Название | Qızlar oxumasın |
---|---|
Автор произведения | Eldar İlqaroğlu |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn |
“Oğlu artıq dördüncü sinifdə oxuyurdu. Məktəbdən gəlib dərslərini hazırlayırdı. Otağından çıxıb yanına gəlir və deyirdi: “ana, bu misalı həll edə bilmirəm, kömək edə bilərsən?” Günel baxır və çarəsiz halda deyir “qoy qalsın atan axşam gələr, kömək edər.” Köməksiz qalan uşaq öz otağına gedib bir az sonra yenidən qayıdır: “ana, müəllimə bir məsələ də verib, həll edə bilmirəm” Günel bu dəfə hirslənib uşağın başına çığırır: “Cəhənnəmə verib, gora verib, dedim axı mən heç nə bilmirəm, atan gələr, kömək edər.” Bundan pərt olan uşaq gözüyaşlı halda otağına geri qayıdır.
Hövlnak şəkildə ayılan Günel bunların yuxu olduğunu anlayıb ağlamağa başlayır. Bu cür hadisələri o da uşaq vaxtı çox yaşamışdı. O da ilk vaxtlar anasından kömək istədikdə xəyal qırıqlığına uğramışdı. Ümidləri sönmüşdü, bir müddət özünə gələ bilməmişdi. O vaxt bu ağrıları yaşamasın deyə özünə söz vermişdi ki, mən oxuyacağam, bilikli olacağam, mən “savadsız ana” olmayacağam. Amma sözünü tuta bilmədi, oxuya bilmədi. Qorxduğu, nifrət etdiyi məqamlar indi artıq onun kabusuna dönmüşdü. İndi o da artıq ailə qurmuşdu və ana olmağa hazırlaşırdı. İndi o da öz anası kimi olacaqdı, içində qınadığı, həmin o qorxduğu “savadsız ana”. Belə çıxır ki, bu elə belə də dövr edəcəkdi? Onun da övladları dilə gətirməsə də, onu qınayacaq, sonra nəvələri, sonra nəticələri…
Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı sahibləri dərk edərlər! (Bəqərə surəsi 269)
ANLAŞILMAZ HƏYAT YOLDAŞI…
“İnşaatçılar” metrosunun düz bir addımlığında binaların birində idi mənzilləri. Toydan 3 gün sonra bura köçmüşdülər. İllərdir buranı kirayə verən qaynatası Sabir kişi bu evə köçməyi özü təkid etmişdi. Günelin indiyə qədər gördüyü qaynata tipi deyildi Sabir kişi. O, özü də tez-tez deyirdi:
– Çalışacam sənə qaynata deyil, ata olum. İndi nə qədər bacardım, bacardım, bacarmasam da, üzürlü say.
Həqiqətən də heç vaxt özünə qarşı heç nə tələb edən deyildi. Biri ya ailədə, ya da dostlarından ona qarşı səhvi olsaydı, ya diqqətsizliyi olsaydı inciyib küsən deyildi, heç üzə də vurmazdı ki, niyə belə etdin… Həmişə səhvi özündə axtarar, hər olaydan dərslər götürməyə çalışardı. Hətta öz həyat yol daşına da 40 illik evlilik dönəmində bir dəfə də olsun “niyə bu köynək ütülənməyib?”, “niyə yemək duzludur?” kimi ifadələr işlətməmişdi. Elə günləri olmuşdu özü paltarını yumuş, ütüləmiş, həm də yemək bişirmişdi. Ümumiyyətlə onun düşüncəsinə görə qadın qulluqçu deyil, evin xanımıdır. Könlü nə istəsə, ailəsi üçün edər ki, bu da qadının lütfkarlığı, fədakarlığıdır. Buna yalnız təşəkkür etmək gərəkir, nə də istəməsə etməz, buna məcbur da deyil. Dağ kimi möhkəm səbri olan Sabir kişi danışmağı çox da sevməzdi. Danışanda da ən gözəl sözü ən yaxşı tərzdə deməyi bacarardı. Susub dinləmək qabiliyyəti də onun həddindən çox səbrli olmasından irəli gəlirdi. Elə bu xüsusiyyətinə görə xeyli dostları var idi ki, hamı da onun xətrini dünyalar qədər sevirdi.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.