Название | Bizim gözəl dilimiz |
---|---|
Автор произведения | Эльдар Мамедов |
Жанр | |
Серия | |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-9952-4471-0-5 |
1958-ci ildə Ağstafa rayonunun Köçəsgər kəndində orta məktəbi bitirdikdən sonra sənədlərimi Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili bölməsinə vermək üçün Bakıya gəldim. İmtahanlardan yüksək qiymətlər ala bilmədim. Kəndə qayıtdım. 1959-cu ildə yenidən həmin məqsədlə Bakıya gəldim. Lakin bu dəfə hərbi çağırış vərəqəm olmadığına görə sənədlərimi ADU-ya qəbul etmədilər. Hər hansı başqa bir ali məktəbə isə daxil olmaq istəmirdim. Payızda isə əsgər apardılar.
Xidmət etdiyim hərbi hissə Xarkov şəhərindən təqribən 60 kilometr cənubda yerləşirdi. Səkkizaylıq serjant kurslarını başa çatdırdıqdan sonra məni səyyar elektrik stansiyası manqasına komandir təyin etdilər. Manqada cəmisi 6 nəfər əsgər var idi. Onun əsas əsas vəzifəsi isə ümumqoşun təlimləri keçiriləndə hərbi səhra və səyyar qospitalları elektrik enerjisi ilə təmin etməkdən ibarət idi. Belə hərbi təlimlərin birində nahar yeməyindən sonra birsaatlıq fasilə elan edilmişdi. Elektrik mühərrikini və başqa avadanlığı daşıyan QAZ-51 markalı yük avto-mobilini meşənin kənarında böyük bir ağacın altında dayandırıb istirahət edirdik. Sürücü isə həmyerlilərinin yanına getmişdi. Mən kürəyimi arxa tərəfdən maşının dal təkərinə söykəmişdim. Əsgərlərdən bir neçəsi isə maşının altında uzanmışdı. Hava isti olduğundan hamı-mız yuxuya getmişdik. Birdən maşın irəli hərəkət etdi və mən arxası üstə yıxıldım. Əsgərlər də oyandılar. Heç kəsə xətər yetirilməmişdi. Sürücünün dediyinə görə, o, qayıdanda görür ki, maşın artıq günün altındadır. Maşını kölgəyə çəkmək üçün onu irəli sürür. Sonralar etiraf etdi ki, o, əvvəlcə maşını geri sürmək istəyib. Lakin arxada cavan bir ağacı basıb sındırmalı imiş. Ağaca heyifi gəlib və maşını irəli sürüb. Əgər o, maşını arxaya sürsəydi, bəlkə də əsgərlərə heç nə olmazdı, amma kürəyimi söykədiyim təkər hökmən mənim üstümdən keçməli idi. Bir təsadüf üzündən sağ qalmışdım…
Hərbi xidmətin ikinci ilindən etibarən hissəmizin həyatından rusca məqalələr yazıb Kiyev hərbi dairəsinin qəzetinə göndərirdim. Dərc edirdilər. Hələ qonorar da göndərirdilər…
Üçillik hərbi xidmətin axırlarında – 1962-ci ilin iyun ayının əvvəlində Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Ərəb dili bölməsinə daxil olmaq üçün sənədlərimi poçt vasitəsilə hərbi hissədən Bakıya göndərmişdim. Hissəmizdə ali məktəblərə daxil olmaq istəyənlər üçün altıaylıq kurslar təşkil etmişdilər. Axşamlar yaxınlıqdakı kənd məktəbindən müəllimlər gəlib bizi ayrı-ayrı fənlər üzrə imtahanlara hazırlaşdırırdılar. Artıq iyul ayının ortalarında hərbi hissədən sənədlərini ali məktəblərə göndərənlərin hamısını imtahan verməyə dəvət etmişdilər. Təkcə mən qalmışdım. İki gündən bir gedib yaxınlıqdakı Merefa şəhərindən Bakıya – qəbul komissiyasına teleqram vururdum ki, mənim sənədlərimi qəbul edibsinizsə, mənə rəsmən dəvət göndərin. Lakin heç bir cavab gəlmirdi. Heç bilmirdim, nə edim. Bir nəfər məni başa saldı ki, sən ikitərəfli teleqram göndər, yəqin qəbul komissiyasının sənə göndəriləcək teleqramın dəyərini ödəməyə pulu yoxdur. Elə də etdim, səhərisi gün teleqram aldım: “İmtahan verməyə gələ bilərsən.” Məhz həmin teleqrama əsasən Bakıya getməyimə icazə verdilər. İmtahanların başlamasına isə iki gün qalmışdı.
Avqust ayının 1-də Bakı dəmiryol vağzalına çatdım. Əsgər paltarında ADU-nun qəbul komissiyasına – indiki iqtisad universitetinin binasına gəldim. 3-4 il bundan əvvəl qəbul komissiyası burada yerləşirdi. Heç bir qələbəlik görmədim. Dedilər ki, indi qəbul komissiyası Nizami küçəsindəki 49 nömrəli binada yerləşir. Üz tutdum həmin ünvana. Oraya çatanda qəbul komissiyasının katibinin mənim adımı və familiyamı qışqırdığını eşidib yaxınlaşdım. Katib məni möhkəm məzəmmətlədi ki, niyə vaxtında gəlib imtahan vərəqini götürməmisən… İmtahanları bir-bir verirdim. Kəndimizdən ötrü burnumun ucu göynəyirdi. Axırıncı imtahana dörd gün qalırdı. Qatara minib kəndi-mizə getdim. İki gün qalıb qayıtdım. Axırıncı imtahanı da verdim. Bir neçə gündən sonra adımı qəbul edilənlərin siyahısında görüb çox sevindim. Əsgərlikdən gəldiyim üçün mənə yataqxanada yer də verdilər.
