Название | Hekayələr |
---|---|
Автор произведения | Редьярд Джозеф Киплинг |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242607 |
– Ay heyvandır ha! Əsl heyvan!
Kədərli xəbər artıq onun bunqalosuna da yetişmişdi. O bunu eşikağası Əhmədxanın üzündən oxudu – şam yeməyini gətirəndə; kişi ilk və sonuncu dəfə əlini ağasının çiyninə qoyaraq dedi:
– Ye, sahib, ye. Ət kədərin ən yaxşı dərmanıdır. Mən də yaşamışam bunu. Bir də ki kölgələr gəlir-gedir, sahib; kölgələr gəlir-gedir. Bax bu da paxla sousuyla yumurtadır, ye.
Holden nə yeyə bilirdi, nə də yata bilirdi. Göylər gecəyə yağış göndərmişdi – yer üzünü səkkiz düym qalınlığında suyla örtən, hər tərəfi tərtəmiz yuyan yağış. Sellər divarları yıxdı, yolları apardı və müsəlman qəbiristanındakı dayaz məzarları açdı. Yağış ertəsi günün axşamınadək yağdı və Holden qüssə içində evində oturmuşdu. Üçüncü günün səhəri bir teleqram aldı. Teleqramda deyilirdi: “Rikkets, Mindoni. Ölür. Holden əvəz edir. Təcili”. Onda yola düşməmişdən sahibi və ağası olduğu evinə bir də nəzər salmaq istədi. Hava bir az açılmışdı; yaş torpaqdan buxar qalxırdı.
Gördü ki, leysan darvazanın gil dirəklərini uçurub, bir zamanlar onun həyatı sayılan nəsnəni qorumuş ağır ağac doqqaz isə tək rəzədən tənbəl-tənbəl sallanır. Həyətin otu üç düym qalxmışdı; Pirxanın daxması boş idi və yaş saman tirlərin arasından sallanırdı. Boz dələ eyvanı işğal etmişdi, elə bil bu ev üç gün yox, otuz il idi yiyəsiz qalmışdı. Əmirənin anası köhnə həsirlərdən savayı hər şeyi aparmışdı. Döşəmədə qaçışan xırda əqrəblərin tık-tıkı evdəki yeganə səs idi. Əmirənin otağı və Totanın yaşadığı otaq nəm iyi verirdi, dama aparan ensiz pilləkən isə palçıq içindəydi. Holden bütün bunlara nəzər salıb evdən çıxdı; küçədə evin sahibi Durqa Dass ilə rastlaşdı. Şişman, nəzakətli, ağ parçaya bürünmüş kişi ressorlu kabrioletdə idi.
– Eşitdim ki, sizin artıq bu evə ehtiyacınız yoxdur, sahib?
– Nə etmək istəyirsiniz?
– Bəlkə, yenə kirayəyə verdim.
– Onda burada olmadığım müddətdə qoy ev mənim ixtiyarımda qalsın.
Durqa Dass bir müddət susdu.
– Hər şeyi ürəyinizə belə salmayın, sahib, – dedi. – Cavan olanda mən də… İndi isə bələdiyyə üzvüyəm. Quşlar uçub gedəndən sonra yuvalarını saxlamağın nə mənası… Əmr edəcəyəm söksünlər onu – taxtası yaxşı pula gedər. Ev söküləcək və bələdiyyə buradan çoxdan arzuladığı kimi şəhərə yolu elə çəkəcək ki, kimsə bu evin yerini belə tapa bilməyəcək.
TANRILARIN PULU
Çubara Dhuini Bhaqatada2 şam yeməyi bitdi və qoca kahinlər indi ya tənbəki çəkir, ya da təsbeh çevirirdilər. Ağzı geniş açılmış, bir əlində kiçik gülümbahar dəstəsi, digərində isə bir bağlama qurudulmuş tütün olan balaca, yarımçılpaq oğlan çıxdı. O, dizi üstə durub Qobində baş əymək istədi, amma çox kök olduğundan irəli, qırxılmış kəlləsi üstə düşərək çapalaya-çapalaya, nəfəsi kəsilə-kəsilə bir kənara dığırlandı, özü də əlindəki çiçək dəstəsi bir, tütün bağlaması isə digər tərəfə düşdü. Qobind gülərək oğlanı ayaq üstə qaldırdı və tütünü qəbul edib gül çələnginə xeyir-dua verdi.
