmış əbləh damğasını, məhz nəzakətləri ilə yavaş-yavaş, damla-damla yoxa çıxardarlar. Əbləhlərin bu içə batmış görüntüsünü bir daha xatırlayıb demək istəyirəm ki, bu sadəcə bir göstərgədir, aldatmacadır. Yoxsa siz hələ də onların öz ağrılarına aşiq olduqlarından, mazoxizm simptomlarından danışaraq, bu axmaqlıqlara inanacaqsınız? Etməyin belə. Bunu da əlavə edim ki, səfehlər xəyal dünyasının əla süvariləridir. Onların xəyalpərəstliyi dəhşətli dərəcədə ağır itkilərə səbəb olan bir döyüşdür. Yəni dediyim odur ki, qadının evliliyində onun bədbəxtliyə səbəb olan əsas şey qadın əbləhcəsinə evləndiyi adamın xarakteri haqqında qurduğu xəyallara: bu xəyallardan danışarkən qadının həmin adamın mülayim, güclü, kübar, cəngavər ruhlu, şən, sofu, sayğılı, zarafatcıl, ağıllı, geniş ürəkli, mərd, bütün şərtlərdə etibarlı, əylənməyi bacaran və əyləndirən, eyni zamanda çox ciddi, dindar eyni zamanda inancsız olması kimi xəyallara inanması və sonradan bütün bunları həmin adamda tapmaması da ola bilər. Həqiqətən, bəzən kiçik bir şey nəhəng bir bədbəxtlik doğura bilər. Və indi, ətrafın həmişəki kimi sükuta büründüyü, hər yanın dənizin dibi qədər sakit olduğu, bütün evlərin fövqəladə şəffaf bir suyun içində dalğalar kimi yüksəldiyi, dəyişkənlik və sabitliyin səssizcə pəncələşdiyi anlarda pəncərədən günəş vurduqca bu səfeh qadın, artıq tarixə çevrilməkdə olan şirin görüntüsünün müşayiəti ilə içində bir parça kolbasa olan kiçik bir tabağa baxdıqca yeni xəyallar qurur, xəyalların zamanla sülh anında tabaqdakı kolbasanı gəmirir, zavallı kolbasadan geriyə yalnız sonradan otaq xidmətçisi Dələduz tərəfindən sümürüləcək qabıq qalırdı. Yenə də Dələduzun bu həqarətli davranışını xatırlatdımsa da üzrlü bilin, axı bizim Dələduz da hərdən səfehlik etməyi özü üçün bir məşğələyə çevirib. Ah Dələduz, dayanmadan oxuduğu və təhkiyələrini təpədən-dırnağa qədər mənimsədiyi hamı tərəfindən bilinən romanların müxtəlif cildlərindən müxtəlif hekayələr oğurlayan Dələduz. Daim xoş bir ədayla hırıldayan Dələduz. Onun qadın haqqında şübhələri. Görəsən bu səfeh qadının dərdi nə idi? Bəlkə daxilindəki yarıkişi varlıq idi onu bədbəxt edən? Bəs nəyə görə birinci ərinə bu qədər tab gətirmişdi? Qadının öz ruhunu paramparça etməsinə səbəb nə idi? Eh, yaxşı ki indi yanında sevimli bir xidmətçi qız var. Yay aylarında onun ziyarətinə gələnlər xeyli çox olur və bu qız olmasa bu ziyarətçilərlə əlləşmək tamam müşkül olardı. Çox vaxt bəyazlara bürünən, söhbət Vaqnerdən düşəndə onu anlamadığını səmimiliklə etiraf edərək, Vaqanerdən baş açmaq üçün musiqi mütəxəssisi olmağın zərurətindən danışan, bir dəfə də Dələduzu axmaq bir ədabaz adlandıran sevimli bir qız. Nəysə, indi bizi növbəti bir şillə gözləyir. Qapazın haradan dəyəcəyini birazdan biləcəksiniz. Editi, isə bir müddət özünün yaşıl şapkası altında cilovlanan xürrəm görüntüsü ilə başbaşa buraxaq.

