Tom Soyerin macəraları. Марк Твен

Читать онлайн.
Название Tom Soyerin macəraları
Автор произведения Марк Твен
Жанр
Серия Dünya ədəbiyyatından seçmələr
Издательство
Год выпуска 0
isbn 9789952240894 



Скачать книгу

lap çoxdur. Buna o qədər zəhmət sərf eləməyinə heç vaxt heyifsilənmə. Çünki bilik dünyada hər şeydən qiymətlidir. Bizi yaxşı və hətta dahi adam eləyən də bilikdir. İndi mənə öyrəndiyin şeirlərdən bir neçəsini əzbər deyərsənmi? Əlbəttə, deyərsən! Şübhəsiz ki, İsanın on iki şagirdinin adı sənə məlumdur. Bəlkə, sən bizə onlardan birinci çağırılan iki nəfərin adını deyəsən?

      Tom düymələrini dartışdırır və utana-utana hakimin üzünə baxırdı. Sonra qıpqırmızı qızarıb gözlərini yerə dikdi. Mister Uoltersin ürəyi yerindən oynadı. Öz-özünə düşündü ki, bu uşaq ən sadə suala belə cavab verə bilmir. Bunu sorğu-suala tutmaq, görəsən, hakimin hardan ağlına gəlib. Ancaq o hiss elədi ki, bir söz deməlidir.

      – Cənaba cavab ver, Tomas, qorxma.

      Tom dinmirdi.

      – Mən bilirəm ki, o, mənə deyəcəkdir, – deyə xanım sözə qarışdı. – Hə, Tomas, ilk iki şagirdin adı…

      – David və Qoliaf3.

      Bu səhnənin sonluğunu təsəvvür etməyi oxucunun öz öhdəsinə buraxırıq.

      Sehrbazlıq və qadın füsunkarlığı

      Bazar ertəsi səhər Tom yuxudan oyandıqda özünü tamamilə bədbəxt hiss eləyirdi. Həmişə belə olurdu. Çünki bu gündən məktəbdə yeni əzab və əziyyətlər həftəsi başlanırdı.

      Tom özünü xəstəliyə vurdu. Polli xala isə ona inanmadı. Amma biləndə ki, Tomun bir dişi laxlayır, sap gətirib Tomun ağrıyan dişinə bağladı və dişi dartıb çıxartdı.

      Səhər yeməyindən sonra Tom məktəbə getdi. Yolda o, Heklberri Finnə rast gəldi. Nəcib qadınların Heklberri Finndən zəhləsi gedirdi. Çünki Hek tənbəl, nadinc bir uşaq idi və heç kəsin sözünə baxmırdı. Üstəlik onun atası şəhərdə əyyaş kimi tanınırdı, daim sərxoş olurdu. Uşaqların isə Hek üçün ürəkləri gedirdi. Heklə oynamaq qadağan edilsə də, həmişə onunla görüşməyə çalışırdılar.

      Tom da bütün günü veyil-veyil gəzib-dolaşan Heklberriyə həsəd aparırdı. Heklə oturub-durmaq Toma da qadağan edilmişdi. Lakin o, Heklə oynamaq üçün heç bir fürsəti qaçırmırdı. Heklberrinin əynində həmişə başqasının çıxarıb atdığı köhnə paltar olardı. Şlyapa əvəzinə başına əzik-üzük bir şey keçirərdi. Gödəkcəsinin ətəyi az qalırdı dabanlarına dəysin. Heklberri kefi istəyəni eləyirdi. Ona kimdənsə icazə almaq lazım deyildi. Nə məktəbə gedirdi, nə də kilsəyə. Dalaşmağı heç kəs ona qadağan eləmirdi. Lap gecədən xeyli keçənə qədər yatmaya bilərdi. Ona nə yuyunmaq, nə də təmiz geyinmək lazım idi, söyüşməkdə də ki, böyük məharəti vardı. Bir sözlə, bu cır-cındırlı səfil uşaqda həyata məna verən bütün imkanlar var idi. Sent-Pitersburqdakı ləyaqətli ailələrdən olan bütün uşaqlar belə düşünürdülər.

      Tomun dişi laxlayırdı. Əiinə yaxşı fürsət düsmüşdü. Xalasına deyib məktəbdən qalmaq istədi. Ancaq xalast sapla dişini dartıb usağın arzusunu ürəyində qoydu.

      Heklberrinin əlindəki ölü pişik Tomu çox maraqlandırdı. Oğlan dedi ki, ölü pişiklə ziyillərini aparacaq.

      – Ölü pişiklə ziyili necə aparırlar? – Tomu maraq bürüdü.

