Название | Dorian Qreyin portreti |
---|---|
Автор произведения | Оскар Уайльд |
Жанр | |
Серия | Dünya ədəbiyyatından seçmələr |
Издательство | |
Год выпуска | 0 |
isbn | 9789952242102 |
1
Yay küləyi qızılgüllərin ətrini otağın açıq qapısından içəri doldururdu. Lord Henri Uotton divanda uzanıb adəti üzrə siqaretini tüstülədirdi. Bağçanın arxasından Londonun uğultusu eşidilirdi.
Otağın ortasındakı molbertin üstündə ecazkar gözəlliyə malik bir gəncin portreti qoyulmuşdu. Portretin qarşısında isə, bir qədər aralı, rəssam özü – Basil Holluord əyləşmişdi. Basil böyük ustalıqla yaratdığı əsərə baxır, özündən razı halda gülümsəyirdi.
Lord Henri tənbəlcəsinə:
– Bu sənin ən uğurlu işindir, Basil, – dedi. – Şah əsərindir. Gələn il onu Qrosvenor qalereyasına göndər. Akademiya həddən artıq böyük və zövqsüz yerdir. Qrosvenorsa Londonun ən yaxşı rəsm qalereyasıdır.
– Mən bu əsəri heç yerə göndərmək fikrində deyiləm. – Basil çox sakit tərzdə cavab verdi. – Yox, göndərməyəcəm.
Lord Henrinin qaşları çatıldı:
– Göndərməyəcəksən? Niyə? Nə səbəbdən, əzizim? Siz rəssamlar qəribə adamlarsınız! Məşhurlaşmaq üçün dəridən-qabıqdan çıxırsınız, amma şöhrət özü qapınızı döyəndə, qaçıb ondan gizlənirsiniz. Ağılsızlıqdır. İnsanların sənin haqqında çox danışması o qədər də xoşagələn deyil, amma heç danışmaması daha pisdir. Bu əsər səni İngiltərənin ən tanınmış gənc rəssamına çevirərdi.
– Bilirəm, güləcəksən, – deyə Basil etiraz etdi, – amma mən bu rəsmi, doğrudan, sərgiyə çıxara bilmərəm. Ona ürəyimi qoymuşam, özümə oxşatmışam.
Lord Henri güldü və divanda yerini bir az da rahatladı:
– Özünə oxşatmısan? Sənin zil qara saçların var, sifət cizgilərin sərtdir. Rəsmdəki bu özünəvurğun gənc isə sanki fil sümüyündən yonulub və qızılgül ləçəkləri ilə bəzədilib. Sənin üzündən ağıl, baxışlarından məna süzülür. Bu məna olan yerdə isə gözəllik, əsl gözəllik itir. Ağıl nişanəsi həmişə sifətin harmoniyasını pozur. İnsan düşünməyə başlayan kimi, alnında qırışlar yaranır. Portretə baxıb deyə bilərəm ki, sənin adını gizli saxlamağa çalışdığın bu dostun gözəllik mücəssəməsidir. Deməli, heç vaxt, heç nə haqda fikirləşmir. Yox, Basil, aranızda oxşarlıq görmürəm.
– Sən məni başa düşmədin, Harri. – Basil yenə etiraz etdi. (Lord Henrinin yaxın dostları onu “Harri” deyə çağırırdılar.) – Əlbəttə, mən onun kimi deyiləm. Heç onun kimi olmaq da istəmirəm… Amma… Bax, sən tanınmış adamsan, varlısan, Harri, mənim ağlım və istedadım var, onunsa, gözəlliyi. Nə zamansa biz Allahın verdiyi bu nemətlərin əvəzini ödəməli olacağıq, əzabını çəkəcəyik. Dorian Qreyin də gözəlliyi başına bəla ola bilər.
– Dorian Qrey? Bu onun adıdır? – Henri yerindən qalxıb Basilə yaxınlaşdı.
– Hə. Ancaq sənə demək istəmirdim.
– Axı niyə?
– İzah edə bilməyəcəm. Çox xoşladığım bir insan olanda adını heç kimə demirəm. Həm də son vaxtlar qapalı olmuşam, sirr saxlamağı sevirəm. Bunu da, yəqin ki, axmaqlıq hesab edəcəksən?
– Əsla, əziz Basil. – Bu dəfə lord Henri dostu ilə razılaşmadı. – Əsla. Unutma ki, mən evliyəm. Arvadımın harada olduğunu heç vaxt bilmirəm, onun da mənim harada nə etdiyimdən xəbəri olmur. Gəl, çıxaq bağçaya.
Güllərin yarpaqları günəş işığında bərq vurur, otların arasında balaca ağ çiçəklər mülayim yay küləyinin təsiri altında yüngülcə titrəşirdilər. İki dost nəhəng ağacın kölgəsindəki skamyada əyləşdi.
– Təəssüf ki, mən getməliyəm, Basil, – lord Henri saatına baxdı. – Amma əvvəl səndən sualıma cavab istəyirəm. Niyə Dorian Qreyin portretini sərgiyə çıxarmaq istəmirsən? Amma xahiş edirəm, düzünü söylə, bayaq dediyini təkrarlama.