      Bir müəllimə, şəhər sakinlərindən həqiqi bir müəllimə, yaxşı bir pedaqoq olmadığı, öz peşəsi haqqında heç bir bilgiyə yiyələnmədiyi haqqında alçaldıcı sözləri eşidib, öz qırılmış cəsarəti və ümidi ilə tamam yalnız qaldıqdan sonra bir qərara gəldi: “Əyalətə gedəcəyəm” Və həmin qadın əyalətin səssiz və sakit mühitində, əlbəttə ki, əyalət sakinlərinin onu özünü doğrultması üçün verdikləri zamanın və dəstəyin yardımı ilə özünü inkişaf etdirərək olduqca gözəl bir müəlliməyə çevrildi. “Əziz yerlilərim, bir-birinizi bu qədər alçaltmayın”. İnsanların sadəcə qüsurlarından danışmaq yaxşı vərdiş deyil, insanlara anlayışla yaxınlaşın. Əgər bunu edərsəniz çoxlu sayda sözün həqiqi mənasında etibarlı, çalışqan, məsud kişi və qadın vətəndaşlar qazanarsınız. Unutmayın ki, insan xidmət edərkən çevik, ittiham edərkən isə asta olmalıdır. Bir idarəetmə üsulu nə qədər diqqətli olsa bir o qədər yaxşıdır. Bundan əlavə rəhbərlik etmək və idarə etmək eyni anlama gəlməməlidir. Mükafatlandırarkən və cəzalandırarkən diqqət ən önəmli şərtdir. Tanrım, bir daha əsla qadınlar kafesinə getməyəcəm! Səbəbini sonra mütləq izah edəcəm. İndisə Dələduza qayıdıq. Dələduz, üç ay boyunca ümidsiz bir evlilik yaşayan və bu vaxtın sonunda arvadının onun qeyri-adiliklərinə, qəribəliklərinə kifayət qədər həssas yanaşmadığını anlayıb, arvadından boşanan başqa bir məktəb müəllimi ilə günəşin qovurucu təravətindən faydalanmaq üçün çəmənliklərə doğru gəzintiyə çıxmış, müəllimin “Sizə qarşı fövqəladə marağı varmış kimi davranan bu Professor Mükəmməl” haqqında sualına professorun dağları və gölü ovcunun içinə alan, anlaycağınız pitoresk mahiyyətindəki villasına işgüzar səfərindən, bu səfər zamanı baldırından onu dişləyən itin diş izlərindən duyduğu möhtərəm zövqdən danışmaqla cavab verərək, müəllimin “professorun Dələduza dəstək olub-olmaması haqqında bilmək istədiklərinə isə növbəti monoloqla qarşılıq verirdi. “Əziz müəllim, çox hörmətli professor hamıdan öncə özünə dəstək olur. Bu da qəbahətli bir şey deyil, özündəstək hamımızın fitrətindədir. Məsələn siz əgər özünüzə dəstəkçi olmasaydınız arvadınızda boşanmaq üçün əsla özünüzdə güc və səbəb tapmayacaqdınız. Bəli, siz özünüzü düşünməklə, sizə ziyan verəcək bir durumda yaşayıb gedərkən, özünüzə yazığınız gəldi və arvadınızdan ayrılmaq qərarına gəldiniz. Bu sizin özünüzə qarşı hiss etdiyiniz ali bir mərhəmət idi. Bəli siz necəsinizsə, professor Mükəmməl də elədi, o da özünə qarşı eyni nəzakət və qayğı ilə yanaşır. Hətta mən özüm, burada sizinlə söhbətləşən, çənəsini yoran mən belə, özümə olan inancımı bütün üsullara dimdik saxlamağa, şax saxlamağa çalışıram, çalışıram ki, sizdən və özümdən mənə ziyan gəlməsin, özlüyümü qoruyan şeylər daim sağlam qalsınlar.” Belə qısa və yaxşı sözlərə köklənmiş monoloqun ardından müəllim dilə gələrək yaşadığı anın Holderlinsayaq təravətindən bəhs edərək, Dələduzu yeni bir monoloqa sürüklədi. “İstisnalar və fərqliliklər.” Bütün istinsanlar və fərqliliklər bir-birilərinə mütənasib şəkildə inkişaf edirlər. Ruh hallarımız nə qədər ahəngdardısa yaşamımız bir o qədər harmonikdir. Eləcə də uğurlar, tanınmışlıq və s. Baxın, sizin olduqca hörmətli bildiyiniz professorun bu cür parlaq ulduza malik olması məni yalnız xoşbət edir. Demək istədiyim odur ki, başqalarının bizdən fərqliliklərini bizim inkişafımızın qarşısında əngəl kimi görən (əslində bu fərqliliklər heç bir zaman əngəl deyildir) üfunətlənmiş qoxu verən duyğulardan xilas olmağımız yeganə çıxış yolumuzdur. Bir yerlimizin uğurlu, mükəmməl biri olması həm də bizim uğurumuz, mükəmməlliyimiz üçün bir zəmindir. Bu zəmini yasaq kimi görən düşüncələrdən qurtulmaq gərəkdir. Bunu da əlavə edim ki, istisnalıq, seçilmişlik istisnalığı, fərqlilik,