Название | Tom Soyerin macəraları |
---|---|
Автор произведения | Марк Твен |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952240894 |
Məsələ vuruşmadan başlayır
– Tom!
Cavab gəlmir.
– Tom!
Cavab eşidilmir.
– Çox qəribədir, görəsən, bu uşaq harada itib-batıb!.. Tom!
Cavab yoxdur.
Polli xala eynəyini burnunun ucuna endirdi. Otağı gözdən keçirdi, sonra eynəyi alnına qaldırdı. Yenidən yan-yörəsinə baxdı. O, bir şey axtaranda eynəkdən baxmazdı. Əslində, bu eynək onun bəzəyi və fəxri idi. Onu yaraşıq üçün almışdı, gözünə taxanda heç nə görə bilmirdi. O, yavaşcadan dedi:
– Bir dayan, əlbət əlimə keçərsən!…
Tomu heç yerdə tapmayan Polli xala eyvana çıxıb qışqırdı:
– To-o-om, hardasan?
Onun arxa tərəfində yüngül bir xışıltı eşidildi. Dönüb baxanda əkilmək istəyən uşağı gördü. Cəld onun şalvarının aşırmasından yapışdı.
– Elədir ki, var! Anbara baxmaq heç ağlıma gəlməyib. De görüm, sən orada nə eləyirdin?
– Heç bir şey.
– Heç bir şey? Bir əllərinə, ağzına baxsana. Bu nədir belə?
– Bilmirəm, xala.
– Amma mən bilirəm. Bu, mürəbbədir, bildinmi, mürəbbədir. Yüz dəfə sənə demişəm ki, mürəbbəyə əl vurma. O çubuğu ver mənə.
Çubuq yuxarı qalxdı.
– Xala, bir ora baxın, o, arxanızdakı nədir?
Xala özünü təhlükədən qorumaq üçün tumanının balağını yığışdırıb geriyə döndü. Uşaq isə bir anda hasarı aşıb gözdən itdi.
Polli xala əvvəlcə özünü itirdi, sonra güldü:
– Di bacar görüm onunla, necə bacarırsan! Mən də ki, heç ağıllanmıram da… Hər dəfə məni aldadıb aradan çıxır. Tifil rəhmətlik bacımın balasıdır, ona əl qaldırmağa ürəyim gəlmir! Tənbəllik eləyir, məktəbə getmir. Gərək sabah onu yaxşıca cəzalandıram. Bir iş tapşıram ki, evdən bayıra çıxa bilməsin! Gərək tənbeh olunsun. Yoxsa uşağı bədbəxt eləyərəm.
Tom məktəbə getmədi. Öz vaxtını çox gözəl keçirdi. Axşam yeməyinin vaxtı çatanda evə qayıtdı. Cim həyətdə odun mişarlayırdı. Bu zənci uşaq Polli xalanın qulluqçusu idi. Əslində, Tom, guya, ona kömək eləməliydi. Amma o, elə vaxt qayıtdı ki, Cim artıq işini qurtarırdı.
Tomun kiçik ögey qardaşı Sid də ona tapşırılan işin hamısını görüb qurtarmışdı. O, sözəbaxan uşaq idi və dəcəlliklə işi yox idi.
Tom axşam yeməyini yeyirdi. Fürsət düşdükcə qabdan qənd çırpışdırırdı. Polli xala da ona cürbəcür ağıllı və hiyləgər suallar yağdırırdı. Fikirləşirdi ki, bəlkə, Tom çaşıb ağzından bir söz qaçıra. O, Tomdan soruşdu:
– Tom, bu gün məktəbdə sənə çox isti deyildi ki?
– Bəli, xala.
– Bəs nə əcəb çimmək həvəsinə düşməmisən, Tom?
Tomun ürəyi qopdu, düşündü ki, Polli xala bir şey bilir. Amma anladı ki, xalanın heç nədən xəbəri yoxdur. Ona görə də dedi:
– Nədənsə ürəyim istəmədi, xala.
Polli xala Tomun köynəyini yoxlayıb dedi:
– Hə, Tom, heç tərləməmisən.
Əslində o, Tomun köynəyinin quru olub-olmadığını bilmək istəyirdi.
Ancaq Tom küləyin hansı tərəfdən əsdiyini o saatca başa düşüb, tez xalasını qabaqladı:
– Yox, biz orada quyu suyu ilə başımızı islatmışdıq. Başım indi də yaşdır, bir baxın!
– Tom, başını islatmaq üçün köynəyi çıxarmaq lazım gəlmir, elə deyilmi? Köynəyinin yaxalığını göstər görüm!
Tom köynəyini göstərdi, köynəyin yaxalığı möhkəm tikilmişdi. Polli xalanın ürəyi yerinə gəldi.