– Mənim atamdandır, – uşaq dedi. – O, qızdırmaya tutulub, bura gələ bilmir. Onun üçün dua edərsən?
– Əlbəttə, balaca; lakin yer üzünü duman alıb, havada isə gecənin soyuğu var – payızda çılpaq gəzmək heç yaxşı deyil.
– Mənim paltarım yoxdur, – uşaq dedi, – bu gün səhər bazara ara vermədən təzək daşıyırdım. Çox isti idi deyə yaman yoruldum.
Yüngülcə titrədi, çünki soyuq idi.
Qobind yekə, köhnə, rəngbərəng örtüyünün altından əlini uzatdı və böyründəcə balaca, rahat bir yuva düzəltdi. Uşaq sivişib örtüyün altına girdi. Qobind özünün mis işləməli dəri çubuğunu təzə tütünlə doldurdu. Mən çubaraya gələndə təpəsində bir çəngə tük olan qırxılmış başı və muncuğa oxşayan qara gözləri örtüyün qırışları arasından görünürdü – eynən yuvasından baxan dələ kimi. Uşaq onun saqqalını qarışdıranda Qobind gülümsünürdü.
Mən ona nəsə mehriban sözlər demək istəyirdim, amma vaxtında xatırladım ki, işdir-şayəd uşaq azarlasa, deyəcəklər ki, mənim gözüm dəydi. Gözü pis olmaq isə heç yaxşı şey deyildi.
– Sakit otur, ay şuluq, – uşaq ayağa durub qaçmaq istəyəndə dilləndim. – Sənin yazı taxtan hanı? Niyə müəllimin küçədə biz yoxsulları qorumaq üçün polis olmadığı halda sənin kimi qulduru bayıra buraxıb? Sən damdan çərpələng buraxanda harada boynunu sındırmağa cəhd göstərirsən?
– Yox, sahib, yox, – üzünü Qobindin saqqalında gizlətməyə çalışan və yerində narahat-narahat qurcalanan uşaq dedi. – Bu gün məktəbdə bayramdır və mən həmişə çərpələng uçurmuram ki… Mən də hamı kimi kerliket oynayıram.
Kriket Pəncab uşaqlarının açıq havada oynadığı milli oyundur: onu hamı oynayır – köhnə kerosin qutusundan qapı kimi istifadə edən çılpaq uşaqlardan ta çempion olmağa can atan universitet tələbələrinədək.
– Ah, sənsən kerliket oynayan! Özün isə qapıdan iki dəfə kiçiksən, – dedim.
Oğlan qətiyyətlə başını tərpətdi.
– Hə, oynayıram. Mən hər şeyi bilirəm, – deyə kriket oyununda istifadə olunan terminlərin qol-qabırğasını qıraraq sadalamağa girişdi.
– Amma buna baxmayaraq ilahilərə necə lazımdır dua etməyi də yaddan çıxarmamalısan, – kriketi və Qərbdən gələn digər yenilikləri o qədər də dəstəkləməyən Qobind dilləndi.
– Mən yaddan çıxarmıram, – uşaq astaca dedi.
– Bir də müəlliminə hörmətlə yanaşmağı, – Qobindin səsi yumşaldı, – müqəddəslərin saqqalından dartmamağı, ay od parçası… Həə?
Uşağın sifəti iri, çal saqqalın içində lap itdi; o ağlamsındı. Qobind isə onu sakitləşdirdi – bütün yer üzündə uşaqları necə sakitləşdirirlərsə, eləcə – söz verdi ki, ona nağıl danışacaq.
– Səni qorxutmaq istəmirdim, ay sarsaq bala. Bir bax, gör heç hirslənmişəm? Are, are, are! Bəlkə, mən də ağlayım? Onda göz yaşlarımızdan böyük göl əmələ gələr, ikimizi də batırar və onda sənin atan da heç vaxt sağalmaz, çünki yerin görünəcək, saqqalını qarışdırmağa heç kəsi olmayacaq. Sakit ol, sakitləş; sənə tanrılardan danışacağam. Sən çox hekayət eşitmisən?
– Lap çox, müqəddəs ata.
– Onda sənə bir təzəsini danışım, eşitmədiyini. Qədim zamanlarda, hələ tanrılar adamların arasında gəzib-dolaşanda,
2