Название | Qafqaz günləri |
---|---|
Автор произведения | Banin (Ümmülbanu) |
Жанр | |
Серия | Xatirə ədəbiyyatı |
Издательство | |
Год выпуска | 0 |
isbn | 978-995-255-778-7 |
Mənə münasibət əslində yaxşı olsa da, mürəkkəb idi, söyüşdən, danlaqdan əskik deyildi. Mən onun qılığına girir, hərdənbir pay da istəyirdim. Qılığına girməyimə imkan versə də, pul istəməyimi xoşlamırdı, çünki çox xəsis idi.
Demək olar ki, hər gün aşağıya enib onunla görüşürdük. O isə təsadüfi hallarda yuxarı qalxırdı. Yuxarı qalxmaq istəyəndə pilləkəni çox ləng çıxır, hər iki-üç pillədən bir xeyli dayanır, sürahidən yapışıb elə tövşüyürdü ki, adamın ona yazığı gəlirdi. Sonra təngənəfəs, birtəhər özünü otağımıza çatdırıb ən iri kreslolardan birinə pərçim olur, hənalı koppuş əllərini dizləri üstünə qoyub həyatımıza, davranışımıza tamaşa edirdi. O bizim məşğuliyyətimizin nə əhəmiyyətini, nə də ləzzətini duya bilir, danışdığımız yad dilsə arvada kobud görünürdü. Nənəm bizim yeni həyatımıza qibtə ilə deyil, rəhmdilliklə baxırdı. Özü və özü kimilərin sadə, məhdud həyatını daha arxayın, səhvsiz bir yol sanırdı. Bizim kimilərin, yəni çoximkanlı həyat tərzini isə çox səhv buraxılacaq ömür yolu sayırdı. O, haqlı idi, azadlıq çox vaxt baha başa gəlir.
Çarşablı arvadlara bədbəxt demək olmazdı, onların şənliyinə, gülüşlərinə, rəqs etmələrinə, zarafatlaşmalarına (hətta bəzən kobud) başqalarında az-az rast gəlinirdi. Belə qadınların arzuları da həyatları kimi çox sadə idi. Bu qədər tənqid atəşinə tutulan çoxarvadlılıqsa əri ilə nə eşqbazlıq, nə də dostluq-yoldaşlıq etmək imkanına malik olan müsəlman arvadına əsla əzab vermirdi. Ər arvadın ağasıdır və əsas işi uşaq doğuzdurmaq idi. Arvad ərini az görür, ərinin o biri arvadları, yəni öz günüləri ilə yoldaşlıq edir, onlarla birgə çalışır, uşaqlarını böyüdürdü. Bizim öz ailəmizdə baş vermiş bir əhvalatı danışa bilərəm.
Nənəmin qardaşının altmış yaşı olardı, tək bir arvadı vardı və arvadının uşağı yox idi. Arvad yaman darıxırdı. Nə günüsü, nə də uşağı olmadığından tək qalıb əzab çəkirdi. Bir gün o qərara gəldi ki, daha tək qalmağı bəsdir: əri təzə arvad almalıdır.
Bir səhər nənəm mənim saçlarıma həna yaxdığı vaxt Bəyim bizə gəldi. Arvad yaman acıqlı idi və tövşüyə-tövşüyə dedi:
– Bu Abbası görürsünüz… Deyirəm: "Ay Abbas, bir arvad da al!" Bilirsiniz mənə nə cavab verdi? "Həvəsim yoxdur", – deyir. İmkanım olsa öldürərdim onu. "Necə yəni həvəsim yoxdur!" "Elə beləcə, həvəsim yoxdur. Bir arvad mənə bəs edir. Vəssalam!" "Bura bax" – dedim. – "Peyğəmbərin (Allahın salamı olsun) bir neçə arvadı vardı, sən ikicə arvadı saxlamaq istəmirsən?” "Peyğəmbər heç kimi çox arvad almağa məcbur etməyib", dedi mənə, özü də lovğalandı ki, yaxşı cavab tapıb. "Hə, – dedim, düzdü. Amma mən səni məcbur edirəm ki, heç olmasa bircə arvad alasan. Əvvəla, ona görə ki, təzə arvad bizə uşaq doğar. Sonrası da ki, tək qalmaqdan bezmişəm. Evdən-evə qaçıram ki, söhbət eləməyə bir yoldaş tapım. Bütün rəfiqələrim arasında bircə mənəm yalqız qalıb darıxan. Yox, Abbas evlənəcəksən, vəssalam!"