      – Necə aparırlar? Bu, lap asandır. Camaat ölmüş bir günahkarı qəbiristanda basdırır. Sən də gecə yarısı pişiyi də götürüb ora gedirsən. Düz gecə yarısı şeytanlar gəlir, əlbəttə, bunu görmürsən. Ancaq ki, qulağına bir səs dəyir, elə bil ki, külək əsir. Onlar həmin o günahkarı qəbirdən çıxardıb aparanda pişiyi dallarınca atıb demək lazımdır: «Şeytan meyit dalıncan, pişik şeytan dalıncan, ziyil pişik dalıncan!» Bundan sonra əlində bircə ziyil də qalmayacaq.

      – Bəs sən bunu nə vaxt eləmək istəyirsən?

      – Elə bu gecə. Məncə, şeytanlar bu gecə o kaftar Vilyamsın dalınca gələcəklər.

      – Məni də özünlə apararsanmı?

      – Əgər qorxmasan, apararam.

      Onlar razılaşıb ayrıldılar.

      Tomun sinfə girməsi mürgüləyən müəllimi oyatdı.

      – Tomas Soyer!

      – Mən buradayam, ser.

      – Yaxına gəlin. Adətiniz üzrə, yenə də gecikmisiniz? Nəyə görə?

      Tom cəzadan yaxasını qurtarmaq üçün bir söz tapıb demək istəyirdi. Birdən gözü qızılı rəngli, uzun, qoşa hörüklərə sataşdı. Sinifdə yeganə boş yer o qızın yanında idi. Tom tərəddüd etmədən dedi:

      – Yolda bir dəqiqəliyə ayaq saxladım ki, Heklberri Finnlə danışam!

      Müəllim elə bil ki, iflic oldu – karıxmış halda gözlərini Toma zillədi. Sinifdəki uğultu kəsildi. Şagirdlər fikirləşirdilər ki, yəqin, bu cəsarətli uşağın başına hava gəlib. Müəllim dedi:

      – Tomas Soyer, bu, ömrümdə eşitmədiyim ən heyrətli bir etirafdır. Belə bir hərəkət üçün sizi xətkeşlə döymək kifayət etməz. Gödəkcənizi çıxarın.

      Müəllimin qolu yorulub gücdən düşənə qədər işlədi. Nəhayət, əmr verildi:

      – İndi isə, ser, gedin qızların yanında oturun! Qoy bu, sizin üçün dərs olsun.

      Sinifdə qopan ani gülüşmə Tomu pərt eləmişdi. Əslində isə Tomun qızarmasına səbəb tamamilə başqa şey idi. O, yeni ilahə qarşısında xəcalət və utancaqlıq hiss eləyirdi. Digər tərəfdən də, bəxti gətirdiyinə görə ürəyi sevinclə dolu idi.

      Tom qızın yanında oturandan sonra gizli-gizli ona baxmağa başladı. Qız bunu hiss elədi, nifrətlə dodaqlarını büzdü. Tom onun qabağına bir şaftalı qoydu. Qız əliylə onu geri itələdi, Tom qrifel taxtasına: «Xahiş eləyirəm götürəsiniz, məndə yenə var» – sözlərini yazdı. Qız taxtaya baxdı, amma bir cavab vermədi. Tom taxtanın üstündə nə isə bir şəkil çəkməyə başladı. O, “əsərini” sol əli ilə gizlətmişdi. Əvvəlcə qız heç bir şeyə fikir vermək istəmirdi, ancaq sonda qadınlara məxsus maraq ona üstün gəldi. Qız Tomun çəkdiklərinə elə maraq göstərdi ki, axırda onunla tanış oldu. Adı Bekki Tetçer idi. O, Tomdan xahiş elədi ki, ona da rəsm çəkməyi öyrətsin.

      Tom yenə də sol əli ilə gizlədib nə isə yazmağa başladı. Qız xahiş elədi ki, Tom nə yazdığını ona göstərsin. Tom dedi:

      – Elə bir şey deyil…

      – Yox, göstərin.

      – Axı göstərməyə dəyməz. Sizinçün maraqlı olmaz.

      – Yox, olar! Xahiş edirəm, göstərin.

      – Sonra gedib mənim haqqımda ona-buna danışarsınız.

      – Heç nə demərəm. Sizə söz verirəm. And içirəm ki, ağzımdan bircə kəlmə də söz çıxmaz.

      – Heç kəsə bir söz deməyəcəksiniz ki? Lap ölənə qədər bu sirri saxlayacaqsınız?

      – Heç kəsə demərəm, arxayın olun. Di göstərin.

      O, xırdaca zərif əli ilə Tomun əlindən yapışdı.



<p>3</p>

Tom Tövratın müxtəlif əfsanələrinin qəhrəmanlarını dəyişik salırdı. Tövratda deyilir ki, İsanın ilk şagirdlərinin adı Pyotr və Andreydir. David isə qədim yəhudi şahıdır ki, əfsanəyə görə təkbətək döyüşdə nəhəng Qoliafa qalib gəlmişdir.