Название | Hekayələr |
---|---|
Автор произведения | Джек Лондон |
Жанр | |
Серия | Hekayə ustaları |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952241754 |
KİŞİ SƏDAQƏTİ
– Bilirsən nə var, gəl zər ataq.
– Oldu, – o birisi cavab verib komanın bir küncündə ayaq xizəyini təmir edən hinduya tərəf döndü. – Ey, Bilbidem, Olsonun yanına gedib de ki, xahiş edirik zərlərini bizə versin, oynayıb qaytararıq.
Fəhlələrin maaşından, yanacaqdan, ərzaqdan söhbət gedən anda birdən bu gözlənilməz xahiş Bilbidemi çaşdırdı. Bundan başqa, hələ ertə idi, o, ağ adamların – xüsusilə Pentfild və Hatçinson kimi sahibkarların işlərini görüb qurtarmamış zər atdıqlarını və ya kart oynadıqlarını görməmişdi. O, yukonlu əsl hindu kimi təəccübləndiyini heç vəchlə büruzə vermədi; əlcəklərini əllərinə keçirib komadan çıxdı.
Səhər saat doqquz olsa da, hava hələ qaranlıq idi. Komanı şam ağacından düzəldilmiş stolun üstündəki qarmaqarışıq, bulaşıq qab-qacaq qalağının arasındakı piy şam işıqlandırırdı. Şamı uzunboğaz viski butulkasına keçirmişdilər; butulkanın boğazında saysız-hesabsız şamların piyi kiçik buzlaqlar kimi donub-qalmışdı. Komanın tənha otağının arxa divarında yorğan-döşəyi yığışdırılmamış iki taxt görünürdü. Otaqda elə stolun üstündəki kimi hərc-mərclik idi.
Lorens Pentfild və Korri Hatçinson zahiri görkəmlərindən heç kimin ağlına da gəlməsə, milyonçu idilər. Onların görkəmlərində heç bir qeyri-adilik yox idi, Miçiqan meşəqıranlarının düşərgəsində işçilərdən heç nə ilə seçilmirdilər. Ancaq bayırda qaralan çalaların dərinliyində onlarca adam gündə on beş dollara daş təbəqələri xırdalayır, başqaları dolamaçarxı hərləyir, şurflardan1 qum, qızıl, süxurlar çıxarırdılar. Hər gün hasil olunan min dollarlıq qızıl Bonanzanın ən dövlətli “qızıl kralları” sayılan Pentfild və Hatçinsona məxsus idi.
Bilbidem çıxıb gedəndən sonra araya çökən sükutu Pentfild pozdu. O, bulaşıq qab-qacağı stolun boşaldılmış hissəsinə itələdi, təmiz hissədə barmaqları ilə stolu taqqıldat- mağa başladı. Hatçinson his eləyən şamın gözünü baş və şəhadət barmaqları ilə təmizlədi. Sonra isə onları bir-birinə sürtüb qəfil dilləndi:
– İkimiz də çıxıb gedə bilsəydik, nə yaxşı olardı. Heç zər atmalı olmazdıq.
Pentfild qaşqabaqla ona baxdı:
– Sənin bu lənətə gəlmiş tərsliyin olmasaydı, heç mübahisə də eləməzdik. Sən ancaq şeylərini yığışdırıb yola düşərdin. Mən işlərə göz olar, gələn il gedərdim.
– Mən niyə gedim? Axı mənim yolumu gözləyən yoxdur…
Pentfild onun sözünü ağzında qoydu:
– Bəs qohum-qardaşın?
Hatçinson sözünə qaldığı yerdən davam etdi:
– Səni isə gözləyirlər. Bilirsən də mən kimi nəzərdə tuturam.
Pentfild qaşqabağını sallayıb çiyinlərini çəkdi:
– Gözləyər.
– Axı o, iki ildir ki gözləyir…
– Bir il də gözləsə, qocalmaz.
– Axı onda üç il olacaq! A kişi, bir ağlına vur, üç il dünyanın bu başında, bu lənətə gəlmiş cəhənnəmdə ilişib qalmaq olar?! – Hatçinson əllərini məyusluqla yellədi.
O öz şərikindən yaşca kiçik idi, iyirmi altıdan artıq yaşı olmazdı. Sir-sifətindən qəm-qüssə yağırdı: çoxdan bəri həsrətini çəkdiyi şeylərdən məhrum olan üzündə kədər vardı. Eynilə Pentfildin də üz-gözündən, donqar çiyinlərindən məyusluq tökülürdü.
