Türkçülüyün tarixi. Юсуф Акчурин

Читать онлайн.
Название Türkçülüyün tarixi
Автор произведения Юсуф Акчурин
Жанр
Серия
Издательство
Год выпуска 0
isbn



Скачать книгу

n tarixi

      Türkçülük fikri,

      Türkçülük cərəyanı,

      Türk ocaqları

      Qızım Ülgən və oğlum Tuğrula

      I

      Bir məsələ

      “Türk milliyyəti” fikri türklər arasında nə vaxt və harada formalaşmağa başlayıb? Baxın, bu, cavabı çox da asan olmayan tarixi məsələdir.1 Ən vacib məsələnin həlli yolunda işə başlamamışdan əvvəl, istifadə etdiyimiz iki anlayışda – “türklər” və “milliyyət fikri” mövhumlarında nəzərdə tutduğumuz mənaları dəqiqləşdirməliyik.

      Türkün tərifi

      “Türklər” deyəndə etnoqrafiya, filologiya və tarix araşdırmaçılarının bəzən “türk-tatar”, bəzən də “türk-tatar-moğol” adıyla yad etdiyi bir irqdən gələn, adətləri, dilləri bir-birinə çox yaxın, tarixən həyatları bir-birinə qarışmış olan qövm və qəbilələrin məcmusunu nəzərdə tuturuq. Bu baxımdan bəzi iranlı, avropalı müəlliflərin və onlarla eyni mövqedə olan bir sıra Osmanlı müəllifinin “Tatar” dediyi kazanlılar, azərbaycanlılar və s. ilə birgə, qırğızlar, yakutlar da “Türklər” mövhumuna aiddir.

      Milliyyət fikri

      Hər qövm, hətta qəbilə həmişə başqa qövm və qəbilələrə baxanda öz fərqini hiss etmiş və əksərən onlara qarşı öz üstünlüyünü iddia etməyə çalışmışdır. Zənnimcə, bu hiss və iddia milliyyət fikrinin instinktiv təzahür qanunudur. Türk qövm və qəbilələrində bu hiss və iddianın həmişə mövcud olduğunu qəti çəkinmədən təsdiq edə bilərik.2

      Amma söhbətimizin mövzusu olan “milliyyət fikri“ bu hiss və iddianın xeyli inkişaf etmiş mərhələsinə aiddir. Qəbilə və qövmiyyət hissinin milliyyət fikri dərəcəsinə yüksəlməsi şərqdə deyil, qərbdə meydana gəlib. Avropa qövmləri bir çox amillərin təsiri altında, xüsusilə XV əsrdən etibarən milliyyət mövzusunda işləyərək, nəhayət, XIX əsrin ortalarında bu gün anladığımız mənada milliyyət fikrini təyin ediblər. İndi milliyyət fikrinin, başqa cür desək, milliyyət prinsipinin məzmunu budur: “Bir milləti təşkil edən fərdlər birləşib, müstəqil dövlət quraraq yaşamaq haqqına sahibdir”. Bu cümlənin tam anlaşılması üçün “millət“ kəlməsində ifadə olunan anlayışı yaxşı bilmək lazımdır.

      “Millət”in tərifi

      “Millət” nədir? Gerçək həyatda millətlərin mövcud olmasına baxmayaraq, millətin tərifini vermək o qədər də asan deyil. Millətlərin gerçək həyata təşəkkülündə olduğu kimi, nəzəriyyədəki tərifinə də siyasi mənfəətlərin müdaxilə və təsri olmuşdur. Bu gün “millət“in tamamilə elmə əsaslanan tərifini verə bilmərik. “Millət”in bir neçə müxtəlif tərifi var. Vəhdətdə olan hər millət mövcud şərtlərə və hədəfə aldığı məqsədə görə, “millət“i təsvir edə bilir: məsələn, almanlar və slavyanlar irq və dili (yəni tarixi məcburiyyəti), fransızlar arzu və iradəni (yəni fərdi azadlığı), italyanlar ərazi və dili (yəni coğrafi və tarixi məcburiyyəti), millətin meydana gəlməsində və inkişaf etməsində ən əsaslı amil kimi götürürlər. İmkan dairəsində obyektiv qalmaq arzusuyla biz milləti belə təsvir etmək istəyirik:

      “Millət – irq və dilin bir olduğuna görə ictimai vicdanla birləşmiş insan cəmiyyətidir”.

      Millətə bu cür tərif verəndə, müxtəlif tərifləri bir-biriylə az-çox uyğunlaşdırmış və “milliyyət fikri“nin nədən ibarət olduğuna aydınlıq gətirmiş oluruq.

      Bu şəkildə mənasını təyin etdiyimiz “milliyyət fikri” bir az əvvəl hüdud və mahiyyətini izah etdiyimiz türklərin arasına nə vaxt, harada və necə nüfuz edib?

      Milliyyət fikrinin türklər arasında meydana çıxması

      Fikir Avropadan gəldiyinə görə, Avropa ilə ən çox təmas və münasibəti olan, Avropa mədəniyyətindən yararlanmağa başlayan türk tayfalarının başqalarından əvvəl bu fikirlə tanış olmaları mümkündür. Bu şərtlərə ən çox uyğun gələn Türk qövmləri – əvvəllər Osmanlı türkləri adlanan Qərb türkləri ilə Krım türkləri və Şimal türklərinin İdil hövzəsində yaşayan hissələriylə Qafqazda yaşayan Azəri türkləridir. Həqiqətən də, XIX əsrin sonlarında türklərin bu dörd toplumunun hamısında milliyyət fikrinin təzahür edərək yayıldığını görürük.

