Seçilmiş əsərləri. Абдурагим-бек Ахвердов

Читать онлайн.
Название Seçilmiş əsərləri
Автор произведения Абдурагим-бек Ахвердов
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn 978-9952-8252-7-5



Скачать книгу

başa düşə bilmirəm: yaman gün nədir, çörək nədir?

      Bu sözün cavabının əvəzinə, bir ahi-sərd çəkib kənarda durmuş bir dəstə soldata əli ilə işarə etdi. Soldatlara tərəf gedib, gördüm ortalarında neçə nəfər dustaq, kimi ayağı zəncirli və kimi zəncirsiz, yerdə əyləşiblər və bir nəfər cavan oğlan baş və bığı ağarmış, bir çuvala başın söykəyib yatıb. Diqqətlə baxanda Əkbəri tanıdım, halətim dəyişdi. Üz döndərib Kərbəlayı Qulaməliyə tərəf qayıtdım. Kərbəlayı soruşdu:

      – Gördün?

      Dedim:

      – Gördüm, Kərbəlayı, bunu haraya aparırlar?

      Dedi:

      – Kəsiblər İrqut quberniyasına getsin. Mənim də əlacım yoxdur, qarabaqara dalınca sürünürəm.

      Dedim:

      – Kərbəlayı, sən qoca adam bir belə yolu gedəmi bilərsən?

      Dedi:

      – Qurbanın olum, özüm də bilirəm ki, mən heç yana gedib çıxa bilməyəcəyəm, yolda bir yerdə ölüb qalanam, amma getməsəm qorxuram qiyamət günündə Hacı Xəlilin yanına üzüqara gələm.

      Bir azdan sonra dəmiryol qatarı gəlib movqifin qabağında dayandı.

      Dustaqları bir dəmir pəncərəli vaqona doldurdular və Kərbəlayı Qulaməli dal vaqona minib dedi:

      – Qurbanın olum, salamat qal, Allah səni pənahında saxlasın.

      Qatar yola düşdü və mən də məhbut onun, gözdən itənədək, dalınca baxdım və bu böhtün içində Sədi mərhumun bir fərdi yadıma düşdü:

      “Ba bədan yar gəşt həmsəri-Lut

      Xanəndani-nübüvvətəş güm şüd”7

      AYIN ŞAHİDLİYİ

      Ey gahi qədim kimi xəmidə,

      Gahi pür olan misali-didə.

Füzuli

      Yay fəsli təzə daxil olmuşdu. Şəhərin havasının qəlizliyindən, tozundan, zəhmətinin kəsrətindən bir qədər asudalaşmaq və yorulmuş bədəni köhnə halətinə gətirmək üçün kəndə rəvan oldum. Qəndablı kəndinin havası, ələlxüsus gecələri cümləyə məlumdur. Bu kəndin aydınlıq gecələri nə qələmlə və nə dillə vəsfə gələn deyil və məni kəndə çəkən ancaq onun gecələrinin səfası idi.

      Gözəl gecələrin birində bir evin qabağında bir taxt qoyub bir tərəfində mən və bir tərəfində, imperator Birinci Nikolayın əsrində xidmət etmiş əmim əyləşib istirahətə məşğul idik. Həqiqət nəsimin əsməyi, çəyirtkələrin qanadlarının sızıltısı və yaxın arxın qurbağalarının nəğmələri hamısı bir-birinə qarışıb, ruha sükunət verən qərib bir ahəngitəbii əmələ gətirmişdilər. Düzlərdə əkilmiş taxıl nəsimin qabağında o yan-bu yana yatıb dərya tək mövclənirdi və dolu sünbüllər məzlum-məzlum başlarını aşağı salıb, qətlinə fərman verilmiş müqəssirlər tək cəlladları olan biçinçilərə müntəzir idilər. Tək-tək boş sünbüllər başlarını yuxarı qalxızıb qürurla sairlərinə baxırdılar. Amma səhv edirdilər; onlar da cəllad əlindən qurtara bilməyəcəkdilər. Ancaq dolu baş, boş başdan artıq kəsiləcəkdi. Taxılın qurtardığı yerdə xırda çayın şırıltısı bilavasitə qulağa gəlirdi və çayın kənarında cərgə ilə boy atmış ərərləri guya sünbüllər üstündə qarovul qoymuşdular.

      Kənd yatmışdı. Nə xoruzlardan, nə itlərdən və nə sair heyvandan bir səs çıxmırdı. Qəflətən kəndin ayağında bir xoruz banladı. O saat fikrimə gəldi ki, yəqin sabah bu xoruzun bivaxt banlamağına görə başı cəllad əlində gedəcək: əlbəttə, bir yerdə ki camaat hamısı yuxuya məşğuldur, küy qalxızıb səs salanın başı gərək kəsilsin!

