Название | Dorian Qreyin portreti |
---|---|
Автор произведения | Оскар Уайльд |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242102 |
– Çətin ki nə zamansa evlənmək fikrinə düşüm. Mənim eşqim nikahdan güclüdür. Bu sizin aforizmlərinizdən biridir. Mən bütün başqa məsləhətləriniz kimi, ona da əməl edəcəyəm.
– Kimə aşiq olmusunuz? – Lord Henri qısa sükutdan sonra soruşdu.
– Bir aktrisaya vurulmuşam, – Dorian qızardı.
– Çox primitiv başlanğıcdır.
– Siz Sibil Veyni görsəydiniz, belə deməzdiniz. Onun adı hələ heç kimə tanış deyil. Ancaq tanınacaq. Çünki Sibil dahidir.
– Qadınlar dahi olmurlar, gənc dostum. Qadınların bu dünyaya deməyə sözləri yoxdur, amma onlar boş şeylər haqqında gözəl danışa bilirlər. Mən onları öyrənməyə çox vaxt sərf etmişəm və bu qərara gəlmişəm ki, qadınlar, əsasən, iki yerə bölünürlər: ənlik-kirşan vuranlar və ənlik-kirşan vurmayanlar. Bütün Londonda ağıllı söhbət etməyə cəmi beş qadın var. Yaxşı, deyin görüm, sizin o “dahi” kimdir? Nə vaxtdan tanıyırsınız?
– Üç həftədir, Harri, hər şeyi danışacam, ancaq mənim eşqimi söndürməyə çalışmayın. Mən sizi tanımasaydım, bütün bunlar da baş verməzdi. Axı həyatda hər şeydən dadmaq həvəsini məndə siz oyatdınız. Biz Basilin evində tanış olandan sonra mən hər yerdə yeni hislər, yeni təəssüratlar axtarırdım. Şəhərin küçələrini, parklarını gəzirdim. Bir dəfə axşam vaxtı qaranlıqda əyri-üyrü küçələrdə yolu azdım. Çirkli bir teatr binasının qarşısında ayaq saxladım. Heç özüm də bilmirəm, tamaşaya bilet almaq haradan ağlıma gəldi? Amma bunu etməsəydim, əziz Harri, həyatımın ən gözəl sevgi romanı yazılmamış olardı! Siz gülürsünüz? Xətrimə dəyir.
– Gülmürəm, hər halda, sizə gülmürəm. Amma bu sevgi romanınıza “ən gözəl” deməyin, “birinci” deyin. Sizi hələ çox sevəcəklər, sizsə sevginin özünə aşiq olacaqsınız, çox belə hislər keçirəcəksiniz. Həyatında cəmi bir dəfə sevən adamlar dayaz insanlardır. Onların “sədaqət” adlandırdıqları şey təxəyyüllərinin darlığının göstəricisidir, gücsüzlüklərinin əlamətidir… Amma daha sözünüzü kəsməyəcəyəm. Davam edin.
– Deməli, dar lojada yerimi tutdum. Zal olduqca zövqsüz bəzədilmişdi. Nəhayət, pərdə qalxdı. Şekspirin “Romeo və Cülyetta” pyesini oynayırdılar. Romeonun rolunda yaşlı, kök bir kişi çıxış edirdi. Amma Cülyetta! Harri, haradasa 17 yaşı olan, çiçək kimi təravətli, mavigözlü, dodaqları qızılgül ləçəklərinə bənzəyən gözəl bir qızı təsəvvürünüzə gətirin. Mən onun məlahətli səsini, sizin səsiniz kimi, heç vaxt unutmayacağam. Gözlərimi yuman kimi o səs qulaqlarımda səslənir. Mən onu sevirəm. Hər axşam ona baxmaq üçün həmin teatra gedirəm. Niyə siz mənə deməmisiniz ki, əsl sevginin nə olduğunu duymaq üçün məhz aktrisaya vurulmaq lazımdır, Harri?
– Çünki mən özüm çox aktrisa sevmişəm, Dorian.
– Sibil Veyn barədə sizə danışdığıma artıq peşman olmağa başlayıram!