– Düzü, mən elə bilirdim ki, sən dərsdən qaçıb çimməyə getmisən. Görünür, mən yanılıram, sən o qədər də pis uşaq deyilsən.
Amma Sid məsələyə qarışdı:
– Mənə elə gəlir ki, siz onun yaxalığını ağ sapla tikmişdiniz, bu tikişin sapı qaradır.
– Əlbəttə, mən ağ sapla tikmişdim! Tom!
Tom söhbətin axırını gözləmədi. Özünü qapıdan bayıra salıb qışqırdı:
– Yaxşı, Sid, gör sənin başına nə oyun açıram!
Tom xəlvət bir yerə çəkilib gödəkcəsinin yaxasını qaldırdı. Astar tərəfə iki yoğun saplı iynə sancılmışdı. İynələrin birinin sapı ağ, o birininki isə qara idi.
– Sid olmasaydı, Polli xala heç bir şey başa düşməyəcəkdi. Lənətə gəlmiş! Xalam da gah ağ sapla tikir, gah da qara. Heç olmasa, həmişə bir cür sapla tiksəydi, adam da çaşbaş düşməzdi, hər dəfə sapı necə yadda saxlayasan. Amma Sidi nə kötəkləyəcəyəm – ömrü boyu yadından çıxmaz!
Tom fit çala-çala yola düzəldi. Birdən qarşısında özündən azca böyük, tanımadığı bir oğlan gördü. Oğlan çox yaxşı geyinmişdi. İşə bir bax, adi gündə o, yaxşı geyinmişdi! Onun paltarı təptəzə idi.
Tom bu şıq geyinmiş oğlanın qarşısında özünü sındırmırdı. Ancaq öz yoxsul paltarı ona daha acınacaqlı görünürdü. Uşaqların heç biri dinmirdi. Onlar bir müddət bir-birinin gözünün içinə baxdılar. Nəhayət, Tom dilləndi:
– İstəyirsən səni möhkəmcə əzişdirim?
– Hünərin var əzişdir! Ancaq bu, sən bacaran iş deyil.
– Dedim, əzişdirərəm, bil ki, əzişdirərəm.
– Əzişdirə bilməzsən.
– Bilərəm.
Onlar bir-birlərinə xeyli hərbə-zorba gəldilər. Tom dedi:
– İtələmə, yoxsa bu saat payını alarsan!
– Görərik, vur da, bəs nəyi gözləyirsən?
Yad uşaq cibindən iki qara pul çıxarıb istehza ilə Toma uzatdı.
– Ay yazıq, bəlkə, acsan, sənə pul lazımdır.
Tom yumruqla onun əlindən vurub pulları yerə saldı. Elə o saatca uşaqlar pişik kimi bir-birlərinə sarıldılar. Torpağın içində eşələnməyə başladılar. Onlar bir-birinin saçını yolur, paltarını cırır, üz-gözünü cırmaqlayırdılar. Getdikcə Tom yad oğlana üstün gəlirdi. Axırda onu altına alıb üstündə oturdu, dedi:
– Üzr istə!
Oğlansa dartınır, birtəhər Tomun əlindən çıxmaq istəyirdi. O, ağrının şiddətindən deyil, acığından ağlayırdı.
Nəhayət, yad oğlan Tomdan üzr istədi. Tom onu buraxıb dedi:
– Bu, sənə dərs olsun. Bundan sonra bil ki, kimə əl qaldırırsan.
Oğlan üstünü çırpıb Tomdan bir az uzaqlaşdı. Onu hədələdi. Tom isə gülüb üzünü yana çevirdi. O dəqiqə yad uşaq yerdən bir daş götürdu. Düz Tomun kürəyinin arasına ilişdirib bir anın içində gözdən itdi. Tom oğlanı evlərinə qədər qovdu. O, bir müddət oğlanın girdiyi evin yanında keşik çəkdi. Düşmənini döyüşə çağırdı. Amma yad oğlan ağız-burnunu əyə-əyə pəncərədən ona acıq verdi. Evdən bayıra çıxmadı. Nəhayət, düşmənin anası göründü. O, Tomu yaramaz və tərbiyəsiz küçə uşağı adlandırdı. Əmr elədi ki, Tom rədd olub getsin.
Tom evlərinə çox gec qayıtdı. Yavaşca pəncərədən içəri sürüşdü. Amma Polli xala onu güdürdü. O, Tomun nə kökdə olduğunu görəndə hirsləndi. Dedi ki, şənbə günü Tom cəzalanaraq ağır bir iş görməli olacaq.
Qiyamət rəngsaz
Şənbə gününün səhəri gəlib çatdı. Yay gününün təmiz