Qrupumuzda 9 nəfər tələbə vardı. Mən də daxil olmaqla 3 nəfər hərbi xidmətdən qayıdanlar idi. Bir neçə nəfər birinci kursdan sonra başqa fakültələrə keçdilər. Axırıncı kursda isə müxtəlif səbəblər üzündən kursda qalanlar bizim qrupa qoşuldular. Hamımız yaxşı oxuyurduq. 4-cü kursda Zahid Hüseynovu Bağdad universitetinə, 5-ci kursda isə Rza Xəlilovu Qahirə universitetinə staj keçməyə göndərdilər. Mən isə Yəmənə getməliydim. Lakin bu ölkə ilə SSRİ arasında münasibətlərin gərginləşdiyinə görə səfər baş tutmadı.
1967-ci ildə universitetdə təhsili başa vurdum. Mənim təyinatımı Naxçıvana verdilər. Həmin vaxt ailəmiz artıq beş il idi ki, orada yaşayırdı. Atam müharibə əlili idi, pensiyası da çox deyildi. Məndən başqa altı bacı-qardaşım məktəb yaşında idilər. Lakin Naxçıvanda mənə iş vermədilər. Dedilər ki, boş yerimiz yoxdur. Xahiş etdim ki, dağ kəndlərindən birinə göndərin, Azərbaycan dili və ədəbiyyatı müəllimi işləyərəm, atama kömək lazımdır. Dedilər ki, sənin diplomunda birinci yerdə “ərəb dili müəllimi” yazılıb. Bizdə ərəb dili heç bir məktəbdə tədris edilmir. Məni işlə təmin etməyib Bakıya – Maarif Nazirliyinə qaytardılar.
Nazirin qəbuluna düşmək üçün iki ay vaxt itirdim. Qəbulda nazirdən xahiş etdim ki, məni başqa bir rayona göndərsin. Dedi ki, bizim xərc çəkib məzunu yalnız bir dəfə təyinatla iş yerinə göndərməyə haqqımız vardır. Orta Asiya respublikalarından birinə göndərməsini xahiş etdim. Nazir əsəbiləşdi: “Səni başqa respublikaya gön-dərməyə bizim səlahiyyətimiz çatmır. Sənə azad təyinat verirəm, get, özünə iş axtar…”
Bakıda iş axtarmaq bir nəticə vermədi. Sumqayıt zavodlarının birində, heç olmasa, fəhlə işləmək qərarına gəldim. Şəhər milis şöbəsində işləyən məktəb yoldaşım Kamandar Ələkbərov mənə dedi ki, bu diplomla səni heç bir zavodda fəhləliyə qəbul etməzlər. Onun köməyilə 1968-ci il fevralın 29-da şəhər qəzetinin redaksiyasında korrektor işləməyə başladım. Redaksiyanın köməyilə boru-prokat zavodunun fəhlə yataqxanasında yer verib qeydiyyata götürdülər. Otaqda məndən başqa həbsdən təzəcə azadlığa buraxılmış bir nəfər fəhlə də qalırdı. Mən hər dəfə kitab, yaxud qəzet oxuyanda yaxınlaşıb nə üçün oxuduğumu soruşurdu. Nə deyirdimsə, bir təsiri olmurdu. Hər dəfə də eyni sualı verirdi: “Nə üçün oxuyursan?”…
Heç iki ay keçməmişdi, məni Sumqayıt şəhər hərbi komissarlığına çağırdılar. Məni Müdafiə Nazirliyinin xəttilə hərbi tərcüməçi işləmək üçün xarici ölkəyə göndərmək istədiklərini bildirdilər. Dərhal razılaşdım və lazımi sənədləri toplayıb verdim.
Avqust ayının ortalarında Moskvaya çağırdılar. Bakıdan yeddi nəfər idik. Baş Qərargahda qəbul zamanı tərcüməçilərin işləri ilə məşğul olan polkovnik – şöbə rəisi hamımızı Misirə göndərmək istədiklərini bildirdi. Ərəb dilini necə bilməyimizi yoxlamaq üçün hamımızı hərbi tərcüməçilər hazırlayan instituta göndərdi. O birisi gün yenidən həmin şöbə rəisinin qəbuluna gəldik. Polkovnik təəssüflə bildirdi: “Vəziyyət dəyişib. Krasnodar Ali Avi-asiya Məktəbində tərcüməçilərə böyük ehtiyac vardır, gedin, orada 6-7 ay işləyin, sonra çağırıb göndərərik.” Lakin yoldaşlarımdan bir neçəsi etiraz edib bildirdi ki, biz xaricə getmək istəyirik. Şöbə rəisi hirsləndi: “Siz artıq Silahlı Qüvvələrin zabitlərisiniz, sizi haraya istəsək göndərə bilərik. Türküstan Hərbi Dairəsində vzvod komandiri lazımdır, sizi oraya da göndərə bilərik”. Mən Ağaqasım Qasımovu və Mübariz Əsədovu yola gətirdim, daha doğrusu, Krasnodarı təriflədim ki, yaxşı yerdir, Bakıya da yaxındır. Həm də tərcüməçi işləyəcəyik, təcrübəmiz də artacaq. Biz üçümüz