O da istədi məni rəhmə gətirsin:
– "Axı, indi mənim gücdən düşən vaxtımdı". "Heç nə olmaz, toy gecəsi bir uşaq düzəltməyə gücün çatar". Abbas acıqlandı: "Əl çək məndən, axmaq arvad! Mənim altmış yaşım var və özüm bilərəm nə etməliyəm, vəssalam".
Sonra da başladı məni söyməyə, mən də qışqırdım:
– "Yox evlənəcəksən, evlənəcəksən".
– "Heç vaxt".
– "Ay insafsız kişi, aciz, fərsiz kişi. Adını da kişi qoyub, iki arvad saxlamaq istəmir".
Sonra da ağzıma gələni dedim ona.
O da acıqlanıb evdən çıxdı. Mənim yanımda lovğalıq edir. Yox, mən bu işi belə qoymaram. Bəs necə olsun?
Bəyimin gözləri yaşarmışdı. Üzünü nənəmə tutub soruşdu:
– Nə edim mən?
Nənəm isə səliqə ilə başıma yaxdığı hənanın üstünə püstə yarpaqları düzürdü. Axırda o dilləndi:
– Xoşuna gələn cavan qızlardan birini seç. Elə ki, qız seçdin, gəl mənə de. Çalışaram Abbası yola gətirim. Səfeh, fərsiz, dəli! Bəlkə ruslara oxşamaq istəyir. (Onları ilan çalsın). Uşağı yoxdur, özü də bircə arvad saxlamaq istəyir! Yaxşı işdir! Get özünə bir yoldaş tap, sonra baxarıq. Hə, bilirsən. Bizim Məhəmmədin qaynı qozbel Aslanın təzəcə yetişmiş balaca bir qızı var. Qəşəng qızdır, deyirlər xasiyyəti də mülayimdir. Get bax o qıza, zənnimcə, xoşun gələr. O sənə yaxşı yoldaş olar.
Bəyim məsləhətə əməl edib, həmin qızla görüşdü, qız xoşuna gəldi. Nənəm Abbasla söhbət etdi. Əvvəlcə, o, qəti etiraz edib, evlənmək istəmədiyini bildirdi. Deyişmə, mübahisə başlandı. Daha sonra dava-dalaş oldu, o ki var savaşdılar, didişdilər və nəhayət, taqətdən düşmüş zavallı kişi təslim oldu. Kişinin sonralar da uşağı olmadı, amma Bəyim özünə yoldaş tapmışdı, evdə tək qalıb darıxmırdı.
Göründüyü kimi hərdən çoxarvadlılıq xeyirxahlıq sayılırdı.
İlin yarısını kənddə keçirdiyimizdən müsəlman həyatını yaxından görmək imkanım vardı. Bakıdakı əhalinin rus, erməni, gürcü, bir az da avropalı olsa da, kənd əhalisi ancaq müsəlmanlardan ibarət idi.
Allahın xeyir-duasını qazanmış bu kəndi mən lap çox sevirdim. Burada dərs azalır, azadlıq çoxalır, oynamağa, əylənməyə istədiyimiz qədər vaxt qalırdı. Həm də ki, burada bibim oğlanları və qızları ilə birgə olurduq, əntiqə uşaqlar idi, onlar haqqında sonra ətraflı danışacağam.
Yaz gələn kimi zəhləm gedən şəhər həyatından yaxa qurtarmağa tələsirdim. Elə may ayındaca Bakı isti, tozlu, dözülməz bir şəhərə dönürdü. Səfər hazırlığımız çox uzun çəkirdi, çünki kənddə altı aylıq qalırdıq.
Həmin vaxt bizdə hələ avtomobil yox idi, yolu yarıyacan qatarla, sonra faytonla gedirdik. Günəşli bir may səhərində ləng bir qatar bizi bütün qışı arzuladığımız kəndə tərəfə aparırdı. Həmin qatar gördüyüm ilk qatar olduğundan mənə təmtəraqlı və gözəl görünürdü. O, yola düşəndə xəbərdarlıq fiti çalır, sonra daş qayalı çölləri keçib, asta-asta irəliləyir, lazımi yerlərdə dayanır və nəhayət, tozlu, milçəkli son dayanacağa çatırdı. Buranın ətrafı neft mədənləri olduğundan hər tərəfdə buruqlar, çənlər görünürdü. Neft iyi aləmi bürüyürdü və mənim bu iydən xoşum gəlirdi. Bu havanı həvəslə udurdum. Neftçi qəsəbəsində doğulduğum üçün neft övladına çevrilmişdim və neftin iyi mənə ləzzət verirdi.
Naxışları gün işığında parıldayan iki fayton və oxşar adlı faytonçular –