– Danışmaya bilməzdiniz, Dorian. Ömrünüz boyu bütün sirlərinizi mənə etibar edəcəksiniz.
– Düz deyirsiniz, Harri. Hətta nə vaxtsa cinayət işlətsəm, yanınıza gəlib etiraf edəcəyəm.
– Bəs Sibillə nə vaxt tanış oldunuz?
– Üç gündən sonra. İndisə hər axşam yanına gedirəm, səhnədə oynamağına baxıram. Sibil günü-gündən mənə daha gözəl görünür.
– Belə deyin! Yəqin, buna görə daha mənimlə şam yeməyinə gəlmirsiniz? Bu gün necə? Bir yerdə şam edəcəyik?
Dorian başı ilə “yox” dedi.
– Ah, Harri, mən onu sevirəm. Sibilin də məni sevməsi üçün hər şey etməyə hazıram.
– İlk növbədə, nə etməyi düşünürsüz? – deyə lord Henri soruşdu.
– İstəyirəm ki, Basil və siz mənimlə teatra gedəsiniz, Sibili səhnədə görəsiniz. Şübhə etmirəm ki, çox xoşunuza gələcək. Sonra onu daha yaxşı teatra keçirəcəyəm. O, hamını valeh edəcək.
– Yaxşı, nə vaxt gedirik?
– Sabah. Sabah o, Cülyetta rolunda çıxış edir.
– Bəlkə, Basilin yanına gedib onu özünüz dəvət edəsiniz?
– Bir həftədir gözünə görünməmişəm. Böyük abırsızlıq etmişəm, o, isə portretimi də çərçivəyə saldırıb evimə göndərib… Düzdür, mən o portretə həsəd aparıram. Artıq düz bir ay məndən cavandır. Yox, yaxşısı budur, Basilə siz deyin. Açığı, onunla üz-üzə gəlmək istəmirəm. Elə hey mənə nəsihət verir, adamı lap darıxdırır.
Lord Henri gülümsədi.
– Bəzi insanlar özlərinin ehtiyacı olanı başqalarına verirlər. Bilirsinizmi, Basilin yaxşı nəyi varsa, onu sənətinə qoyur. İstedadlı adamlar işə o qədər qapanırlar ki, həyatda tamam maraqsız olurlar.
– Siz deyirsinizsə, yəqin ki, həqiqətən, belədir. Lakin mən getməliyəm, Sibil gözləyəcək. Sabahkı görüş barədə unutmayın. Hələlik.
Lord Henri xəyala getdi. Dorian Qrey onu çox maraqlandırırdı. Bu gəncin bir qıza aşiq olması, bununla da lord Henriyə bağlılığının azalma təhlükəsi onu əsla məyus etmirdi. Əksinə, sevindirirdi. Lord Henri görürdü ki, Dorian bir ay əvvəlki Dorian deyil, başa düşürdü ki, dostu məhz onun sözlərinin təsiri altında dəyişib. Bir ay əvvəl yad adamla danışanda həyadan qızaran Dorian bu gün həyatda yeni tanışlıqlar, macəralar axtarır. Bəli, sevgidən başını itirmiş çılğın ehtiraslı bu gənci lord Henri özü yaradıb. İndisə yaratdığının nə iş görəcəyini kənardan müşahidə etmək ona ləzzət verir. Macəranın nə ilə bitəcəyinin, Dorianın sonrakı taleyinin necə olacağının fərqi varmı? Dorian lord Henri üçün üzərində psixoloji sınaqlar keçirməkdən ötrü obyektdir. Nadir keyfiyyətlərə malik qiymətli obyekt.
Конец ознакомительного фрагмента.
Текст предоставлен ООО «ЛитРес».
Прочитайте эту книгу целиком, купив полную легальную версию на ЛитРес.
Безопасно оплатить книгу можно банковской картой Visa, MasterCard, Maestro, со счета мобильного телефона, с платежного терминала, в салоне МТС или Связной, через PayPal, WebMoney, Яндекс.Деньги, QIWI Кошелек, бонусными картами или другим удобным Вам способом.