– Başa düş, Harri! – Basil lord Henrinin gözlərinin içinə baxdı. – Böyük məhəbbətlə çəkilmiş istənilən portret elə rəssamın öz portretidir, qarşısında oturan şəxsin yox. Rəssam həmin şəxsin sifətini, bədənini çəkir, amma kətan üzərində öz hislərini əks etdirir. Qorxuram ki, bu portret mənim ürəyimin sirrini başqalarına açıb göstərsin, ona görə də sərgiləmək istəmirəm.
Lord Henri güldü:
– Axı o nə sirdir?
Basil qızardı:
– Yaxşı. Olsun. Sənə deyərəm. İki ay əvvəl ledi Brandonun evində bir yığıncaqda idim. Özün bilirsən, mənim kimi kasıb rəssamlar hərdən cəmiyyətin içinə çıxmalıdırlar ki, tamamilə unudulmasınlar. Tanışlarla söhbət edirdim. Birdən kiminsə arxadan mənə baxdığını hiss etdim. Geri döndüm və həmin an ilk dəfə Dorian Qreyi gördüm. Baxışlarımız qarşılaşanda içimdə anidən güclü bir qorxu hissi yarandı. Hiss etdim ki, bu şəxs mənim həyatıma qeyri-adi dəyişikliklər, hədsiz xoşbəxtlik və misilsiz əzablar gətirəcək. Oradan qaçmaq üçün qapıya tərəf getdim. Hə, qorxaqlıq etdim. Vicdanla desəm…
– Vicdan və qorxu, mahiyyət etibarı ilə, eyni şeydir, Basil. Vicdan qorxunun rəsmi adıdır, vəssalam.
– Ledi Brandon məni qapının ağzında saxladı və bizi tanış etdi. Bizi təsadüf yox, tale görüşdürdüyünü Dorian da dərhal başa düşdü. Bunu o, sonradan özü mənə dedi.
– Bəs ledi Brandon bu gözəl gənci sənə necə təqdim etdi? Mən bilirəm ki, hər qonağı qısaca xarakterizə etmək onun köhnə adətidir.
– Əhəmiyyətli bir şey demədi: “Çox yaxşı oğlandır… Nə ilə məşğul olduğunu unutmuşam… Hə, royal çalır… Ya da skripka… Düz demirəm, mister Qrey?” İkimiz də ürəkdən güldük və bu bizi dərhal yaxınlaşdırdı.
– Dostluğun gülüşdən başlanması yaxşı əlamətdir, amma əsas odur ki sonu gülməklə bitsin, – deyə lord Henri şabalıdı saqqalını tumarladı, qara çəliyi ilə parıltılı çəkməsinin burnunu döyəcləyib soruşdu:
– Tez-tez görüşürsünüz?
– Hər gün. Hansı gün onu görməsəm, özümə gələ bilmirəm.
– Möcüzədir. Mən elə bilirdim, sən ömrün boyu ancaq sənətinin vurğunu olacaqsan.
– İndi mənim sənətim – Doriandır, – Basil ciddi tərzdə cavab verdi. – Onunla tanış olandan bəri çəkdiyim rəsmlər gözəl rəsmlərdir, həyatımın ən yaxşı əsərləridir. Dorianla görüş mənim sənətə olan baxışımı tamamilə təzələyib, iş üslubumu dəyişib. Bu uşaq yanımda olanda, yaşı iyirmini ötsə də, mənim gözlərimdə o, həqiqətən, uşaqdır… Ah, Harri, bilsəydin, Dorian Qrey mənim üçün kimdir!
– Sən məni heyrətləndirirsən! Mən onunla mütləq tanış olmalıyam!
Basil ayağa qalxıb gəzişməyə başladı. Sonra qayıdıb yenidən oturdu.
– Ola bilsin ki, mənim onda gördüklərimin heç birini sən görməyəsən.
– Bəs onda niyə portretini sərgiyə qoymaq istəmirsən? – deyə lord Henri soruşdu.
– Çünki özüm də istəmədən həmin portretdə rəssamın heç vaxt üzə çıxarmalı olmadığı bir heyranlıq, gözəlliyə vurğunluq ifadə etmişəm. Dorian bundan xəbərsizdir. Xəbər tutmayacaq da. Amma başqaları portretə baxıb həqiqəti görə, sirrimdən agah ola bilərlər. Mənsə istəmirəm ki, kimsə qəlbimi mikroskop altında seyr etsin. İndi başa düşdün, Harri?
– Məncə, sən haqlı deyilsən, Basil, amma mübahisə etməyəcəyəm. De görüm, Dorian Qrey də sənə belə vurğundur?
Rəssam bir neçə dəqiqəliyinə fikrə getdi.
– Bilirəm ki, məndən xoşu gəlir. Adətən, mənimlə çox xoş davranır, biz bütün günü ikilikdə oluruq, söhbət edirik. Amma bəzən sanki məni incitməkdən həzz alır, kobudluq edir. Həmin anlarda başa düşürəm ki, bütün qəlbimlə bu adama bağlıyam. O isə elə bil mənim qəlbimi gül sanır. Bir yay günündə yaxasına taxdığı, sabahı isə çıxarıb atacağı gül.
– Yay