– Dünən gecə yuxuda gördüm ki, Zinkengildəyəm, – Pentfild dedi. – Musiqi çalınır, badələrin cingiltisi, qadın gülüşü eşidilirdi. Mən yumurta sifariş vermişdim. Hə, özü də hər növündən – həm bərk, həm ilıq bişirilmiş, həm də qayğanaq; bunları elə aşırıram ki, bişirib çatdıra bilmirlər.
Hatçinson onun sözünü acgözlüklə kəsdi:
– Mən isə salat, üstünə göyərti səpilmiş bifşteks2 sifariş verərdim, yanında da göy soğanı, turpu dişlərimin arasında xırçıldayaydı.
Pentfild ah çəkdi:
– Mən də bunların hamısını yumurtadan sonra sifariş verərdim, yuxudan ayılmasaydım…
O, döşəmənin üstündəki sınıq-salxaq banconu3 götürüb simlərinə fikirli-fikirli toxundu. Hatçinson diksinib dərindən ah çəkdi. Pentfild şən bir melodiya çalanda isə o, gözlənilməz qəzəblə qışqırdı:
– Saxla! Adam dəli olar, dözmək olmur.
Pentfild banconu taxtın üstünə atıb qiraətlə oxudu:
Açıb gizli həsrətimi4
Oxuyuram mən beləcə,
Yaddaşımın qaranlığı
Axıb gedir,
Keçir gecə.
Bir şəhərəm, dan yerinin
Şəfəqində sökülürəm,
Xatirələr əzabında
Öz içimə çəkilirəm.
Qəlbim yenə düşür oda,
O geydiyim frak mənim
Gör nələri salır yada.
Dostu başını ağır-ağır əllərinin üstünə endirdi. Pentfild təzədən stolun üstünü yeknəsəq şəkildə taqqıldatdı. Sonra onun nəzərini qapının bərk açılması cəlb elədi. Qapının üstünə ağ qırov tük kimi çökmüşdü. Pentfild pəsdən oxudu:
Ağlımdadır qoyun-quzu…
Neçə ümid, neçə arzu,
Bir quş kimi süzüb gedir.
Qızılbalıq dağ çayından
Dəryalara üzüb gedir.
Ürəyimdə bir səda var:
yeri dinlə, göyü dinlə!
Haçan mənim məhəbbətim,
Qovuşaram mən səninlə?!
İçəri girən Bilbidem zərləri stolun üstünə atdı. Ani sükutdan sonra dedi:
– Yaman şaxta var, Olson mənə dedi ki, Yukon çayı dünəndən donub.
Pentfild Hatçinsonun çiyinlərini şappıldadıb qışqırdı:
– Eşitdin, dostum? Kim udsa, sabah bu vaxt xoşbəxt diyarın yolunda olacaq.
O, içində zərlər olan stəkanı şən halda silkələdi:
– Hə, nə oynayırıq?
– Poker5, at görüm.
Pentfild stolun üstündəki qab-qacağı itələyib şaqqıltı ilə yerə tökdü. Zərləri stolun üstünə atdı. İkisi də tələsik əyildi. Heç biri qoşa düşməmişdi, ən böyük say beş idi.
Pentfild içini çəkdi:
– Boş xana.
Çox götür-qoydan sonra o, zərlərin beşini də stəkana yığdı. Hatçinson dedi:
– Sənin yerinə olsaydım, beşi saxlardım.
– Yox, indi gör nə olacaq! – deyə Pentfild zərləri atdı.
Yenə heç biri qoşa düşmədi. Bu dəfə ikidən ta altıyacan düşmüşdü. Pentfild inildədi:
– Yenə fərli bir şey düşmədi. Korri, sən daha atma, sən uddun.
Korri dinməzcə zərləri yığdı, stəkanın içində cingildədib atdı. Ona da altı ilə boş xana düşdü. O, altılığı saxlayıb qalan dörd zəri yığaraq dedi:
– Hər halda, heç-heçə, ancaq mən qoşa bir zər istəyirəm. Budur, udacam.
Stolun üstünə iki, üç,
1
2
3
4
Şeirlərin tərcüməsi Musa Ələkbərlinindir.
5