      Bədirlənmiş ay qalxıb göyün bir qatında durub bu övzaya tamaşa edirdi.

      Qoca əmim birdən dizi üstə qalxıb, papağını gözlərinin üstünə endirdi.

      O saat bildim ki, keçmiş günləri yadına düşüb, bir qəribə hekayət söyləyəcək. Əmim əvvəl bir dərin ah çəkib dedi:

      – Dünyanın xilqətindən indiyədək bu gördüyümüz ay yerin ətrafına dolanır, neçə davalar, neçə min hadisələrə şahid olub, neçə min böyük şəxslər əsrini görüb; nə olardı bunun dili olmasaydı! Axı, nə gözəl söhbətlər edərdi! Şəhadət dedim, bir keyfiyyət yadıma düşdü, qulaq ver nağıl edim:

      Qırx il ya daha artıq bundan əqdəm mənim xidmət edən vaxtımda bir belə gözəl gecədə Səlman adlı bir şəxs bir qədər çit mal öz atına yüklüyüb bu kənddən o biri kəndə ticarət üçün gedərkən yolu bir dərədən düşdü. Dərənin ortasında bir müsəlləh şəxs Səlmanın qabağını kəsib buyurdu atdan düşsün. Binəva Səlman ayaqları titrəyə-titrəyə atdan aşağı endi. Quldur onun atını yükü ilə əlindən alıb dedi: indi özün də vaxtına hazır ol, çünki axır nəfəsin gərək burada çata. Mən səni buradan salamat buraxmayacağam. Çünki kənd yaxındır, gedib xəbər edərsən, mənim dalımca gəlib məni tutarlar.

      Səlmanın bədəninə lərzə düşdü, dedi: “Ey şəxs! Hər kimsən mən səni tanımıram, amma görürəm müsəlmansan, müsəlmanda nə qədər olsa bir mərdanə sifət olar. Mən əlsiz-ayaqsız çərçinin taqsırı nədir ki, öldürmək istəyirsən? Olan malımı əlimdən aldın, məgər mənim canımdan da sən bir fayda götürəcəksən? Səni and verirəm bizi yaradan bir Allaha, sən gəl mənim canıma qəsd etmə, mən yazıq kişiyəm. Yeddi nəfər balaca uşaqların atasıyam, altı aydır arvadım ölüb, mən o uşaqlara həm atalıq, həm analıq edirəm, əgər mən də ölsəm, bil ki, uşaqlar hamısı acından qırılasıdırlar. Sən gəl Allah xatirəsi üçün mənim balaca yetimlərimi atasız qoyma. Rəhm, insan ürəyində gözəl sifətdir: sənin mənim balalarıma rəhmin gəlsə, xudavəndi-aləm də səni yaddan çıxartmaz və mən də and içirəm ki, bu malın hamısını sənə halal edim və heç bir yerdə də danışmayım”.

      Quldura Səlmanın sözləri əsər etmədi. Dedi: “Kişi, nahaq yerə yetim-filan ortaya gətirmə, mənim sözüm sözdür, vaxtına hazır ol!”

      Səlman dedi: “Belə olan surətdə izn ver iki rükət namaz qılım, ondan sonra səni tapşırım öz insafına”. Quldur cavab verdi ki, namaza mane deyiləm, ancaq tez qurtar, gedəcəyəm.

      Səlman iki rükət namaz qılıb sonra əllərini qaziyəlhacat dərgahına qalxızıb dedi: “Xudaya, mənim bu nahaq qanımı yerdə qoyma, pərvərdigara, mənim bir kəsim yoxdur, sən özün mənim yetim balalarıma pərəstar ol!” Sonra gözünü Aya döndərib dedi: “Ey dünyanı illərlə seyr edən Ay! Şahid ol ki, sənin gözünün qabağında bir fəqir əlsiz-ayaqsız sövdəgəri nahaq yerə öldürdülər. Güzarın bizim evə düşsə, öz işığını salginən mənim yetimlərimin üstünə və deyinən ki, yazıq balalar, atanız uzaq səfərə gedib, ona müntəzir olmayın. Gedin küçələrdə, qapılarda özünüzə gün ruzusu qazanın! Ey dağlar, daşlar, göllər, axan sular, əsən yellər, burada sizdən savayı bir kəs yoxdur, siz də şahid olun ki, bu yerdə dünya malından ötrü bir şəxsi öldürüb, onun yeddi balasını yetim qoydular”.

      Sonra



<p>7</p>

Lutun arvadı pis adamlarla yoldaş oldu, peyğəmbərlik xanədanı itdi.