      Milliyyət fikrinin ortaya çıxması

      Görəsən, milliyyət fikri Qərb, Azəri, Krım və Şimal türklərindən hansında daha əvvəl yaranıb? Bu sualın cavabını araşdırmadan əvvəl, bir qövmdə milliyyət fikrinin varlığını göstərən zehni fəaliyyətləri müəyyən etməyə çalışaq. Milliyyət fikrinin nüfuzu altına girməyə başlayan bir qövm dərhal bu fikri gerçək həyatda tamamilə təsdiqləməyə cəhd etməz və ya buna çalışmaz; məqsədinə çatana qədər keçiləcək xeyli mərhələnin, ediləcək çox işin olduğunu nəzərdən qaçırmaz. Milliyyət fikri aşılanmış bir qövm, öz milliyyətiylə bağlı mədəni hadisə və faktlara böyük dəyər verməyə başlayar. Mədəni hadisənin ən vacib faktoru dildir. Öz dilinin ciddi tədqiqatıyla məşğul olan, istiqlal və inkişafına çalışan cəmiyyətlərdə milliyyət fikrinin var olduğu, heç olmasa, milliyyət hissinin güclü olduğu qənaətinə gələ bilərik. Dilin ciddi tədqiqatı orta əsrlərdəki kimi, qrammatika və frazeologiya alimləri səviyyəsində yalnız fikir yürütməklə məhdudlaşmamalı, müasir filologiya elminin üsullarının tətbiqinə qədər getməlidir: yəni dil tədqiqatı qövmün mənşələrini araşdırmaya sövq edir. Filoloji üsulla qövmün ən qədim həyat şərtləri, mədəni hadisə və faktları kəşf olunar. Filoloji və tarixi araşdırmalar etnoqrafik və arxeoloji tədqiqatlar tələb edir. Bu məlumatlar sayəsində qövmün bütün keçmişi ilk dövrələrinə qədər işıqlanar, onun maddi və mənəvi kodu aydın olar. Eyni zamanda, həmin qövmə aid coğrafi, demoqrafik, etnoqrafik və iqtisadi məlumatlar bazası yaranar. Bütün bu məlumatlar sayəsində qövmün tarixi xəzinələri, iqtisadi gücü, mədəniyyət səviyyəsi öyrənilər. Beləliklə də, qövmün xüsusiyyəti, mənliyi, şəxsiyyəti təyin olunar. Əgər bu xüsusiyyət milliyyət fikrinin xeyrinə müsbət şərtlər irəli sürsə, o fikir mütləq reallaşar; əks halda, şərait şərtlərin meydana gəlməsini gözləyər və milliyyət fikrini irəli sürənlərlə qövmün başçıları bu şəraitin yaranmasına çalışar.

      Yuxarıdakı izahata görə, türk qövmlərindən hansında əvvəlcə milliyyət fikrinin təzahür etdiyini təyin edə bilmək üçün, bu qövmlərdən hansının dilinə, mədəniyyətinə, tarixinə və s. aid tədqiqata təqvim etibarilə daha əvvəl başlanıldığını müəyyənləşdirmək lazımdır. Bununla bağlı əlimdə bir qədər vəsait var, amma bunların məsələni qəti surətdə həll etməyə yetərli olmadığını etiraf edirəm. Nəticələrimi mövcud vəsaitlərə görə çıxarıram. Məncə, yanlış hökmlər məchul vəsaitlərə istinadən təshih edilsə, milli tariximizə xidmət edilmiş olar.

      Qərb türklərinin Avropa ilə münasibətləri

      Qərb, yəni Səlcuq və Osmanlı türklərinin Avropa qövmləriylə münasibətləri çox qədimlərə dirənir. Avropa mədəniyyəti və fikirlərinin Qərb türklərinə təsir və nüfuzu yalnız XVIII əsrin ortalarından etibarən hiss olunmağa başlayır. Bu, nəhayət, İslam mədəniyyətiylə Avropa mədəniyyəti arasındakı tarazlığın ancaq XVII əsrin əvvəlindən etibarən İslam mədəniyyətinin zərərinə pozulmasıyla izah oluna bilər. Qərb türklərinin əksəriyyəti XIX əsrdə belə, Avropa mədəniyyətinin üstünlüyünü tamamilə qəbul etməmişdi. Osmanlı dövlətinin mühafizə və idarəsini boynuna götürənlər XVIII əsrin ortalarından başlayaraq Avropa mədəniyyətinin, heç olmasa, maddi mədəniyyətinin inkişafını dəlillər qarşısında təsdiq və qəbul etmək məcburiyyətində qalmışdılar. Maddi mədəniyyətin mənəvi mədəniyyətlə möhkəm əlaqəsi də çox keçmədən sezilməyə başladı. XIX əsrin ortalarına doğru Osmanlı dövlətini idarə edənlər təkcə maddi mədəniyyətin texniki cəhətlərini öyrənmək üçün deyil, Avropa mədəniyyətinin digər qisimlərindən də istifadə etmək üçün bəzi Osmanlı gənclərini Fransaya, İngiltərəyə göndərməyə